Leyla Əliyevanın poetik yaradıcılığında obrazlar rəngarəngliyi və müxtəlifliyi ilə diqqəti cəlb edir. Adil Cəmilin vurğuladığı kimi Leyla Əliyeva yaradıcılığında “minilliklərdən süzülüb gələn poetik söz yeni dövrün yeni biçimində öz təravətini saxlamaq əzmindədir” (Cəmil, 2020).
Leyla Əliyeva tərənnüm etdiyi həyat hadisələrini obrazlar vasitəsilə təqdim edir. Şairin yaratdığı obrazlar geniş və məhdud mənada özünü göstərir. Leyla Əliyeva geniş mənada təqdim etdiyi obrazlar vasitəsilə müxtəlif faktlara, təbiət lövhələrinə, əşyalara və s. bağlı olmasını əks etdirir. Leyla Əliyeva şeirlərindəki obrazları fərdiləşdirmə və ümumiləşdirmə yolu ilə yaradır. Şair yaratdığı obrazların fərdi xüsusiyyətlərini də açıqlayır.
Məsələn, şairin yaratdığı obrazlardan olan iki yaşlı, günahsız qətlə yetirilmiş Zəhranın məsum obrazı maraq doğurur. “Leyla Əliyevanın “Zəhranın xatirəsinə…” adlandırılan şeirdə də vaxtsız dünyasını dəyişmiş məsum körpə Zəhranın obrazı canlandırılır. Müəllif günahsız körpənin faciəsini xalqın faciəsinə çevrilməsini də qabardır:
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!” (Şərifova, 2022, 156).
Zəhranı mələklə müqayisə edən Leyla Əliyeva körpənin faciəli aqibətini canlandıran obrazını da təqdim edir:
İki yaşlı qızın nəymiş günahı
– Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağı yalın…
Qeyd etməliyik ki, “Leyla Əliyevanın erməni təxribatı nəticəsində dünyasını dəyişmiş 2 yaşlı Zəhra Quliyevaya həsr etdiyi şeir əsasında qısametrajlı film hazırlanıb” (“Pray for Zahra”). “Zəhra üçün dua et” adlanan qısametrajlı filmin rejissoru Sahib Qurbanov, “Pray for Zahra” adlanan layihənin rəhbəri Sadiq Qurbanzadədir. Qısametrajlı filmdə Xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Cabir İmanov, Vəfa Zeynalova, aktyorlar Elnur Kərimov, Fərda Xudaverdiyev, idmançılardan İlham Zəkiyev, Eduard Məmmədov, müğənnilərdən əməkdar artist Ədalət Şükürov, Samira Allahverdi, rəqqasə Oksana Rəsulova və fotoqraf Orxan Aslanov yer almışdılar. “Zəhranın xatirəsinə…” şeirinin qısametrajlı filmə çevrilməsi həm mövzunun aktuallığını, həm də Zəhranın simasında Qarabağ savaşında günahsız yerə qətlə yetirilmiş nakam körpələrin ümumiləşdirilmiş obrazı kimi yaddaşlara həkk olunmasını əks etdirir. Leyla Əliyeva Zəhranın simasında Qarabağ döyüşlərində qurbana çevrilmiş günahsız körpələrin ümumiləşdirilmiş obrazını yaradır.
Leyla Əliyevanın poetik yaradıcılığında ümumiləşdirilmiş obrazlar maraq kəsb edir. Leyla Əliyeva müharibə vaxtı oğlunu itirmiş ananın obrazını yaratmaqla, bir ananın simasında vətən uğrunda övladlarını itirmiş anaların obrazını yaradır. Müəllifin “Müharibə” şeirini mütaliə etdikdə, bunu açıq-aydın şəkildə görürsən. Müəllif oğlunu döyüş meydanına yollamış, Vətən uğrunda övladını qurban vermiş ana obrazını ümumiləşdirilmiş şəhid analarının obrazı kimi təqdim edir:
Analar ovcunda ürəyin sıxıb,
Oğlum haradadır deyib, ah çəkər!
Axı hələ dünən o bir körpəydi
Artıq o da yoxdur! Ah! Müharibə!
Şeirdə maraqlı məqamlardan biri, Leyla Əliyeva tərəfindən həyat həqiqətlərinin real şəkildə təsvir edilməsidir. Leyla Əliyeva şeirdə atası Vətən uğrunda şəhid olmuş övladın ata gəlişini artıq gözləməməsini bədii sənət güzgüsündə işıqlandırır. Şeirdə bu epizodun təsviri qəlbləri dağlasa da, inkaredilməz həyat həqiqətləridir:
Düşməni susdurmaq çox uzun çəkməz
Vətəni uğrunda əsgər can verər!
Bircə körpə oğlan səbrin dəfn edib
Atanın gəlişin artıq gözləməz.
Leyla Əliyevanın duyğu yüklü misraları gizli məqamlara aydınlıq gətirir. Şair şeirlərində ağrılarımızı, bu bəlaları doğuran səbəbləri qələmə aldığı obrazların dili ilə açıqlayır. Şair “Vətəni uğrunda əsgər can verər!” sətri ilə bir daha isbat edir ki, torpaq uğrunda savaşan varsa Vətəndir! Vətən üçün də canını qurban verən və verməyə hazır olan vətən övladlarının olmasını göstərir.
1. Leyla Əliyeva poeziyasında doğma insanların bədii obrazları
Leyla Əliyevanın poetik yaradıcılığında ona doğma,yaxın və sevdiyi insanların obrazını yaratması aparıcı bir xəttə çevrilir. Şair yalnız ona doğma olan insanların obrazını yaratmır, həm də portretini canlandırır. Şairin babaları Heydər Əliyevə və Arif Paşayevə həsr etdiyi poetik nümunələrdə yalnız tarixi şəxsiyyətlərin bədii obrazlarını deyil, həm də bədii portretlərini yaratmasının şahidi oluruq. Leyla Əliyevanın “Elegiya”sında babası Heydər Əliyevin məğrur yerişini “Məğrur yerişinlə qoşa dönəydin” misrasında bədii dillə göz önündə canlandırır:
Ulduzlara uçan quşa dönəydim,
Ay da yollarıma nur ələyəydi.
Məğrur yerişinlə qoşa dönəydin,
Sənə Yer üzündə yer eləyəydim.
Leyla Əliyeva “Çox müdrik bir insandır mənim bu Arif babam” poetik nümunəsində isə babası, akademik Arif Paşayevin bədii portretini yaradır:
Çox müdrik bir insandır mənim bu Arif babam,
Ruhundan uzaqdadır həm əsatir, həm də mif,
Yaşayır arzularla, daim qəlbi cavandır,
O, işıqlı şəxsiyyət – qəlbi təmiz insandır.
Şairin təqdim etidyi nümunədə biz akademik Arif Paşayevin müdrik, təmiz qəlbli bir insan olmasının poetik dillə təqdim edilməsinin şahidi oluruq.
Leyla Əliyeva atasına həsr etdiyi şeirdə yalnız öz atasının deyil, həm də xalqın sevimlisi olan Ali Baş Komandan İlham Əliyevin obrazını yaradır. Qısa, lakonik fikirlərlə atasının sevimli ata, ləyaqətli insan, məsuliyyət daşıyan tarixi şəxsiyyət olmasını oxucusuna təqdim edir:
Dünyanın ən yaxşı atasısan sən,
Səninlə bəxtiyar və xoşbəxtəm mən.
O saf sevgin də dünyadan böyük…
İşıq və mərhəmətdir çiynindəki yük!
Şairin milli poetik ahəngə köklənən şeirində yalnız atasına olan sevgi açıqlanmır, Ali Baş Komandanın xalq qarşısında daşıdığı məsuliyyətə də işıq salınır. Müəllif poetik nümunədə atasını tərənnüm etməklə bərabər, ona məxsus keyfiyyətləri də açıqlayır:
Səndə sadəlik var, səndədir qüvvət,
Özüm də buna çaşıram əlbət!
Hər dəfə səninlə salamlaşarkən
Tanrıma üz tutur, mən şükr edirəm!
Leyla Əliyeva “dünyanın ən yaxşı atasısan sən” deyərək, özünün hiss və həyəcanlarını da poetik dillə ifadə edir:
Dünyanın ən yaxşı atasısan sən,
Səninlə bəxtiyar və xoşbəxtəm mən.
Səni çox sevirəm, bu həqiqətdir,
Həqiqət hər zaman qalib gələndir!
Leyla Əliyeva söz və canlı mənanın dialektik vəhdətinə əsaslanaraq, hisslərini poetik şəkildə təqdim edir. Şair yalnız bir övlad kimi deyil, bir Azərbaycan vətəndaşı kimi Vətən qarşısında xidməti olan insanların tarix boyu yaşayacaqlarının əminliyini ifadə etməsi reallığın əksidir:
Dünyanın ən əla insanısan sən,
Həm yaxşı, həm də ki, bil, dəyərlisən!
Həyata geniş baxıb, tanıyaq insanları…
Yuz il belə keçsə də, bir əsrdən savayı!
Leyla Əliyeva digər bir şeirində atasına olan sevgisini əks etdirməsi ilə yanaşı, onun portretini yaratmağa nail olur. Məsələn, şeirin orijinalındakı varianta diqqət yetirək:
В один холодный зимний день
На свет родился мальчик
С глубокими как океан глазами,
В один прекрасный зимний день
Müəllif tərənnüm etdiyi lirik qəhrəmanın qış fəslində anadan olmasına toxunur. Məlumdur ki, Ali Baş Komandan İlham Əliyev 24 dekabr 1961-ci ildə dünyaya göz açıb. Şair bu məqamı məhz belə təqdim edir:
Bir soyuq qış günündə
Dünyaya oğlan uşağı gəldi
Okean kimi dərin gözlərlə,
Bir gözəl qış günündə.
Şeirdə Leyla Əliyeva tərənnüm etdiyi lirik qəhrəmanın öz cəsarəti ilə atasını sevindirməsini, anasını sevməsinə toxunur. Maraqlı məqam isə şeirdə hamıya bəlli olmayan faktlara, baş vermiş hadisələrə aydınlıq gətirilməsidir. Məsələn, şairin atasının iki nəfəri dənizdə ölümdən xilas etməsi kimi real faktları işıqlandırması diqqəti cəlb edir:
Он рос, всем помогая!
Известно далеко не всем,
Что в юности на море спас две жизни!
Не знают многие, что он
Во всем всегда был лидер.
Müəllifin təqdim etdiyi şeirin bu hissəsində şair atasının xilaskar və lider olmasına toxunur:
Hamıya kömək edərək böyüdü!
Hər kəsə məlum deyil.
Gəncliyində dənizdə iki həyat xilas etdi!
Çoxları bilmir ki, O
Hər şeydə həmişə lider olub.
Bu misrada, biz artıq İlham Əliyevin gənclik vaxtından lider olmasını görürük. Bu oxucuya bir mesaj kimi ünvanlanır. Bəli, şair qəhrəmanının lider olmasını şeirinin sonrakı misralarında açıqlayır. Sadəcə açıqlamır, şeirin qəhrəmanının həyat yolundakı uğurlarını, keçdiyi həyat yolunu işıqlandıraraq göstərir:
И вот расцвел Азербайджан,
В садах раскрылись розы!
С улыбкой по бульвару вновь
Гуляют наши дети!
Yəni,
Bax Azərbaycan da çiçəkləndi,
Bağlarda açıldı qızılgüllər!
Bulvar boyu təbəssümlə yenə
Uşaqlarımız gəzirlər!
Leyla Əliyevanın təqdim etdiyi bu şeirdə lirik qəhrəmanın əməllərini açıq-aydın şəkildə görürük. Oxucu bu insanın məhz şairin atası İlham Əliyev olduğuna əmin olur. Leyla Əliyeva xalqın lideri olan bu insanın məhz İlham Əliyev olduğunu belə vurğulayır:
Sən mənim atam və bizim qəhrəmanımızsan,
Səni hamımız təbrik edirik.
(Ты – папа мой и наш герой!
Тебя все поздравляем!)
Leyla Əliyeva bu poetik nümunəsində yalnız atasına olan sevgi və ehtiramını deyil, həm də Ali Baş Komandan İlham Əliyevin xalqı üçün etdiyi təqdirəlayiq əməllərini işıqlandırır. İlham Əliyevin əbədiyaşar obrazını canlandırır.
Leyla Əliyeva qələmə aldığı şeirlərində doğmalarına olan sevgi və ehtiramı poetik dillə təqdim edir. Leyla Əliyeva şeirlərində Heydər Əliyevin, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident və Birinci xanım Mehriban Əliyevanın və digər doğma və əziz insanların poetik obrazını canlandırır, ləyaqətli insanların şəxsi keyfiyyətlərini səmimi və obrazlı tərənnüm edir.
Leyla Əliyevanın anaya olan sevgi və ehtiram, ananın böyüklüyü və müqəddəsliyi yaradıcılığında özünəməxsus yer tutur. Ana obrazına məhəbbəti və onun müqəddəs bir varlıq olması yalnız özünün anasına olan məhəbbətinin tərənnümündə deyil, başqa analara olan ehtiram və məhəbbətdə də açıqlayır. Biz şairin anaya olan ehtiram və sevgisini, ana obrazının bütün əzəmətini yaradıcılığında illər boyu özünü hifz edəcək gücdə yaradılmasının şahidi oluruq. Qeyd edilməlidir ki, Leyla Əliyeva anasının obrazını təqdim edərkən, yalnız şəfqətli, mərhəmətli, qayğıkeş olmasını deyil, həm də fədakar ana olmasını təqdim edir. Leyla Əliyeva öz anasına olan sevgi və ehtiramı, həyatdakı mövqeyini, ana kimi böyüklüyünü tərənnüm etməklə yanaşı, müəllifi olduğu poetik nümunələrdə ən böyük sevgiyə layiq olan anasının bədii portretini də yaradır. Şair anasının obrazını öz düşüncələri ilə təqdim edir. Şairin təqdimində ananın həlimliyi, bəşərə əmin-amanlıq təlqin edən bir şəxs olması səmimi duyğularla təsvir edilir:
Şər və kobudluğu təmiz baxışlarınla söndürürsən!
Bütün kainatda sənin kimisi heç yoxdur!
Leyla Əliyevanın anasının ad günü təbrikində ünvanladığı ürək sözləri Birinci xanımın xalqın yaddaşında formalaşmış obrazını yaratmaqla, anasına olan övlad sevgisini, heyranlığını kövrək, həzin hisslərlə, səmimiyyətlə əks etdirir.
2. Şairənin poeziyasında müəllif məni
Leyla Əliyeva qələmə aldığı “Mənim başlanğıcımdır sonsuz aləmin sonu” şeirində özünün obrazını yaradır:
Gizlənmirəm mən daha sərt həqiqət üzündən
Həqiqətin hər üzü yaltaqlıqdan ucadır.
Əgər özüm olmasam utanaram özümdən,
İnsanı bu dünyada haqq, ədalət yaşadır.
Rusiya “Mədəniyyət” telekanalının müşahidəçisi Vladislav Flyarkovski Leyla Əliyevanın yaradıcılığındakı incə nüanslara toxunur: “Əsl yaradıcılığın əlaməti paradoksallıqdır. Əsl yaradıcılığın əlaməti milyonlarla həyat təcrübəsini bir cümləyə sıxışdırmaq bacarığıdır. Əsl yaradıcılığın əlaməti ümidsiz olmayan kədərdir” (Алиева, 2016, 7).
Akademik Nizami Cəfərov Leyla Əliyevanın yaradıcılığındakı müəllif mənini görür, özünəməxsusluğuna aydınlıq gətirir: “Poeziyanın “fəlsəfə”sində, yəqin ki, Mən qədər maraq dairəsində, diqqət mərkəzində (və Mən qədər də mübhəm!) heç nə yoxdur. Və təsadüfi deyil ki, müxtəlif ədəbi cərəyanları çox zaman şairin öz Məninə münasibətdə təyin edirlər… Leyla xanımın şeirləri də Mənin mütəvaze koqnitiv-üslubi fəallığı ilə seçilir:
Mən də bir zərrəyəm deyirəm əlbət,
Yox, zərrə deyiləm, daha kiçiyəm.
Ürəyi bölərmiş yalnız məhəbbət,
Mən nə sonuncuyam, nə birinciyəm” (Cəfərov).
Leyla Əliyeva poetik yaradıcılığının əsas və aparıcı siması olaraq düşündüklərini, duyduqlarını, yaşadıqlarını qələmə alır. Əsəd Cahangir Leyla Əliyevanın şeir kitablarında toplanılmış şeirlərdə müəllif məninin əks etdirilməsi məqamına xüsusi olaraq toxunur: “Leyla Əliyevanın fikir və duyğuları, metaforik dünyası ilə yaxından tanış ola bilir. Kitabı oxuduqca şairin obrazının əsas cizgiləri onun təsəvvüründə tədricən formalaşır və son səhifəni çevirəndə bu obraz da tamamlanır” (Cahangir). Xalqının ruhunu oxşamağı bacaran Leyla Əliyeva bir şair kimi qələmə aldığı şeirlərindən boylanır. Qənirə Paşayevanın vurğuladığı kimi Leyla Əliyeva poetik dünyasında həyatda olduğu kimi görünən şairdir: “Şairlər olduğu kimi görünən, göründüyü kimi də olan insanlardırlar: “Göründüyün kimi ol, olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki digər insanlardan fərqli olaraq, şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir”.
Leyla Əliyeva poetik yaradıcılığında müəllif məni açıq aydın şəkildə təqdim edir. Leyla Əliyevanın “mən”i ziddiyyətlərlə dolu bir “mən” kimi təqdim edilir. Hətta müəllif öz “mən”i ilə anlaşılmaz vəziyyətlərdə olduğu məqamların olmasını da poetik dillə təqdim edir:
Məndə bir Mən vardır – biz bölünmərik!
Kimdir qulluq edən iblisə bizdən?
İblisi göz ilə görə bilmərik,
O keçər eləcə düşüncəmizdən.
…Məndəki Mənin də gözü qapalı,
Heyf ki, mən Məni başa düşmürəm.
Nizami Cəfərovun vurğuladığı kimi “poeziyanın “fəlsəfə”sində, yəqin ki, Mən qədər maraq dairəsində, diqqət mərkəzində (və Mən qədər də mübhəm!) heç nə yoxdur” (Cəfərov). Leyla Əliyeva da poetik nümunədə mübhəm “mən”in incəliklərinə vararaq, oxucusuna təqdim edir. Leyla Əliyevanın poetik “mən”i təbiiliyi, səmimiyyəti ilə fərqlənir.
Leyla Əliyevanın şeirlərindəki lirik qəhrəmanın müəllif “məni” olması vurğulanmaqdadır. Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili Leyla Əliyevanın şeirlərindəki müəllif məninə toxunaraq qeyd edir ki, “… şairənin özü həm şeirlərinin müəllifidir, həm də qəhrəmanıdır” (“…პოეტი ქალბატონი თავადაა ლექსების ავტორიც და გმირიც”, „საწუთრო სიზმარივით ილევა”). Leyla Əliyevanın şair “məni” ideyalara sirayət edərək, subyektiv baxışlarını əks etdirir. Müəllif məninin daxili aləmindəki sarsıntı və gərginliklər şairin poetik nümunələrində duyulur. Məsələn, şairin “Tərk edə bilmərəm heç zaman səni” şeirində bunun şahidinə çevrilirik:
Zaman hara axdı sürətlə belə?
Qapının ağzını qış aldı yenə.
Yenə yay ruhumu soyuğa verdim,
Tutuldum darıxmaq xəstəliyinə.
Gün doğur, bağçada qızılgül açmır,
Xəzərin qumları parlamır gündə…
Yandırır köksünü həsrət yanğısı,
Kim ki, sonsuzacan yalqızdı yenə.
Nədən yenə dondun, mənim ürəyim?
Bu buza dönmüşü kim əridəcək?
Leyla Əliyevanın bu şeirində həyat eşqi ilə alışan bir ürəyin çırpıntılarının fəryad şəklində dilə gətirilməsi oxucunu düşünməyə vadar edir. “Sonsuzacan yalqızlığın” həyatın ağır bir imtahan olması özünəməxsus açımdan insan ömrünün bütöv mahiyyəti ilə təzahürünü poetik dillə təqdim edir.
3. Leyla Əliyevanın poeziyasında lirik qəhrəman
Leyla Əliyevanın lirik qəhrəmanları özlərinə məxsus olan iztirab və sarsıntıları onları əhatə edən insanlardan pünhan saxlamağa cəhd etmələri ilə diqqəti cəlb edir. Məsələn, şairin “Gedim bir az ağlayım” adlı poetik nümunəsində lirik qəhrəmanın ciddi şəkildə keçirdiyi iztirabları bölüşmək istəməməsi diqqəti cəlb edir. Şeirin adı da bizə müəllifin lirik qəhrəmanının keçirdiyi sarsıntıları heç kimlə bölüşmək istəməməyini anladır. Lirik qəhrəmanın ovqatını, yaşadıqları kədərlə gümanı təzadlı bir şəkildə qarşılaşdıran şair bunu poetik duyumla ifadə edir. Müəllif kədərlə gümanı, günəşlə zülməti, zalımlıqla mərhəməti, böyüklə kiçiyi, enişlə yoxuşu təzadlı bir şəkildə qarşılaşdırır:
Ürəyimi gizlədim
yastığımın altında.
Pəncərəni açaraq
kövrəlmiş ürəyimi
bəlkə həyətə atım?!
Həyatın ağuşuna…
Yox, yaxşısı budur ki,
gedim bir az ağlayım,
elə‑belə… astaca.
Müəllif açıq-aşkar şəkildə hisslərinin kimlərsə tərəfindən öyrənilməsini istəmir, hissini poetik şəkildə tərənnüm edir. Müəllif öz poetik nəfəsi ilə şeirinə ruh verir. Leyla Əliyeva bir insana aid olan hissləri ümumiləşdirir, onu oxucusunun baxış bucağına çevirir.
Götürüm ürəyimi
atım coşan ümmana –
dalğaların qoynuna.
Leyla Əliyeva poetik yaradıcılığında lirik qəhrəmanın simasında insan tənhalığını, incə, zərif hiss və duyğuları qabardır. Bu tənhalığın mənzərəsini oxucusunun gözü qarşısında zərif harmoniya hissi ilə canlandırır:
Gecənin sükutunda
ürəyimlə tənhayam.
Yağış yağır, islanır
cətir tutmuram ona.
Qoy incisin…
Nə qədər
oyun acıb başıma…
Leyla Əliyeva “Gedim bir az ağlayım” adlı poetik nümunəsində lirik qəhrəmanın mənliyini, qürurunu açıqlayarkən, poetik ruhun canlılığını, təravətini özünəməxsusluğunu şərtləndirən amil kimi təqdim edir.
Hayqırıram: “Götürün,
verdim onu Allaha!”
Amma qərar vermədim,
neycin qərar vermədim,
Bu geniş ürəyimi
sənə bağışlamağa?..
Müəllifin lirik qəhrəmanı “Amma qərar vermədim, neycin qərar vermədim, Bu geniş ürəyimi sənə bağışlamağa?..” deyərək, həm üsyan edir, həm də saf, təmiz sevgisini qorumasına cəhdləri əksini tapır. Bu iki dilema arasında qalan lirik qəhrəman məhz ləyaqəti, mənliyi üstün tutur, sevgisinin saflığını qorumağa qadir olur. Poetik dillə də həmin məqamı tərənnüm edə bilir. Bu məqam özünü şairin poetik yaradıcılığının tərkib hissəsinə çevrilir. Yaradıcılığı boyu əksini tapır. Məsələn, Leyla Əliyevanın “Ulduzlar pillə‑pillə düzülsəydi səmaya” adlı şeirində lirik qəhrəmanın hisslərini bir fərdə deyil, məhz külli-aləmə bəyan etmək istəyini tərənnüm etməsinin şahidinə çevrilirik:
Külək qadir olsaydı,
hissləri catdırmağa,
Acaraq ürəyimi,
Verərdim tufanlara.
Coşardım, bağırardım,
göyə, külli‑aləmə.
Sən də duyardın yəqin, –
darıxmışam mən necə…
Leyla Əliyeva sevgini dəyərləndirməyi bacaran bir şəxs kimi bu məqamı lirik qəhrəmanın dili ilə təqdim edir. Onun “Ulduzlar pillə‑pillə düzülsəydi səmaya” adlı poetik nümunədə bu hissin tərənnümü yer tutur:
Ulduzlar pillə‑pillə
düzülsəydi səmaya,
Ay da nurun səpsəydi
kəhkəşanlı yollara.
Birər‑birər qalxardım,
baş vurardım göylərə,
Səni oradan alıb,
qaytarardım geriyə…
Müəllifin lirik qəhrəmanı məhz sevgisi uğrunda kəhkəşanlı yollardan keçməyə hazırdır. Romantik duyğuların ifadəsi olan bu misralarda imkanı daxilində sevgi yolunda hər şey etməyə hazırdı…
Lirik qəhrəmanın lirik “eqo”su əhval-ruhiyyəsinin olduğu kimi real, səmimi çalarlarla təqdim edilməsində əksini tapır:
Dinlə kədərimin pıçıltısını –
Mən yaxşı bilirəm ayrılıq nədi!..
Küləklər könlümün qışqırtısını
Kaş ki kainata yaya biləydi.
Leyla Əliyevanın lirik qəhrəmanının fərdi poetik siması hadisələrə yanaşılmasında və onun dəyərləndirilməsində özünü göstərir. Leyla Əliyevanın “Gizli sevgi bəsləmək” şeirində şairin həyati müşahidələri poetik obyektin görünməyən tərəflərinə nüfuz edir:
Anlamaz insanların
Düşüncəsi kor qalır…
Qayğılar çoxdur, lap çox,
Dərd gedir kədər qalır…
Ömrü elə-beləcə
Verirlər gedir bada.
Düşünürlər ki,
Zaman
uçmur, durub qapıda…
Leyla Əliyevanın bədii yaradıcılığına hakim kəsilən yenilik ruhu, bu poetik nümunəsində də yeni cizgilərlə özünü əks etdirir. Leyla Əliyeva həyatımızın təzadlarını poetik məzmunda ehtiva edərək, ustalıqla insanın daxili aləmini (iç dünyasını) əks etdirir.
Şairin yaratdığı lirik qəhrəman öz hiss-həyəcanları, varlığı, düşüncəsiylə oxucuya siyarət edir. Məsələn, şairin “Budur, yenə təkəm” şeirinin lirik qəhrəmanı tənha insan kimi diqqəti cəlb edir. Lirik qəhrəmanın keçirdiyi sarsıntılar, düşüncələr oxucunu etinasız buraxmır. Şair poetik nümunəsində lirik qəhrəmanın tənha obrazını yaradır:
Budur, yenə təkəm… qorxuram amma,
Qalam bu təkliklə yenə baş-başa.
Guya eşitmirəm ağlar qəlbimi,
Guya bilərəkdən dönmürəm daşa.
Yenə də yalqızam… əlacım ancaq,
Qəmin qulağına girməkdi məncə.
Ya da pəncərəyə ağ kətan qoyub
Sonsuz rəngləməkdi, dan sökülüncə…
Leyla Əliyevanın “Şair” adlı şeirində lirik qəhrəmanın təqdimatında müəllifin poeziyaya olan sevgisini, xüsusilə də, dünyasını vaxtsız dəyişmiş söz xiridarına olan rəğbətini görürük:
Vurmadın dostunu sən dueldə də,
Ayıra bilmədin dostdan düşməni.
Düşmənə də keçdin, zəifdi deyə,
Bağışlaya bildin miskin bəndəni.
İndi bax, yanına düşüb əllərin
Ölənsə, bir daha dirilməyəcək.
Səfeh sağ qalacaq, kef çəkmək üçün,
Dahisə, ölümlə geri dönəcək.
Leyla Əliyevanın “Şair” şeiri bacanağı tərəfindən öldürülmüş A.S.Puşkinin obrazını gözümüzdə canlandırır. Qeyd etməliyik ki, A.S.Puşkin 1834-cü ildə Peterburqa gələn fransız baron Dantes tərəfindən dueldə qətlə yetirilib. Dantesin A.S.Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya aşiq olması və ona diqqət göstərməsi, hətta Natalyanın Dantesə qarşı diqqətsiz qalmaması haqqında dedi-qoduların yaranması A.S.Puşkini vadar edir ki, Dantesi duelə çağırsın. Lakin Dantesin Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra çağırışını geri götürməyə məcbur olan A.S.Puşkin bunu Dantesin evliliyindən sonra həyata keçirir. Dantesin həyat yoldaşına diqqət yetirməsindən sarsılan A.S.Puşkin 1837-ci ildə Dantesi duelə çağırır. 27 Yanvar 1837-ci ildə Sankt-Peterburq yaxınlığındakı Qara Dərə adlanan yerdə baş tutan duel zamanı Dantes çiynindən, A.S.Puşkin isə qarnından ağır yaralanırlar. A.S.Puşkin iki gün sonra, 29 yanvar, 1837-ci ildə vəfat edir. A.S.Puşkinin ölümü ilə bağlı poetik nümunələr qələmə alınmışdır. Belə şeirlərdən biri də Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Puşkinin ölümünə Şərq poeması” (Mərsiyə-yə şərq dar vəfat-e Puşkin) şeir-mərsiyəsi olmuşdur.
Leyla Əliyeva şeirində dueldə qətlə yetirilən şairin kim olmasına da aydınlıq gətirir. Bu dueldə qətlə yetirilmiş şair A.S.Puşkin yox, şair M.Y.Lermontovdur:
Ruhun, sözün canı-poeziyadı
Sözə həyat verən sirli ocaqsan.
İyirmi altı yaşda can versən də sən,
Hələ min illərlə yaşayacaqsan.
Rus şairi və yazıçısı Mixail Yuryeviç Lermontov 1841-ci ildə, 26 yaşında vəfat etmişdir. Mixail Yuryeviç Lermontovun dueldə öldürülməsi, hətta muzdlu qatil tərəfindən qətlə yetirilməsi haqqında da fərziyyələr irəli sürülməkdədir. Sovet ədəbiyyatşünası Yuri Tinyanov vurğuladığı kimi “Qriboyedov, Puşkin, Lermontov – onlar ölməyiblər. Onları sadəcə aradan götürüblər”.
Leyla Əliyevanın lirik qəhrəmanı qətiyyətliyi ilə diqqəti cəlb edir. Şairin “Mən gedəcəm, yalvarma” şeirində lirik qəhrəman qəti qərar çıxarmağı bacarır. Sevdiyinə, sevilməsinə baxmayaraq, gəldiyi nəticə, sözündən dönməməsi əksini tapır:
Mən gedəcəm, bunu bil,
Boş yerə möcüzəyə inanma.
Heç kimə heç zaman
Mən aid olmayacam.
Mən gedəcəm, yalvarma.
Qalmağı istəmə məndən.
Kədərlənmə… ümidini üzmə.
Bilirəm, xatırlanacam.
Şair, tərcüməçi Lesya Mudrak Leyla Əliyeva yaradıcılığında lirik qəhrəman anlayışına aydınlıq gətirərkən, bunun bir qadın, bizim fikrimizcə isə müəllifin özü olmasına diqqət yönəldir: “Leyla Əliyevanın lirik qəhrəmanı kimdir? Mənim təəssüratlarıma görə bu, son dərəcə həssas qəlbə, romantik təbiətə, ADİ-də XÜSUSİ olanı görmək qabiliyyətinə malik olan bir qadındır. Üstəlik, o altruistdir – həyatda baş verənlərin çoxdan göylərdə həll olunduğuna, bəşəriyyətin bütün sirlərindən yalnız Tanrının agah olduğuna, günahları bağışlayanın, iman gətirənləri hər zaman İlahi sevginin işıqlı yoluna çıxaranın məhz O olduğuna inanır” (Mudrak).
4. Şairənin poeziyasında qadın obrazları
Leyla Əliyeva dərdləri ilə başa-başa qalan tənha qadının hiss və həyəcanlarını əks etdirə bilir. Onun qadınları həm anadır, həm ictimaiyyətdən təcrid olunmuş qadındır, həm də cəmiyyətdə özünü tənha hiss edən qadındır və s. Məsələn, şair “İnanmıram” şeirində həyatın iztirabları ilə rastlaşmış qadın obrazını yaradır:
Yenə yara vuruldu
Ruhum sızıldayınca
qırıq misralarımın
içindən düşdü ürək…
Leyla Əliyevanın bədii yaradıcılığında qadın bir şəxsiyyət kimi və qadının mənəvi aləmi yüksək dəyərləndirilir. Müəllif özünün simasında qadın ləyaqətini poetik dillə təqdim edir:
Kimsə duyuq düşməsin
kədərimdən, qəmimdən,
Durub yol alım bağa –
astaca ağlamağa…
Həyatın anını, məqamını tutan Leyla Əliyevanın gerçəkliyi dolayı yolla dərk etdirən “Sənə vurulmuşam” şeirində sevən qadının obrazı yeni rakursdan təqdim edilir:
İstəyirsən ağla, mən də ağlayım,
Gülmək istəyirsən, birlikdə gülək.
Sevgi şərbətindən sərxoşam indi,
Zülmətdən həzz alan süd rəngli Aytək.
Lesya Mudrak Leyla Əliyevanın təsvir etdiyi qadının formaca sadə, məzmunca mürəkkəb olmasına toxunur: “Bəzən adama elə gəlir ki, Leylanın qəhrəmanı formaca sadə, məzmunca isə mürəkkəb olan qadın səadətini axtarmaqdan yorulub – usanmır” (Mudrak). Bəli, Leyla Əliyevanın təsvir etdiyi qadın güclü, həyatın çətinliklərinə sinə gərməyi bacarır. Leyla Əliyeva qadının sevgi yolunda hər şeyə qatlanmasını, hər işin öhdəsindən gələ bilməsini “Hardasan, dünyanın yaxşı adamı?” şeirində təqdim edir:
Bir görüşün xətrinə
dənizlər, çaylar keçim,
Təki sənə rast gəlim…
Zirvələri fəth edim,
yerlərə göydən baxım;
Hissimi, duyğuları,
zamana qurban verim.
Qəlbimdəki közləri,
lap gur alovlandırım.
Təki sənin kölgəni,
gözümdə canlandırım.
Şeirin bu bəndində aşiq olan insanın sevgi yolunda dənizlər, çaylar keçmək istəyi, zirvələri fəth etmək niyyəti, duyğularını zamana qurban verməyə və s. əməlləri həyata keçirməyə hazır olması tərənnüm edilir. Müəllif bununla öz simasında sevən qadının ümumiləşdirilmiş obrazını yaradır.
Ümumiyyətlə, Leyla Əliyevanın poetik nümunələrində qadın iztirabları, hiss-həyəcanları, keçirdikləri iztirablar əksini tapır. Məsələn, “Kim məni darıxmaq hissindən məhrum etdi?” (“Кто лишил меня права скучать?”) şeirində Leyla Əliyeva bir qadının simasında dərd, iztirab çəkən qadınların keçirdiyi sarsıntıları göstərir. “Kim məni darıxmaq hissindən məhrum etdi?” deyə fəryad edən şair
Bəzən susmaq qışqırmaqdan daha çətindir
Bəzən qışqırmağa kifayət qədər güc çatmır! (Алиева) – deyərək, həyatın özündə yaşanılan və məhz praktik yaşantının poetik tərənnümünü qadının keçirdiyi iztirablarla əks etdirir.
Maraqlı məqam Leyla Əliyevanın şeirlərində qadının utanmadan, çəkinmədən, qürurla sevməsini bəyan etməsidir. Leyla Əliyevanın “Səni tərk edəcəyəm” şeirində qadının sevdiyi insanı tərk edə biləcəyi qədər cəsarətli addım ata biləcəyi də göstərilir. Qadının aciz olmamasına, hətta cəsarətli addım ata biləcəyinə işarə edilir:
Səni tərk edəcəyəm! –
Tənha qoyacam səni,
İnanmayırsan buna?
Çifayda… möcüzə bil.
Ötsə günlər-aylar, dolansa illər,
Bu ürəyin qapısı bir də açılan deyil…
Leyla Əliyevanın Əminə Nuriyevaya həsr edilmiş “Əminə nənə” şeirində Əminə xanımın bir qadın kimi əzəmətli obrazı canlandırılır. Şair Əminə xanımın obrazını həm bir nənə ola bilməsində, həm də dünyada olmadığı məqamda da sevgi və qayğısına olan ehtiyacın duyulmasında poetik dillə təqdim edir:
Sən də şəfa verirdin,
Balaca nəvələrə.
İndisə vaxt dəyişib…
Zaman təbibsə əgər,
Əlac etsin kədərə…
Torpağın üzü soyuq,
Həsrətik sənin
isti,
mehriban gülüşünə…
Sənin o gülüşlərin,
zarafatların yaşar.
Leyla Əliyeva nostalji hisslərlə duyğularını təqdim etsə də, Əminə xanımın bir qadın, bir nənə, bir ana kimi obrazlarını canlandırır. Bu triada şəklində təqdim edilən Əminə xanımın doğma insanlar üçün əvəzsiz bir varlıq olması şair tərəfindən belə təqdim edilir:
Gözlərin yumuldusa,
bizsiz olan səhərin
Cənnətlə bir açılar…
Sən bizi qoyub getdin
Məkanın behişt olsun!..
Göydəki ulduzun da,
parlasın, hey parlasın,
Gecəmizə nur saçsın!..
5. Körpə dünyasına poetik baxış
Leyla Əliyeva poetik yaradıcılığında körpə obrazına tez-tez müraciət edir. Bu körpə obrazı valideynləri tərəfindən atılmış körpələri, valideynlərini müharibədə itirmiş uşaqları, vətən uğrunda canını qurban vermiş şəhidlərin övladlarını, düşmən tərəfindən qətlə yetirilmiş günahsız körpələri və digər körpə uşaqları əhatə edir. Leyla Əliyevanın qələmə aldığı körpə obrazına diqqət yetirdikdə, onların düşdükləri durumlara etinasız qalmaması əksini tapır. Məsələn, Leyla Əliyevanın “Müharibə” adlı şeirində Vətənin bütövlüyü uğrunda canını qurban vermiş şəhidin bizlərə əmanət qalan övladının keçirdiyi sarsıntıları poetik dillə təqdim etməsi diqqəti cəlb edir:
Günəşi örtərək o inildəyər,
Çox şey unudular, tarixə dönər,
Fəqət ata artıq qayıdan deyil
Körpənin dərdini başqa kim bilər?
Qeyd etməliyik ki, şəhidlərimizin xatirəsinə həsr edilmiş bu şeirə Novruz Aslan tərəfindən vətənpərvərlik ruhunda musiqi bəstələnmiş, cəmiyyətə “В бой за родину солдат идет” (“Vətən uğrunda döyüşə əsgər gedir”) adı ilə təqdim edilmişdir.
Leyla Əliyevanın bu şeirinə bəstəkar Kamal (Kamələddin Heydərov) tərəfindən də musiqi bəstələnib. Mahnı ana dilimizdə ictimaiyyətə “Vətən savaşı” adı ilə təqdim edilir. Vətən Müharibəsinə həsr olunmuş “Vətən savaşı” mahnısının klipi Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun timsalında şəhidlərimizə ithaf olunur, mahnını isə Aydın Sani ifa edir.
Leyla Əliyeva “Ana, nə olar, getmə” (“Мама, не уходи!”) adlı şeirində atılmış körpələrin ümumiləşdirilmiş obrazını yaradır. Müəllif atılmış körpənin düşüncəsi ilə hadisələrə münasibətini bildirir:
Heç dil də açmamışam,
Anacan, mən körpəyəm,
Kitab nədir bilmirəm,
Dünyadan bixəbərəm.
Atılmış körpənin baş verənlərə anlaşıqlı yanaşması, insanları anlamağa cəhdləri oxucunu düşünməyə vadar edir:
Mən hələ çox körpəyəm,
Büdrəyirəm gəzəndə.
Sizi gözəl duyuram,
Həyatı bilməsəm də.
F.ü.f.d. Qurban Bayramov “Ana, nə olar, getmə” şeirini mövzu baxımdan dəyərləndirərək qeyd edir ki, “Şeirin mövzusu yenidir, təzədir, hisslər incə və zərifdir. Bir körpənin dilindən böyüklərə dərsdir” (Bayramov).
Leyla Əliyevanın atılmış körpə obrazı “Unuda bilmirəm gözlərini mən” (Əliyeva, 2017, 186) şeirində də əksini tapır. Müəllif şeirdə atılmış körpənin hiss və həyəcanlarını təqdim edir. “Şeirdə gülümsəməyən körpənin timsalında bütün atılan, tək, yalnız körpələrə, uşaqlara diqqət çəkilir. Körpənin üzünü ağlından keçirməyən müəllif, özünü onun yerinə qoyaraq onun tənhalıqlarının dərinliyini ruhunda hiss edir və misralara tökür” (Nargis):
Üzünə təbəssüm donu geysən də,
Durar göz yaşların məsum üzündə.
Ümidi balaca əlində sıxıb
Gizli saxlayarsan ovcun içində.
Dövlət qayğısı ilə əhatə olunmuş körpələrin ana sevgisinə möhtac olmaları müəllif tərəfindən təqdim edilir. Müəllif bu sevgidən məhrum olmanın acısını əks etdirir:
Amma onun səsi laldı, bilirsən,
O səs cavab vermir sənə heç zaman.
Qəlbində əriməz buz parçasıyla
Yalqız qalmaq üçün sən doğulmusan.
Şeirdə şözün poetik funksiyası oxucunu düşünməyə vadar edir.
Leyla Əliyeva şeirdə körpələrin kədərlə dolu gözlərini unuda bilməməsini də poetik dillə təqdim edir. Bu Leyla Əliyevanın insani keyfiyyətlərini obrazlı təfəkkürün məhsulu kimi əks etdirir:
Unuda bilmirəm kədərlə dolu,
Dəryalarca dərin gözlərini mən.
Bircə sən… bircə sən gülümsəmirdin,
İndi üzülürəm sənin fikrindən (Əliyeva, 2017, 186).
Müəllifin yaradıcılığında fikir və mətləblərini lirika vasitəsilə səmimi şəkildə mənalandırılmasının üstünlük təşkil etməsi təqdirəlayiqdir. Leyla Əliyeva yalnız onu düşündürən problemləri deyil, həm də oxucuların düşündükləri məsələlərə münasibət bildirir. Leyla Əliyeva atılmış körpələrin keçirdiyi hiss və həyəcanlarını oxucusuna ürək ağrısı ilə təqdim edir. Onun “Unuda bilmirəm gözlərini mən” şeirindən bir məqama diqqət yetirək:
Gecələr düşəndə, sükut çökəndə,
Köməyə səslərsən ana səsini…
Amma onun səsi laldı, bilirsən,
O səs cavab vermir sənə heç zaman.
Qəlbində əriməz buz parçasıyla
Yalqız qalmaq üçün sən doğulmusan.
Şairin bu poetik nümunəsindən bir parçada atılmış körpələrin “yalqız qalması” məqamına işıq salınır. Ana qayğısının, ana nəvazişinin heç nə əvəz edə bilməməsi vurğulanır. Müəllif bu məqamı poetik nümunəsində özü göstərir:
Bu dərdli, bu uşaq baxışlarınla
Gəlmisən dünyaya, bil sən, təkliyə.
Leyla Əliyeva poetik dünyasında müharibə zamanı dünyasını dəyişmiş körpələrin, valideynləri tərəfindən atılmış körpə fidanların obrazlarını deyil, həm də intihar etmiş uşaqların da obrazlarını yaradır. Məsələn, şairin intihar edən Bakı məktəblisi Elina Hacıyevaya həsr etdiyi şeirdə dünyadan vaxtsız köçmüş körpə qızcığazın obrazı ilə yanaşı, gənc nəslə səsləyişi də özünü əks etdirir. Leyla Əliyevanın Elinaya “Özünü öldürmə, dayan, eləmə” misraları ilə müraciət etməsini müəllifin məhz gənclərə səsləyişi kimi dəyərləndirmək lazımdır:
Özünü öldürmə…dayan, eləmə!
Özünü öldürmə, lütfən, dostum!
Artıq intihar etmiş qızcığaza insan həyatının bir nemət olmasını səsləndirən şair, fikirləri ilə gənc nəslin diqqətini bu məqama yönəldir:
Axı, həyat çox qiymətli hədiyyədir,
Ətrafını eşitmədən, duy hər kəsi!
Mənanı anla, boş sözlərdən uzaq ol,
Onlarda doğrudan pay olsa belə!
Leyla Əliyevanın Elina Hacıyevaya həsr etdiyi şeirdə intiharı düşüncəsiz addım adlandırması gənc nəslə intiharın çarə olmadığını aşılayır. Həmçinin nəsihət edərək qiymətli həyatı yaşamağa səsləyiş edir:
Özünü öldürmə…belə cəsur,
Belə düşüncəsiz addıma gücün varsa!
Qiymətli həyatı yaşamaq üçün
Özündə o gücü tapmağa çalış.
Maraqlı məqam isə odur ki, Leyla Əliyeva intihar etmənin düzgün seçim olmadığını açıqlayır. Şair intiharla ruhun sakitlik tapmamasını xüsusi olaraq qabardır:
İki dünya arasında itirdiyin ruh
Vəd edilən rahatlığı tapa bilməz!
6. Leyla Əliyevanın poeziyasında əsgər obrazı
Leyla Əliyeva “Əsgər” şeirində Vətən uğrunda canını qurban verən və verməyə hazır olan Azərbaycan əsgərinin möhtəşəm obrazını yaradır. Müəllif əsgərin qorxmazlığını, getdiyi yolun haqq, ədalətli yolu olmasını poetik dillə təqdim edir:
Güllədən qorxusu yoxdur,
Günəşi dağlar heç örtməz
Əsgər bilir sevgi nədir
Ədalətdən üz döndərməz!
Leyla Əliyeva ölkəsini, torpağını xarici və daxili təhdidlərdən qoruyan əsgərin müqəddəs amalını tərənnüm edir, dolğun obrazını oxucusuna sevgi hissi ilə çatdırır:
Əsgər müqəddəs bir gündə
Xalqı naminə doğulub,
Cəhalətin kor kölgəsi
Onun nuruyla yox olub!
Leyla Əliyeva Azərbaycan Ordusunun hər bir əsgərinin mərd olmasını poetik dillə əks etdirir. Onun qorxu bilməməsini, mübarizliyini, döyüşkən əhvali-ruhiyyəsini xüsusi vurğulayır:
Yoxdur qorxu ürəyində
Gecə bitsin, səhər gəlsin!
Zülmətdən qorxmaq dərd deyil!
Təki günəş heç sönməsin!
Müəllif Əsgər obrazını hərtərəfli şəkildə təqdim edir. Leyla Əliyevanın təqdim etdiyi əsgərin nəyə qadir olması göz önündə canlanır. Şair Azərbaycan əsgərinin Allaha inandığını, yəni inam sahibi olması, bununla yanaşı, omuzlarına düşən Vətəni qorumaq kimi məsul bir yük daşımasını vurğulayır:
O, Allahın kəlamını
Könlündə bir yazı bilir,
Dünyanın ağır yükünü
Çiyinlərində gəzdirir.
Leyla Əliyeva torpaqlarımızn hər qarışı üçün canını qurban verməyə hazır olan və canından keçmiş əsgər obrazı ilə vətənpərvərlik duyğusunu təbliğ edir.
Leyla Əliyeva Vətənin azadlığı, bütövlüyü uğrunda vuruşan, canını qurban verməyə hazır olan əsgərin döyüşkən, məğrur obrazını konkret şəkildə canlandırır. Şairin “Əsgər” adlı şeirində əsgərin konkret şəkildə öz missiyası olan və bu missiyanı həyata keçirən bir şəxs kimi bədii portreti oxucu gözündə canlandırılır:
Əsgər… Ədalətə tapınan insan.
Qəlbi Qələbənin eşqiylə yanar.
Əsgər… Ürəyində vətən vəfası,
Köksündə bir sükut çığırtısı var.
Leyla Əliyeva Birinci Qarabağ Müharibəsi dövründə qələmə aldığı “O dərdli uşağın göz yaşı üçün…” şeirində də Vətən üçün canından keçən əsgərin obrazını yaradır:
Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Müəllif düşmən gülləsinə tuş gəlmiş, qəlbindən yaralanmış əsgər obrazının xalqın yaddaşında əbədi yaşayacağına, qanının yerdə qalmayacağına əminliyini də bədii dillə təqdim edir:
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Vətən müharibəsində əldə etdiyimiz qələbə Leyla Əliyevanın ümidlərinin, arzularının həyata keçməsini əks etdirir. Bu məqam Leyla Əliyevanın Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində əldə etdiyi zəfər münasibəti ilə qələmə aldığı “Əsgər” şeirində əksini tapır:
Qorxu nədir bilməz əsgər,
O, Allahın balasıdır
Açıqdır yolu dünyaya
Yaddaşlarda qalasıdır!
Leyla Əliyeva poetik yaradıcılığında əsgər məfhumunu yüksək tutur, onun yüksəkliklərin zirvəsində dayandığını tərənnüm edir:
Əsgər zirvələr zirvəsi,
Onun yeri yüksəklərdir!
O, vicdanın, xalqın səsi,
Həqiqətə and içəndir!
Leyla Əliyeva bu bənddə məhz Azərbaycan əsgərinin öz əməlləri ilə zirvələr zirvəsində dayanmasını göstərir. Müəllifin bu poetik nümunəsi ilə Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun sarsılmaz, məğrur, qürurverici obrazı canlandırılır. Müəllif həmçinin əsgərin insanlığın, bəşəriyyətin qoruyucusu olmasını oxucusuna çatdırır:
O, Allahın kəlamını
Könlündə bir yazı bilir,
Dünyanın ağır yükünü
Çiyinlərində gəzdirir.
7. Leyla Əliyevanın poeziyasında Mələk və İblis obrazları
Leyla Əliyevanın poetik dünyasının obrazlarından biri də Mələk, İblis, Xortdan kimi obrazlardır. Afaq Məsud “Dünya yuxutək əriyir” kitabına yazdığı “Buludlardan yuxarı” adlı ön sözdə Mələyin tənha olması məqamına toxunur: “Dünyanın ən gizli, ən mübhəm həqiqətlərini açmağa tələsən Mələyin burada, insanlarla dolu bu Yer üzündə qaranlıq, sakit gecələrdən, küləkdən, buluddan, Günəşdən və Aydan savayı heç kimi yoxdur”. Tərcüməçi şairin mələyinin tənha olmağı ilə yanaşı, mübariz olmasını da vurğulayır: “Mələk bu qarmaqarışıq aləmdə təkdir. Amma o, təslim olmur – zülmət gecələrin qaranlıqlarında azan pərvanətək, işıq işartısı sezdiyi pəncərə şüşələrinə çırpılmaqdan usanmır.
Mələk belə yaşayır” (Məsud, 2016, 9).
Afaq Məsudun “Buludlardan yuxarı” başlıqlı ön sözündə Leyla Əliyevanın yaradıcılığında mələk obrazının yer almasına toxunulur. Maraqlı məqam odur ki, Afaq Məsud şeirlərdəki şair məni ilə mələyi eyniləşdirir: “…bu şeirlərin Yer üzünə sanki buludların yuxarısından qanadlarla enmiş məsum mələyin yadlıq və qəriblikdə keçən həyat mənzərələri – mənasını, məntiqini heç cür anlaya bilmədiyi “həqiqətlərdən” üzülüb nazilmiş ruhuyla bu dünyanın darısqallıqlarından, bəzən çıxış nöqtəsi, nəfəsliyi olmayan kip çərçivələrindən sivrilib gah üzüyuxarı – məchul ənginliklərə, gah da qəfil həyat yanğısıyla üzüaşağı – Yerə şığıyan mələk uçuşları olduğunu anlayarıq…” (Məsud, 2016, 8).
Leyla Əliyeva poetik yaradııclığında həm Mələyə, həm də İblisə geniş yer ayırır. Şairin “Budur, yenə təkəm” şeirində Mələyin bəzən qəddar olmasını nəzərə çatdırır:
Hətta mələklər də məzlum kəslərin
Başları üstündə dönür cəllada.
Akademik Nizami Cəfərov “Leyla Əliyevanın şeirləri yeni tərcümədə” adlı yazısında şairin İblis haqqında düşüncələrinə münasibət bildirməsi maraq doğurur: “Leyla xanımın “Ünsiyyət”də toplanmış şeirlərinin hər birində inkarolunmaz istedad enerjisini hiss etməmək mümkün deyil. Və bu şeirlərin ideya-estetik dəyəri, hər şeydən əvvəl, onları yaradanın özünün özü ilə nə qədər mümkündürsə o qədər səmimi polemikaya meydan açmasındadır:
Məndə bir Mən vardır – biz bölünmərik!
Kimdir qulluq edən iblisə bizdən?
İblisi göz ilə görə bilmərik,
O keçər eləcə düşüncəmizdən”.
Leyla Əliyevanın “Zindandan çıxanların yetişəcək zamanı…” şeirində şair İblis obrazını oxucusuna təqdim edərkən, onun məqam və məramını da açıqlayır. Leyla Əliyeva poetik nümunədə konkret olaraq, İblisin keçdiyi yerlərin bir zindan olmasına da aydınlıq gətirir. Şair misra daxilində sözü fikir elementi kimi işlətməyi bacarır:
Gör necə də gizlicə iblis gəlib yaxına
Əgər gələ bilibsə, deməli, var amanı.
Bütün dünya zindan tək keçməyibmi yaxana?!
Zindandan çıxanların yetişəcək zamanı.
Həyatı dərindən dərk edən Leyla Əliyevanın müxtəlif şeirlərindəki bədii axtarışları, yeni fikir və formaları təzadlı həyat hadisələrinin özünəməxsus şəkildə təqdim edilməsində əks etdirilir.
Leyla Əliyevanın “Qəzəb” şeirində İblisin mahiyyəti ona məxsus olan əlamətlə açıqlanması diqqətdən yayınmır. Şair fıkrinin misra-misra incələnməsindən yaranan dolğunluğu oxucusuna təqdim edir:
Qəzəb – sanki İblisin
əlində bir xəncərdi –
İnsanları məhv edər,
Sonra qəhqəhə çəkər…
Şairin “Yalan” şeirində İblisdən uzaqlaşmağa çağırış səsləndirilir:
Yalan, bəhanəylə doludu için!
Həyatsa, filmtək görününr bizə.
Amma ürək elə, üz çevir ondan,
Qəlbin saflığını satma İblisə (Əliyeva, 2016, 103).
Leyla Əliyeva konkret şəkildə ən mənfur insanların da, içi yalanla dolu məxluqların da qəlblərini İblisə satmamağa çağırış edir. Müəllif açıq şəkildə qəlbin İblisə satılmasını insanlığın, bəşəriyyətin sonu olması kimi oxucusuna çatdırır.
Şairin İblisə müraciət etməsinə “Sənə vurulmuşam” şeirində də üzləşirik. Leyla Əliyeva İblisin insan ruhunu necə ələ keçirəcəyinə aydınlıq gətirir. Məsələn, şair şeirdə Cəhənnəmdən gələn İblisin insanı necə məhv etməsini belə təqdim edir:
Qalxıb Cəhənnəmdən dikələr İblis,
Çiyninə baş qoyub ağlayım deyə.
Mənə öz zəhərin tamdırar İblis,
Günahlar odunda qovrulum deyə.
Leyla Əliyevanın iblis xislətli insanların öz mənfur əməllərini gizlin şəkildə həyata keçirmələrini poetik dillə göstərir. Bəli, şair məhz aşağıda təqdim etdiyi nümunədə daha çox iblis xislətli insanların simasını açıqlamağa cəhd edir. Buna da nail olur:
Gör necə də gizlicə iblis gəlib yaxına
Əgər gələ bilibsə, deməli, var amanı.
Bütün dünya zindan tək keçməyibmi yaxana?!
Zindandan çıxanların yetişəcək zamanı.
Leyla Əliyeva şeirlərində mənfur əməllər sahiblərinin qəlblərinin Şeytan, İblis əllərində olmasını metaforik şəkildə əks etdirir:
Tanrı, mənə güc ver ki,
dünyaya yeni gəlmiş
körpə tək məsum olum…
Qəlbi şeytan əlində
olanın əlləriylə
bataqlığa düşməyim…
Leyla Əliyevanın poetik nümunəsinin hər misrası dərin fəlsəfi məzmun kəsb edərək, oxucusuna tərbiyəvi hikmət aşılayır.
Leyla Əliyevanın bədii yaradıcılığında yarıinsan, yarıheyvan mifik məxluqlar olan, Azərbaycan mifologiyasında “Xortdan” adlanan qaniçən (vampir) məxluqun obrazına da rast gəlinir. Ana dilimizdə xortdan adlanan bu məxluq türk dilində hortlak, rus, ukrayin, belarus, slovak, çex dillərində upir, bolqar dilində vampir, polyak dilində wapierz, yunan dilində rikoklas, tatar dilində uvır və s. kimi adlandırılması məlumdur. Ana dilimizə tərcümə edilməmiş “O, sevgi barədə heç nə bilmir…“ adlı bu poetik nümunədə müəllif incə nüanslarla insana aid bəd xüsusiyyətləri bu məxluqun üzərində cəmləşdirir. İnsanlar arasında yayılmış inanca görə qaniçən bu məxluqlar, yəni vampirlər günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxır, insanlara hücum edib onların qanlarını içdiklərinə görə fövqəlvarlıq bir məxluqa çevrilmişdilər. Elmi dairələrin də marağına səbəb olmuş bu məxluqlar ayrı-ayrı dillərdə müxtəlif cür adlandırılırlar.
Leyla Əliyevanın “O, sevgi barədə heç nə bilmir…” poetik nümunəsində xortdanın obrazı oxucuya tam şəkildə təqdim edilir:
Вампир не засыпает по ночам,
О снах он даже не мечтает,
Не измеряет возраст по годам,
Кино не смотрит, книги не читает.
Bəndi hərfi tərcüməsini təqdim etdikdə, xortdana aid xüsusiyyətlərlə üzləşirik:
Xortdanlar gecələr yatmaz
Yuxu nədi, arzulamaz.
Yaşını illərlə ölçməz,
Film seyr etməz, kitab oxumaz.
Leyla Əliyevanın “O, sevgi barədə heç nə bilmir…” adlı şeirini oxuduqca müəllifin qələmə aldığı bu mövzunun incəliyinə vara bilməsi ilə diqqəti cəlb edir. Bu da şairin dünyagörüşünü, elmi məlumatını əks etdirir. Bəllidir ki, xortdanlar haqqında fikirlər yalnız bədii ədəbiyyatın mövzusuna çevrilməmiş, həm də elmi tədqiqatların mövzusu olmuşdur. Hələ neçə əsr bundan əvvəl, təqribən 1733-cü illərdə Con Haynrix Zopfius “Serb xortdanları (vampirləri)” adlı elmi işində xortdanlar haqqında bilgi verir: “Xortdanlar gecələr öz məzarlarından çıxaraq yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər…”
Вампир желает только кровь,
Кровь жаждет, кровь предвкушает,
А солнце для вампира как любовь,
То греет, то безжалостно сжигает.
Şeirin bəndi ana dilimizdə belə səslənir:
Xortan yalnız qan arzular,
Qana susar, qan arzular,
Günəş xortdana sevgi kimidir,
Gah qızdırar, gah amansız yandırar.
Bu beytdə maraqlı məqam müəllifin insanın sevdikləri tərəfindən məhv olmasını vurğulamasıdır. Xortdanın günəşi sevməsinə rəğmən, onun faciəsinə, məhvinə səbəb olması müəllif tərəfindən poetik dillə təqdim edilir.
8. Şeirlərində quş, həşərat və heyvanları əks etdirməsi
Leyla Əliyeva yaradıcılığında heyvan, quş, həşərat və s. obrazlarına müraciət edilmə də diqqətdən yayınmır. Qu quşu, tovuzquşu və s. quş obrazı müəllifin poetikasında xüsusi sevgi ilə təqdim edilir. Müəllifin “Qu quşu”, “Qara qu quşu” kimi qu quşları haqqında silsilə şeirləri mövcuddur. Şair “Qu quşu” şeirində konkret olaraq, Qu quşunun qeyb olan sevgisini məhv olmuş sevginin simvoluna çevrilməsini əks etdirir:
Cəmi bircə atəş… bircə andaca
Qeyb oldu, yox oldu dupduru sevgi…
Çiləndi o dərdsiz, o kövrək hisslər
Bəyaz lələklərə qızıl qan təki.
Müəllif “Pərvanə” şeirində də pərvanənin özünü oda atmasını insanın sevgisi ilə eyniləşdirir, həyatın mənasını, ömrün təzadları və ziddiyyətləri barədə düşünməyə vadar edir:
Sən çox sadəlövhsən, balaca dostum,
Yoxdu ürəyində peşmanlıq izi.
Nifrəti görmürsən dörd tərəfində
Səni bürüyübdü tək sevgi hissi.
Şair bədii söz vasitəsi ilə sevgi hissi üçün canından keçməyi bacaran insanları göstərir.
“Qara qu quşu” şeirində şair düşüncə və fikirlərini qara qu quşu vasitəsilə obrazlı şəkildə təqdim edir.
Unudulmuş ruhlar görüşür yenə…
Qəlbi işıq dolu, qara qu quşu,
Mənə sən yaşatdın ötən çağları!
Çox şeyi anlatdın bu gün dostuna,
Bil ki, unutmaram bu yaxşılığı.
Leyla Əliyevanın şeirləri insan həyatının mənasını ehtiva edərək, oxucularına onların görə bilmədiyi məqamlara aydınlıq gətirir. Oxucusu üçün qaranlıq bir məqamın qalmasını özünə rəva bilmədiyi üçün, həmin məqamları aydın şəkildə təqdim edir. Məsələn, “Qu quşu” şeirində oxucu üçün cavabsız qala bilən suallar bir müəllif kimi mənəvi aləmindən keçirərək sənətkarlıqla qara qu quşu ilə cavablandırır:
Cəmi bircə atəş… bir dərya kədər…
Qu uca göylərdən axdı ulduz tək…
Qeyb oldu… amma öz istəklisini
Qoymadı heç zaman qəlbində ölə!
Leyla Əliyevanın “Gözəl lələkləri var tovuzquşunun” adlı şeirində tovuzquşuna müraciəti diqqət cəlb edir. “Gözəl lələkləri var tovuzquşunun” misrasını oxuyarkən, ilk növbədə, göz önündə erkək tovuzquşu canlanır. Çünki əlvan lələkli quyruq yalnız erkək tovuzquşlarına məxsusdur, dişi tovuzquşları adi hind quşlarına bənzəyirlər. Gözəllikdən də söz düşəndə tovuzquşu yada düşür. Müəllif də bu gözəlliyi tərənnüm edir:
Gözəl lələkləri var tovuzquşunun,
Açır onları o sakit aramla.
İnanır onlara… O səbəbdən ki,
Qəlbi də gözəldi, lələyi kimi.
Şairin “Ölü kəpənək” şeirində məhz canlı olmayan, ancaq ətrafına gözəllik bəxş edən kəpənəyin təsviri oxucunu düşünməyə vadar edir:
Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır…
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə…
Ölü gözəlliyiylə
bəzək verir divara… –
Boş, yalqız bir otağa…
Özü ölüb,
gözəlliyi ölməyib…
Bunu duyur hər görən.
Müəllif çərçivəyə salınmış kəpənəyin simasında azadlığı, bütün gözəlliklərin sərbəst, azad yaşanılmasını təbliğ edir.
Ədəbiyyat
Bayramov, Qurban. Leylanın poeziyası və yaxud poetik hissin tərcüməsi… // https://modern.az/az/news/130289/leylanin-poeziyasi-ve-yaxud-poetik-hissin-tercuumlmesi
Cahangir, Əsəd. Bütün yollar eşqdən keçir – Leyla Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər kitabı haqqında // https://edebiyyatqazeti.az/news/edebi-tenqid/7452-butun-yollar-esqden-kecir
Cəfərov, Nizami. Leyla Əliyevanın şeirləri yeni tərcümədə // https://edebiyyatqazeti.az/news/edebi-tenqid/5714-leyla-eliyevanin-seirleri-yeni-tercumede
Cəmil, Adil. Fəlsəfi düşüncənin lirik ovqatı // Ünsiyyət. Bakı, 2020.
Əliyeva, Leyla. Ana, nə olar, getmə // https://modern.az/az/news/58451/ana-ne-olar-getme-leyla-eliyeva-
Əliyeva, Leyla. Dünya yuxutək əriyir… // https://achiqkitab.aztc.gov.az/upl/books/online/dunya_yuxutek_eriyir/mobile/index.html#p=8
Əliyeva, Leyla. Dünya yuxutək əriyir… Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 2016.
Əliyeva, Leyla. Əminə nənə // https://modern.az/news/70539/leyla-eliyeva-emin-aalarovun-nenesine-seir-yazdi/
Əliyeva, Leyla. Əsgər // https://dovletinfo.az/main/1714-leyla-eliyeva-lham-eliyeve-sheir-hesr-etdi.html
Əliyeva, Leyla. Əsgər // https://qanuninfo.az/index.php?newsid=37200
Əliyeva, Leyla. Əsgər // https://www.aztoday.az/news/128669.html
Əliyeva, Leyla. Qəzəb // https://m.cia.az/news-view/33411-Leyla-Eliyeva-QEZEB
Əliyeva, Leyla. Qu quşu. “Aydın yol”, № 03(62). 06.02.2016.
Əliyeva, Leyla. Mən gedəcəm, yalvarma // https://www.adalet.az/mobil/17956
Əliyeva, Leyla. Müharibə // https://ustacaz.wordpress.com/2020/07/19/leyla-%c9%99liyeva-bir-seir/
Əliyeva, Leyla. Müharibə // https://yazarlar.az/2021/03/18/leyla-əliyeva-muharibə/
Əliyeva, Leyla. O, sevgi barədə heç nə bilmir… // https://www.aznews.az/news/medeniyyet/59418.html
Əliyeva, Leyla. Ölü kəpənək // https://www.xural.com/leyla-əliyeva-olu-kəpənək/
Əliyeva, Leyla. Poeziya. Bakı: “Adiloğlu” nəşriyyatı, 2016.
Əliyeva, Leyla. Səni tərk edəcəyəm // https://modern.az/edebiyyat/58000/tercme-seni-terk-edeceyem-leyla-eliyeva/
Əliyeva, Leyla. Tərk edə bilmərəm heç zaman səni // https://aydinyol.aztc.gov.az/newsview/1379/Leyla-Eliyeva—Unuda-bilmirem-gozlerini-men
Əliyeva, Leyla. Tərk edə bilmərəm heç zaman səni // YENİ SÖZ. Gənc yazarların ədəbiyyat almanaxı. Bakı: Azәrbaycan Tәrcümә Mәrkәzi, 2017.
https://fr-fr.facebook.com/aarzualiyeva/posts/1791160131134665/
Leyla Əliyeva Ali Baş Komandana şeir həsr etdi // https://www.sportinfo.az/idman_xeberleri/bizimkiler/98377.html
Leyla Əliyeva anasını belə təbrik etdi // https://unikal.az/news/345686/leyla-eliyeva-anasini-bele-tebrik-etdi-foto
Leyla Əliyeva intihar edən Elinaya şeir yazdı // https://www.ens.az/az/leyla-eliyeva-intihar-eden-elinaya-seir-yazdi
Leyla Əliyevadan əsgərimiz haqqında şeir // https://axar.az/news/edebiyyat/535717.html
Leyla Əliyevanın atasına həsr etdiyi şeiri sosial şəbəkədə maraqla qarşılandı // https://www.aztoday.az/news/10391.html
Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş şeir toplusunun təqdimatı keçirilib // https://medeniyyet.az/page/news/56799/Leyla-Eliyevanin-Tanrinin-sesini-esitmek-isteyirem-seir-toplusunun-teqdimat-merasimi-kecirilib.html
Leyla Əliyevanın şeiri Kamal Abdullanın tərcüməsində // https://sim-sim.az/leyla-Əliyevanin-seiri-kamal-abdullanin-tərcuməsində/
Leyla Əliyevanın şeiri tərcümə edildi: Zindandan çıxanların yetişəcək zamanı… // http://teref.az/kose/122404-leyla-eliyevanin-seiri-tercume-edildi-zindandan-cixanlarin-yetisecek-zamani.html
Leyla Əliyevanın şəhidlərimizə həsr olunmuş şeirinə yeni mahnı bəstələnib // guununnebzi.az/cemiyyet/5075-leyla-liyevann-hidlrimiz-hsr-olunmu-eirin-yeni-mahn-bstlnib-vdeo.html
Leyla Əliyevanın yazdığı “Vətən savaşı” mahnısı təqdim olundu // https://www.yeniavaz.com/az/news/index/156677/leyla-eliyevanin-yazdigi-veten-savasi-mahnisi-teqdim-olundu-video
Leyla Əliyevanın Zəhraya yazdığı şeir əsasında film çəkildi – “Pray for Zahra” // https://modern.az/aktual/137718/leyla-eliyevanin-zehrayanbspyazdii-seir-esasinda-film-ccedilekildi-nbspldquopray-for-zahrardquo-video/
Məsud, Afaq. Buludlardan yuxarı // Leyla Əliyeva. Dünya yuxutək əriyir… Bədii tərcümə və tərtib: Afaq Məsud. Sətri tərcümə Zahid Məmmədov. Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 2016.
Mudrak, Lesya. Ön söz. “Ağrını bədii sözə çevirmək istedadı…” // https://aztc.gov.az/az/posts/id:1262
Nargis. Leyla Əliyevanın şeirlərində insana sevgi // https://kulis.az/xeber/edebi-tenqid/leyla-eliyevanin-seirlerinde-insana-sevgi-nargis-yazir-46168
O dərdli uşağın göz yaşı üçün… – Leyla Əliyevanın yeni şeiri // gununnebzi.az/cemiyyet/4852-o-drdli-uan-gz-ya-n-leyla-liyevann-yeni-eiri.html
Şərifova, Salidə. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili. Bakı: “Elm və Təhsil”, 2022.
YENİ SÖZ. Gənc yazarların ədəbiyyat almanaxı. Bakı: Azәrbaycan Tәrcümә Mәrkәzi, 2017.
Zəhra üçün dua et // https://afn.az/qarabag/60420-zehra-uchun-dua-et-.html
Алиева, Лейла. Если б звезды ступеньками стали // Л.Алиева. – 2-е изд., перераб., доп. – Москва: Издательство АСТ, 2026.
Алиева, Лейла. Кто лишил меня права скучать? // https://www.instagram.com/p/BX78gKSAWvh/
საქართველოში გამოვიდა ლეილა ალიევას წიგნი – „საწუთრო სიზმარივით ილევა” // https://aztc.gov.az/ge/posts/id:1099
Salidə ŞƏRİFOVA
filologiya elmləri doktoru, AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
ZiM.Az
Bir cavab yazın