REDAKSİYAMIZIN ARXİVİNDƏN:
Türkoloqların Ümumittifaq konfransında
1986-cı ilin oktyabrında Qırğızıstan SSR-in paytaxtı Frunzedə türk onomastikası üzrə I Ümumittifaq konfrans keçirilmişdir.
Konfransda ölkəmizin 40-a yaxın şəhərindən və türkoloji mərkəzindən 180-ə yaxın mütəxəssis, habelə sosialist ölkələrinin, o cümlədən Bolqarıstan və Macarıstanın nümayəndəlri iştirak etmişdir.
“I Ümumittifaq türk onomastikası” konfransını giriş sözü ilə Təşkilat Komitəsinin sədri Qırğızıstan SSR EA-nın akademiki B.O.Oruzbayeva açmış, nüfuzlu məclisin çağırılması zərurətindən, türkologiyanın müasir problemlərindən, həmçinin onun son onilliklərdə təşəkkül tapmış onomalogiya sahəsindən bəhs etmişdir.
Konfransın ilk plenar iclasında Lenin və SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Qırğızıstanın xalq yazıçısı, akademik Çingiz Aytmatov geniş nitq söyləmişdir. O, qeyd etmişdir ki, hər bir xüsusi ad, o cümlədən də toponim /yer adları/ xalqın tarixi təfəkkürünün məhsuludur. Hər bir toponimdə xalqın tarixi, dili, mədəniyyəti və mənşəyi öz əksini tapmışdır. Bu mə’nada toponimə ümumxalq təfəkkürünün məhsulu kimi yanaşılmalı, tarixin dərinliklərindən bu günə gəlib çıxan istər makro, istərsə də mikro toponimlər qorunub saxlanmalıdır. Çünki toponimlər xalqın mə’nəvi varlığıdır, onları heç bir yerdə, heç bir vaxt təhrif etmək və dəyişdirmək olmaz. Onlar yarandığı kimi də tarixən qorunub saxlanmalıdır. Ona görə ki, hər bir xalqın ilk ünvanı toponimlərdən başlayır. Ünvanı isə təhrif etmək, yaxud dəyişdirmək gələcək nəslin yolunu çaşmasına və tarixin dolaşıqlığına səbəb ola bilər. Bu mə’nada toponimlər nəsilləri növbə ilə yola salan tarixin ölməz müşaiyətçisidir. Odur ki, tarixin müşaiyətçisi toxunulmaz qalmalıdır.
Bu sözlər, demək olar ki, hamının ürəyindən xəbər verirdi…
Sonra Moskva alimlərindən E.M.Murzayev türk etnonimlərindən, V.A.Nikonov marksist-leninçi onomalogiyanın prinsiplərindən, Qazaxıstan alimi T.C.Canuzakov türk onomastikasının inkişaf perspektivləri və tədqiqinin vəziyyətindən ətraflı bəhs etmişlər.
Konfransın bütün bölmələrində /etnonimiya, antroponimiya, toponimiya, kosmonimiya, zoonimiya, teonimiya, onomastikanın ümumi məsələləri, bədii əsərlərdə xüsusi adların işlənməsi/ türk onomastikasının coğrafiyası, tarixi, mənşəyi və s. problemlərlə bağlı mə’ruzələr dinlənilib müzakirə olunmuşdur.
Həmişə olduğu kimi, bu konfransda da Azərbaycan böyük bir nümayəndə qrupu ilə təmsil olunurdu. Azərbaycan alimləri, demək olar ki, konfransın bütün bölmələrində öz dərin məzmunlu mə’ruzələri ilə çıxış etdilər. Onların tədqiqləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və yüksək qiymətləndirildi. Konfrans nümayəndələri arasında Y.Yusifov, Ş.Sə’diyev, V.Mərdanov, T.Əhmədov, H.Əliyev, L.Quliyeva, M.Abbasova, C.Mirzəzadə və başqaları da vardı.
Türkoloqların məclisində, bu sətirlərin müəllifi də (Mədəd Çobanov – Redaktor) respublikamızı (Gürcüstanı – Redaktor) təmsil etmiş və “Toponimiya” bölməsində “Borçalıda (Aşağı Kartlidə) türk mənşəli oykonimlər” mövzusunda mə’ruzə etmişdir. Mə’ruzədə qədim türk mənşəli tayfaların, o cümlədən azərbaycanlıların ulu babalarının Aşağı Kartlidə /Şərqi Gürcüstanda/ məskunlaşması və bu regionda türk mənşəli oykonimlərin formalaşması tarixi və təşəkkülü öz geniş elmi şərhini tapmışdır.
Türkoloqların üç gün davam edən məclisinin plenar iclaslarında və səkkiz bölməsində türk onomastikasının müxtəlif sahələrinə həsr olunmuş 140-a yaxın maraqlı mə’ruzə dinlənilib, elmi-nəzəri süzgəcdən keçirilmişdir. Bu mə’ruzələr türk onomastikasının gələcək perspektivlərini işıqlandırmağa mühüm kömək göstərmişdir.
Konfrans Sovet Türkologiya Komitəsinin nəzdində xüsusi Türk Onomastikası bürosunun yaradılması və növbəti II Ümumittifaq türk onomastikası konfransının 1988-ci ildə çağırılması haqqında qərar qəbul edilmişdir.
Mədəd ÇOBANOV,
filologiya elmləri namizədi, dosent.
(“Sovet Gürcüstanı” qəzeti,
23 oktyabr 1986-ci il)
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın