Azərbaycanda EYUDER-çilərin nailiyyətləri » ZiM.Az

Müəllim – təhsilini və əməyini millətin savadlanması, elmləri yiyələnməsi, inkişafı üçün əsirgəməyən güclü, iradəli, səbirli şəxsdir.

Biz bu yolun yolçularıyıq. Hər birimiz şagirdlərin formalaşdırılması, şəxsiyyət kimi yetişdirilməsi, gələcəyin əsl ziyalısı olması üçün çalışırıq.
Bu yolda uğurla, inamla addım atmaq üçün bu cəmiyyət – EYUDER ətrafında birləşmişik.

Hər kəs öz daxili gücü, cəfakeşliyi ilə addımlayarsa, böyüməkdə olan su hövzəsinə su tökülməsində vasitəçi olarsa, gözəl, əsrarəngiz şəfalı bir mənzərə yaratmaqda faydası olar. Kiçik su hövzəsini nəhəng gölə döndərər. Bizim məqsədimiz təhsildəki yenilikləri daim öyrənmək, yorulmadan çalışmaq olmalıdır.
Hər birimiz öz həyatını millət, Vətən yolunda şama döndərmiş müəllimlərdən: S.Ə.Şirvanidən, M.Ə.Sabirdən, H.Caviddən, Ə.Cavaddan örnək götürməli, həm əməyimiz, həm də qələmimizlə millətə, cəmiyyətə fayda verməliyik. Bu yolda uğurlu addımlar atmaq üçün daim həmrəy olmalı, öyrətməli, öyrənməli, tətbiq etməli və bölüşməliyik.
Buna görə EYUDER-Təlim İdarəçilyi və Peşəkarlıq dərnəyi ətrafında birləşdik.
EYUDER-Dr.Adem Çilek-in təşkilatçılığı ilə 2009-cu ildə Ankarada qurulan milli və beynəlxalq təhsil birliyidir. Bu tədbirlərin əsas məqsədi nəzəriyyəçiləri, müəllimləri və akademikləri eyni platformada bir araya gətirməkdir. EYUDER, bilik, elm və texnologiyanı milli və ümumbəşəri dəyərlərlə birləşdirən, müəllimlərin rəhbərliyi ilə elmi özlərinə rəhbər tutaraq innovativ ideyalar istehsal edən, mövcud ideyaları inkişaf etdirən, öyrətməkdən və öyrədilməkdən zövq alan nəsillərin yetişməsinə dəstək olur.
EYUDER-in missiyası təhsil işçilərini eyni platformada bir araya gətirməklə elmi təfəkkür inkişaf etdirərkən bilik-bacarıq və texnologiyadan istifadə edərək mükəmməl bir təhsil layihəsini yaratmaqdır.


10-mart 2024-cü il tarixində EYUDER-in Azərbaycandakı təşkilatçısı İlhamə Axundova və onun həmkarlarının təşəbbüsü ilə möhtəşəm “Səhər yeməyi” adlı əyləncəli-öyrədici, tətbiqedici tədbir keçirilmişdir. Tədbirdə millət vəkili Aydın Mirzəzadə cənabları, ELF centr tibb mərkəzinin təmsilçiləri, spikerlər, jurnalistlər, yenilik axtarışında olan müəllimlər iştirak etmişdilər.
Tədbirdə təhsildə əldə edilmiş nailiyyətlərdə müəllim əməyinin, cəfakeşliyinin rolundan və daha uğurlu nəticələr əldə etmək üçün öyrəniləcək və tətbiq edilə biləcək üsullardan söhbət açıldı.


Şagirdlərin təlim-tərbiyəsində, şəxsiyyət kimi yetişdirilməsində müəllimin əvəzsiz xidmətlərindən danışıldı
EYUDER Azərbaycan Cəmiyyətinin sədri Gülnurə Babaşova çıxışında çox qısa zamanda böyük nailiyyətlər əldə edilməsində və təşəbbüsdə dəstəkçi olan, səy göstərən müəllimlərə təşəkkür etməklə qarşıda böyük layihələrin olduğunu vurğuladı, bu layihələrdə müəllimlərin əldə edə biləcəyi nailiyyətlərdən söz açdı. Bu günə qədər əldə olunmuş nailiyyətlərin sevincli anlarını xüsusilə qeyd etdi.

Tədbirdə şagirdlərin elmi-intelektual səviyyələrinin yüksəldilməsi üçün yeni üsullardan, dərs dinləməkdən və dərsin yoruculuğundan zövq almayan şagirdlərlə işləmə metodikasından necə istifadə etməyin tətbiqi yollarından söhbət açıldı.

Müəllimlərin-peşəsini sevən müəllim kimi dərsə girərkən bütün qayğılarını unudub, sinif otağını bir cənnət sanan əsl müəllim şərəfinin nəyə qadir olduğunu ürək sözləri ilə ifadə edən şəxsiyyətyönümlü cəfakeşlərin nitqləri, həqiqətən, insana ruh yüksəkliyi verirdi.


Tədbirdə həm müəllim, həm də hərtərəfli intelektual biliyə malik olan peşə sahiblərinin qiraətləri, musiqiləri, ifaçılıq qabiliyyətləri nümayiş etdirildi.
Tədbir çox ürəkaçan və şən əhval-ruhiyyə ilə başladığı üçün zamanın necə keçdiyindən xəbərsiz olduq. Bəlkə də başqa iş üçün tələsən qonaqlarımız belə, bu tədbirdən ayrılmaq istəmirdi. Həqiqətən,şən əhval-ruhiyyə və keçirilən belə tədbirlərdən alınan enerji insanın ruhunu dəyişir.

Onu da deyim ki, EYUDER-in tədbirləri fasiləsiz olaraq davam etdirilir. İstər böyük sənətkarların xatirə gecələrinə, yubileylərinə aid tədbirlər, istərsə də ayrı-ayrı rayonlarda keçirilən təhsil proqramları çox təqdirəlayiqdir.

Növbəti EYUDER layihəsi III Təhsil Zirvəsi “Özünü bizimlə kəşf et – biliyini təcrübəyə çevir” ADPU-nin təşkilatçılığı ilə keçiriləcək konfrans 14 aprel 2024-cü il tarixində baş tutdu.

İlhamə Sabirqızı,
Azərbaycan dili və ədəbiyyatı müəllimi,
“ZiM.Az”-ın şöbə müdiri,
EYUDER-in üzvü

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: