Əziz və dəyərli qardaşımız, tanınmış həkim, dəyərli ziyalımız Səməd Nəbi oğlu Çobanovun Anım günüdür

ALLAH RƏHMƏT ELƏSİN!..

 

Sabah
əziz və dəyərli qardaşımız,
elimizin-obamızın sevimlisi,
xalqımızın hörmətli ziyalısı, Azərbaycan səhiyyəsinin, Borçalı ictimaiyyətinin tanınmış nümayəndəsi
Bakıdakı “Azərsutikinti” xəstəxanasının
və “Memorial Klinik” Tibb Mərkəzinin
sabiq həkimi,
tanınmış səhiyyə işçisi və xeyirxah insan
Səməd Nəbi oğlu Çobanovun Anım günüdür.
O, 2023-cü il aprelin 20-də vəfat edib.
Allah rəhmət eləsin…

 

SƏMƏD ÇOBANOV
(1946-2023)

Səməd Nəbi oğlu Çobanov – 1946-cı ilin dekabr ayının 12-də qədim Borçalı mahalında – indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində müəllim ailəsində anadan olmuşdu.

O, 1963-cü ildə kənddəki orta məktəbi medalla bitirmiş və elə həmin il ali təhsil almaq arzusuyla Bakıya gəlmiş, sənədlərini N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakültəsinə vermiş və imtahanlardan uğurla çıxaraq tələbə adını qazanmışdır.
1969-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmiş və hərbi xidmətə yollanmışdır.

İki il hərbi həkim kimi xidmət etdikdən sonra, 1971-ci ildə doğma Borçalıya – Darvaz kəndinə qayıtmış və ambulatoriyada baş həkim kimi işə başlamışdır.

Səməd Çobanov 1976-1978-ci illərdə Gürcüstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ordinator kimi fəaliyyət göstərmiş, 1978-ci ilin payızından isə həkimlik fəaliyyətini Bolnisi rayon mərkəzi xəstəxanasında davam etdirmişdir. Burada işlədiyi müddətdə onun şöhrəti təkcə Bolnisi rayonunda deyil, bütün Borçalıda da yayılmışdı.

Həkim Səməd Çobanovun dövri mətbuatda onlarla məqaləsi çap olunmuşdur.
O, həmçinin bir sıra tibbi-praktik konfranslarda iştirak etmişdir.
XX əsrin sonuncu onilliyində keçmiş SSRİ imperiyasının hakimiyyəti laxladığı dövrdə Gürcüstanda da ədalətsizlik, yerlibazlıq, millətçilik ideyaları gündən-günə qızışdığı zaman Bolnisi şəhərində yaşayan və işləyən yüzlərlə azərbaycanlıların əksəriffəti kimi həkim Səməd Çobanov da işdən azad edilmiş və Bolnisi şəhərindən çıxarılmışdır. O, yenidən doğma Darvaz kəndinə qayıtmış və 1989-1992-ci illərdə Darvaz kənd ambulatoriyasında baş həkim işləmişdir.

Səməd Çobanov kənddəki şəraitin çətinliyi ucbatından Bakıya gəlmiş, “Azərsutikinti” xəstəxanasının qastroenterologiya şöbəsində işə düzəlmişdir.
Elə o vaxtdan da əmək fəaliyyətini burada şərəflə davam etdirmişdir.
2006-ci ildə təqaüdə çıxmışdır.
Təqaüdə çıxdıqdan sonra da daha 5 il həmin xəstəxanada, daha sonra isə “Memorial Klinik” Tibb Mərkəzində çalışmışdır.
Neçə-neçə insanların sağlamlığına şəfa verib, yüzlərlə insanın ömürünə ömür calamışdır.
O, bir neçə dəfə müxtəlif Fəxri fərman və Diplomlarla, o cümlədən, “Nəriman Nərimanov” mükafatı ilə təltif olunmuşdur.

Səməd Nəbi oğlu Çobanov – 2023-cü il aprelin 20-də Bakı şəhərində vəfat etmiş və Bakıdakı Günəşli qəbristanlığında dəfn olunmuşdur.

Əziz qardaşımız, elimizin-obamızın sevimlisi, xalqımızın dəyərli ziyalısı, tanınmış səhiyyə işçisi və xeyirxah insan Səməd Nəbi oğlu Çobanovun vəfatından bir daha kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, bütün doğmalarına, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı veririk.

Azərbaycan səhiyyəində əvəzsiz xidmətləri olan Səməd Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində – Azərbaycan səhiyyəsinin, Borçalı ictimaiyyətinin, Darvaz elinin sevimlisi kimi hər zaman əbədi olaraq yaşayacaq.

Allah rəhmət eləsin.
Məkanı cənnət, ruhu şad olsun.

 

Müşfiq BORÇALI,
ZiM.Az

 

.

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir