Diqqət, diqqət: “VƏTƏN – YURDDAN BAŞLAYIR” adlı Yeni bir ƏDƏBİ MÜSABİQƏ… » ZiM.Az

Əziz və dəyərli izləyicilərimiz!
Sevimli qələm dostlarımız!
Çox hörmətli soydaşlarımız!

“YURD” İnformasiya Mərkəzi olaraq, Gürcüstanda fəaliyyət göstərən – “Gürcüstan” qəzetinin redaksiyasını, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan Bölməsini, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsini, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyini, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini, Gürcüstan Azərbaycanlıları Konqresini, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzini, Gürcüstan Aşıqlar İttifaqını, Gürcüstan Müəllimlər İttifaqını, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini, Marneulidəki “Azərbaycan evi”ni, Marneulidəki “Çay evi”ni, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatını, “Yeni yol” qəzetini, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzini,  eləcə də, Gürcüstanda fəaliyyət göstərən digər yaradıcı birlikləri, qeyri-hökumət təşkilatlarını, qəzet, jurnal və internet portallarının redaksiyalarını, həmçinin, bütün müstəqil yaradıcı şəxsləri və sevimli izləyicilərimizi – görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, dilçi, ədəbiyyatşünas, qorqudşünas, onomastikaşünas, antroponomist, toponomist, filologiya elmləri doktoru, professor, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “VƏTƏN – YURDDAN BAŞLAYIR” adlı yeni bir ƏDƏBİ MÜSABİQƏnin keçirilməsi üçün əməkdaşlığa dəvət edirik.

Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov – 1937-ci ildə Gürcüstanda – Bolnisi rayonunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəllim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləyaqətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, dilçiliyə, ədəbiyyatşünaslığa dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir.
“Sevirəm Gürcüstanı” (Bakı, 1977), “Dostluq təranələri” (gürcü dilində, Tbilisi, 1998), ilk “Azərbaycanca-gürcücə danışıq lüğəti” (Tbilisi, 1977, 1991, Bakı, 2000), 2 cildlik “Azərbaycan-gürcü ədədi əlaqələri” (Bakı, 2017, 2019) və s. kitabları ilə iki qonşu xalq arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə xidmət etmişdir.
O, eyni zamanda, iki cildlik “Ədəbi düşüncələr” adlı kitabı ilə ədəbi tənqidçi kimi böyük nüfuz qazanmışdır.
Mədəd Çobanov gənclik illərdində bədii yaradıcılıqla da məşğul olmuş, bir dramın, iki pyesin, iki povestin, onlarla hekayələrin müəllifidir. Əsərləri türk, rus, gürcü, özbək, ingilis, fransız və s. dillərə tərcümə olunub.
Özü də rus və gürcü dillərindən bir neçə əsəri Azərbaycan dilinə tərcümə edib.
Akademik Mədəd Çobanov 1994-cü ildən Bakıda yaşayıb.
“Futurologiya” Fasiləsiz Təhsil Kompleksində vitse-prezident, Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışıb, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Türkiyə Dil Kurumunun üzvü və Nyu-York Elmlər Akademiyasının akademiki seçilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Prezident təqaüdünə layiq görülüb.
Müsabiqəni keçirməkdə MƏQSƏDİMİZ – böyük alim, tanınmış türkoloq, dilçi və ədəbiyyatşünas, mərhum akademik Mədəd Çobanovun adını və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz arasında ana dilimizə, ədədbiyyatımıza olan sevgini, onların elmə, təhsilə və bədii yaradıcılığa olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə nail olmaqdır.

Bildiririk ki, “YURD” İnformasiya Mərkəzi olaraq, “Akademik Mədəd Çobanov adına Xeyriyyə Fondu”“Yurd” nəşriyyatı ilə birlikdə “VƏTƏN – YURDDAN BAŞLAYIR” adlı yeni bir Ədəbi müsabiqənin həyata keçirilməsi üçün bütün maddi və mənəvi dəstəyi, köməkliyi və məsuliyyəti öz üzərimizə götürür, xeyriyyəçilik məqsədilə ilkin olaraq 7.000 Azərbaycan manatı – AzN (11.000 Gürcüstan larisi – GL) miqdarında pul vəsaitinin ayrıldığını bəyan edirik.

Bu məqsədlə yaradılacaq 11 nəfərlik Təşkilat Komitəsinə, 11 nəfərlik Redaksiya Heyətinə və 11 nəfərlik İşçi Qrupuna, Gürcüstanın müxtəlif bölgələrində və eləcə də, əslən Gürcüstandan olub hazırda Gürcüstandan kənarda, Azərbaycanda, Gürcüstanda, Rusiyada və b. ölkələrdə yaşayıb-yaradan dəyərli soydaşlarımız arasından seçdiyiniz öz namizədlərinizin ad və soyadlarını yazıb 2024-cü il may ayının 25-ədək bizə (m-borcali@mail.ru elektron e-mail ünvanına) göndərməyinizi təqdim etməyinizi xahiş edirik.

Çalışacağıq ki, sizin təqdimatlarınız əsasında yaradılacaq Təşkilat Komitəsində və Redaksiya Heyətində Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı rayonların hər birindən ən azı 1 nəfər təmsil olunsun.
İşçi Qrupunun üzvləri isə məhz sizlərin təqdim etdiyiniz tanınmış alimlər, aşıqlar, şairlər, yazıçılar və dramaturqlar arasından seçiləcək.

Təşkilat Komitəsi, Redaksiya Heyəti və İşçi Qrupu 2024-cü il iyun ayının 1-dən fəaliyyətə başlayacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı 5 möv-zudan birində qələmə aldığı, indiyədək mətbuatda, kitabda və ya internet resurslarında dərc olunmayan əsərlərini – o cümlədən, şeir, poema, hekayə, povest, esse, pyes və s. m-borcali@mail.ru elektron-e-mail ünvanına göndərməlidirlər:
1. “Ana dilimiz”.
2. “Ata Yurdumuz”.
3. “Müqəddəs Vətənimiz”.
4. “Ustadlarımız və Xeyirxahlarımız”.
5. Və ən nəhayət: “Unutsaq, unudularıq!..”

Müsabiqə iki mərhələdə olacaq:

Birinci mərhələ – əsərlərin qəbulu 6 ay davam edəcək.
Müsabiqəyə təqdim olunan əsərlər işçi qrupu tərəfindən qısa bir müddətdə “məqbul” və “qeyri-məqbul” olmaqla qiymətləndiriləcək.
“Məqbul” qiymətləndirilmiş əsərlər zim.az, zirve.info, yurd.info.az, zirve.info.az və b. saytlarda dərc olunacaq, ikinci mərhələyə buraxılacaq və eyni zamanda “VƏTƏN – YURDDAN BAŞLAYIR” adlı kitabda işıqüzü görəcək.

Müsabiqədə qalib gəlmiş əsərlər Azərbaycan dilində, eləcə də gürcü və rus dilinə tərcümə olunaraq Bakıda və Tbilisidə, həmçinin Anadolu türkcəsinə uyğunlaşdırılaraq İstanbulda və əski Azərbaycan əlifbasına çevrilərək Təbrizdə də çap olunacaq.
Kitablar müəlliflərə hədiyyə olunacaq və ictimaiyyət arasında paylanılacaq.
Ən yaxşı əsərlər aşıqlar və bədii qiraət ustaları tərəfindən səsləndiriləcək və disk şəklində yayılacaq.

Müsabiqənin İKİNCİ MƏRHƏLƏSİ isə 2025-ci il yanvarın 1-dən başlayacaq.

Saytlarda və kitabda nəşr olunan əsərlər arasından seçilmiş hər 10 əsərdən biri pul mükafatına layiq görüləcək.

Pul mükafatına layiq görülən əsərlərin arasından isə yenə hər 10 əsər arasından (yəni 1-ci mərhələdə seçilmiş hər 110 əsərin arasından) aşağıdakı qaliblər seçiləcək:

1-ci yerə layiq görülən poema, povest və ya pyes 300 lari, şeir, hekayə və esse – 100 lari. = 400 GL
2-ci yerə layiq görülən poema, povest və pyes 200 lari, şeir, hekayə və esse – 75 lari. = 275 GL
3-cü yerə layiq görülən poema, povest və pyes 100 lari, şeir, hekayə və esse – 50 lari. =150 GL
Hər biri 25 lari olmaqla 5 nəfər Həvəsləndirici mükafata layiq görüləcək.=125 GL

İkinci mərhələyə buraxılmış hər 30 əsərdən biri 3-cü yer, hər 50 əsərdən biri 2-ci yer, hər 100 əsərdən biri 1-ci yer, hər 150 əsərdən biri isə – daha doğrusu onların içərisindən seçilmiş ən yaxşı əsər (poema, povest və ya pyes) “Qran-pri” mükafatına (=500 GL) layiq görüləcək.

Birinci mərhələdə seçilmiş əsərlərin sayı 110-dan çox olduğu təqdirdə, mükafatların sayı müvafiq olaraq artırılacaq.

“Qran-pri” mükafatına layiq görülnüş hər 5 əsərdən biri isə “Qızıl Qran-pri” mükafatına (=1000 GL) layiq görüləcək.

İkinci mərhələyə 2025-ci ilin mart ayının sonunda yekun vurulacaq.

Müsabiqə ildə bir dəfə olmaqla hər il keçiriləcək.

Hər il Müsabiqə aprelin 11-də – akademik Mədəd Çobanovun ad günündə – “VƏTƏN – YURDDAN BAŞLAYIR” adlı kitabın və mükafatların təntənəli şəkildə təqtimat mərasimi ilə başa çatacaq.

(Müsabiqənin təşkili, kitabların nəşri, disklərin hazırlanması, mükafatların, kitabların və disklərin təqdimat mərasimi üçün ilkin olaraq təxminən 2500 AzN (=4.000 GL) nəzərdə tutulub.

Müsabiqənin gedişi ilə bağlı bütün məlumatlar müntəzəm olaraq zim.az, zirve.info, yurd.info.az, zirve.indo.az və s. saytlarda işıqlandırılacaq.

Müsabiqədə iştirak edən hər kəsə, eləcə də, bizə maddi və mənəvi dəstək olan, öz qiymətli məsləhətlərini, təklif və tövsiyyələrini bizdən əsirgəməyən bütün dəyərli dostlara əvvəlcədən təşəkkür edir və hamınıza uğurlar arzulayırıq!..

“YURD” İNFORMASİYA MƏRKƏZİ,
“VƏTƏN – YURDDAN BAŞLAYIR”
ƏDƏBİ MÜSABİQƏSİNİN
TƏŞƏBBÜS QRUPU

ZiM.Az

 

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir