İstedadlı və bədii hünərli bir şair – Səməd Qaraçöp Borçalı, Göyçə və Dərbənd mahallarını
“Vətənin qıraqda qalan yerləri” adlandırmışdır. Bütün dövrlərdə “qıraq yerli” soydaşlarımız özlərinəməxsus həyat, məişət və milli adət-ənənə yaşamış, güclü təsərrüfat yaratmış, təhsilin ana dilində inkişafına yön vermiş, Azərbaycanda elmin, mədəniyyətin və incəsəntin yeniməzmun və zəngin çalarlar almasına belə ciddi təsir göstərmişlər. Lakin ötən əsrin əvvəllərindən bu mahallar, eləcə də Borçalı ümumxalq qayğı və məhəbbətindən kənarda qalmış, insanlar yurd-yuvalarında sıxışdırılmış, təzyiq və təqib görmüşlər. Paronbəyov karvansarası, təkrarsız tarixi-dini abidə – Tiflisdəki Şah Abbas məscidi uçurulmuş, Azərbaycan xalqın ilk teatrı – Tiflis Azərbaycan Dövlət Dram Teatrı və daha neçə-neçə maarif və mədəniyyət ocağı bağlanmışdır. Azərbaycanda və Rusiyada yaşayan Borçalı əsilli ziyalıların əksəriyyəti bitib-tükənməyən siyasi-psixoloji təzyiq və gərginliyi ya görmüş, ya da xəbər tutmuşlar, siyasətçilərimiz isə təzyiq və təqiblərə cavab vermək əvəzinə susmuşlar, bəzən isə sadəcə məclislərdə, əyləncə yerlərində təsirli ahənglə Borçalını tərifləmişlər. Nəzərə almamışlar ki, Borçalının təmtəraqlı öyümə ehtiyacı yoxdur. Çünki Allah bu ucsuz-bucaqsız mahaldan heç nəyi – yerüstü və yeraltı sərvətləri, dağları-dərələri, cır meyvəli meşələri, bol məhsul yetirən münbit torpağı, saysız-hesabsız çayları və gur bulaqları əsirgəməmişdir. Borçalının tərifə yox, siyasi-mənəvi dayağa, mahiyyəti ata-baba yurduna qaynar sevgi ilə aşılanan vətənpərvər alim, şair nasir və publisist sözünə ehtiyacı vardır.
Keçmiş tələbəm –
Müşfiq Çobanlı cavandır, istedadlıdır, hissləri, duyğuları mənəviyyatı və əməli fəaliyyəti ilə Borçalıya bağlı, Borçalını hərtərəfli yaşayan ziyalıdır.
O, Borçalının bağlı-büsatlı, səfalı, həmişə qonaqlı-qaralı, sazlı-sözlü bir kəndində – Darvazda dünyaya gəlmiş, orta məktəbi də elə həmin kənddə əla qiymətlərlə – Gürcüstan Respublikası Təhsil Nazirliyinin xüsusi “Tərifnamə”si ilə bitirmiş və elə həmi il A.S.Puşkin adına (indi S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur.
Müşfiqə Borçalı sevgisi ana laylasından, ata qayğısı və müdrikliyindən keçmişdir. Hər il bir neçə dəfə bu cavan alim-jurnalist Borçalını kəndbəkənd gəzir, ziyalılarla görüşür, ədəbi məclislərdə iştirak edir, şifahi xalq ədəbiyyatı nümunələri toplayır, Borçalı aşıqlarının ailələri, qohumları dost və tanışları ilə mənalı söhbətlər aparır.
Müşfiq Çobanlıda bədii yaradıcılıqlağa, öncə jurnalistikaya maraq tez, orta məktəbdə oxuduğu illərdən oyanmışdır. Ağılı bir şey kəsəndən, evlərində qalaq-qalaq kitab, qəzet və jurnal görmüşdür. Bu gənc təkcə mütaliyə etməmiş, imkanı daxilində klassik və müasir Azərbaycan ədəbiyyatını mənimsəməyə çalışmış, həm də orta məktəbdə təhsil aldığı illərdə məqalələr yazmışdır. Onun “Gürcüstan”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri”, “Ədəbiyyat və incəsənət”, “Qələbə bayrağı” və digər qəzetlərdə, “Pioner” və “Göyərçin” jurnallarında çap olunan məqalələri cari səciyyə daşımışdır. Onlar – ilk məqalələr kiçik həcmlidirlər, ancaq məzmunludurlar, ifadəli dildə yazılmışdır. Bu məqalələr Borçalıda yayılmış, Müşfiq Çobanlıya hörmət qazandırmışdır; hətta, cavan yazarın haqqında söz deməyə, tərif söyləməyə ehtiyac duyulmuşdur. 1986-cı ildə mərhum professor, “Sovet Gürcüstanı” qəzetinin redaktoru, fəlsəfə elmləri doktoru, professor Teymuraz Cəfərli Müşfiq Çobanlı haqqında yazmışdır: “…gəncdir, zəhmətkeşdir, istedadlıdır, operativdir. Faktların dəqiqliyi daim onun diqqət mərkəzindədir. Redaksiya ilə əlaqəsi, yazılarında janr rəngarəngliyi sübut edir ki, Müşfiq Çobanlının jurnalistkaya marağı böyükdür…”
Əsgəri xidmət borcunu şərəflə yerinə yetirdikdən sonra, 1990-ci ildə Tiflis Dövlət Pedaqoji Universitetindən Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülən, bu ali məktəbi “Fərqlənmə diplou” ilə bitirən Müşfiq Çobanlı həmişə fəal olmuş, ailə qayğısına, kitabxanalarda işləməyə, geniş mütaliyəyə, məqalələr yazmağa vaxt və imkan tapmışdır.
Pedaqoji universitet tələbəsi, eyni zamanda “Ziya”, “Sərbəst düşüncə”, “Yeni dünya”, “Milli qurtuluş”, “Azad Azərbaycan” qəzetlərində müxbir, şöbə müdiri, məsul katib, redaktor və baş redaktor vəzifələrində çalışmışdır.
1992-ci ildən “Təhsil” və “Şərqin səsi” qəzetlərinin baş redaktoru olan Müşfiq Çobanlıya işlədiyi, çap olunduğu qəzetlər təcrübə məktəbi olmuşdur.
O, mövzunu maarifin, mədəniyyətin, incəsənətin, yaşayışın, mətbuat tarixinin və aşıq şerinin müxtəlif sahələrindən almış, yazı tərzi, fərdi üslubu məqalədən-məqaləyə, kitabdan-kitaba formalaşmışdır.
Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabı 1990-cı ildə, yayılanda, pedaqoji universitetdə qızğın müzakirələrə mövzu verəndə Müşfiq IV kurda oxuyurdu. Hələ bu gənci yaxşı tanımırdım, ancaq ilk kitabını və məqalələrini oxumuşdum. Günlərin birində I V kurs tələbəsi Müşfiq istiqanlılıqla mənə yaxınlaşdı, yaradıcılığımdan, “Tiflis ədəbi mühiti” və “Tiflis Azərbaycan teatrı” kitablarımdan sərrast, düşündürücü söhbət açdı. Onun yazacağı “Çağdaş Borçalı yazıçıları” adlı diplom işinə elmi rəhbər olmağımı xahiş etdi. Müşfiqlə söhbətimiz bir saatdan artıq çəkdi. Onu mürəkkəb, müxtəlif istiqamətli suallarla elmi sınaqdan çıxartdım. Deyəsən, bu gəncin elmi axtarışlar aparmaq, arxivlərin “qapılarını açmaq”, dəyərli əsərlər yazmaq həvəsini bir qədər də gücləndirə bildim.
İnsan görür-götürür, arayır-axtarır, özünü hərtərəfli zəhmətdə tapır. O, fəaliyyət göstərə-göstərə zənginləşir, yenidən qurulur. Müşfiq Çobanlı zəhmətsevərdir, yorulmaq bilməyən, həyatının, yaşayışının məna və məzmunu işdə, yaradıcı axtarışlarda arayan, taleyini xalqın taleyindən ayırmayan insandır, vətənpərvərdir. Buna görə də bacarıqlı ədəbiyyatşünas, peşəkar, orjinal üslublu jurnalist kimi tanınmış, nüfuz qazanmışdır: kitablara, xüsusi buraxılışlara (“Ulu Borçalı”, “Məhəmməd Baharlı-50″, “Cavad Cavadlı-70”, “Futuroloq”, “Mərkəz Qacar-50, “Ümman”, “Akademik Həsən Əliyev” və s.) ifadəli tərtibat vermiş, nəşrə hazırlamış, redaktor olmuşdur.
Elmi və ədəbi yaradıcılıqda Müşfiq Çobanlı adiliyi və birtərəfliliyi bəyənmir. Müasir Borçalı ədəbi reallığından, toponimlərindən və aşıq şerindən, ədəbi əlaqələrdən yazır, maarif və mədəniyyətin rəngbərəng problemlərini araşdırır. Onun “Çağdaş Borçalı ədəbi məktəbi” (1994), “Borçalı toponimləri” (1996), “Borçalı şəhidləri” (1997), “Borçalı aşıqları” (1997), “Borçalı ulduzları” (2000), “Borçalı həkimləri” (2001), “Azərbaycan şəxs adları” (1996), “M.P.Vaqif və Gürcüstan” (1996), “Əjdər Ağayev” (Bibloqrafiq göstərici) (1998), “Nizami Xudiyev” (Bibloqrafiq göstərici), “Axtarışda keçən ömür” (2000), “Ekiz alim qardaşlar” (2001), “Dədə Qorqud dünyasına səyahətdən parçalar” (2000), “Qəhrəmanlıq dastanı” (2001) və digər kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Yazarın faktları seçmək, sistemləşdirmək, onları dəyərləndirmək, mövzulara yanaşmaq, onların məzmununu açmaq usulu yenidir, özünəməxsus istiqamətdədəir.
Elmi axtarışlar, bədii yaradıcılıq, publisistika və praktik jurnalistik fəaliyyət Müşfiq Çobanlının yaradıcılığında paralel, bir-birini tamamlaya-tamamlaya inkişaf etmişdir. O, bədii yaradıcılığa 1986-cı ildə başlamış, oxucularını “Sevgim-sevincim mənim”, “Sus-s-s”, “Müqəddəs məktub”, “Ana balasını necə də çox sevir”, Cəsarətsizlik”, “Bəhram və Güləndam” və başqa hekayələri ilə düşündürmək istəmişdir.
Müşfiq 1996-cı ildə “Məhəbət – həyatdır” hekayələr və povestlər kitabını çap etdirmişdir.
“Ziya”dan “Çənlibel”ədək – Gürcüstanda Azərbaycan mətbuatı” (1878-1998)” kitabına nüfuzlu elmi-ədəbi şəxsiyyətlər – akademik Kamal Talıbzadə və tanınmış tədqiqatçı-jurnalissti İsmayıl Ömərov rəy vermişlər. Yəqin onlar əsərin praktik istiqamətli olmasını, filoloqlara, jurnalistlərə, maarif və mədəniyyət işçilərinə fayda verə biləcəyini nəzərdə tutmuşlar. “Mətbuatımız həyatımızın güzgüsüdür”, “Dan ulduzu”nun sorağındayıq”, “Bu dostluğun yaşı çox” bölmələrinə ayrılan əsərdə ilk mətbuat orqanı “Tiflisskiye vedomosti” (1828-1832) qəzeti haqqında daha çox danışılır: bildirilir ki, bu qəzet 1929-cu ildə gürcü, 1930-cu ildə fars, 1932-ci ildə isə Azərbaycan dilində “Tiflis əxbarı” adı ilə nəşr olunmuşdur. P.S.Sankovskinin redaktorluğu ilə çap edilən, İranda və Türkiyədə də yayılan “Tiflis əxbarı” tez, 1933-cü ildə qapanmışdır.
“Tiflissiye vedomosti”, bir də ona görə maraq doğururdu ki, burada Azərbaycan xalqının adət-ənənələrindən, məişətindən, həyat və yaşayış tərzindən söz deyilirdi, “Abbasabad müharibəsinin təsviri”, “Müasir tarix: Azərbaycan vilayətlərinin hərbi vəziyyəti haqqında”, “Moskvalı dostuma məktub”, “Qarabağ əyalətinə tarixi baxış” kimi dəyərli, indi də əhəmiyyətini itirməyən yazılar çap olunurdu. A.Bakıxanovun tərcümələrinə diqət yetirilirdi.
Müşfiq Çobanlı “Ziya”dan Çənlibel”ədək – Gürcüstanda Azərbaycan mətbuatı” (1878-1998) əsərində diqqəti cariliyə, klassik mədəniyyətin təbliğinə vermişdir. Tiflisdə 1838-ci ildə “Zaqafkazskiy vestnik” qəzetinin nəşrə başlaması, az sonra onun gürcü və Azərbaycan dilində “Qafqazın bu tərəflərinin xəbəri” adı ilə buraxılması, XIX əsrin 40-cı illərində M.F.Axundovun M.Ş.Vazehlə birlikdə qəzet çıxarmaq, mətbə yaratmaq təşəbbüslərinin baş tutmaması Müşfiq Çobanlının diqqətindən yayınmamışdır. O, “Qafqazın bu tərəfi”nin səsinin dövlət məlumatlarını, fərmanları, qərar və qanunnəmələri, Azərbaycan dilində yayan bir orqan olduğunu – deyəndə səv etməmişdir. Müşfiq Çobanlı onu da doğru söyləmişdir ki, “Tiflis əxbarı”, “Qafqazın bu tərəfinin xəbəri” və rus dilli “Qafqaz” hələ milli mətbuatıın yaranması, təşəkkülü demək deyildi. 1868-ci ildə qəzet çıxarmaq istəsə də, Həsənbəy Zərdabi yeddi il gözləmiş “Əkinçi”-nin nəşrinə ancaq 1875-ci ildə icazə ala bilmişdir.
XIX əsrin 20-ci illərindən Tiflis Güney Qafqazda yaşayan xalqların mədəni-siyasi mərkəzi olmuş, burada azərbaycanlılar qaynar həyat yaşamış, fasiləsiz milli-mədəni tədbirlər həyata keçirmişlər. 1847-ci ildə Tiflisdə Azərbaycan dilli ilk rəsmi dövlət məktəbi açılmış, 1872-ci ildə isə Paronbəyov karvansarasında ilk dəfə tamaşa göstərilmiş, burada Azərbaycan teratrının əsası qoyulmuş, bir sıra xeyriyyə cəmiyyətlərinin tədbirləri ara verməmişdir.
Müşfiq Çobanlı bunlardan və eləcə də “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus” və s. haqqında imkanı daxilində söhbət açmış, 1918-ci ildən sonra Tiflisdə nəşr olunan dərslik, qəzet və jurnallar haqqında əhəmiyyətli məlumat vermişdir.
Müşfiq Çobanlının qələm dostu İsmayıl Ömərovla şərikli yazdıqları “Borçalı aşıqları” kitabı (1997) orjinallığı ilə diqqəti çəkir, aşıqsevərləri xəyalən duz çörəkli Borçalıya, Borçalı aşıqlarının məclislərinə çəkib aparır. Çünki kitabı aşığı və aşıq şerini dərindən duyan, dönə-dönə məclislərində iştirak edən şəxsiyyətlər yazmışlar. Onlar Borçalını gəzmiş, aşıq şerlərini toplamış, sənətkarların mühitini, ədəbi fəaliyyətlərini öyrənmiş və maraqlı əsər yazmışlar. Tədqiqatda Aşıq Xındı Məmməd, Aşıq Sadıq Sultanov, Şair Ağacan, Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Kamandar, Aşıq Əlixan Qarayazılı, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Nurəddin Qasımlı, Aşıq Səməndər, Aşıq Ziyəddin və digər Borçalı aşıqları haqqında verilən məlumatlar yenidir, ümumimaraq səviyyəsindədir…
Abbas HACIYEV,
Filologiya elmləri doktoru, professor.
ŞƏRQİN SƏSİ” qəzeti,
N: 18-19 (190-191), oktyabr, 2006.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın