HUMAY FƏRYAZQIZI (1984)

Həmidova Humay Fəryaz qızı – 1984-cü ildə Qəbələ rayonu­nun Həmzəli kəndində anadan olub. 1990-cı ildə Həmzəli kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2002-ci ildə Baki Dövlət Univer­sitetinin Fizika fakültəsinə daxil olub, 4 il sonra universiteti bitirərək, Qəbələ rayonunun Nic qəsəbəsində orta məktəbdə fizika müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda Agcabədi rayonunun Kürdlər kənd tam orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir.

Ailəlidir. İki övladı var.

Humay Fəryazqızı fizika müəllimi olsa da, ədəbiyyata həmişə çox böyük həvəs göstərmişdir. Uşaq yaşlarından riyaziyyat müəllimi olan atası Fəryaz Həmidovun şeir ve hekayələrini həvəslə oxumuş, özü də gizli-gizli “cızma qara”lar etmişdir. Şeirləri “Qəbələnin səsi”, “Lacın yurdu” kitablarında, bir sıra qəzet və jurnallarda dərc olunmuşdur.

Biz də Humay xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

 

İLAHİ NƏ OLAR ANAMA DƏYMƏ

 

Ömür kitabımın ön səhifəsi,

Onunla döyünür qəlbimin səsi.

Dərmandır, məlhəmdir quru nəfəsi,

İlahi, nə olar Anama dəymə.

 

Gözləri gülsə də qəlbi ağlayır,

Ürəyi qüssədən qubar bağlayır.

Əlləri bizimçün qabar bağlayır,

İlahi, nə olar Anama dəymə.

 

Əzablar acılar tutsa qolumu,

Qüssələr, kədərlər sarsa yolumu.

Bəsdir bircə kəlmə “qurban olum”u,

İlahi, nə olar Anama dəymə.

 

Onunla fırlanır, dövr edir həyat,

Yaşat ki, sən onu dünyamı yaşat.

O yoxsa, deməli yoxdur kainat,

İlahi, nə olar Anama dəymə.

 

 

UNUDULMUSAN

 

Mən sənsiz illərə boynumu bükdüm,

Hər gecə gizlicə göz yaşı tökdüm.

Bu gün qorxa-qorxa adını çəkdim,

Dillənmədi ürək, unudulmusan.

 

Sevgin dövranını sürübdür artıq,

Gözlərim doğrunu görübdü artıq.

Zaman öz hökmünü veribdi artıq,

Keşmiş bir nəğmə tək unudulmusan.

 

Sənsiz də sevirəm indi dünyanı,

Bir hökmə malikmiş ömrün hər anı.

Sənin buludların saçan səmanı,

Parçalayıb külək, unudulmusan.

 

Kiçik səhv üzündən tutdu inadın,

Müqəddəs hisslərlə, oyun oynadın.

Göylərə ucalsa indi fəryadın,

Daha nəyə gərək? Unudulmusan.

 

O vaxtkı qürurun bir söylə hanı,

Daha istəmirəm sənin vəfanı.

Nakamı yazılan eşq zamanını,

Gəl daha bitirək, unudulmusan.

 

 

SƏNDƏN MƏNƏ

 

Ayrılıq bəxş edən qorxularım var,

Yenə itirəcəm, qorxularım var.

Mənim səni sevən yuxularım var,

Gəl, məni tək qoyma yuxularımda.

 

Mən belə deyildim səndən öncələr,

Qorxuram üzülər, bütün incələr.

Gəlməsən çətin ki, yuxum dincələr,

Gəl, məni tək qoyma yuxularımda.

 

Mələksən can qatdın canımda cana,

Yürüyə bilməzsən bundan o yana.

Şeytan da mələkdi, çevril şeytana,

Gəl, məni tək qoyma yuxularımda.

 

Ömrüm payızında yazım kimi gəl,

Bir ömür çəkərəm, nazım kimi gəl.

“Sevgilim” kimi gəl, “qızım” kimi gəl,

Gəl, məni tək qoyma yuxularımda.

 

Günəşdən od payı olmusan mənə,

Aşiq deyiləm ki, vurğunam sənə.

Adını söyləyib yatıram yenə,

Gəl, məni tək qoyma yuxularımda.

 

ZiM.Az

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir