KÖKLƏDİ KÖNÜL SAZINI » ZiM.Az


KÖKLƏDİ KÖNÜL SAZINI Məni Mədəd müəllimlə şair dostum Nizami Paşa Saraclı tanış eləmişdi. Təbii ki, o vaxta qədər Mədəd müəllimi qiyabi tanıyırdım.
Nizami qardaşımın Mədəd müəllimə sevgilərlə ithaf elədiyi bir şeirində belə bir bənd var:

Yenə könül sazını köklədik “Ruhani”yə,
Qanadlandı duyğular: – Ya Mədəd Haqdan! – dedik.
Heç bilmədik, keçməmiş biz ikinci havaya,
Dost yaşı yetmiş olar: – Ya Mədəd Haqdan! – dedik.

Doğrudan da, ömür dediyin daha çox anlardan, göz qırpımlarından ibarət imiş!

Yəni bir də görürsən əllini, yetmişi haqlamısan. Hətta sən buralarda yetmişə çatana kimi, kimsə oralarda artıq yüzü addayıb. Əsas yaşadığın həyatı mənalı yaşamaqdır!
Mədəd müəllim iradəli, yüz bir çətinlikdə ayaqda dura bilən, kimsədən mədəd – kömək, yardım ummayan bir insan olub. Ailəsinin böyüklüyünə baxmayaraq özü başqalarına yardıma tələsib.

Xatırladıram ki, Molla Pənah Vaqifin belə bir misrası var:

Mədəd eylə iqbalına Vaqifin.

Bunun məğzində özündən çox elin, vətənin iqbalı – gələcəyi dururdu, vətən adamlarına kömək nəzərdə tutulurdu!
Mədəd müəllimin o qədər uzaq yolu, Bakı – Tiflis yolunu yüklənib gətirdiyi kitab hədiyyələrinə görə ona olan çox təşəkkürlər eşitdim.

Elinin, yurd-yuvasının böyük təəssübkeşi idi. Üstəlik də onun təəssübkeşliyi təbii təəssübkeşlik olub. Bunun üçün onun əsərlərinin adına baxmaq da kifayətdir: “Bolnisi rayon şivələrinin leksikası” (bu mövzu həm də onun namizədlik dissertasiyası olub), “Borçalı toponimləri”, “Türk dillərinin ədəbi birliyinə doğru”… Onlarla belə əsər müəllifi olub Mədəd müəllim.

Biz tərəflərdə özündən sonra əsər qoyub getmək həm də bir Darvaz ənənəsidir!
Yəni Darvaz əsilli olmaq, həm də kitab əsilli olmaq deməkdir!

Mədəd müəllim – professor Mədəd Namaz oğlu Çobanlı 2 iyun 2023-cü ildə 86 yaşında vəfat etmiş və Bakının Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur.
Təsadüflər və zərurətlər dünyasında nələr olmur?!
Yəni Gürcüstan əsilli bir türkoloq alimin məhz Dədə Qorqud qəbiristanlığında dəfn olunmağı təsadüf sayıla bilməz!
Məhz “Kitabi-Dədə Qorqud” dastanında deyildiyitək:

Hanı dediyim bəy ərənlər?
“Dünya – mənim” deyənlər?!
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!

KÖKLƏDİ KÖNÜL SAZINI Bu da Mədəd müəllimin alın yazısı imiş…
Onun könül sazı hələ çox çalınacaq!
…Allah rəhmət eləsin!

İBRAHİMXƏLİL

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş: