Salidə Şəmmədqızı: “Facebook”da kitab təqdimatı (Hekayə)

Salidə Şəmmədqızı (Şərifova)

professor, filologiya elmləri doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 “FACEBOOK”da KİTAB TƏQDİMATI

(Hekayə)

 

Kimə qayğı göstərsəm, qayğı dönüb dərd olur,

Düyünün açdığım ip, boynuma kəmənd olur.

S.Təbrizi

 

Şölə kompüterini açan kimi ilk işi öz “facebook” səhifəsini nəzərdən keçirmək oldu. Bütün yeni xəbərləri nəzərdən keçirdikdən sonra səhifəsində paylaşma etməyi qərara aldı. Çapdan yeni çıxmış kitabının istədiyi kimi səs-küy yarada bilməməsi onu məyus edirdi. Kitab haqqında rəylərin yazılması heç, təbrik edən belə olmamışdı… Buna görə də kitabına diqqəti artırmaq üçün çoxdan onu narahat edən bir məsələ ətrafında yazı paylaşmağı qərarlaşdırmışdı. Bir oxla iki dovşan vurmağı planlaşdırırdı. Həm onun haqqında tənqid yazan həmkarını tənqid etdirəcəkdi, bəlkə də təhqir, həm də yeni çap edilmiş kitabını təbliğ edəcəkdi. Ona görə də tələsik “facebook” səhifəsində paylaşım etdi. Paylaşdığı fikir isə belə idi: “Bu məndən nə istəyir?”

Şölənin “facebook” səhifəsindəki dostları onun nə paylaşdığını anlamadıqlarından ona sualla müraciət etdilər. Birinci sualı ünvanlayan Şölənin unveristet müəllimi olmuş Amid müəllim idi. Amid müəllim Şölənin özündən gec çıxan biri olduğunu bildiyi üçün yazdı: “Nə olub Şölə?”

Şölə müəlliminin sualını oxuyub cavab verməyib susdu. Amid müəllimin sualından çox qısa müddət sonra kurs yoldaşı olmuş Ədibə sual ünvanladı: “Nə olub Şölə?”

Şölə əsəbi-əsəbi Ədibənin yazdığı cümləni oxuyub suala cavab yazmaq əvəzinə, qıza sual ünvanladı: “Bilmirsən? Olanlardan xəbərin yoxdu?”

Ədibə Şölənin dediklərindən heç nə anlamadığından yazaraq soruşdu: “Bilmirəm, Şölə. Yaz, bilək”.

Şölə özündən çıxmış halda Ədibəyə cavab yazdı: “Bilənlərdən soruş…”

Şölənin nəyə hirsləndiyi Ədibə üçün maraq kəsb etmədiyindən dərinə getmədi. Şölənin xasiyyətinə bələd olduğu üçün cavab yazmamağa üstünlük verdi.

Bu vaxt Şölənin iş yoldaşı olan Səfurə Şölənin paylaşdığı statusun altında yazıb soruşdu: “Ay gözəl, nə olub? Niyə belə alovlanıbsan? ”

Şölə Səfurəyə də cavab vermədi. Bir müddət keçməsinə baxmayaraq, heç kimin reaksiya vermədiyini görüb öz-özünə əsəbləşdi. Şöləyə ürək-dirək verən bir neçə nəfərdən başqa heç kimi onun paylaşımına fikir verməmişdi. “Facebook” dostları əsas məsələni bilmədən ona ürək-dirək verirdilər: “Fikir vermə!”; “Olan şeydi!”; “Dəyirman öz işində, çax-çax baş ağrıdır”.

Şolənin hövsələsi daralmağa başlamışdı. Onun haqqında həmkarının yazmış olduğu tənqidi münasibəti yerləşdirməyə qərar verdi. Bir neçə ay əvvəl bir dəfə də yerləşdirmişdi. Onda paylaşım ətrafında mübahisələrin yaranmasında o qədər də maraqlı deyildi. İndi isə böyük bir mənfəət əldə edən insanlar kimi döyüşə hazırlaşmışdı. Onun haqqında elə-belə adam söz deməmişdi ki… Həm də adını hallandıracaq həmkarı onun “facebook” dostluğunda olmadığından, paylaşanları, yazılanları da görə bilmək imkanı yoxdur. Dostluğunda olanlarda ki, ona heç nə deməyəcəklər. Çünki bəziləri onun zəhmindən qorxduqları üçün, bəzilərinin də onun haqqında deyilən fikirlərin ürəklərindən olduğu üçün ona xəbər verməyəcəklərinə əmin idi.  Zənni onu heç vaxt aldatmırdı. Odur ki, kitabdan özü haqqında olan hissəni səhifəsinə yerləşdirdi: “Oxşar problemə Azərbaycan ədəbiyyatı ixtisası ilə yanaşı ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə müdafiə edilən Əmirxanova Şölə Nəzər qızının “Son dövr ədəbiyyatında arxetipin yeni formaları” elmi işində rast gəlirik. “Müəllifin gündəliyin “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim etməsi mübahisəli xarakter daşıyır, arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edir. Nəzəri anlayışların qarışdırılması “intertekstuallıq” və “hipermətn” anlayışların istifadə edilməsi zamanı da özünü büruzə verir.”

Yazını yerləşdirib öz-özünə gülümsədi. Yavaşca “əla” deyə pıçıldayaraq statusuna əlavələr edib yazdı: “Ay camaat, biri mənə desin, bunu yazan məndən nə istəyir? Mən hər cür elmi disskusiya etməyə hazıram. Mən hər cür elmi polemika aparmağa hazıram. Mən harada lazımsa, necə lazımsa elmi disskusiya aparmağa həmişə hazıram. Yazdıqlarımı müdafiə etməyə hazıram. O kimdir ki, mənim haqqımda bunu yazır? Kimdi axı? Kim?”

Şölənin dostluğunda olan Flora yazdı: “Uff, sən də, Şölə… Ay qız, sən də kim gəldi baş qoşursan e… Nəyinə gərəkdir, e… Yazıb yazıb… O, hamı üçün elə şeylər yazır. Boş ver. Podumaeş yazıb, i çto?”

Şölə yazı ətrafında polemikanı qızışdırmaq üçün Floraya cavab yazdı: “Mən baş qoşmuram. O, yazdığı bu fikirlərlə tək mənə yox, mənim respublikada deyil, bütün dünyada tanınan, məşhur olan, ingilis dilində mühazirələr oxuyan elmi rəhbərimə sataşır. Tutalım mən qanmıram, elmi rəhbərim də qanmır? Mənim elmi rəhbərim Amerikada, İngiltərədə, Koreyada, Hollandiyada, Fransada, Avstriyada, Danimarkada, Brazilyada və daha haralarda məruzələr etməyib… O, bilmir ki, səhvdir yoxsa yox… Bu bildi? Elə deyil axı, Flora… Bir yazdığını oxuyun da… Yazır ki, “müəllifin gündəliyin “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim etməsi mübahisəli xarakter daşıyır, arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edir. Nəzəri anlayışların qarışdırılması “intertekstuallıq” və “hipermətn” anlayışların istifadə edilməsi zamanı da özünü büruzə verir.” Onun sözlərindən belə çıxır ki, mən arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edirəm.

Ədibə kurs yoldaşının kimə söz atdığını anlamadığından maraq içində yazıb soruşdu: “Şölə, bir de görək kimdir? Ad çəkmirsən? Söhbətin kimdən getdiyi bəlli deyil”.

Şölə Ədibəyə heç nə yazmayıb, yenicə çıxdığı ktabını səhifəsində paylaşdı. Paylaşdıqdan sonra yazdı: “Bu kitabımı tənqid edir, o. Belə bir kitabımı? Özü belə kitab yaza bilər? Mənim kimi yeni fikirlər deyə bilər? Yox… Deyə bilmədiyi üçün, mənim haqqımda elə yazır”.

Şölənin dostluğunda olan qocaman professor Qulu Qarayev yazdı: “Qızım, Şölə sənin “Oxşar problemə Azərbaycan ədəbiyyatı ixtisası ilə yanaşı ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə müdafiə edilən Əmirxanova Şölə Nəzər qızının “Son dövr ədəbiyyatında arxetipin yeni formaları” elmi işində rast gəlirik. “Müəllifin gündəliyin “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim etməsi mübahisəli xarakter daşıyır, arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edir. Nəzəri anlayışların qarışdırılması “intertekstuallıq” və “hipermətn” anlayışların istifadə edilməsi zamanı da özünü büruzə verir” qoyduğun bu yazıda elmi səhv yoxdur. Sən niyə belə aqressiv olubsan? O vaxt aqressivləşməyə haqqın var idi ki, yazılan fikirdə elmi yanlışlıq olardı. Onda sən tamamilə haqlı olardın. Sənin tədqiqatına bələd olduğumdan, bir də indi paylaşdığın tənqidi iraddan aydın olur ki, sənə irad tutmuş şəxs haqlıdır. Sən gündəliyi də arxetipin təzahür forması kimi təqdim etmənə baxmayaraq, “əlyazma” arxetipinin bədii mətnlərdə formalarından biri kimi təqdim edirsən. Yadında saxla ki, gündəlik əlyazma arxetipinin təzahür forması ola bilməz. Sonra yazırsan ki… Daha doğrusu, “əlyazma”nı arxetip kimi verəndə, buna misal olaraq M. Bulqakovun “Master və Marqarita” əsərindəki ustadın qələmə almış olduğu və sonra yandırmağa cəhd etdiyi əlyazmanı obraz hesab edərək arxetip kimi dəyərləndirirsən. “Əsas obrazlardan biri “əlyazmadır” deyə qeyd etmisən. “Əlyazma” arxetipi kimi biz əsas olaraq, Quran, İncil, Tövrət, Avesta kimi dini kitabları və bu kitabların əlyazmalarını arxetip kimi qəbul edə bilərik. Müəlliflərin yazdıqları ya istifadə etdikləri “əlyazmaları” deyil. Məsələn, bəzi tədqiqatçıların yazdıqları fikirlər var ki, son dövrdə qələmə alınmış bəzi əsərlərdə təsvir edilən əlyazmaları arxetiplə əlaqələndirirlər. Arxetip hesab edirlər. Məsələn, belə bir yazı oxumuşdum ki “müstəqillik dövründə Azərbaycan ədəbiyyatının fəallaşması həm məhsuldarlıq, həm yeni forma, ideya, məzmun axtarışları baxımından, məhz bu əsrin əvvəllərinə təsadüf edir, bu baxımdan da həmin məsələyə diqqət artırmaq olardı. Məsələn, son vaxtlar oxuduğum bir çox əsərlərdə arxetipin çox maraqlı təzahür formaları var. Məsələn Əli Rza Xələflinin “Od” romanında süjet əvvəldən axıra qədər əlyazma arxetipi ilə əlaqədardır. Yaxud yazıçı Şamil Sadiqin “OdƏrlər” romanında yenə həmin arxetip – əsərin süjet xəttinin əsasında qədim bir əlyazmanın axtarışı dayanır. Və s.” Təkrar edirəm ki, “əlyazma” arxetipi kimi biz əsas olaraq, Quran, İncil, Tövrət, Avesta kimi dini kitabları və bu kitabların əlyazmalarını arxetip kimi qəbul edə bilərik. Bir məsləhətim də var qızım, dahi Nizami deyib ki,

Sözün də su kimi lətafəti var;

Hər sözü az demək daha xoş olar.

Çox danışmaq bəlkə sənə asandır;

“Çox oldu!” desələr, böyük nöqsandır.

Şölə özündən yaşca böyük olan adamın yazdığı fikrə cavab yazmağı mütləq olduğunu nəzərə alıb yazdı: “Hörmətli professor! Deyirsiniz ki, məni tənqid etsinlər, mən də susum? Elə şey ola bilməz… Mən hər disskusiyaya hazıram. Fikirlərimi elmi polemika ilə müdafiə etməyə həmişə hazıram. Mən səhv heç nə yazmamışam. Hamı məni tərifləyir. Hamı mənim yazdığımı anladı. Bircə o ağıllı çıxdı? Mənim yazımda irad axtarır. Qəsdlə edir, professor. Savadlı adamları gözü götürmür, o səbəbdən mənə qarşı belə qərəzli çıxış edir”.

Qulu müəllim Şölənin heç nə anlamadığını, burda mənəm, Bağdadda kor xəlifə dediyini anlayıb susdu. Cavab yazmağı nə yaşına, nə də özünə yaraşdırmadı. Qulu müəllimin cavab yazmadığını görən Şölə pərt oldu. Bu vaxt Şölənin müəllimi olmuş Qızılgülün yazısı rəy bölümündə göründü. Qızılgül Şöləyə yazırdı: “Sənə nə olub Şölə? Kim nə yazsa da fikir vermə. Sənin yazdığını səndən artıq bilən ola bilməz. O mövzunu sən işləmisənsə, sən də o mövzunu bilirsən. Dünya dağılsa da, səndən başqası o mövzunu səndən yaxşı bilə bilməz. Bunu yadında saxla. Həm də kitabın çıxmağın münasibətilə də təbrik edirəm. Xeyirli olsun. Nə vaxt yazdın? Nə mövzusudur?”.

Şölə Qızılgüldən çox çəkinirdi. Ona görə yazacağı hər sözü fikirləşərək yazmağa cəhd etdi. Yazacağı sözü yüz ölç, bir biç prinsipinə əsasən yazmağa başladı. Fikirləşdiklərini bir neçə dəfə yazıb sildikdən sonra nəhayət qərarlaşdırıb yazdı: “Əziz Qızılgül xanım! Yeni kitabım deyəndə, fəlsəfə dərəcəsi almaq üçün təqdim etdiyim tədqiqatı monoqrafiya şəklində çap etdirmişəm. Sizin üçün də şöbədə katibənizə vermişəm. Xarici səfərdə olduğunuza görə Sizi görə bilmədim. İnşallah işə çıxanda götürərsiniz”.

Qızılgülün həmin dəqiqə cavab yazmağını görən Şölə sevindi. Diqqətlə səhifəsində görünəcək Qızılgülün cavabını səbirsizliklə gözləməyə başladı. Qızılgül yazırdı: “Sən mənim sevimli tələbələrdən biri olmusan. Nə demişik, yerinə yetiribsən. Hara getmək lazımdır gedibsən, nə etmək lazımdır edibsən. Bizi heç vaxt peşiman etməmisən. Hamını razı salmağı bacarmısan. Amma burda belə mübahisə açmağın yersizdi. Sənin adını bir cümlədə qeyd edənin adını burada, facebook səhifəndə hallandırmağın onu təbliğ etmək deməkdir. Sən onun başını burax. Onunla heç kim bacara bilmir. Dəyirmanın gözündən ölü salırsan, diri çıxır. Nə isə… Fikrimdən uzaqlaşmayım. Mən sənin kitabında əksini tapmış yazılardan xəbərim var. Ona görə də maraqlı faktları qeyd edəcəm, hamı bilsin. Lazım olan məqamları da dostlarına özün izah et. Sən dediyinin əksi, bilməyənlər biləndən öyrənsin. Görsünlər ki, ədəbiyyatşünaslıq elminə necə şedevr əsər vermisən. Bu böyük işləri hamı bacarmır. Heç rəhmətlik Yaşar Qarayev, Əziz Mirəhmədov da bacarmayıb. Bunu bizlər bacardıq, bizim davamçılarımız olan sizlər. Ona görə sənin bu dəyərli kitabın haqqında qısa məlumat verəcəm. Qoy facebook dostların oxusunlar. Mən sənin işinə yaxından bələdəm. Bilirəm ki, Azərbaycan ədəbiyyatında arxetipin yeni formalarından bəhs etmisən, həm Azərbaycan, həm də dünya ədəbiyyatı nümunələri arasında qarşılıqlı paralellər aparmısan”.

Bu vaxt rəy bölümündə Şölənin dostluğunda olan iş yoldaşı Səfurənin rəyi göründü. O, Qızılgülün sözlərini təsdiqləmək məqsədilə yazırdı: “Qızılgül xanım, bilirsiniz ki, işlə məndə tanışam. Maraqlı mövzuya toxunur Şölə. Arxetiplərin intertekstual baxımdan təzahür etməsini göstərə bilib. Çox, çox maraqlıdır… Arxetiplərin müxtəlif əsərlərin bədii mətnlərində necə əksini tapmasına nəzər salmaq hər insanın işi deyil. Şölə bunu bacara bildi. Qızılgül xanım, maraqlı məqamlardan biri də, arxetipin formaca yeni təzahürü olan struktur arxetiplərin araşdırılmasıdır. Şölə əsasən, arxetipin hipermətn və fan-fiction kimi növləri olmasını meydana çıxartmağa nail ola bildi. Buna hünər lazımdır”.

Qızılgül Şölənin kitabını təbliğ etmək məqsədi ilə yazdı:”Haqlısan, Səfurə. Kitab çox maraq kəsb edir”.

Şölə ünvanına söylənilən təriflərdən məst olaraq yazdı: “Diqqətinizə görə hamınıza ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Haqlısınız, mən Azərbaycan ədəbiyyatında hipermətn və fan-fiction növlərini formanın təzahürü kimi araşdırmağa çalışmışam. Ədəbiyyatımızda arxetiplərin, ümumi arxetip süjetlərin əksində Azərbaycandakı mətnlərin özünəməxsusluğu özünü göstərir. Arxetipin strukturca yeni formaları olan fan-fiction və hipermətnin ədəbiyyatımızda ilkin rüşeymləri mövcuddur. Onu da əminliklə deyə bilərəm ki, müasir Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələlərində arxetiplərin təzahüründə daha yeni struktur formaların meydana çıxması mümkündür. Yəni, hipermətn və fan-fiction kimi növləri…”

Qızılgül Şölənin yazdıqlarına cavab olaraq yazdı: “Şölə, arxetipin struktur formalarından deyəndə hipermətnin adını çəkdin. Həqiqətən də müasir Azərbaycan ədəbiyyatında hipermətn formasına rast gəlinir. Səncə, bu forma bədii yaradıcılığı zəiflədən bir şeydir, yoxsa, uğurlu bir məsələdir?”

Şölə kompüterin arxasında əllərini biri-birinə sıxdı. Sonra bir-bir barmaqlarını oynadaraq asta-asta yazmağa başladı: “Professor, bir tərəfdən uğurlu məsələdir. Niyə? Ona görə ki, ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyasında yeni formalar bizdə də öz təzahürünü tapır”. Sonra nə fikirləşdisə izahını genişləndirərək yazmağa başladı: “Belə baxanda bir mətnin müxtəlif müəlliflər tərəfindən yeni versiyası yaradılırsa, məsələn, Dədə Qorqudun Kamal Abdulla tərəfindən, yaxud digər müəlliflər tərəfindən yeni versiyasının yaradılması ədəbiyyatı zənginləşdirir və müasir ədəbi prosesə uyğun olaraq burada oxucunun da öz fikirləri əksini tapır. Bir növ hər kəs öz mətnini yaradır. Bu baxımdan müsbət bir proses kimi dəyərləndirmək olar”.

Qızılgül Şöləni daha çox yazması üçün əlavə sual verməsini məqsədəuyğun bildi. Düşündü gərək elə sual yazsın ki, Şölə onu cavablandıra bilsin. Şölədə o potensial yoxdur ki, hər suala cavab verə bilsin. Şölənin statusunun altındakı yazıları nəzərdən keçirdi. Heç kimin heç nə yazmadığını görüb yazmağa başladı: “Şölə, qeyd etmisən ki, hər kəs öz mətnini yaradır. Bir neçə müəllifin öz mətnini yaratması və bir mətn ətrafında formalaşması necə olur? Misal üçün kimi misal göstərə bilərsən?”

Şölə Qızılgülün yazısını oxuyub nə yazacağını fikirləşdi. Sonra asta-asta yazmağa başladı: «Bayaq qeyd etdiyim kimi… Bəzi müəlliflərin əsərlərini “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazmaları. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında qızı Günel Anarqızının yazdığı “Altıncı” əsəri. Eyni zamanda Sevinc Pərvanənin “Altıncı” adlı başqa bir əsəri də var. Bu yaxınlarda təzə bir əsərin də çapdan çıxması haqqında məlumat var. Təəssüf ki, həmin əsəri hələ əldə edə bilməmişəm. Bu artıq “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinə müxtəlif baxışların formalaşması deməkdir. Anardan sonra Günel Anarqızı Təhminənin iç dünyasını açır və bizim tanımadığımız başqa bir Təhminə meydana çıxır. Digər tərəfdən, Sevinc Pərvanənin əsəri bir növ alleqoriya xarakteri daşıyır. Orada Anar adlı bir gəncin Təhminə adlı həyat yoldaşını Zaur adlı bir şəxslə görməsi və bu fonda davam edən əlaqələr göstərilir. Fikrimizcə, bu, oxucuda da müəyyən maraqlı assosiasiyalar doğurur. Çünki mətni oxuyan hər bir oxucunun da həmin mətnə dair öz fikri yaranır, bir növ hər kəs öz mətnini yaradır. Bəlkə hansısa bir yazıçının əsəri oxucuya daha yaxındır”.

Şölənin dostluğunda olan Cavad yazaraq soruşurdu: “Şölə xanım, bu dediklərinizin arxetiplə nə əlaqəsi? Əlaqə yoxdur axı… Olmayan şeyi necə görə bilirsiniz? Siz gündəliyi “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim edirsiniz. Qeyd etmək istərdim ki, arxetipin təzahür formaları ola bilməz. Təzahür üzə çıxma, zahir olma, özünü göstərmə, özünü büruzə vermə; ifadə, təcəssüm etmə mənalarını kəsb edir.”

Şölə Cavadın fikirlərinə münasibət bildirmək niyyətində deyildi. Cavadın yazdıqları onu lap özündən çıxarmışdı. Qızılgülün yazdığı status onu Cavadın yazdıqları haqqında düşüncələrindən uzaqlaşdırdı. Qızılgülün yazdıqları sanki aradakı gərginliyi qaldırdı: “Bizdə Leyli və Məcnun süjetinə bir neçə dəfə, təkrar-təkrar qayıdıblar. Bunu hipermətn hesab etmək olar? Nizaminin “Leyli və Məcnun”unu, Füzulinin “Leyli və Məcnun”unu, yaxud da müasir ədəbiyyatda Leyli-Məcnun ətrafında nələrsə yaranır. Bunlar bir-birinin ardıdır. Tutaq ki, o vaxt internet, intermediya yox idi, bəs internetin olmadığı o vaxtda bir mövzunun ətrafında müxtəlif əsərlərin işlənilməsini hipermətn hesab etmək olarmı?”

Şölə Cavadın sualından uzaqlaşmaq üçün tələsik Qızılgülün yazdığı suala cavab yazmağa başladı: “Həmin dövrdə bir mövzu ətrafında müxtəlif mətnlərin işlənməsi halları baş verib. Bir mövzu ətrafında dedikdə, bunlar ümumbəşəri mövzular idi. O vaxt “Leyli və Məcnun” mövzusunda əsər yaratmaq da bir imtahan, sınaq kimi idi. Bu sınaqdan Nizami də keçdi, Füzuli də və başqaları da. Onların hər birinin yaratdığı mətn öz özünəməxsusluğu ilə fərqlənirdi. Fikrimizcə, onları hipermətn termini ilə ifadə etmək bir qədər düzgün olmazdı. Həmin dövrlərdə belə bir termin yox idi. Amma bizcə hipermətnin ilkin qədim forması kimi, arxetipin ilkin qədim forması kimi, qəbul etmək olar. Çünki Leyli də, Məcnun da artıq arxetipləşmiş obrazlardır.

Şölənin facebook dostluğunda olanlardan biri də müəllimi olmuş Zərnişanın yazdığı fikirlər Şöləyə xoş gəldi: “Qızım, siz savadınızla, əxlaqınızla hamımıza nümunə olmusunuz. Sizin zəkanıza heyranam, qızım. Amma mənim üçün maraq doğuran bir fakt var. Son dövrlərdə hamı bildi-bilmədi fan-fictiondan, hipermətndən bəhs edir. Siz fan-fictiona bir nümunə göstərə bilərsiniz?”

Şölə yenə tərifdən, xoş sözdən bihal olub cavab yazmağa başladı: “Azərbaycan ədəbiyyatında fan-fictionu biz izah etmişik iki formada. Bir professionalların yaratdığı fan-fiction kimi, bir də qeyri-professionalların yaratdığı fan-fiction kimi. Qeyri-professionalların yaratdığı fan-fictiona misal kimi göstərmək mümkündür. Saytlarda layihələr olur: fan-fiction layihəsi. Orada hər bir oxucu ürəkləri istəyən hər hansı bir əsərin müəllifinə fan-fiction yazırlar. Məsələn, Ramiz Rövşənin “Daş” əsərinə fan-fiction yazmışdılar. Bildiyiniz kimi, “Daş” əsərində qadın heç bir şey demir, ancaq kişinin monoloqudur. Burada isə qadının monoloqu verilib. Qadın necə danışardı, əgər danışsaydı. Digər tərəfdən, orada hadisələr bu yöndə gedir ki, əsərin qəhrəmanı öz əmisi qızı ilə evlənir, əslində arzu edir ki, digər qadınla evlənərdi. Fan-fiction yazan oxucu isə qəhrəmanın öz əmisi qızı ilə yox, digər qadınla evləndiyini xəyal edir və bu halda onu hadisələrin necə cərəyan edə biləcəyi düşündürür. Professionallara gəlincə, məsələn, İlqar Fəhminin “Qarğa yuvası” əsəri “Koroğlu” dastanının fan-fictionu təsirini bağışlayır. Həm dekonstruksiyadır, həm fan-fiction. Həm oradakı hadisələr dəyişib, məsələn, dastanda keçəl Həmzə mənfi bir obrazdırsa, “Qarğa yuvası”nda Koroğlunun baş məsləhətçisidir. Bu, yazıçının öz baxışıdır, özünün belə bir formada əsərini yaradıb. Yəni kanonik mətni dəyişib yeni təzahürdə göstərir”.

Cavad Şölənin Zərnişana yazdığı cavabdan qane qalmadığı üçün yazdı: “Şölə xanım sizin fan-fictionu izah etməyiniz elmi baxışdan yanlışdır. Həm də onun arxetiplə nə əlaqəsi? Yazdıqlarınızdan belə görünür ki, arxetip haqqında adi məktəb şagiridi qədər məlumatınız yoxdur. Amma arxetip haqqında tədqiqat yazmısınız. Başa düşmədiyiniz mövzu haqqında tədqiqat yazmaq olar? Qeyd edim ki, ədəbiyyatşünaslıq elmində anfik (fan fiction) dedikdə mövcud anime, manqa və ya oyun qəhrəmanlarından istifadə edərək fanatların yazdığı və ya hazırladığı qeyri-rəsmi qısa hekayə, roman və ya ssenari nəzərdə tutulur. Şölə xanım, Füzuliyə yazılmış nəzirələri “fanat mətni”nin ilk rüşüymləri kim dəyərləndirirsiniz? Qeyd etmək istərdim ki, nəzirə bir şairin bir şerinə təqlidən yazılan, ya söylənən şeir, bənzətmədir. “Fanifiction” da isə müəllif hər hansısa bir əsərin sonluğunun tamamlanmasını oxucusunun öhdəsinə buraxır. Xalq yazıçımız Kamal müəllimin, yəni Kamal Abdullanın “Yarımçıq əlyazma”, həmçinin İlqar Fəhminin “Qarğa yuvası”, Günel Anarqızının “Altıncı” romanlarını professional yazıçılar tərəfindən yaradılan “fan-fiction” nümunəsi kimi təqdim etməklə “fan-fiction”la intertekstuallığı səhv salırsınız. Kamal Abdullanın əsərinə “fan-fiction” deməklə, onu bir tanınmış yazıçı kimi inkar etmirsinizmi? Məncə, edirsiniz. Hətta onun yazıçılıq fəaliyyətinə kölgə də salırsınız. Qeyd etmək lazımdır ki, intertekstuallıq dünyadakı bütün mətnlərin bir-birilə birbaşa və ya dolayı yolla bağlı olduğunu qeyd edən nəzəriyyədir. Bu nəzəriyyəyə görə hər mətnin başqa mətnlərə əlaqəsi var, hər mətn sitatlar mozaikası, başqa mətnlərin bir növ transformasiyasıdır. Bu baxımdan da, mətn sözünü yalnız bədii mətn, ədəbi əsər kimi deyil, daha geniş mənada, bütün mədəniyyəti ifadə edən məfhum kimi başa düşmək lazımdır. Bu daha çox postmodern ədəbiyyatda özünü göstərir. Bu zaman oyun yaratmaq, ideal bütövlük duyğusunu dağıtmaq özünü qabarıq şəkildə göstərir. Bu baxımdan da, Şölə xanım, siz tərəfdən Kamal Abdullanın, İlqar Fəhminin əsərlərini “fan-fiction” nümunəsi kimi verilməsi elmi yanlışlıqdır”.

Şölə əsəbindən qızarmışdı. Kompüterin qarşısında lal-dinməzcə oturub monitora baxırdı. Nə yazacağını bilmirdi. Əsəbi halda dodaqlarını gəmirərək çıxış yolunu Cavadı facebook səhifəsidə əngəlləməkdə gördü. Cavadı facebook dostluğundan çıxartmaqla yanaşı əngəllədi.

Qızılgül Cavadın yazdığı iraddan sonra aradakı gərginliyi qaldırmaq üçün Şöləyə yazdı: “Qeyd etməliyəm ki, Şölənin qələmə aldığı bu əsər ədəbiyyat nəzəriyyəsinin və müstəqillik dövrü ədəbiyyatımızın aktual problemini tədqiq edir. Qloballaşma dövründə və eyni zamanda müasir ədəbiyyatın əsas hadisəsi və cərəyanı hesab olunan postmodernizmdə, ümumiyyətlə fəlsəfi fikirdə arxetiplərə maraq xeyli qüvvətlənibdir. Bu baxımdan, Azərbaycan ədəbiyyatşünaslığında da kiminsə bu mövzuya müraciət etməsi və bizim ədəbiyyatımızdakı vəziyyətinə aydınlıq gətirməsi vacib idi. Şölənin özü müasir dünyada arxetiplərə marağın artmasına mədəni inteqrasiya hadisəsi kimi baxır. Məlumdur ki, dünya ədəbiyyatında arxetiplərə müxtəlif cür yanaşma var. Bir sıra arxetiplər var ki, onlara ədəbiyyatda daha çox müraciət olunur. Belə axretiplər arasındakı fərqlilikləri və eynilikləri üzə çıxartmaq həqiqətən maraqlıdır. Məsələn, yaradılışla bağlı olan çoxlu mifoloji, ilkin arxetiplər var ki, onların sonradan ədəbiyyatda necə reallaşması, dəyişilməsi prosesini əks etdirə bilir. Bu baxımdan, Şölə bir neçə arxetipə müraciət edir. Məsələn, su arxetipi. Biz bilirik ki, dünyanın əksər miflərində yaradılışın əsasında su durur və müasir dövrdə su arxetipi bədii düşüncəni məşğul edir. Eləcə də, dəyirman, ağac, oxşar, əlyazma və s. kimi müxtəlif arxetip formalarını araşdırması əhəmiyyətlidir. Maraqlı olan bir cəhət də odur ki, Şölə bu arxetipləri izləyən zaman təkcə bədii mətnlərin üzərində durmamışdır. O, su arxetipindən danışırsa, mifologiyaya, folklora, nağıllara müraciət edir, bundan əlavə dini mətnlərə müraciət edir. Bütün bunların hamısının intertekstuallığını, mətnlərdə intertekstual iştirakını açır. Biz Şərqdən, yaxud Qərbdən danışarkən alışmışıq ki, Şərq deyəndə islam Şərqindən, Qərb deyəndə xristian Qərbindən bəhs edək. Şölə hansısa bir arxetipin ayrı-ayrı mətnlərdə təzahürünü izləmək üçün hind, çin, yapon mənbələrinə belə müraciət edir. Ondan başqa hər hansı arxetipin həm mənfi, həm də müsbət planda ifadə formaları üzə çıxarılır. Məsələn, dəyirman arxetipi insan həyatı üçün müəyyən müsbət əhəmiyyəti olan bir məkan kimi anlaşılmasına baxmayaraq, köhnə dəyirman özündə sirr, dəhşət qorxu hiss və düşüncələrini cəmləşdirir. Elə arxetiplər də var ki, bir bölgədə öz ətrafında müsbət mənada, digər regionda isə mənfi mənada nələrisə toplayır. Amma bu mənfi və müsbətin biri-birinə keçid hadisəsi də var və bu keçidi izləmək baxımından da müqayisəli qarşılaşdırılma çox əhəmiyyətlidir.”

Fərqanə də rəfiqəsi Şöləni müdafiə etmək məqsədilə yazmağa başladı: “Şölənin əlyazma arxetipindən danışmağı xüsusilə maraq kəsb edir. Şölə əlyazmanı arxetip kimi təqdim edir. Əlyazmanın özünün də növlərini göstərir: məktub, memuar, gündəlik. Bunlardan bir var janr kimi danışmaq, bir də var arxetipikləşmiş funksiyasından bəhs etmək. Biz bilirik ki, son dövrlər Azərbaycan ədəbiyyatında ikinci məsələ çoxlu mübahisələrə səbəb olub. Məsələn, Kamal Abdullanın “Yarımçıq əlyazması” haqqında. Amma əlyazmaya arxetip kimi yanaşma tədqiqatlarda öz ifadəsini demək olar ki, tapmayıb, yəni, əlyazma arxetip olaraq ədəbiyyatda hansı funksiyanı yerinə yetirir sualına cavab verilməyib. Bu da maraq doğurur. Yaxud oxşar arxetipi. Bir insanın özünün oxşarının olması folklorda, mifologiyada, yazılı ədəbiyyatda hansı funksiyanı yerinə yetirir? Oxşar arxetipi insanın öz-özü ilə dialoqudur, yoxsa başqalarına özünü müxtəlif cür göstərməsidir? Şölə bu məsələyə də aydınlıq gətirir, oxşarın təsnifatını və tipologiyasını verir. Bu da çox maraqlıdır.

Mənim üçün qürurverici haldır ki, mənim rəfiqəm ədəbiyyatşünaslıq tarixində ilk dəfə olaraq struktur arxetiplərdən bəhs etməyə nail ola bilmişdir. Müasir dövrdə bədii əsərlərin strukturunun formalaşmasında hipermətn və fan-fiction əhəmiyyətli rol oynamasını açıqlaması elmi yenilikdir. Şölə hətta müasir dövrdə Azərbaycan ədəbiyyatında bir çox gənc yazıçıların hansı eksperimentlərdən keçməsinə aydınlıq gətirir ki, hansı ki, bunlar bizim bir çoxumuza aydın deyildi. Ədəbiyyatımızda hansı eksperimentlər yaşandığına aydınlıq gətirərək, onlar haqqında da çox geniş təsəvvür yaradır.”

Bu vaxt Şölənin dostluğunda olan Eynulla Qızılgül xanımın qeydinə rəy yazdı: “Dəyərli xanımlarımız. Hörmətli Qızılgül xanım, hörmətli Fərqanə xanım… Siz “son dövr ədəbiyyatında arxetipin yeni formaları” kitabını müəllifdən gözəl izah etdiniz. Təşəkkür edirik. Amma bir qaranlıq məqam qaldı… Məsələn, XXI əsrdə arxetipin yeni formaları dedikdə, su arxetipinidəmi yeni arxetipin forması kimi qəbul etməliyik? Hörmətli Qızılgül xanım, siz ziyalı, təcrübəli xanımsınız. Şölə xanım hələ gəncdir. Elm sahəsində çox şeyi anlamaya bilər. Amma siz mənə izah edə bilərsinizmi ki, hipermətn və fan-fiction arxetiplə necə uyğunlaşa bilir? Hətta arxetipin yeni formasına çevrilə də bilirlər? Məntiqlə mümkün deyil. İzah etsəydiniz məmnun olardım”.

Şölə Eynulla müəllimi tanıdığı üçün kobud cavab yazmadı. Xasiyyətinə bələd idi. Hər yazdığı mənfi auralı bir fikir mütləq ona qarşı çevriləcəkdir. O baxımdan, ehtiyatlı olmağı qərarlaşdırdı. Lakin Səriyyənin yazdığı fikirlər onu Eynulla müəllimə cavab yazmaqdan bir anlıq qurtardı. Səriyyə Şölənin yerlisi olduğu üçün onun mövqeyindən çıxış etməyi qərarlaşdırmışdı. O baxımdan yerlisinin tərəfdarı kimi qeyd edirdi: “Mövzunun aktuallığı xüsusilə diqqəti cəlb edir. Analitik psixologiyanın banisi Yunq tərəfindən irəli sürülən arxetip konsepsiyası son dövrlər ədəbiyyatşünaslığında Mirçe Eliada, Averintsev kimi alimlərin yaradıcılığında yeni məzmun qazanıb. Arxetiplər ədəbiyyatşünaslıqda yalnız 90-cı illərdən başlayaraq öyrənilməyə başlanıb. 1998-ci ildə Asif Hacıyevin monoqrafiyası çap olunub: “Поэтика современной прозы” – bax orada toxunulur. Yəni Azərbaycan ədəbiyyatşünaslığı üçün bu problem daha yenidir. Nə dünya ədəbiyyatşünaslığında, nə də bizdə arxetipin birmənalı tərifi yoxdur. Şölə ədəbiyyatda bu problemlə bağlı müzakirələrə daha yaxından bələddir. Şölənin bədii nəsr və poeziya nümunələrindəki arxetiplərdən bəhs etməsi təqdirəlayiqdir. Bu çox vacibdir. Çünki mən dedim ki, o əsərlər yaranan zaman bu teoriya yox idi. Sovet dövrü ədəbiyyatına arxetip konsepsiyası baxımından yanaşmaq, o əsərlərə yeni bir baxış ehtiva edir və bu çox vacibdir. Biz “Şeytan”ı və yaxud “Dəyirman” povestini sosial problemlərin göstəricisi kimi bir kənara atmaqdansa yeni baxışla gündəmə gətirib yeni tələblər baxımından təhlil etməliyik. Bu baxımdan, mənə elə gəlir, Şölənin qələmə aldığı iş böyük əhəmiyyət kəsb edir. Şölənin arxetip anlayışı, bu anlayışa yanaşma, arxetipin çox geniş mifoloji material verməsi və s. haqqındakı məlumat və mühakimələr faydalıdır. Şölənin su, at, ağac, dəyirman müxtəlif dinlərdə, mifologiyalarda bir problemi müxtəlif cür aça bilir, bu kontekstdən də müxtəlif bədii əsərlərdəki obrazları canlandıra bilir”.

Şölə kitabı ətrafında yaranmış disskusiyadan məmnun qalmışdı ki, öz tənqidi yazıları ilə fərqlənən Yunis yazısını yerləşdirdi. Şölə Yunisin qələminə bələd olduğu üçün ehtiyatla, çəkinə-çəkinə yazını oxumağa başladı. Yunis geniş məzmunlu yazı yazmışdır: “Şölə xanım, Azərbaycan ədəbiyyatında əks olunmuş arxetiplərin yeni formalarının təzahürünün öyrənilməsi və bu zəmində Azərbaycan və dünya ədəbiyyatı nümunələrində “əlyazma” və “oxşar” arxetiplərinin əksinin müqayisəli təhlilə cəlb olunması, arxetipin yeni formaları olan “hipermətn” və “fanat mətnini”-“fan-fiction”u araşdırılması həqiqətən də maraq kəsb edən bir mövzudur, problemdir. Siz “hipermətn” və “fanat mətni”ni konvergensiya mədəniyyətinin və arxetipin yeni formaları və arxetip süjetin variasiyaları kimi təqdim edirsiniz. Arxetipin “hipermətn” kimi yenidən yaradılmasını göstərirsiniz. Arxetipin yeni formaları olan “hipermətn” və “fanat mətni” tam formalşmadığını arxetipin yeni forması kimi təqdim etməniz də gözdən qaçmır. Mən sizin kitabınızın yeni nəşr olunmasına baxmayaraq, oxumaq imkanı əldə etmişəm. Kitabınızla yaxından tanışam. Siz bir tədqiqatçı kimi kitabda hiperteksti gələcəyin yazı forması kimi dəyərləndirirsiniz. Qeyd etmək lazımdır ki, hipermətn arxetip ola bilməz. Ümumiyyətlə, hipertekst ardıcıllığı qorunmayan mətnlərin silsiləsidir. Bildiyimizə görə məntlər iki səbəbdən ardıcıllıqla yazılır. Mətn nitqin törəməsi olması səbəbindən, nitqdə məntiqi ardıcıllıq heç cürə pozula bilmir. Biz nitq zamanı dil vasitəsindən istifadə edirik. Mütaliə edərkən də oxuduğumuz kitabı və ya hər hansısa mətn toplusunu ardıcıllıqla oxuyuruq. Ardıcıllıq pozulduqda kitabı oxuma bizə çətinlik törədir. Bunlardan fərqli olaraq fikirlərin ardıcıl olmayan struktura malik olması isə bizə bəllidir.

Hipertekst də mətnin başqa hissəsinə qısa yolla keçid qoyulmuşdur. Hipertekstdə informasiya modeli, insan beynində fikirlərin ardıcıllığa uymadan, sərbəst axınla, biri digərini doğuraraq ortaya çıxmasına əsaslanır. Hipertekst sistemi mətni oxucuya daha dərindən çatdırmağa kömək edəcək əlavə vasitələrdən, rəsmlərdən, musiqidən, videodan istifadə etməyə imkan verir. Həmçinin hiperteksti əlverişli edən digər tərəfi mətnin içindən hər hansı informasiyanı ən tez şəkildə axtarıb tapa bilməkdir. Bundan əlavə hipertekst oxucuya daha böyük azadlıqlar verir. Oxucu mətni istədiyi ardıcıllıqla oxuya bilir. Bu baxımdan, hipertekst arxetip ola bilməz”.

Qızılgül hamının fikrini Yunisin yazdıqlarından uzaqlaşdırmaq üçün qısaca Səriyyəyə yazdı: “Sizinlə tamamilə razıyam, Səriyyə xanım!”

Səriyyənin yazdıqlarından razı olmağını bildirmək üşün bəyən işarəsindən ürək smayliki göndərdi. Səriyyə sözlərinin xüsusilə Qızılgülün xoşuna gəldiyini görüb yenə yazmağına başladı.

Bu vaxt Yunisin fikirlərilə razı olan Əflatun yazdı: “Mən Şölə xanımı başa düşə bilmirəm. Nə disskusiyasına girir. Etdiyi elmi yanlışılqlar bəs deyil, hələ elmi polemika aparmağa hazırdır? Yunis də, Cavad da tamamilə haqlıdılar. Mənim də hipermətnlə bağlı bir neçə əlavəm var. Ümumiyyətlə, Yunis düzgün izah etdi. Qeyd etməliyik ki, ardıcıllığı qorunmayan mətnlərin silsiləsi olan hipertekstə postmodernizmdə tez-tez rast gəlinir. Postmodernizmdə bütün reallıq mətn, təhkiyə kimi qəbul edilir. Qeyd etməliyik ki, “dünya mətn kimi” ifadəsi postmodernizmin ən məşhur tezislərindən biridir. Hipertekstin əsas xarakterik cəhəti oxucu mövqeyinin gözlənilməz qarışıqlığının imkanı sayəsində təhkiyə mətni şaxələnir, oxucuya müxtəlif alqoritmləri (müxtəlif ardıcıllıq) seçməklə mətnin hissələri ilə tanış olmağa imkan verir. “Hipertekst”də (hipermətn) informasiya modeli, insan beynində fikirlərin ardıcıllığa uymadan, sərbəst axınla, biri digərini doğuraraq, ortaya çıxmasına əsaslanaraq mətnin başqa hissəsinə qısa yolla keçid qoyulmuş istənilən romanı, lüğəti, veb – saytı başa düşürük. Hipertekstin üstün cəhətlərindən biri də, mətni oxucuya daha dərindən çatdırmaq üçün əlavə vasitələrdən (rəsm, musiqi, video) istifadə etməyə, mətnin içindən lazım olan informasiyanı tez axtarıb tapmağa imkan verir. Hipertekstin oxucuya sərbəstlik verdiyini və oxucunun mətni istədiyi ardıcıllıqla oxuduğunun da şahidi oluruq.

Hipertekst (hipermətn) romanda “əlavə” məna yükü hipertekstin xassələri sayəsində mümkün olur:

– quruluşun parçalanması: mətn montaj prinsipi üzrə vahid bir tama çevrilmiş halda kiçik fraqmentlər formasında qurulur;

– qeyri-xətti təhkiyə: təhkiyə hər hansı bir fraqment ilə başlana bilər və mövcud fraqmentləri çərçivəsində istənilən ardıcıllıqla “davam etdirilir”;

– müxtəlifnövlü, müxtəlif dil, üslub və janr xüsusiyyətləri ilə mətn birləşmələrinin vəhdətini tələb edən;

– multimedia: hipertekstdə bədii üsullar seçim və şriftlər vəhdətini, illüstrasiya, cizgi əlavələri, səsli müşayiətini əhatə edə bilər.

Əgər hipertekst romanın müxtəlif növlüyündən danışsaq, onda aşağıdakılara ayırmaq olar:

– “lüğət” (ensiklopedik) hipertekst roman (məsələn, M. Paviçin “Xəzər lüğəti” romanı);

– “süjetli” hipertekst roman, əsərdə müxtəlif variasiyalarda bir və eyni süjet xəttinin canlandırılması (K. Eskovun “Bore-Robinqud haqqında ballada” romanı);

– digital hipertekst roman, müəllif düşüncəsinin açıqlanması üçün informasiya və multimedia texnologiyalarının texniki imkanlarından istifadə etmə (B. Akuninin “Kvest (axtarış). Roman-kompüter oyunu”).”

Yunis Əflatunun fikirlərini qüvvətləndirmək məqsədilə əlavə etdi: “Əflatun müəllim təşəkkür edirəm. Tamamilə haqlısınız. Məsələnin kökündən vurmusunuz. Şölə xanımın kitabını oxuduğum üçün deyə bilərəm ki, Şölə xanım intertekstuallıqla “hipermətn” anlayışlarını qarışdırır. Bunlar arasındakı fərqi görə bilmədiyindən onları eyni bir məhfum kimi təqdim edir. Məsələn, kitabında qeyd edir ki, “hipermətn”i mətnlərin müəyyən ardıcıllıqla toplandığı “hipermətn” anlayışı bədii ədəbiyyatda bədii əsərin içərisində bir neçə süjetin əks olunmasını ifadə etmək üçün istifadə edilir. Buna ən bariz nümunə kimi “Min bir gecə” nağıllarını, Nəxşəbinin “Tutinamə”sini, “Bakkoçonun “Dekameron” əsərini və s. göstərə bilərik.” “Hipermətnin” recycling text adlandırılan variantında istənilən süjetin təkrar yaradılması nəzərdə tutulur. Recucling text bir neçə variantda təazahür edir: a) Sərbəst tərcümə – məs. Buratino – Pinokyo, Vinni Pux (A. Mülnzi) – E. Uspenskin; b) Məlum süjetin təkrarən əsərdə əksi: Məsələn, “Leyli və Məcnun” “Romeo və Cülyetta”.

Üstəlik Şölə xanım “hipermətn”in digər variantı kanonik mətn olmasını göstərir. Sual yaranır. Bütün roman və epopeyalar, daha doğrusu özündə bir neçə süjet xəttini ehtiva edən əsərlər “hipermətn” adlanmalıdır? Təkrar məntlər yəni recucling text “hipermətn”dir?”

Səriyyə bayaq yazdıqlarına əlavələr etdi: “Mən Şölənin özünün əsərləri ilə də tanışam, daima çap olunub, problemə bələdliyini hiss etmişəm. Monoqrafiyanı oxumuşam. Monoqrafiyada XXI əsrin əvvəlləri də əhatə olunur. Şölə transformasiyanı izləyə bilir, mühakimlərini yerli və əcnəbi ədəbiyyatdan gətirdiyi maraqlı paralellər üzərində qurur. Postmodern ədəbiyyatın nümayəndələrindən gətirilən qarşılaşdırmalar çox uğurludur. Mövzunun fərdi yaradıcılıq konsepsiyası əsasında öyrənilməsi, arxetipin hipermətn, fan-fiction kimi yeni formalarının tədqiqi maraq doğurur. Amma nəzəri fikrilər bəzən konkretləşmir, ehtimal səviyyəsində qalır. Bəzən də informasiya bolluğu təhlili üstələyir. Bu da anlaşılandır. Problem ədəbiyyatşünaslığımız üçün yeni olduğundan Şölə çoxlu material verməyə, hər şeyə toxunmağa çalışır. 2010-cu ildə roman bumu ili oldu və hipermətn, fan-fiction artdı, buna maraq yarandı lakin bu nədən yarandı? Necə yarandı? Hara aparır? Şölə bax bu suallara da cavab verməyə çalışır. Arxetiplərin transformasiyasını izləyir. Həmçinin, mənim çox xoşuma gələn hissədə oxşar arxetipi müxtəlif əsərlərdə izlənir. Qoqolun yaradıcılığında, Dostoyevskidə və sonradan Feyxtvangerin “Yalançı Nero”nu ilə Kamal Abdullanın “Yarımçıq əlyazma”sı qarşılaşdırılır, müqayisəli təhlil edilir. Yaxud əlyazma arxetipindən bəhs edilərkən Kamal Abdullanın “Yarımçıq əlyazma”, Umberto Ekonun “Qızılgülün adı” əsərləri müqayisəli şəkildə araşdırılır. Məktubun transformasiyası, Aydın Talıbzadə yaradıcılığının təhlili də maraqlıdır. Bir sözlə, mənə elə gəlir ki, Şölə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.”

Şölə dostluğunda olan Səriyyənin də onun əsəri haqqında yüksək fikirlər yazmasından məmnun oldu.

Şölənin dostluğunda olan, amma o qədər də yaxından tanımadığı Hidayət adlı bir istifadəçi Şöləyə deyil, Səriyyəyə irad bildiriridi: “Səriyyə xanım, qeyd edirsiniz ki, “nə dünya ədəbiyyatşünaslığında, nə də bizdə arxetipin birmənalı tərifi yoxdur”. Tərif deyiləndə… Sizin qeyd etidyiniz kimi həm dünya ədəbiyyatında, həm də bizim ədəbiyyatda arxetiplər insan psixikasında tarixən möhkəmlənib, nəsildən-nəsilə irsən ötürülürlər. Qeyd etməliyik ki, həmçinin arxetip insan nəsillərinin psixi həyatının dərinliklərində qərarlaşmış davranışların, anadangəlmə proqramların, məqsədlərin sistemidir. Bu fikirlər də arxetipin birmənalı tərifidir, xanım”.

Şölə facebook dostluğunda olan Gülnarənin yazısını paylaşmasının altında görüb diqqətlə oxumağa başladı: “Açığını deyim ki, mən Şölə xanımın yazıları ilə yaxından tanış deyiləm. Ona görə də elmi tədqiqatları haqqında fikir deməkdə çətinlik çəkirəm. Amma indi Şölə xanımın, həmçinin də hörmətli professorun, digər insanların yazılarını oxuduqca mənə çox xoş təsir bağışladı. Şölənin dolğun fikirləri, özünə inamı məndə ona qarşı ümidi artırdı. Amma arxetipin yeni formaları kimi hipermətn, fan-fiction olması təqdirəlayiqdir. Bu yeniliyi hər alim edə bilməz ki, bunu da, mənim üçün dostluğunda belə olduğumu özümə şərəf bildiyim dəyərli alimimiz Şölə xanım edə bilib”.

Şölənin dostluğunda olan hər kəs Şöləyə tərif yağdırmaqda idi. Şölə artıq bütün yazıları oxumağa imkan tapmırdı. Amma dostluğunda olan professor Çingiz müəllimin də onun haqqında yazdığı qeydləri nəzərdən keçirməyə başladı. Professor da hamı kimi onu tərifləyirdi: “Şölənin işlədiyi bu mövzu keçmişlə bugünü qovuşduran, kökü dərinliyə işləyən bir mövzudur. Bu da onunla əlaqədardır ki, arxetip məsələsi hər bir xalqın inancları, sınancları ilə bağlı olan, haradasa, ibtidai görüşlərdən üzü bəri gələn, şifahi xalq yaradıcılığında öz əksini tapan, sonradan yazılı ədəbiyyatda inkişaf etdirilən bir məsələdir. Təbii ki, belə bir mövzu ədəbiyyatşünaslıq elmini zaman-zaman düşündürmüş, məşğul etmişdir. Bununla belə, mövzunun geniş bir şəkildə, sistemli surətdə araşdırıldığını söyləmək də səhv olardı. Bəlkə də elə bunun nəticəsidir ki, son vaxtlar arxetip məsələsinə münasibətdə bir aktivlik hiss olunur. Beynəlxalq konfranslar keçirilir, müxtəlif tədqiqatlar aparılır, kitablar yazılır. Bilirsiz, bir vaxtlar –  beynəlmiləlçilik, qardaşlıq, dostluq haqqında söhbətlərin ən çox getdiyi sovet dönəmində sanki milli mədəniyyətlərin qabağa çıxması uğrunda yarış başlanmışdı və bu öz əksini ədəbiyyatda da tapırdı. İndi də mədəni inteqrasiya, qloballaşma söhbətləri gündəmdədir, get-gedə genişlənir, bununla belə, ədəbiyyatda, mədəniyyətdə soykökə qayıdış, öz milli varlığına, milli zənginliyinə marağın çoxalması və bu baxımdan araşdırmaların şaxələnməsi prosesi gedir. Təbii ki, belə bir mövzu dərinə getdiyi üçün üçün dünyəviliyi bir o qədər əhatə edir. Yəni dünya mədəniyyətlərində, ədəbiyyatlarında bir-birinə bənzəyən arxetiplər var ki, Şölə çox doğru yol seçərək məhz o əhatəliliyi qorumağa, həmin arxetiplərin Azərbaycan və dünya ədəbiyyatında hansı formalarda, necə əks olunduğunu, oxşar və fərqli cəhətlərini üzə çıxarmağa çalışır. İkincisi, işin əhəmiyyəti ondadır ki, arxetiplər dünya xalqları ədəbiyyatı üçün əhəmiyyətli bir məsələ olduğu üçün, elmi-nəzəri düşüncəni də məşğul edir, haqqında mülahizələr yürüdülür. Şölə həm də belə nəzəri mülahizələrə diqqət yetirir, onları ümumiləşdirməyə çalışır və son nəticədə öz təsnifatını verir, onu bəzən sxemlərlə, bəzən bölgülərlə təqdim edir”.

Şölə dostluğunda olan Həmidin yazdığı rəyə nəzər saldı. Həmid gülücük işarəsi qoyub yazırdı: “Anlamadım. Bu qloballaşma qurtarıb getmədi… Hörmətli alimlər dəqiqə başı çıxışlarında vurğulayırlar ki, qloballaşma… Bir nəfər onlara desin, izah etsin ki, cəmiyyətdə qloballaşma prosesi baş verdi getdi. Perestroyka dövrü kimi. Oda bir axın idi cəmiyyətdən gəlib keçdi. Vallah ayıbdı… Hamısı da tanınmış, cəmiyyətdə mövqeləri olan alimlərdi, elə bil dəb düşüb… Qloballaşma… Yox bir… Şölə xanım haqqında da onu vurğulamaq istərdim ki, o həmçinin, arxetip süjetləri və obrazları düzgün anlaya bilməyib”.

Şölə Həmidin yazdıqlarını oxuyub yenə çıxış yolunu onu facebook dostluqdan silib, əngəlləməkdə gördü.

Şölə sinif yoldaşı olan, kənd məktəbində katibə işləyən Sevdanın da qeydlərini görüb maraqla oxumağa başladı: “Yazılanları oxudum. Şölənin belə böyük bir iş görəcəyinə inanmağım gəlmədi. Amma böyük-böyük adamların onun kitabı haqqında belə gözəl sözlər yazması deməli onun bu işi uğurla yerinə yetirməsindən bəhs edir. Şölə sinifdə ən utancaq, heç nəyə reaksiya verməyən şagird idi. Sinif yoldaşımın belə layiqli əsər yazması məni sevindirdi. Bizim bir sıra yazıçılarımızla, şairlərimizlə, onların yaradıcılığına müraciət etməklə kifayətlənməyib, dünya ədəbiyyatına da müraciət edib. Şölə məhdud bir dairədə qapanıb qalmır, elmi qənaətlərini assosiativ şəkildə üzə çıxarmağı bacarmışdır”.

Şölə kitabı haqqında yazılanları oxumaqdan yorulmuşdu. Amma kitabı haqqında maraq kəsb etdiyi üçün oxumağa davam edirdi. Bu zaman kitabını hədiyyə etdiyi Əhməd müəllimin yazısını oxudu: “Şölə kitab üçün təşəkkür edirəm. Yada salıb vermisən. Təbrik də edirəm. Yaxşı iş görmüsən kitabı buraxdırmısan. Amma sənə bir iradım olacaq. Elmi tədqiqatlarda, elmi monoqrafiyalarda wikipediadan istifadəsi arzuolunmazdır. Sənsə wikipediadan eninə-boluna istifadə etmisən. Monoqrafik tədqiqatda wikipediadan istifadənin kütləvi xarakter alması əsərə, müəllifin səviyyəsinə kölgə salır. Kitabın wikipedia məlumatları əsasında qələmə alınıb. Bir də onu qeyd etmək istərdim ki, mövzunun xarakteri elədir ki, arxetip anlayışının özünün haradan gəlib hansı yolu keçməsi məsələsinin ağırlığı səni bu barədə daha çox düşünməyə sövq edib”.

Şölə “facebook” səhifəsində paylaşması ilə kitabını əməlli-başlı təbliğ edə bilirdi. Deməli onun “facebook”dakı kitab təqdimatı baş tutmuşdu. “Facebook”dakı təqdimat onun ürəyincə olmuşdu. O vaxtın gec olduğunu görüb özündən razı şəkildə ayağa durdu. Sonra əyləşib kompüterini qələbə əhval-ruhiyyəsi ilə söndürdü.

 

 

 

“Yurd”

 

.

 

Paylaş: