“Dövlətimizin xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi çox mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır”.
ZiM.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Bununla belə, yeni layihələrin icrası da nəzərdə tutulur.
Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Dövlətimizin başçısının dediyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar.
Fatma Yıldırım qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan ilk beşlikdə yer alır.
“Bütövlükdə, Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil, dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir”,-deyə deputat vurğulayıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın