Gözlərimin nuru kimi azalır
Üzü qiblə,
sözü gerçək adamlar.
Hər görəndə bulandırır könlümü
Qaraniyyət,
qara milçək adamlar.
Söz danışdım, qurnaz- qurnaz baxdılar,
Mən alışdım,
söyləndilər baxtı var,
Sonra məni inamımdan yıxdılar,
Bu görəcək,
bu sürüncək adamlar.
Yalmanmağa ətək tapır,
əl gəzir,
İşi düşdü,
şirin-şəkər dil gəzir,
Yaxşıların bağçasında gül gəzir,
Yamanlığa
hazır dibçək adamlar.
Çiynim dönsə,
əlinizdə daş oyaq
Hərkəsənin öz yükü var daşıyaq.
Siz tor qurun,
mən yol çəkim, yaşayaq,
Ay yarımçıq,
ay hörümçək adamlar.
Bu şeir hər kəsin yadında mərd adam, sözü üzə sərt deyən, qəlbi pilə kimi yupyumşaq, sözü ürvattı tutan urvattı kişi Sabir Sarvanındır. Bəlkə çox çəkmişdi yanında- yörəsində dolaşıb, üzünə can deyib,arxasınca kölgəsini qılınclayan adamlardan. Elə öz təbirincə, şairanə etiraz etmişdi,şairanə gülmüşdü belələrinə…
Baharda dünyaya gəlmişdi. O, da bahar kimi üzü günəşə, üzü işığa doğru yaşayırdı.O, sözün zəvvarıydı. Zəvvarlar Kəbənin başına dolanıb təqva elədiyi kimi o da sözün başına eləcə təqva edirdi. Şeytanı daşla deyil, sözlə daşlayırdı.
Duruşunda bir bəylik,davranışında bir bəyzadəlik vardı. Çox sonralar öyrəndim onun ata babası Şirvan elinin tanınan,sayılıb- seçilən bəylərindən olub.At ilxıları,mal- qara sürüləri,qapısında nökər- naibi,qulu- qaravaşı olan bir kişi olub.Amma o hamıya əl tutub,kömək edib,xeyirxahlığıyla hörmət qazanıb.Bəli,genetik kodlarla ötürülən nəsnələr var insan ruhuna.Gen sözü həm də uzaqlığı bildirir.Yəni uzaqdan gələnlər- mayayla, qanla,iliklə,südlə sümüklə.
Özünü “Dəniz” ədəbi məclislərinin birində tanıdım, sözünü isə o vaxt gənclərin könlündə,ruhunda inqilab yaradan,əldən- ələ,dildən- dilə gəzən “Gənclik” jurnalından tanıyırdım.Cəsarətli yazıları,hadisələrə özünün fərdi baxışı,yanaşması o dövr üçün həyati təhlükə yarada biləcək risklərə getməsi diqqətimi çəkmişdi.Çox sonralar bildim bu yazıları yazmasın deyə ona ev,maşın,pul təklif edənlər olsa da,Sabir Sarvan öz sözündən,əqidəsindən dönməyib,özünə,ruhuna zərrəcə xəyanət etməyib,çox çətin həyat şəraitinə,kirakeş evlərdə can cürütdüyünə baxmayaraq.Dəfələrlə məhləmizdə,qonşu binada olan bir otaqlı,soyuq,nəm, zirzəmini xatırladan evində olmuşdum.Hər dəfə də ürəyim ağrımışdı,ruhum göyüm- göyüm göynəmişdi.
Sonra tale elə gətirdi bir yerdə işləyəsi olduq.Onu yaxından tanımaq fürsətim oldu.Və mənə tanış,doğma bir xarakteri olduğunu anladım.Atamın xarakteri dayanmışdı sanki qarşımda.Onu daha çox anladım,onu qınamağa çalışanlara qarşı içimdə acıdım.Çünki Sabir Sarvanı ancaq xarakteri olanlar,duruşu olanlar anlaya bilərdi.Xəstələnəndə hər gün baş çəkirdim.Gülü,işimizlə məşğul ol,narahat olma,- deyirdi.Amma mən sözündən çıxırdım.Xəstə yatdığı anlarda da deyib gülür, ətrafa xoş ovqat bəxş edirdi.Bəlkə də ölümün addım səslərini duymuşdu,yaxında olduğunu hiss etmişdi.Çünki o şair idi.Yaradanın diqtəsilə yazırdı,çox hissiyatlı adam idi.Ağlım kəsmir ki,o bunu dymamış olsun.Yatağında da ədəbiyyatı,sözü,Qarabağın azadlığını düşünürdü.”Gülü,birdən o günü görmədən ölərəm deyirdi.”
O,ölümün də,ömürün də fənafillah məqaməndan bəqabillah məqamına ucaldı .Elə sevdiyi bənöşələr qədər az, amma öz ömür yaşadı. Ölümə də yendirmədi.Səsi qulağımızda,təbəssümü yadımızda,özü uzaqlardadı. Hər yaz gələndə, bənövşələr boy verəndə onu xatırlayırıq,işıq dolu, şeir dolu, təpədən dırnağa həyat dolu adamı. Bənövşələri də küsdü onsuz gələn baharlardan,qoruya bilmədik nə qədər qayğı göstərsək də…
Xəyalım toxunur dünənə gəlir,
Ötənlər nə haya,nə ünə gəlir.
Gündə gözlərimin önünə gəlir,
Mən o bənövşəni
niyə dərmədim?!
Qoruya bilmədik, saxlaya bilmədik səni işıq adam, şeir adam, söz adam, Vətən adam…
Ruhun şad, məkanın cənnət olsun!
Gülnarə Cəmaləddin,
Azərbaycan Yazıçılar Birliyi
Sumqayıt bölməsinin sədri
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın