Bir çox mənbələrdə müxtəlif izahları olsa da, Yaqub sözünün mənalarından birinin də “qürub edən Günəş” olduğu qeyd olunur.
Musa Yaqub və Zəlimxan Yaqub. Azərbaycan ədəbiyyatının qürub edən Günəşləri. Bu dahilər artıq sıramızda olmasalar da, sözləri, şeirləri hər zaman bizimlədir.
Musa Yaqub – 1937-ci ilin ilıq bir yaz günü may ayının 10-da İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlmişdir. Elə bir yaz günü də 84 yaşında dünyadan köçən şair geridə dəyərli bir yaradıcılıq qoyub getdi.
Şair 2019-cu il may ayının 24-də “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adına layiq görülmüşdür.
Payız durnam uçub getdin,
Bir də dönüb gələrsənmi?
Sən dönəndə mən olmasam,
Ruhum ilə gülərsənmi?
Şair indi dönülməyəcək bir səfərdə olsa da hər dəfə şeirlərini oxuyanda onun ruhunu hiss edəcək, onun sözləri ilə ruhuna yoldaş tapacaq oxucuları var.
Bir dəfə məktəbdə keçirilən əlifba bayramı şənliyində Musa Yaqubu görə bilmək şansım olduğunu öyrənmişdim. Şair tədbirə qonaq gələcəkdi. Çünki onun nəvəsi də həmin məktəbdə oxuyurdu. Mən çox böyük maraqla şairin gəlişini gözləyirdim. Xəstə olduğum üçün tez ayrıldım tədbirdən, şairlə qarşılaşa bilmədiyim üçün çox məyus idim. Hələ ertəsi gün onun şagirdlərə konfet və kitab bağışladığını eşidəndə daha böyük bir kədər aldı məni. O yaşımda məni üzən konfet ala bilməməyim yoxsa şairlə görüşə bilməməyim idi deyə soruşsanız o zaman üçün bunun cavabını verə bilmərəm bəlkə. Amma indi kaş həmin gün orda ola bilərdim deyə düşünürəm. Çünki zamanla mənim sevdiyim şeirlər arasında Musa Yaqubun şeirləri də sözsüz ki özünə yer tapdı. Şairin bütün şeirləri gözəl və dəyərlidir. Lakin mənim ən sevdiyim şeirlərindən biri “Öyrətmə özünə, öyrətmə məni” şeiridir.
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Zəlimxan Yaqub – səsi, sözü, ruhu, hər zərrəsi şeir olan adam. Hələ uşaq yaşlarımda aldığım mavi üzlü o kitab. Necə böyük bir sevgi ilə oxuyurdum hər misranı. Bəlkə də şairin yaradıcılığını dərk edəcək yaşda deyildim. Amma gözəlliyin fərqində idim. İllərlə çox böyük sevgi ilə saxlayıb qorudum o kitabı. Xatirələrimin böyük bir qismini özümlə götürə bilmədən çıxdığım ünvanda itirdim o kitabı da. Oradan əzbərlədiyim şeirləri ertəsi gün böyük bir həyəcanla məktəbdə ədəbiyyat dərsində söyləyirdim. O zamanlar şeir oxumaq qədər səsləndirməyi də çox sevirdim. Şeir oxumaq, səsləndirmək, hətta yazmaq şövqünü mən Zəlimxan Yaqub şeirlərindən almışam. Onun dünyadan köçməsi də bəlkə də buna görə mənə çox daha fərqli təsir etmişdi. Sanki ədəbiyyatı işıqlandıran çıraqların ən parlağı sönmüş, Ədəbiyyat Günəşi qürub etmişdi mənim üçün.
Şair 1950-ci il yanvarın 21-də Bolnisi rayonun Kəpənəkçi kəndində anadan olmuşdur. Şair uzun zaman böyrək çatışmazlığından əziyyət çəkib. 2016-cı il 9 yanvarda Bakı şəhərində dünyasını dəyişib. Şairin şeirləri öz səsində daha möhtəşəm olurdu. Yetim qaldı misralar sanki onsuz.
Onun şeirləri arasında hansınə daha çox sevdiyimi seçə bilmirəm.
Bir dünyadır Zəlimxan Yaqub yaradıcılığı.
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəldə gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qurudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
Həcər BAYRAMOVA,
“YURD”un redaktoru.
Bir cavab yazın