Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır… (Mahirə Əmir qızı Nəbiyeva) » Zirvə.info

Dünyanın gözəlliyini, həyatın sevincini, mənasını daha dərindən duymaq, yaşamaq və qiymətlən-dirmək üçün bəzən, sağlam olmağımızın fərqinə varmırıq.
Elə ki, hansı səbəbdənsə bir-iki günlük də olsa xəstələnirik, həyat gözümüzdə başqalaşır, o halda yaşamağın qədrini daha yaxşı bilirik. Hər şeyin, adicə yeriməyin, gəzməyin … və ən başlıcası hər dəqiqənin necə qiymətli olduğunu daha dərindən dərk edirik. Və onda düşüncələrimizin fövqündə yalnız bir fikir qətiləşir: həyat hər şeyi ilə,hər yönü ilə gözəldir. Onun qədrini bilək!
Bu mənada həkimlik peşəsi əvəzedilməzdir. Amma, hər sahədə olduğu kimi bu müqəddəs peşədə çalışanların arasında da seçim böyükdür. Onlardan bəzilərinə layiq olduğu müddət ərzində xalqın özü “yaxşı həkimdir” sözünü artırır. Bizim yaxından tanıdığımız belə yaxşılardan biri də Mahirə həkimdir. Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır…

Bioqrafiyasından sətirlər:
Mahirə Əmir qızı Nəbiyeva 1954-cü il noyabrın 13-də Vətənimizin dilbər guşələrindən olan Laçın rayonunda ziyalı ailəsində dünyaya gəlib. 1973-cü ildə rayondakı 1 nömrəli orta məktəbi, 1980-ci ildə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Sonuncu kursda mama-ginekologiyanı seçib və bu ixtisasa yiyələnib. Daha sonra – M.A.Əfəndiyev adına Birləşmiş Şəhər Xəstəxanasında subardinatura və internatura keçərək, birgə çalışdığı həkimlərin, alimlərin dərin biliyindən, təcrübəsindən bəhrələnib.

Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı Nəbiyeva) …Dahilərin dediyi kimi: “İnsan Tanrının yaratdıqlarının ən qiymətlisidir, valideyn isə övlad üçün Allahın yer üzərindəki əşrəfidir. Onlar Uca Yaradan qədər sevgi və ehtirama layiq tutulmalıdır, sevilməlidirlər”

– Mahirə xanım, maraqlıdır, necə ailədə böyümüsünüz, hansı keyfiyyətlərə malik insanların tərbiyəsini almısınız? Əvvəl bu barədə danışmağınızı istərdik.
– Atam – Əmir Həmzəlı oğlu Quliyev Laçında qollu-budaqlı, sayılıb-seçilən bir nəsildəndir. Ömrü boyu rayonda sovxoz direktoru, idarə müdiri kimi məsul vəzifələrdə çalışıb. Elin-obanın söylədiyi kimi o, ilk növbədə yaxşı insan idi. Sözündən-söhbətindən, səmimiyyətindən, nurlu simasından doymaq olmazdı. Böyüklə-böyük, kiçiklə-kiçik kimi davranar, ləyaqətli insanlarla dostluq etməyi bacarar, kəsdiyi çörəyi, hörməti-izzəti qoruyar, insanlığı həmişə yüksək tutardı. Xeyirxah, müdrik el ağsaqqalı kimi onun iştirak etdiyi məclislər özünün sambalı, hörməti-izzəti ilə seçilərdi. Ünsiyyətdə olduğu insanların qəlbində ali hisslər yaratdığına görə, sonradan yeri düşdükcə, onun adını anar, bir daha görüşməyə can atardılar. Əmir Həmzəlı oğlu ruhunda, damalarında daim millətin, torpağın, yurdun sevgisini yaşadardı və bunu ətrafındakılara da təlqin etməyə çalışardı. O, sağlığında yaxşı insan, yaxşı rəhbər olmaqla bərabər, həm də nümunəvi ailə başçısı və qayğıkeş ata idi.
-Deyərdim ki, biz halal çörək yemişik, atamızın kişi ləyaqəti, anamızın öyüd-nəsihəti ilə pərvazlanmışıq. Ancaq nə etmək olar ki… “Fələyin yazısını pozmaq olmaz” deyiblər… Biz atamızı çox erkən-1978-ci ildə itirdik.
-Tanrının yazısıyla anam-Adilə Fərrux qızı Əliyeva da nəslinə xas olan nəcib keyfiyyətləri, xeyirxah əməlləri ilə seçilib. Ailəsini sevib, atama böyük hörmət bəsləyib. Qəlbinin odunu, məhəbbətini bütünlüklə ailəsinə və övladlarına verib. Anam gəncliyindən 1992-ci ilədək (Laçın rayonu ermənilər tərəfindən işğal olunanadək) Laçın rayon Birləşmiş Mərkəzi Xəstəxanasında tibb bacısı işləyib. Şükürlər olsun ki, hələ anamız sağdır. Valideynlərimiz böyük zəhmətlə 6 övlad böyüdüblər.
Vüqar, Eldar, Həmzəlı, Mahirə, Güləbətin, Şəfəq-onların ərsəyə gətirdikləri, ali təhsil verdikləri övladlarının hamısı- həkim, müəllim, iqtisadçı və hüquqşünas kimi indiyədək həyatda düzgün yol tutublar, valideynlərinin başlarını ucaldıblar. Deyərdim ki, bizim hamımız ata-anamızdan ən əvvəl vətənpərvərlik, təmizlik, ləyaqətlilik, eləcə də, qadınlıq, analıq və insanlıq tərbiyəsi almışıq. Valideynlərimizin mənəvi dünyaları bizim üçün həmişə böyük həyat məktəbi və əsl xəzinə olubdur. Həyatda nə qazanmışıqsa, nələrə nail olmuşuqsa, buna görə ömrümüz boyu valideynlərimizə borcluyuq.
Allah dünyadan köçən bütün atalara-analara rəhmət eləsin, ruhları şad olsun.
…Haqqında söz açdığımız Mahirə xanım Əmir Quliyevin ilk övladı, nəsil və ailə səcərəsinin davamçılarından biridir. Doğru deyiblər ki: “ Ot kökü üstə bitər”…
Bu da doğru deyimdir ki: “ Hər insanın üzünə bax, surətindən bəllidir”…
– Həkim, söylədiniz ki, ali təhsili başa vurduqdan sonra Sizi təyinatla doğulduğunuz bölgəyə-Laçın rayonuna işləməyə göndəriblər…
– Bəli. Dağlıq bölgə olduğuna görə o zaman heç kəs Laçına işləməyə getmək istəmirdi. Mən ilk əmək fəaliyyətinə mama-ginekoloq kimi Laçın rayon Birləşmiş Mərkəzi Xəstəxanasında başlamışam. Özündə səksəndən çox kəndi birləşdirən bu bölgədə düz on il işləmişəm. Onun altı-yeddi ilini isə ümumiyyətlə təkcə işləmişəm. Həyat yoldaşım Nazim İlyas oğlu Nəbiyevlə birlikdə təyinatla rayonda işləməyə cəmi üç illik getmişdik. Nazim həkim tələbə yoldaşım olubdur. İnstitutu terapevt-koordioloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitiribdir. O, xəstəxanada poliklinika şöbəsinin, mən isə doğum şöbəsinin müdiri işləyirdim. Böyük olmasına baxmayaraq, bu səhiyyə ocağında biz işlədiyimiz dövrdə ixtisasca anestezioloq-reanimatoloq da yox idi. Şübhəsiz ki, bunun özü bir çox çətinliklər yaradırdı. Bəzən kiçik mamalıq əməliyyatları zamanı venadaxili anesteziyaları Nazim həkimin köməyilə başa çatdırırdıq. Tez-tez ucqar dağ kəndlərində yaşayan xəstələrin üstünə çağırışlar olurdu. Çağırışlara vaxt ayırmaq da mənim həkimlik borcum idi. Əziyyətlərim çox olubdur. Məsləhət etməyə həkim də yox idi. Xəstəyə konsilium lazım olanda ancaq tibbi kitablar köməyimə çatırdı. Deyərdim ki, illərlə çalışdığım o xəstəxana mənim həkimlik fəaliyyətimdə böyük məktəb olubdur. Mən Laçında təmənnasız işləyirdim. Biz on ilin-səkkiz ilini kirayədə yaşamışıq. Yalnız sonuncu iki ildə ailəmiz rayon rəhbərliyi tərəfindən mənzillə təmin olundu. Qış aylarında mənzilimizdə qızdırıcı yaxşı işləmirdi. Yeri gəlmişkən qeyd edim ki, ağır xəstəyə yardım etmək üçün məni bir gecədə ən azından beş dəfə, bəzən də daha artıq sayda xəstəxanaya çağırırdılar. Bir dəfə axırıncı çağırış səhər saat altı radələrində olmasına baxmayaraq, nə qədər çətin, nə qədər yorğun olsam belə peşə borcumun öhdəsindən layiqincə gəlib, xəstəni sağlam həyata qaytardım. Mənim hamilə olduğum vaxtlar da belə, doqquz ayı gecə-gündüz işləmişəm. Oğlum gecə saat on birin yarısnda dünyaya gəldi. Elə həmin gecə saat üçdə doğum evinə xərəkdə ağır xəstə gətirdilər. Qeyd edim ki, cərrah-mama-ginekoloq olmadığına görə tək idim. Ucqar bölgə olduğu üçün həmin vaxtda mərkəzdən məni əvəz edə biləcək həkim də, gəlib çata bilməmişdi. Nə qədər çətin olsa da, xəstəni sağ-salamat vəziyyərdən çıxartdım. Ancaq özüm huşumu itirib, kollaps vəziyyətinə düşdüm. Həmin vaxtda mənə lazım olan yardımı göstəriblər. Əlbəttə ki, beş saat əvvəl övlad dünyaya gətirmiş zahı bir qadının – doğuşdan sonra xərəkdə qan içində doğum evinə gətirmiş bir ananı ağır vəziyyətdən çıxarması həm çətin, həm də məsuliyyətli idi. Hətta, mən ikinci övladımı da dünyaya gətirənədək, belə çətin, gərgin anlar yaşamışam.
1992-ci ildə Laçın rayonu mənfur düşmənimiz tərəfindən işğal olunanda biz övladlarımızı doğmalarımızın himayəsinə göndərdik. Özümüz isə həkim olduğumuza görə rayondan çıxmadıq. Laçının bombalandığı vaxtlarda yaralıların döyüş bölgəsindən təcili yardım maşınları ilə daşınıb – gətirilməsində Nazim həkimin əməyi böyük olmuşdur. Mənə gəlincə isə – mən xəstəxanada yaralılara və doğuşa yardım edirdim. Dərin kədər hissi ilə qeyd edim ki, yoldaşım-Nazim İlyas oğlu Nəbiyev Laçının işğaldan azad olunduğu gündə – 64 yaşında torpağa tapşırıldı. Torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşamaq ona qismət olmadı. Onu da qeyd edim ki, Nazim həkim Ağdaş rayonunda doğulub boya başa çatmışdı. Söylədiyim kimi o, düz on bir il təyinatla Laçın rayon Birləşmiş Mərkəzi Xəstəxanasında terapevt-koordioloq işlədi. Tanıyanlar, müalicə etdiyi insanlar, xüsusən də, yaşlı nəsil onu çox sevirdi. Rayon əhalisinə bəslədiyi sevgi ona həqiqi el məhəbbəti qazandırmışdı.
Biz birlikdə üç övlad böyütdük. Hər üçünə nümunəvi tərbiyə, ali təhsil verdik. Qızımız -Vüsalə Nazim qızı Nəbiyeva ixtisasca mama-ginekoloqdur, davamçımızdır. Hazırda Moskva şəhərində aspiranturada ginekologiya üzrə təhsil alır. Oğlanlarımız – İlyas və Fuad isə ali təhsilli mütəxəssislər kimi hazirda öz ixtisasları üzrə çalışırlar. Tanrı bizə şirin-şəkər dörd nəvə qismət edibdir.
Söhbətimiz boyu belə qənaətə gəldik ki, ömürdən ötən qırx ildə yüzlərlə körpə ömrünə pay düşüb Mahirə həkimin ömründən. Onlar Mahirə həkimin əllərinin təmasında, nəvazişində duyublar bu dünyanın ilkin hərarətini, ülfətini. Hər dəfə də bu məsum körpələrin qığıltılarının həzinliyi, munis şirinliyi bir başqa musiqinin, laylanın, bədii himnin notları kimi titrədib, kövrəldib Mahirə həkimin zərif qəlbini. Və bu gül ətirli körpələr onu daha məsuliyyətli olmağa çağırıb, qəlbini əsl ana nəvazişi və analara məxsus əsl övlad duyğusu ilə doldurub.
… Deyərdik ki, o, çalışdığı illərdə, bir qadın kimi analıq məzunuyyəti belə görməyib. Nə az, nə çox düz iyirmi il dayanmadan, yorğun vəziyyətdə işləyib. Bəzən elə hallar olubdur ki, ağır xəstələrə görə günlərlə xəstəxanada qalıbdır. Sağlamlığını vaxtından əvvəl itirsə də, heç vaxt giley-güzar etməyibdir. Nə də ki, önə çəkilməyi sevməyib. Özlüyündə həmişə: “Çəkdiyim əzab-əziyyətlər, keçirdiyim yuxusuz gecələr həkimlik borcumdur, dövlətimiz mənə xalqımıza xidmət etmək üçün ali təhsil veribdir” deyərək düşünübdür… Ötənləri xatırlayanda, indi o, bir vaxtlar əlləri ilə dünyaya gətirdiyi uşaqların – özlərinin övladlarını dünyaya gətirir. Hətta, bu gün onun adını qızına, nəvəsinə verənlər də var.
…Qeyd etdiyimiz kimi Mahirə Nəbiyeva qırx ildir ki, bu müqəddəs peşənin yorulmaz daşıyıcısıdır. Onun bir həkim kimi ailələrin, anaların sevimlisinə çevrilməsinə, elə də asan olmayıb, böyük əzab-əziyyətlərin içindən süzülüb gəlibdir.
Bizimlə söhbətində o, daha maraqlı məqamları vurğuladı: – Bizə həyatda ən müqəddəs, ən ülvi varlıq olan anaların həyatı tapşırılır. Biz onlara peşəmizin bizə öyrətdiyindən də, artıq böyük qayğı ilə yanaşırıq. Yeri gəlmişkən qeyd edim ki, mən 1993-cü ildən bu günədək Bakı şəhəri Respublika Perinatal Mərkəzdə cərrah-mama-ginekoloq işləyirəm. Bu səhiyyə ocağı 1993-cü ildə Respublika Doğum Evi kimi fəaliyyət göstərirdi. Mən bu Mərkəzdə torpaqlarımızın işğal altında olduğu otuz il ərzində qaçqınlıq həyatı yaşayan hamilə qadınlara-analara, xəstələrə təmənnasız yardım göstərmişəm. Bunu özümün həkimlik və analıq borcum kimi yerinə yetirmişəm. Bildiyimiz kimi həmin ildə məcburi köçkünlərin Bakı şəhərinə axını artmışdı. Bu məlum səbəblər doğuşların sayını da artırmışdı. Bu gün də xatırimdədir…
Günlərin birində gecə növbəsində idim. Naməlum səbəbdən işıqlar (o vaxt xəstəxanada işıq generatoru yox idi) söndü. Və həmin gecə mənim tərəfimdən lampa işığında on bir doğuş başa çatdırıldı. Analar bir neçə gündən sonra sağ-salamat körpələri ilə birgə evə yazıldılar. 2016-cı ildə isə səhhətimdə ciddi problem yaranmışdı. Bu ərəfədə doqquz ay hamiləlik boyu idarə etdiyim hamilənin doğuşu başlamışdı. Səhhətimlə bağlı həkim mənə icazə verməsə də (ən azından on günlük) mən ananın və doğmalarının istəyi, xahişi ilə doğuşu başa çatdırdım. Ananı və körpəni sağ-salamat yaxınlarına təhvil verdim.
…Mahirə Nəbiyevanı gözlədiyimiz müddətdə bir neçə xəstəsi ilə kiçik sorğu apardıq: – Söylədilər ki, o, təbiət etibarıyla sadə, səmimi, peşəsini varlığı ilə sevən, işinə son dərəcə məsuliyyətlə yanaşan, çətin vəziyyətlərdən cərrah kimi peşəkarlıqla çıxmağı bacaran, daim öz üzərində çalışan, xəstələrə doğma ana münasibəti bəsləyən, hər kəsə böyük hörmət və məhəbbətlə yanaşan həkimdir, cərrahdır. Əlləri də şəfalıdır, yüngüldür. Belə həkimlərə el arasında:- “Onun qızıl əlləri var” deyirlər…

Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı Nəbiyeva)…Belə bir deyim də var: – “Həkimin elmi və helmi olmalıdır”…
Biz Mahirə həkimdə bu ali keyfiyyətləri-eşitdiklərimizə, gördüklərimizə və müşahidələrimizə əsaslanaraq kəşf etmişik…

Həkimlər el anasıdır deyirlər. Ümumilikdə bütün həkimlərin əməyinə verilən ən gözəl addır bu ad. Mahirə həkim də bu müqəddəs adın ən yaxşı bilicilərindən biridir. O, ömrünün ən gözəl illərində təkcə, Laçının Səhiyyəsində çalışanlardan deyil, həm də, o dövrdə cəbhə bölgəsində müharibənin ağrı-acılarını görənlərdən və yaşayanlardandır. Vətən uğrunda canlarını qurban verən yüzlərlə igidlərin, yaralıların qanına-qa-dasına gecə-gündüz tibbi yardım edən-lərədn deyil, eyni zamanda Azərbaycan Səhiyyəsində də, yetərincə tanınan, insanlarda özünə qarşı böyük inam hissi yaradan, sayılıb-seçilən, sevilən həkimlərdən biridir. Onun uzun illərin sınağından çıxmış peşə fəaliyyəti əsl təcrübə məktəbidir. Mahirə həkimin dəyərli və faydalı məsləhətləri bu günün gənc həkimlərində də, dərin məsuliyyət hissi və özlərinə qarşı yüksək tələbkarlıq yaradır… Bu baxımdan onun ötən zaman ərzindəki zəhmətli əməyinə, işindəki qüsursuz fəaliyyətinə Dövlətimiz tərəfindən, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən vaxtında, özü də ədalətli qiymət verilməlidir. Şübhəsiz ki, insanın zəhmətinə və bir ömür böyu sərf etdiyi məhsuldar fəaliyyətinə zamanında verilən, özü də düzgün verilən qiymət onu hər an sevindirir, qürur hissi yaşadır.
-Həkim, Sizin təyin etdiyiniz diaqnozun düzgün olduğunu müraciət edənlər yaxşı bilirlər. Yeri gəlmişkən, həkimlik təcrübənizdə bəzən, ana bətnində dölün inkişafdan qalması problemləri ilə qarşılaşmısınızmı?
-Şübhəsiz ki, müasir dövrün texnologiyası hamiləliyin inkişafına da, əks təsir göstərə bilir. İndiki dövrdə anaların doxsan faizi gecə-gündüz sosial şəbəkələrlə, telefonla məşğuldurlar. Saç boyalarından, fəsfut – yəni ayaqüstü yeməklərdən hədsiz istifadə etmələri, son illərdə kovidlə xəstələnmələr, şəhərin ekologiyasının çirkli olması, urogenital infeksialar, psixoloji gərginliklər, stresslər və digər səbəblər… Əlbəttə ki, bunların hamısı sağlam uşaq dünyaya gətirməkdə bizim fikirləşmədiyimiz dərəcədən də artıq mənfi təsirə malik olur.
-Mahirə həkim, yeri gəlmişkən, birlikdə çalışdığı həkim kollektivindən də razılığını bildirdi: – Sevinirəm ki, nümunəvi səhiyyə ocağında, sağlam mühitdə, mehriban bir kollektivdə çalışıram. Bu müqəddəs ocaq bizim ikinci evimizdir. Mən hazırda Respublika Perinatal Mərkəzin direkroru v.i.e. Məryəm xanım Rzayeva ilə hələ 1993-cü ildən bir yerdə işləmişəm. O zaman biz bəzən, gecə növbəsində də bir yerdə qalırdıq. Körpələrə böyük diqqət, qayğı göstərirdi, hər birinə öz doğma balası kimi yanaşırdı. Biz onun incə qəlbli həkim, zəngin mənəviyyatlı insan olduğunu hələ ötən illərdən bilirdik. Məryəm xanım yüksək idarəçilik və rəhbərlik qabiliyyətinə malikdir. Onun rəhbərliyi altında işləmək bizə çox rahatdır, xoşdur.
Bir haşiyə:
Respublika Perinatal Mərkəzin direktoru v.i.e. Məryəm xanım Rzayevanı- mətbuat işçisi olaraq uzun illərdir ki, tanıyırıq. Deyərdik ki, paytaxtımızda özünəməxsus yeri, adı-sanı olan bu qədim səhiyyə ocağının bu günümüzün tələbinə uyğun olan bütün ağırlığı – gecəsini-gündüzünü, gününü-güzəranını idarəçiliyə, müqəddəs işinə, bütünlüklə anaların, körpələrin sağlamlığına həsr etmiş Məryəm xanımın zərif çiyinlərinin üzərinə düşür. O, elə bir şəxsiyyətdir ki, idarəçilikdə demək istədiklərini əksər hallarda söz vasitəsi ilə deyil, əsasən özünün mədəni rəftarı, zəngin dünyagörüşü, peşəsinə, insanlara, cəmiyyətə, kollektivin hər bir üzvünə sonsuz sevgisi, eləcə də üzərinə düşən dərin məsuliyyət hissi, illərlə qazandığı həkimlik təcrübəsi vasitəsilə göstərməyi və çatdırmağı bacarır. Və bütün bunlarla yanaşı, tibb elminin korifeylərindən illər boyu öyrəndiklərini, topladıqlarını da, əsl təcrübə məktəbi kimi peşəkarlıqla öyrədir və bəhrələndirir. Bizim bu ifadələrimiz illər boyu Məryəm xanımla bağlı gördüklərimizin, eşitdiklərimizin, dərin müşahidələrimizin və bir də inam hissimizin əsasına söykənən qənaətimizdir.
-Həkim, yenidən dünyaya gəlsəydiniz, yenə bu peşəni seçərdiniz?
-Bəli. Bütün əzab-əziyyətlərə, yuxusuz gecələr, keçirdiyim psixoloji gərginliklərə baxmayaraq, yenə də, müqəddəs peşəmi seçərdim. İstəyim budur ki, ailələr möhkəmlənsin, xoşbəxt olsun. Mən heç vaxt tibbi abort etmirəm. Dünyaya gələcək körpələri məhv etmək mənim işim deyil. Sevinirəm ki, ötən illər ərzində peşəmin sayəsində Tanrının köməyilə onlarla ümidini itirmiş ailələrə övlad sevinci yaşatmışam. Onların alqışları, duaları, minnətdarlıq hissləri məni yaşadıb, sanki… ömür yollarıma sevgi naxışları vurub, xoşbəxt edib. Mən bir həkim kimi insanlara sağlamlıq, ailələrə körpə sevinci və xoşbəxtlik arzulayıram.
-Arzum budur ki… Körpələrimiz ağlamasın, güllərimiz solmasın… Səmamız aydın, Günəşimiz parlaq, Torpağımız bərəkətli, Bulağımız qaynar olsun. Məmləkətimiz, Yurdumuz, işğaldan azad olunan Torpaqlarımız, bütöv Azərbaycanımız günü-gündən çiçəklənsin…

…Gözəl arzudur…
Son olaraq demək istədikləri: – Xoşbəxtəm ki, həkiməm… İnsanlara gərəyəm…

Biz də, öz növbəmizdə ömrünü zərrə-zərrə sevincə, sevgiyə, səadətə, xoşbəxtliyə, xeyirxahlığa xərcləyən və bundan qətiyyən yorulmayan bir həkimə, Mahirə xanıma – bu şəfalı, şərəfli-şəfqətli yolda Tanrı yar olsun deyirik!.. Və ona həyatda uzun ömür, möhkəm cansağlığı arzulayırıq!..

Xanım Bilalqızı,
AJB-nin üzvü
ZiM.Az

.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir