– ƏSLİ İLYASQIZI: – “DAİM YADDAŞLARDA QALACAQ ZİYA!..”

DAİM YADDAŞLARDA

QALACAQ ZİYA

 

Parlaq günəş oldun Darvaz elində,

Adın əzbər oldu elin dilində,

Dəyişdi rəngləri çiçək, gülün də,

Sənin nurun ilə canlandı Ziya.

 

Kasıba, qocaya sən əl tutanda,

İmkansızın harayına çatanda,

Hörmətlə anıldı ana-atan da,

Hamı fərəhləndi, şənləndi Ziya.

 

Yay olanda yaylaqlara çıxanda,

Şənbiyəndən yurd yerinə baxanda,

Yağışlar səpəndə,  şimşək çaxanda,

Üz gözün yağışdan nəmləndi Ziya.

 

Çobanlar yolunu gözləyərdilər,

Əziz qonağını əzizlərdilər,

Gətirdiyin paya sağ ol dedilər,

Fərəhdən qəlbləri şənləndi Ziya.

 

Tırlar dolu kəndə yardım gələndə,

Sevincdən kasıbın üzü güləndə,

Göndərdiyin payı hamı böləndə,

Hamı bayram etdi cəmləndı Ziya.

 

Kəndin ziyalısı çox olsun deyə,

Şagird, müəllimə sən çıxdın yiyə,

Maaş vermək üçün saldın büdcəyə,

Müəllim də həvəsləndi, ay Ziya.

 

Böyük əməlinlə şan, şöhrət aldın,

Xalqının gözündə daim ucaldın,

Xeyirxah dahi tək yaddaşda qaldın,

Daim yaddaşlarda qalandı Ziya!

12.12.2023

 

 

GÖZLƏRİ YOLDADIR

ORTABULAĞIN

 

Bir kasıb dövranda dünyaya gəldin,

Anana bir ümid dünyası oldun.

Ona dayaq oldu canı yananlar,

Şirin xatirədir indi o anlar.

 

Elminlə, zəkanla daim ucaldın,

Hər yerdə fərəhlə çəkildi adın,

Həyatın bənzədi coşqun bir çaya,

Şöhrətin yayıldı elə, obaya.

 

Kəndinə daima yardımlar etdin,

Qocanın, kasıbın dadına yetdin.

Ödədin onların işıq pulunu,

Çıl-çıraq eylədin kəndin yolunu.

 

Kəndinin yolunu asfalt eylədin,

Yol ümiddir, yol nicatdır, – söylədin,

Su çəkdirdin kəndə o baş, bu başa,

Hamı alqış etdi: Ziya, çox yaşa!

 

Müəllim həvəslə dərs desin deyə,

Ona maaş verdin hər ay hədiyyə.

Əl tutdun kasıba, kimsəsizlərə,

Şəfa oldun xəstə, ümidsizlərə.

 

“Ziya məkanına” üz tutan zaman,

Gördüyün işlərə olursan heyran.

Qurulub stollar, üstü çardaqlı,

Buz kimi bulaqlar, yanı bardaqlı.

 

Manqal, şiş yanında közü ğözləyir,

Bulaqlar nəğməsi sözü gözləyir,

Bir yanda aşığın əlində sazı,

Çağırır şənliyə oğulu, qızı.

 

“Qırxbulaq” darıxıb, yolunu gözlər,

“Quyubulağ”ının nəğməsi sızlar,

Çay üstə salınan oturacaqlar,

Yolunu gözləyir qəmli, intizar.

 

Yoldadır Gözləri “Ortabulağın”

Həsrətlə gözləyir əziz qonağın.

Gəl qoy dağlar çəksin sənin nazını,

Aşıq dilləndirsin telli sazını.

 

Maşın dolu çobanlara pay gələr,

Sənlə fəxr edərlər, gözləri gülər.

Daha gəlməyəcək payın, xan çoban,

Ayırdı elimdən Ziyanı hicran.

 

Gördüyün işlərlə əməllərinlə,

Şan-şöhrət qazandın Darvaz elində.

Bu gün bu dünyada olmasan da, sən

Əbədi köç etdin, könüllərdəsən!..

 

 

ƏSLİ İLYASQIZI,

Borçalı mahalı, Darvaz kəndi

 

 

REDAKSİYADAN:

Əziz və dəyərli dostlar!..
“Borçalı” Nəşriyyatının Redaksiya Heyətinin qərarı ilə çap olunan 10 cildlik “UNUTSAQ, UNUDULARIQ!..” adlı Ensiklopedik Xatirə kitabının bir cildi bütövlüklə əziz və unudulmaz eloğlumuz, çox hörmətli xeyirxah və gözəl insan, mərhum ZİYA ABBASOVun qısa, lakin mənalı ömür yoluna həsr olunacaq.

Odur ki, Ziya müəllimlə bağlı unudulmaz xatirələrinizi, məqalələrinizi, şeirlərinizi və foto şəkillərinizi bizə göndərməyinizi xahiş edirik.

Əvvəlcədən hamınıza təşəkkür edir, Ziya qardaşımıza isə Allahdan rəhmət diləyirik!..

 

ZiM.Az

 

.

Paylaş: