Uğurlu Şərifov: “Həmrəylik Zəfərimizin təməlidir!”

Həmrəylik Zəfərimizin təməlidir.
Həmrəylik Günü soydaşlığın, milli birliyin, azərbaycançılığın bayram günüdür.

Dövlət səviyyəsində keçirilən bayramları ənənəvi-xalq, dini və dövlət bayramları olmaqla 3 əsas  qrupa bölə bilərik. Novruz – ənənəvi xalq, Qurban və Ramazan – dini  bayramlarla yanaşı hər il qeyri-iş günü kimi qeyd olunan 28 May, 26 İyun kimi  bir neçə dövlət bayramlarımız var. Bu siyahıya ən son əlavə olunan bayram Zəfər Günüdür. Hansı ölkələrə qarşı mübarizə apararaq nəyin bahasına və  kimlərin hesabına Zəfər Gününə çatdığımız hər kəsə bəllidi. Buna görə  əminliklə deyə bilər ki, gələcəkdə bu bayram  yalnız dövlət bayramı kimi deyil, eyni zamanda azərbaycan xalqının həmrəyliyi  hesabına və Şəhidlərimizin qanı bahasına qazanılmış xalq, dövlət və dini bayram kimi təsnif ediləcək.

Bayramlar  hansısa  tarixi hadisələrin yada salınması, təm-təraqla qeyd edilərək təbliğ olunması, yadda saxlamaqla nəsildən nəsilə ötürülməsi üçündür. İndi dövlət tərəfindən hər il qeyri-iş günü kimi qeyd olunan, ictimai-siyasi və xalq bayramı statusunu qazanmış  belə bayramlardan biri də Həmrəylik Günüdü. Bu bayramın yaranışı  1989-cu ilin dekabrında, o zamankı SSRİ-İran sərhədində baş  verən tarixi hadisə ilə bağlı olsa da onun daha dərin fəlsəfəsi var.  Naxçıvanda baş verən bu tarixi hadisə zamanı Şimal və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri, çəpərlər dağıdıldı. Bizim üçün indi ayırıcı-sərhəd çayına çevrilmiş Arazın hər iki tayında yaşayan azərbaycanlılar arasında ünsiyyət yarandı. Bu hadisə həmin il həmrəylik bayramına çevrildi və növbəti il Naxçıvanda bu tarixi hadisənin birinci ildönümü qeyd olundu. Daha sonra, 1991-ci il 16 Dekabrda  Naxçıvan Ali Məclisinin sədri Heydər Əliev tərəfindən  və az sonra 25 Dekabr 1991 tarixdə  Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının sərəncamı ilə 31 Dekabr rəsmən hər il bayram günü elan edilməklə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” təsis edildi. Bu günün sonradan xalq arasında qısaca “Həmrəylik günü”, “Həmrəylik bayramı” kimi deyiliş tərzinə səbəb uzun illər  azərbaycanlılar arasında  “Dünya azərbaycanlıları” ifadəsinin ekzistensiallığı, öz-özlüyündə varsayılan statusu qazanması oldu.
Yaşlı nəsil bilir,  müstəqilliyin ilk illərində həmrəylik mövzusu Azərbaycan üçün nə qədər vacib məsələ idi.  O dövrdə xaricdə yaşayanlarla həmrəy olmaqla bərabər sovetlərdən yenicə ayrılmış Azərbaycan xalqının öz  daxilində bir-biri ilə  həmrəy olması daha önəmli  idi. Çünki, daxildə həmrəy olmasaydıq xaricdəkilərlə həmrəylik yarana bilməzdi. Bu səbəbdən həmrəylik bayramı 90-cı illərin kollaborantlarına və separatizmə qarşı qalibiyyətin və 2020-ci ilin Zəfər Gününə gətirən uzun mənzilli həmrəyliyin bayramıdı. Ona görə  31 Dekabr nə “Yeni il” bayramında əriməli nə də  onun kölgəsində qalmamalıdır, əksinə, 28 May, 8 Noyabr qədər önəmli dövlət bayramları sırasında tutulmalıdır. Çünki, Zəfərimizə görə  Həmrəylimizə dərin minnətdarıq.

Tarixi hadisələrin azərbaycan türkünün taleyində oynadığı rol son dərəcə düşündürücüdür.
Azərbaycançılıq, milli birlik,  soydaşlıq ideologiyasına söykənən Həmrəylik Gününün hər il bayram edilməsi dünyaya səpələnmiş soydaşlarımızın Azərbaycanla və xaricdə bir-biri ilə sıx əlaqələr qurmasına əlavə stimul verir. 31 Dekabrın bayram  elan olunmasından təxminən 10 il sonra, 2002-ci ildə yaradılan indiki  “Diasporla  iş üzrə Dövlət Komitəsi”nin bir funksiyası də məhz həmrəyliyin yalnız bayramdan-bayrama və pərakəndə şəkildə deyil, bu işin mərkəzləşmiş, fasiləsiz və sistemli qaydada aparılmasına dövlət dəstəyinin həyata keçirilməsidir. Bununla əlaqədar Diaspora Komitəsinin təşkilatçılığı ilə 5 ildən bir keçirilən və  bu mövzuya həsr olunan ən yüksək səviyyəli tədbir sayılan “Dünya Azərbaycanlılarının Qurultayı” özünün I Qurultayını 2001-ci il Bakıda, V Qurultayını 2022-ci il Şuşada keçirilmişdir.
Azərbaycan prezidentinin soydaşlarımızla bağlı 2022-ci ilin aprel ayında, V Şuşa Qurultayında çıxışı ilə həmin ilin noyabr ayında Türk Dövlətləri Təşkilatının 9-cu Səmərqənd Zirvəsində çıxışı zamanı səsləndirdiyi “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir” tezisi həmrəylik ideologiyasının əhəmiyyətinə xüsusi vurğudur.
“Türk Dövlətləri Təşkilatı” (TDT) türkdilli dövlətlərin  könüllü şəkildə yaratdığı beynəlxalq statuslu  ilk siyasi təşkilatıdır. Bu təşkilat ilk dəfə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” adı altında  03 Oktyabr 2009-cu il Naxçıvanda,  “Naxçıvan Sazişi”  ilə  təsis olundu. TDT-nin  ilk təsis yığıncağının məhz Naxçıvanda keçirilməsi və “Naxçıvan Sazişi” adlı sənədlə  təsis edilməsi xüsusi rəmzi məna daşıyır. Tarixi hadisələr, mənəvi bağlar, coğrafi mövqe, mentalitet kriteriyalarına və  regional, qlobal dünya siyasətində mövcud  siyasi potensialına görə  bu gün Xəzərlə Zəngəzur arasında yerləşən Azərbaycan Respublikasının TDT-də birləşdirici-mərkəz və aparıcı rolu digər üzv ölkələrə nisbətən xeyli fərqlidi.  Azərbacan həm Orta Asiya (və Şimali Qafqaz) və həm də Anadolu (və  Cənubi Azərbaycan )  türklərinin  hər biri ilə ayrı-ayrılıqda  xüsusi cəlbedici, yaxınlıq cəhətləri var. Məsələn, bizi  Orta Asiya türkləri ilə keçmiş sovet mentaliteti, Cənubi Azərbaycanla milli eynilik , Anadolu türkləri ilə “bir millət iki dövlət” prinsipi , Şimali Qafqaz türkləri ilə qafqazlı mentaliteti daha sıx birləşdirir. Bununla əlaqədar TDT Zirvə Görüşlərində qəbul edilən bəyannamələrdə Azərbaycan maraqlarının layiqincə nəzərə alınması onun türk dünyasındakı yerini göstərir.
Türk Dövlətləri Təşkilatının ümumi birləşdirici ideologiyası türkçülükdür.
Türkçülük isə milliyətçilıik deyil, soydaşlıqdı.
Soydaşlıq bir soydan, bir nəsildən olanların  həmrəyliyidir. Yəni soydaşlıq həmrəylikdir !
Mənsubiyyət meyarı kimi soydaşlıq  tarixi kontekstdə türkçülük, müasir konteksdə həm də azərbaycançılıqdı. Milliyyətindən asılı olmayaraq Azərbaycanı özünə tarixi vətən sayan hər kəs dünya azərbaycanlıları ailəsinin üzvüdür, bizim soydaşdır. Soydaşlıq konsepsiyası Azərbaycanın daxilində və Azərbaycandan kənarda özünü 2 fərlqli formada göstərir. Azərbaycandan kənarda soydaşlıq  dövlətimizin başqa ölkələrdə yaşayan soydaşlarımıza siyasi deməyək, əsasən mənəvi hüququnun sərgiləmə imkanıdır. Azərbaycanın özündə isə bu konsepsiya vətəndaşlığı olmayan soydaşlarımıza həm siyasi və həm də mənəvi hüququnun özəl tətbiq mexanizmidi.
Həmrəylik dediyimiz kimi soydaşlarımızın həm öz aralarında biri-biri ilə, həm də özünə tarixi vətən saydığı Azərbaycanla sıx  bağlar qurmasına xidmət edir. Bu məsələdə  soydaşların bir-birindən çox məhz Azərbaycanla qura biləcəkləri əlaqələrin keyfiyyəti xüsusi önəm daşıyır. Çünki soydaşlıq konsepsiyası Bakıdan idarə olunmalıdır və bunun üçün  Azərbaycan xaricdə yaşayan soydaşların güvən yerinə çevrilməlidir. Soydaşlar Azərbaycanda özünü vətəndaş kimi apara bilməsə də əcnəbi kimi də hiss etməməlidir. Məsələn, vətəndaşlığı olmayan Borçalı əsilli biri hindistanlı ilə eyni əcnəbi statusunda olmalıdırmı ? Halbuki ümumi vətəndaşlıq konsepsiyasına görə bir ölkə daxilində yaşayan insan  bu ölkədə ya vətəndaş ya da əcnəbi statusunda olur. Üçüncünü istisna edən bu ikiqütblülük (ağ-qara) konsepsiyası Aristotel məntiqinin 4 qanundan biri olan  “üçüncünün istisna qanunu” ilə tam uzlaşır. Lakin, 25 əsr sonra Qeyri-Səlis Məntiqin müəllifi,  azərbaycanlı alim Lütfi Zadə Aristotelin “üçüncünün istisna”  tezisinə qarşı  “üçüncünün mümkün ” tezisini qoyur.  Onun bu fikiri nəinki humanitar sahədə nəzəri olaraq, hətta istehsalatda  praktiki olaraq öz sübutunu tapır.  Afinada  doğulmadığı üçün buranın  vətəndaşı ola bilməyən Aristoteldən fərqli olaraq, Novxanıda doğulan Lütfi Zadə  Amerika  vətəndaşı ola bilmişdi. Aristotelin “üçüncünün istisnası” fikiri həyatın ikiqütblü, hər şeyin ağ-qara olduğunu yaxud bir ölkədə yaşayan adamın ya vətəndaş, ya da əcnəbi olması fikirini təsdiq edir . Lütfi Zadə nəzəriyyəsi isə həyatın yalnız ağ-qara deyil həm də boz ( və onun müxtəlif çalarlarlarından) rəngdən  ibarət olduğunu  yaxud bizim kontekstə uyğun olaraq  insan “ya vətəndaş”, “ya əcnəbi” deyil “həm də soydaş”  ola biləcəyini deyir.
Vətəndaş cəmiyyəti ayrı-ayrı vətəndaşların  cəmindən ibarət olmadığı kimi, vətəndaşlıq özü də ayrıca sırf fərdi bir keyfiyyətdən ibarət ola bilməz. Vətəndaşlıq bir tətəfdən dövlət atributlarına hörmət,  dövlətin qurduğu çoxmillətli cəmiyyətə mənsubiyyət hissi, dövləti fədakarlıqla müdafiə etməyə hazırlıq  kimi imperativ keyfiyyətlərdən, digər tərəfdən isə siyasi, hüquqi, sosial və mənəvi cəhətdən insana özünü realizə edə bilmə imkanının olduğunu hiss etdirə bilən inteqrativ keyfiyyətlərdən  ibarətdir
Həmrəylik  yalnız vətəndaşlığı olan azərbaycanlıların birliyini nəzərdə tutmur, bu həm də  vətəndaşlığı olmayan, daimi yaxud müvəqqəti yaşama icazəsi olan bütün dünya azərbaycanlılarının siyasi və  mənəvi birliyini və tarixi vətəni Azərbaycana bağlılığını nəzərdə tutur.
Bir azərbaycanlı əgər vətəndaş deyil soydaşdırsa deməli o əcnəbi də deyil.

Həmrəyliyin özünü yaradan, formalaşdıran, inkişaf etdirən yaxud onu zəiflədə biləcək heç bir  faktora etinasız yanaşmaq olmaz !

Zəfərimizin genezisi Həmrəyliyimiz  Mübarək olsun!  

Dünya Azərbaycanlıları Həmrəyliyinin təbliği

 

UĞURLU ŞƏRİFOV,
“Soydaş” İctimai Birliyinin
həmtəsisçisi,
ZiM.Az-ın şərhçisi

 

Paylaş: