ŞƏHİDLİYƏ BORÇALIDAN BAXANDA

ESMİRA ƏLƏKBƏRLİ

Yazarkən gözlərim önündə canlanır… Günlərlə hamı Bakıdan danışırdı, hətta kənddən yardım da yığmışdılar mintinqdəki camaata. Atam puldan başqa evdən anamın qış tədarükü mürəbbə və marinadlarını da aparmışdı. Yekə maşınla yollayırdılar. Qarşısına da yazmışdılar: “BİZ SİZİNLƏYİK”. Belə yadıma gəlir… Mitinqlərdə olan tələbə gənclərə yollayırdılar. Bu tək bizim ailədə deyildi, bütün kənd, Borçalı, Qaraçöpdən Başkeçidə – hamı bu günlərdə Bakıyla nəfəs alırdı. Elə bir ailə yox idi ki, onun Bakıyla bağlılığı olmaya. Tələbədən gənclərə qədər. Biz uşaq olsaq da əmim, dayım uşaqları tələbə idilər. Əmilərim, dayılarım Bakıda yaşayırdılar. Yəni Bakıdakı vəziyyət borçalıları tək millət, mənəvi birlik kimi yox, həmçinin bir ailə üzvlərinin taleyinin narahatçılığı kimi gərginlikdə saxlayırdı. Bu gərginlik tək bizim ailədə deyildi, bütün kənd, mahal bu gərginliyi yaşayırdı.

Məktəbyaşlı uşaqlar kimi bu söhbətlərin içində olsaq da, tam məsuliyyəti ilə anlamırdıq. Mətbəxdə səhər yeməyi yeyirdik, anam həmişəki kimi Moskvanın “Utro” proqramını izləyirdi, birdən qışqırıb atamı çağırdı: “Booy, Tiflisin gününə salıblar”. Atam da televizorun qarşısına qaçdı. Tez paltosunu geyinib dedi: “Bir ortalığa çıxım”.

Ortalıq kənd adamlarının müzakirə mərkəzi idi. Babam “kənd şenniyi” deyərdi. Mədəniyyət evi ilə məktəb yanaşı idi. Səhər saat 8-ə qalmışdı, amma ortalıq adamla dolu idi. Yadımdadır, bir “Moskviç” maşının üstünə radio qoymuşdular, hamısı Mirzə Xəzər dediyi adama qulaq asırdı. İndi bilirəm ki, “Amerikanın səsi” radiosuna qulaq asırmışlar. Hamı onu danışırdı: “Bakını qırıblar… mitinqdəki adamları… o mitinqlərdə 10-larla kəndçilərimiz vardı…” Kəndin o gərginliyini filmlərdə, bədii əsərlərdə, Vətən müharibəsi başlarkən insanları necə təsvir etmişdilərsə mənim gözlərim önündə o bədii təsvir yaranırdı. Yadıma gəlir ki, heç məktəbdə dərs də keçilmədi. Hamı yalnız Bakıdan danışırdı. Az qala bütün kənd ortalıqda idi, ev telefonları ilə əlaqə saxlamaq istəyirdilər, nə nömrə gəldi yığırdılar – Qazax, Tovuz və digər şəhərlərin kodlarıyla. Təki bir xəbər bilsinlər. Məlumatlar qapalı idi, poçtdan belə Bakıyla danışmaq mümkün deyildi. Hamı bir-biri ilə soraqlaşırdı. Elə bil adamlar həmdərd idilər, hamının bir dərdi vardı: Bakı dərdi…

Birinci dəfə idi ki, biz məktəbdən gəldik və anam yemək bişirməmişdi. Eləcə sükuta dalmışdı. Üç qardaşı Bakıda yaşayırdı. İkisinin evi düz mərkəzdə yerləşirdi. Həyəcanı məlum idi. Bizə “nə tapırsınız yeyin” deyə atamla söhbətində idi…

Bax beləcə başlamışdı o gün – yanvarın 20-si, şənbə günü, 34 il əvvəl… Mən onda ilk dəfə eşitdim şəhid kəlməsini. Mənasını da Vətən üçün özünü fəda edən kimi anlamışdım; onlar heç zaman ölmürlər, tarix olur, qəhrəman kimi yaşayırlar. Onda məktəb radio jurnalında şəhidlərin 40-ı günü kövrələ-kövrələ bir reportaj hazırlamışdım. Ortalıq da məktəb radiosunun səsinə yığılmışdı. Uşaq yaşımla hamını ağlatmışdım… O vaxtdan 34 il keçdi. Mən məktəb yaşımda vətənpərvərlik hissini 20 Yanvar şəhidlərindən öyrəndim. Hadisələrin siyasi tərəfini qəti anlamadan uşaq yaşımla əli yalın tank önünə çıxan ölməzləri özümə müəllim bildim. Məktəbli də oldum, tələbə, məzun kimi dövlət işçisi də, həmişə bir söz deyirdim: “O şəhidlər üçün ağlamaq lazım deyil. Düzdür, yarımçıq bir ömür yaşadılar, amma onlar öz ölümləri ilə bir qəhrəmanlıq səhifəsi açdılar. Bu gün matəm yox, qəhrəmanlıq günüdür!”

O səhifədən yol aldı Vətən yolçuluğu. Birinci, İkinci, Üçüncü Qarabağ döyüşlərinə gedən yol 20 Yanvar şəhidlərinin açdığı cığırla başlayırdı…

Vətən bütövlüyü, milli qürur, mənəvi azadlıq istəyən minlərlə insanın hayqırtısı böyük bir imperiyanı növbəti dəfə sarsıtdı. Özünü qorumaq üçün atdığı addım onu öz çanağıyla boğacaqdı… Hələ ki Azərbaycan şəhidləri üçün ağlayırdı. Xoş günlərin bəzəyi olan qərənfillər artıq şəhid gülünə çevrildi. Şəhid dediyimiz o müqəddəslər Bakının ən uca nöqtəsində – Çəmbərəkənd qəbiristanlığında, Kirovun heykəliylə parka çevrilən bir məkanı Şəhidlər xiyabanına çevirdi. Azərbaycana uzanan qara əllər öz qaramatında idi. Bağlı sərhədlərin xaricində onunla ağlayanları olsa da, daxilində tək idi. Laxlamış quruluş artıq iflas etmişdi. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan müstəqilliyin bütün maddiyyatına malik olsa da təcrübəsiz varisin çaşqınlığını yaşayırdı.

Vətənpərvər gənclər özləri özünü müdafiə dəstələri kimi ordular yaratdılar. Köhnə hakimiyyətdən qalma sovet hərbçiləri havadar olduğu hayları da silahlandırdılar. Azərbaycanın kürəyinə saplanan bıçaqları Xocalıdan Şuşaya qədər onların köməyi ilə etdilər. Azərbaycan ordusu isə nə müasir hərbi texnikaya, nə savadlı hərbçilərə, nə də davamlı arxa duran rəhbərlik görmədi. Vətənpərvər gənclər müxtəlif əqidəli komandirlərin alətinə çevrildilər. Bəzən aldıqları kəndlərdən, şəhərlərdən belə xüsusi əmrlərlə geri çəkilməli olurdular. Bax beləcə 88-dən başlayan xalq hərəkatı 90-da şəhidlik zirvəsinə çatdı və açılmış cığırla irəli deyən oğullar arxadan vurularaq məğlub edildilər…

Tariximiz Birinci Qarabağ müharibəsi deyilən ikinci şəhidlik zirvəsini də fəth etdi. 27 il tarixdə çox qısa bir zaman olsa da, biz bu dövrü yaşadıq – qaçqınlı, köçkünlü… Təzəcə müstəqil olan, nə gözəl ki, iqtidar təcrübəli, Azərbaycanın hər qarşını əzbər bilən, bir sözlə, nəinki Azərbaycanı, bütün SSRİ-ni idarə etmiş bir adamın Prezident olması Azərbaycan Respublikasının taledən töhvəsi imiş…

Atəşkəslə öz planlarını qurdu, neft kontraktı ilə bərkitdi, xarici səfərlərlə özünü tanıtdı… Siyasəti siyasətsiz qışqıranlara inanan bizlər atəşkəsdən narazı şəkildə “itirilən torpaqlarımız nə vaxt qayıdacaq” deyərkən, siyasəti siyasət süfrəsində həll etməyi bacaranlar 44 gündə 27 ilin maddi və texniki, siyasi karyerası ilə elə addım atdı ki, nəinki dünyanı, özümüzü də şoka saldı. 44 gündə öz haqq səsiylə dünyanı da, düşməni də susdurdu. 44 gündə 3000-dən çox şəhid verdi Azərbaycan. Bu artıq Azərbaycan taleyinin üçüncü şəhidlik zirvəsi idi.

Azərbaycan ordusu, Ali Baş Komandanın zabitəsi, “Dəmir yumruğunun” səbrini 3 il də gözlədi və 23 saat 11 dəqiqəyə özünün 86.6 min kv.km ərazisini bərpa etdi… Və dördüncü şəhidlik zirvəsi! Bu, Azərbaycan tarixinin qızıl səhifəsi idi. Tarix boyu türk torpaqları genişlənib, intibah dövründən bədxah düşmənlər torpaqlarımızı böldülər, mənimsədilər. İtirilən torpaqların bərpası da uzun zamandan sonra bir tarix idi.

Bax beləcə 20 Yanvar şəhidlərinin atdığı addımların səsiylə, cığırların iziylə, qələbənin ümidiylə qalib olmağa çalışanlar, Azərbaycan ordusu, ağıllı sərkərdəsiylə iki dəfə qalib gəldi. Müasir Azərbaycan tarixində şəhid adı ölməzlik simvoluna çevrildi.

Şəhid deyəndə isə hamımız bütövlükdə itirdiyimiz Azərbaycan oğullarını düşünürük. Heç vaxt unutmayaq ki, şəhid müqəddəsliyinə gedən yol 17 noyabrda millətin dirçəlişi üçün ayağa qalxan, minlərlə insanın şaxtada meydanlarda qalan, 20 Yanvarda əli yalın tank önünə çıxan o nəsildən başladı. O yol Xankəndində bitdi. Qəlbimizə azadlıq toxumu səpən, ölümləri ilə hələ uşaqlıqdan yaddaşımıza qərənfilli qəbirlər kimi hopan, hər birinin taleyini az qala əzbərlədiyimiz gəlinli-bəyli, uşaqlı, babalı-nənəli, hətta naməlum şəhidləriylə Şəhidlər xiyabanı adlı bir and yerimiz də var. Bakının ən uca zirvəsindən sanki hamımıza əl edir, açdığım şəhidlik yolunu uca tut deyir, sənə qanımızla verdiyimiz Azərbaycanı qoru deyir.

Rahat uyu, şəhidim, qəhrəman oğulların Birinci Qarabağ müharibəsində ov tüfəngiylə, sahibsiz döyüşsələr də, ikinci, üçüncü dəfə “Dəmir yumruq” qüvvəsini hiss edərək, ağıllı planlarla, sağlam texnikayla dövlətini bərpa etdilər. Bütün bu yolun başlanğıcında siz vardınız, 20 Yanvar şəhidləri!

P.S.

Övladlarımı Şəhidlər xiyabanına aparmışdım. Həmişə fərqli suallar verən 1-ci sinif şagirdi oğlum Qorqud soruşdu ki, şəhidlərin istədikləri oldumu? “Oldu” deyərək uşağın xoşbəxt baxışını qırmadım, amma ürəyimdə “bura bir də Qarabağ azad olanda gələcəm” dedim. Onda Qorquda deyəcəm ki, 20 Yanvar şəhidlərinin iki istəyi vardı: Azərbaycanın müstəqilliyi və Qarabağın azadlığı. Bu gün onların ruhları rahatdır: Azərbaycan müstəqil, Qarabağ azaddır!

 

“Yeni yol”, 16.01.2024

 

Yurd.info.az

ZiM.Az

 

.

Paylaş: