Dünyanın elə bir ölkəsi yoxdur ki, oradan Azərbaycanlı səsi gəlməsin. Mənə elə gəlir, harada yaşadığına baxmayaraq öz yaxşı əməlləri və sənətinin, peşəsinin zirvəsində olub milyonların sevgisini qazanan hər bir azərbaycanlı bizim qürurumuzdur. Bugünkü yazımın qəhrəmanları əslən qədim Borçalı mahalından, indiki Gürcüstanın Marneuli rayonundakı Sabir kəndindən olan Elnur və Elşən Bədirxanov qardaşlarıdır.
Qardaşların valideynləri onlar uşaq olarkən ailəlikcə Rusiya Federasiyasının Çelyabinsk vilayətinə köçüblər.
Anaları Rəna xanım övladlarını ilk idmana yazdırdığı günü belə xatırlayır:
-Uşaqlar əvvəllər həyət evində yaşadıqlarına görə, bina evinin kiçik otaqları onlara dar gəlirdi. Bütün günü otaqlardan-otaqlara qaçır və güləşirdilər. Bir gün mən belə qərara gəldim ki, uşaqları idmana yazdırmaq lazımdır. Oğlan uşaqlarıdı gedib idman zalında qaçarlar, bədənləri açılar ən əsası məktəbə kimi cəmiyyətə alışıb rus dilini öyrənərlər. Yoldaşım işdən evə gələn kimi fikrimi ona söylədim.
– “Əla olar”, – dedi: – “Amma özün bilirsən, burada yaza kimi qar yağır, sənin üçün çətin olmaz onları soyuq-şaxtalı havalarda məşqə aparmaq?..”
– Təki uşaqlarıma yaxşı olsun!” – söylədim: – Mənə heç bir çətinliyi yoxdur, – dedim.
Elə səhərsi günü uşaqları da götürüb yaxınlıqdakı idman zalına getdik. Bu günkü kimi yadımdadır bizi zalın girişində qocaman trener Anatoliy Qennadyeviç qarşıladı. Azərbaycanlı olduğumuzu biləndə bizə xüsusi qayğı göstərməyə başladı. Köməkçisini çağırıb ona uşaqları idman zallarını göstərməyi söyləyib, mənə idmanın hansı növü ilə maraqlandığımı soruşdu. “-Bu barədə elə bir fikirim yoxdur, ancaq güləşin hansı bir növü olsaydı pis olmazdı”, – söylədim.
Qocaman trener mənə baxaraq istehza ilə dedi: “-Siz evə gedin, təxminən 30 dəqiqədən sonra gələrsiniz. Uşaqların kim olmaq istədiklərinə özləri qərar verəcək.”
Trenerin dediyi kimi, 30 dəqiqədən sonra gələndə məni yenə özü qarşılayıb dedi: “-Deyirlər, anaların övladlarına qarşı yüksək hissləri olur, sizin də dediyiniz kimi, uşaqların ikisi də idmanın cüdo növünü seçdi. Köməkçim uşaqları idmanın bütün növləri keçirilən məşq zallarını gəzdirib, deyir cüdo zalına daxil olarkən uşaqlar daha yaxına gedib maraqla məşqlərə baxıb öz dillərində nəsə danışmağa başladılar.
O, gündən bu günə cüdo ailəmizin bir üzvünə çevrildi. Anatoliy Qennadyeviçin uşaqlarımın üzərində, yüksək, peşəkar cüdoçu olmalarında böyük əməyi oldu. Allah ona öz dininə rəhmət eləsin, sonralar dünyasını dəyişdi…
Elnur və Elşən qardaşları hal-hazırda nəinki Rusiyada, hətta yaxın qonşu ölkələrdə çox tanınırlar. Onlar Rusiya daxilidə və xaricində saysız hesabsız cüdo turnirlərin qalibləri və medal diplom təşəkkür namə sahibləridir. Böyük yarışlar zamanı qalib olarkən yüksəklikdə Rusiya bayrağı dalğanmasına baxmayaraq tribunalardan qalib Azərbaycan oğulları Elnur Bədirxanov və Elşən Bədirxanovun adları səslənir. Sizcə bu çox qürur verici deyilmi?
Qardaşlar hal-hazırda özləri artıq peşəkar trenerlerdi, qocaman müəllimləri Anatoliy Qennadyeviçdən aldıqları sirləri indi öz tələbələrinə öyrədirlər. İkinci Qarabağ müharibəsi zamanı, Bakıda yaşayan idmançı dostlarının vasitəçiliyi ilə dəfələrlə ön cəbhədə döyüşən əsgər və zabitlərimizə yardımlar ediblər. Gürcüstanda ehtiyacı olan soydaşlarımıza hər zaman təmənnasız maddi və mənəvi dayaq olurlar.
Var olsun hər zaman, qalib xalqımızın xoş əməlli, xeyirxah oğullarını. Borçalı elinin mərd oğulları Elnur və Elşən Bədirxanov qardaşları da çox gənc olmalarına baxmayaraq hər zaman xeyir işlər görməyi görünür çox sevirlər. Həmyerlilərimizə bunan sonrakı işlərində, yüksək nailiyyətlər bol-bol uğurlar arzulayırıq. Allahın bütün gözəllikləri onların və sevdiklərinin üzərində olsun!!!
Əminə QÜDRƏTLİ,
“Borçalı” qəzetinin redaktoru
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın