Elşad Həsənov: “Gürcüstana qarşı basqılarda Ermənistan da iştirak edir”

“Gürcüstandakı seçkilər bu gün Cənubi Qafqazın diqqət mərkəzindədir”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Gürcüstan eyni zamanda Qərb dövlətlərinin basqısı altındadır: “Gürcüstan hakimiyyəti Rusiyaya qarşı ikinci cəbhənin açılmasına icazə vermədi. Rusiyaya qarşı olan sanksiyalara qoşulmadı. Bu da Qərbin, Amerikanın qəzəbinə səbəb oldu. Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə başladılar. Gürcüstanın hakim partiyasının rəhbərliyinin 64 nəfərinə sanksiya verdilər. Gürcüstana ayrılan yardımları dayandırdılar.

Bu günlərdə də artıq Avropa İttifaqı Gürcüstan hakimiyyətini təhdid edərək bildirir ki, viza rejimini ləğv edəcək. Keçən ilin dekabrında Gürcüstan Avropa İttifaqına namizəd təsdiq olunub. Namizədlik məsələsini də dondurublar. İki gün bundan əvvəl Böyük Britaniya Gürcüstanla hərbi əməkdaşlıq doktrinasını dayandırdı, görüşlərin hamısını dondurdu. Basqılar davam edir. Eyni zamanda may ayında Gürcüstan “xarici agentlər haqqında qanun” qəbul etdi. Bu da qeyri-hökumət təşkilatlarının nəzarətsiz maliyyələrinə nəzarət etmək üçün şəffaflığın yaradılmasına xidmət olunan qanundur. Bu qanunun qəbul edilməsindən sonra Gürcüstana daha çox basqılar olmağa başladı. Bu yaxınlarda LGBT haqqında qanun qəbul edildi. Bunlar da hamısı Avropa İttifaqı və Amerikanı çox narahat etdi. Ona görə də Amerika da, Avropa İttifaqı da bildirdilər ki, Gürcüstana ayrılan yardımları Gürcüstan müxalifətinə yönəldəcəklər ki, onlar oktyabrın 26-da keçiriləcək seçkilərdə qələbə qazansınlar. Bunun üçün də müvafiq addımlar atırlar”.

“Gürcüstana qarşı basqılarda Ermənistan da iştirak edir. Ermənistana Amerikanın 120 milyon dollar yardımı ayrılmışdı, amma bu yardım iki ay sonra 250 milyon dollara qaldırıldı. Çünki həmin pulların bir qismi Gürcüstan müxalifəti üçün nəzərdə tutulmuşdu. Onlar Gürcüstana həmin pulları keçirmək istəyəndə bir neçə nəfər Gürcüstan təhlükəsizlik orqanları tərəfindən həbs olundu. Görünən odur ki, seçkilər çox gərgin keçəcək. Bunu hakimiyyət özü də bilir. Artıq İrakli Kobaxidze öz çıxışında bildirdi ki, Qərbin basqıları artıb. Gürcüstanda qarışıqlıq yaratmaq istəyirlər. Ssenari artıq hazırdır. Seçki bitəndən sonra müxalifətin böyük mitinqləri, qanunsuz hərəkətləri olacaq. Buna görə də Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşlarını ayıq-sayıq olmağa, iki həftə gücləndirilmiş iş rejiminə keçməyi bildirdilər. Kobaxidze bildirdi ki, Gürcüstanda sabitliyin tərəfindədirlər, ancaq müxalifət hakimiyyətə gələrsə, o zaman Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhənin açılmasına razılıq verəcəklər. Bu tələb də Amerika və Avropanın tələbidir. Ona görə də biz istəmirik ki, Gürcüstan dövləti ayaqlar altında qalsın, Ukraynanın gününə dönsün. Bu mənada hesab edirəm ki, Gürcüstan əhalisi, orada yaşayan soydaşlarımız düzgün qərar verəcəklər, sabitliyə, sülhə, əmin-amanlığa səs verəcəklər. Çox gərgin anlardır. Artıq Cənubi Qafqazın bir respublikası – Ermənistan Qərbin əlində oyuncağa çevrilib. İkinci bir respublikası onların əlində oyuncağa çevrilsə, bu, Cənubi Qafqaz üçün böyük fəlakət olacaq” – deyə o, əlavə edib.

ZiM.Az

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir