“ƏMANƏT BALALARA XEYİRXAH ƏMƏL”

Babalarımız xoş sözə həmişə savab deyərmişlər. O xoş sözlər XEYİRXAHLIQLA birləşəndə ikiqat savab olar, yəqin ki… əgər o xeyirxahlıq ürəkdən, ruhdan gələrsə, əgər o mərhəmət maddi gücün dəyərindən yüksəkdirsə, onda o dəyərin dəyəri sonsuz olur!
Gəlin belə bir insanın dəyərli əməliylə tanış olaq:

Sevda Şahverdiyeva yerli QARAYAZILI bir ailədə dünyaya gəldi, böyüdü. Atası məktəb müdiri olarkən çox yəqin ki, uşaqlar da təhsilli olacaqdı. Beş qız böyüyən bir ailədə Sevda taman fərqli idi. Sevimli Zahidə müəlliminin sayəsində şeir vurğununa çevrilmişdi. S.Rüstəmin “TƏBRİZİM” şeiri ən sevimli qiraəti idi. Elə ahənglə seir deyərdi ki, həm şeiri söyləyər, həm ifadə edərdi.
Bu sevgi onu A.S.Puşkin adına Tiflis Dövlət Pedoqoji İnstitutunun fiolologiya fakültəsinin Azərbaycan bölməsinə apardı.
Dörd bacı Bakıda fizika, biologiya, kimya, riyaziyyat fakultələrində təhsil alırdılar. Tətilləri Bakıya gedərdi, Tiflis qədər Bakını da sevərdi.
El-oba bağlılığı, həmçinin atasının yarımçıq həyat yolundan nişanə anasının min əziyyətlə öbladlarını oxutması və onu tək qoymamaq istəyi onu elə öz doğma yurduna, elinə, məktəbinə çəkdi.

23 yaşından Qardabani şəhəri 3 sayli Azərbaycan orta məktəbində işləyir. İlk gündən fəal müəllim kimi tanındı. Özündən böyük müəllimlərdən öyrənidi, kiçiklərə yol göstərdi, nə yoruldu, nə usandı.

Şagirdlərlə birlikdə tədbirlər hazırladı, yenə də yana-yana Təbriz sevgisini təbliğ edirdi. Tarixi həqiqətləri uşaqlara danışar və sonda deyərdi ki, uşaqlar ən böyük arzum Təbrizə getməkdir. Bu o dövrlər idi ki, Təbriz gənc Sevda üçün əlbəttə xəyal olaraq qalmalı idi.

Məktəbə bir rus dili müəllimi gəlmişdi – Elza müəllim. O qarabağlı idi – Laçından. Dostlaşmışdılar. Elza müəllimin təbliği ilə bir gün yaşlı müəllim kolllektivi birləşib Şuşaya səyahətə getdilər. Onda Sevda gənc müəllim idi, bəzi ailədaxili səbəblərdən o ekskursiyada iştirak edə bilmədi. Müəllimlərin xoş təəssürat dolu söhbətləri, gedə bilməyən müəllimləri çox təsirləndirmişdi. Sevda ilə təəssüflənən Cahan müəllim də vardı. Deyirdi ki, tələbə vaxtı da çox istədim mən də Şuşaya gedəm, alınmadı. Qismət olmadı. Qoy bir az uşaqlar böyüsün. Rahat gedib CIDIR DÜZÜNDƏ ayaqyalın gəzərik, şəkil şəkdirib biz də bunlara “tamax” verərik – deyə gənc müəllimə təsəlli verərdi.
Bax beləcə… bir gün dünyanın növrağı pozuldu… Məlum hadisələr Qarabağ səyahətinə müvəqqəti hasar çəkdi. Şuşanın işğalını eşidən Elza müəllim özüylə birlikdə müəllimləri də göz yaşına boğmuşdu.
– Mütləq Qarabağ azad olsun, mühribə bitsin, başda Cahan müəllim, Sevda müəllim olmaqla hamılıqla Qarabağa səyahət edərik – demişdi.
… bax beləcə bu səyahət arzusu uzandı, özü də xeyli uzandı…

"ƏMANƏT  BALALARA  XEYİRXAH  ƏMƏL"

3 saylı məktəbdə isə təhsil həyatı öz müəllimləri ilə birgə davam edirdi. O müəllimlər içində üç müəllimi isə Şuşa həsrəti heç tərk etmədi. Qarabağın azad olacağı günü həsrətlə gözləyirdilər. Onlardan biri laçınlı Roza müəllim, biri tələbəlikdən Şuşa arzusu ilə yaşlanan Cahan müəlim, üçüncüsü də kitablardan oxuduğu, ekranlarda gördüyü Qarabağın, gah da Təbrizin xəyalən qonağı olan mənim qəhrəmanım Sevda müəllim idi. Ümid dolu illərin qanadlarında yol 2020-yə gəlirdi…

Sevda müəllim fəal müəllim kimi dəfələrlə mükafatlandırılmışdı. Gürcüstanda baş müəllim statusunu alan (2016) ilk Azərbaycan dili müəllimlərdən oldu. Azərbaycan dili, təbiət, riyaziyyat fənlərindən lazım balları topladı. Dəfələrlə tərifnamələrlə, fəxri adlarla təltif olundu. İctimai işlərdə yaxından iştirak etdi. Dövrü mətbuatda yazıları dərc olundu. Hörmətli müəllim, şagirdlərin sevimlisi olsa da, mili qeyrət çəkən bir vətənpərvər kimi daim narahat idi. Ən kədərli hadisə isə müəllim yoldaşı, böyük bacı kimi rəğbət bəslədiyi Cahan müəllimin vəfat öncəsi onunla bölüşməyi oldu:
– Sevda öləcəm, amma Şuşanı görmədən. Ayaqyalın qaçanmadıq Cıdır Düzündə, – sonra gülümsəmişdi: – Sən şəkil şəkdirib mənim əvəzmdən “tamax” verərsən, – demişdi.

Bu son görüş və unudulmaz, sızıltılı bir acı xatirə oldu.

Qələbə sevincini hamımız kimi Sevda müəllim də sevinclə qarşıladı, amma ikiqat, axı onun sevinci həm də Cahan müəllimin sevinci idi.
Vicdanını rahatlamaq üşün nə yollasa nə isə etmək istəyirdi…
Şəhid, qazi ailələrinin övladlarına online dərs keçmək istədiyini bir neçə səhifədə paylaşdı.
Yazdılar ki, “ƏMANƏT AİLƏLƏR” adlanan belə qrup var.
Təcilli onlarla əlaqə saxladı.
Nəhayət istəyinə çatdı. O da bacardığından fayda verə biləcəkdi. Bu onun həm vicdan, həm də vətənpərvərlik borcu idi.
"ƏMANƏT  BALALARA  XEYİRXAH  ƏMƏL"Artıq dörd ildir ki, 150 müəllimin iştirak etdiyi bu onlayın məktəbdə ona ehtiyacı olan analara, uşaqlara dəstəkdir. Hər həftə 5 gün Azərbaycan dili, ədəbiyyatı və riyaziyyatdan şəhid və qazi ailələrinindən olan uşaqlara məktəbdən sonra sabahkı dərslərə hazırlıq keçən yeganə gürcüstanlı müəllimdir. Şagirdləri müxtəlif bölgələrdəndir.
Builki qrupunda 8 nəfər şagirdi var. Balaca dostlarına nəinki müəllim, həm də ikinci ana, dostdur.
Onlar sevimli müəllimlərini Azərbaycanın müxtəlif bölgələrinə dəvət edirlər.
Sevda müəllim gedəcək, mütləq gedəcək.
O, Qarayazı sovqatıyla şağirlərinin görüşünə gedəcək, qəhrəman ataların balalarını bağrına basacaq, sonra da həsrətində olduğu Şuşaya gedəcək, Cıdır düzündə ayaqyalın gəzəcək, sonra da ordan bir ovuc torpaq gətirəcək, Cahan müəllimin qəbrinə… deyəcək ki, “Rahat uyu əziz müəllimimiz, Şuşa Azaddır! Qarabağ Azərbaycandır!..”

Esmira Ələkbərli,
ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir