Levan Mamaladze: Gürcüstana qarşı sanksiyalar ABŞ və Qərbin seçkilərlə bağlı təzyiqinin nümunəsidir

ABŞ və Qərb ölkələri Gürcüstanda keçiriləcək seçkilərlə bağlı təzyiqlərini artırıblar. Tətbiq edilən sanksiyalar da buna nümunədir.

ZiM.Az xəbər verir ki, bu sözləri politoloq Levan Mamaladze “Report”un Gürcüstan bürosunun əməkdaşına deyib.

Onun sözlərinə görə, Gürcüstana tətbiq edilən sanksiyalar ABŞ və Qərb ölkələrinin oktyabrın 26-da keçiriləcək seçkilərlə bağlı təzyiqin artırılmasının nümunəsidir:

“Onlar bu cür addımlarla Gürcüstanda keçiriləcək seçkilərə təsir etmək niyyətindədirlər.

“Düşünürlər ki, belə addımlar atmaqla Qərb və ABŞ tərəfdən dəstəklənən şəxslər seçkilərdə qalib gələcək. Amma bu Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir. Başa düşürük ki, Gürcüstan ABŞ-nin yanında kiçik ölkədir, amma buna baxmayaraq indiki zamanda müstəqil siyasət aparır. Bu meqagüc isə Gürcüstanın daxili siyasətini məhv edib onların sözü ilə oturub-duranları hakimiyyətə gətirmək istəyir”.

L.Mamaladze hesab edir ki, burada maraqların toqquşması var və Gürcüstan da bu toqquşmanın tən ortasındadır.

“Amma gürcü xalqı hansı addımı atacağını bilir. Gürcü xalqı milli maraqları qoruyacaq”, – deyə L.Mamaladze bildirib.

O hesab edir ki, ABŞ-nin bunu etməkdə məqsədi Gürcüstanın böyük layihələrin tərkib hissəsi olmağının qarşısını kəsməkdir.

“Onlar Çinlə münasibətlərin düzəlməsini və böyük layihələri həyata keçirməyimizi, qədim İpək yolunun işə düşməsini istəmirlər. Gürcüstan öz suverenliyini qoruyur, qoruyacaq da. Çünki, ABŞ indiyə qədər heç bir vədinə sadiq qalmayıb, ancaq danışıb. Boş sözlərə isə artıq Gürcüstan inanmır”, – politoloq deyib.

ZiM.Az

 

.

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir