Gürcüstanlı professor: Yerli azərbaycanlılar ölkədəki ictimai-siyasi proseslərdə mühüm rol oynayırlar

Yerli azərbaycanlılar Gürcüstanda gedən ictimai-siyasi proseslərdə mühüm rol oynayırlar. Azərbaycanlılar Gürcüstanın suveren vətəndaşları kimi ölkəmizin suverenliyi, müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarından keçiblər.

ZiM.Az xəbər verir ki, bu sözləri gürcüstanlı politoloq, Suxumi Dövlət Universitetinin professoru Zurab Papaskiri “Report”un Gürcüstan bürosuna müsahibəsində  söyləyib.

O vurğulayıb ki, azərbaycanlılar həm də Bakı ilə münasibətlərin möhkəmləndirilməsində körpü rolunu oynayırlar: “Bu gün Gürcüstanı azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil”.

Politoloq bildirib ki, bəzi insanlar Gürcüstanda hakimiyyət dəyişikliyi barədə düşünürlər:

“İstənilən dəyişikliklərin fonunda insanları maraqlandıran məsələlərdən biri də hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə Gürcüstanın qonşu ölkələrlə münasibətinin necə olacağıdır”.

“Lakin mən düşünürəm ki, Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq qonşu ölkələrlə, xüsusən də Azərbaycanla münasibətlər dəyişməyəcək”, – o qeyd edib.

O deyib ki, Gürcüstan – Azərbaycan dostluq münasibətlərinin qədim tarixi var: “Bu gün iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi mövqeyindən asılı olmayaraq Gürcüstanda hakimiyyətə kim gəlsə bu münasibətlərə xələl gətirə bilməz. Buna gürcü xalqı imkan verməz”.

“Azərbaycan bizim yaxın qonşumuz, strateji tərəfdaşımızdır. Bizim xalqlarımız arasındakı əlaqələr qardaşlıq münasibətləri səviyyəsinə yüksəlib. Bunu heç kim poza bilməz” – professor vurğulayıb.

ZiM.Az

 

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir