Hüseyn Yusifov: Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa məcbur etməyə çalışırlar

Bu gün bəzi Qərb dövlətləri və ABŞ müxtəlif yollarla Gürcüstana təzyiq göstərməyə, ölkəni Rusiya ilə ikinci cəbhə açmağa məcbur etməyə çalışırlar.

ZiM.Az xəbər verir ki, bu sözləri Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusifov “Report”un Gürcüstan bürosuna müsahibəsində  söyləyib.

O qeyd edib ki, Gürcüstanda və ümumiyyətlə regionda sabitliyi istəməyən qüvvələr çoxdur:

“Avropa Parlamentinin, Almaniya Bundestaqının, ABŞ-nin qəbul etdikləri qərar və qətnamələr, sanksiyalar hamı kimi bizi ciddi narahat edir. Avropa Parlamenti Gürcüstan ilə hökm dilində danışmağa çalışır. Bu da bizə keçmiş SSRİ-ni xatırladır”.

H.Yusifov vurğulayıb ki, mövcud hakimiyyət qarşıdan gələn parlament seçkilərinin azad, demokratik və şəffaf keçiriləcəyini vəd edir və bunun üçün çalışır. Onun sözlərinə görə, seçkilərin azad və demokratik keçirilməsi, eyni zamanda ölkədə sülh və sabitliyin olması Gürcüstanda yaşayan azərbaycanlılar üçün də çox vacibdir.

“O zaman da Kremldə oturanlar kimin seçiləcəyini, necə yaşayacağımızı diqtə edirdilər. Biz kiminsə əmrinə girmək istəmədiyimiz üçün müstəqil olduq. İndi də nə Qərbin, nə də Amerikanın tabeliyinə girməyəcəyik. Onlar bizi müharibəyə sürükləyirlər. Biz müharibənin necə bəlalar gətirdiyini görmüşük. Ona görə də ölkəmizin yenidən müharibəyə cəlb olunmasına imkan verməməliyik. Sülh və sabitlik üçün çalışmalıyıq. Qərbin sanksiyaları heç kimi qorxutmamalıdır”, – o deyib.

ZiM.Az

 

.

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir