YADULLAH MİRZƏYEVin YARADICILIĞINDAN NÜMUNƏLƏR

Yadullah Qeybullah oğlu Mir­­zə­yev – 12 yanvar 1970-ci ildə Nax­çıvan ra­yo­nu­nun Sirab kən­dində dünyaya göz açıb. 1977-ci ildə Sirab kənd orta məktə­bi­­nin I sin­­finə qəbul olunub, 1987-ci il­­­də hə­min məktə­bin X sinfini bitirib. 1988-1990-cı illərdə Uk­ray­na Res­pub­­­­likasında həqiqi hərbi xid­­mət borcunu yerinə ye­tirib. 1996-cı ildə Nax­çı­van Döv­lət Uni­ver­­sitetinə qəbul olub, 2000-ci ildə həmin uni­ver­sitetin Filo­lo­giya fa­kül­təsini Azər­bay­can dili və ədəbiy­yatı ix­ti­sası üzrə bi­tirib.

Hazırda Babək rayonunu Sirab kənd tam orta məktəbində və “Hədəf” kurslarında ixtisası üzrə müəllim işləyir.

04.10.­2022-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəl­limi” fəx­ri adına layiq görülüb.

Ailəlidir.

Yadullah Mirzəyev gənc yaş­la­rın­dan bədii yaradıcılıqla da məş­ğul olur. Onun şeirləri və hekayələri müxtəlif mət­­buat or­qan­la­rında, “Və­tən”, “Tu­ran”, “Turan el­lə­rinə salam­lar!”, “Zi­ya”, “Şam işığı”, “Hey­dər Zir­vəsi”, “İl­ham çeşməsi”, “Odlar yurdu Azərbaycan”, “Canım Azərbaycanım”, “Azərbaycan bayrağı”, “Zirvəyə uca­lan­lar”, “Zəfəri qazananlar”, “Söz xəzinəsi”, “Poe­ziya çələngi”, “Qa­rabağ Azər­bay­candır!”, “Dəmir yumruq, polad bilək”, “Qara-Arxac”, “Xarı­bül­bül”, “Zəfər” və s. ədəbi məc­­­muə­­lər­də çap olu­nub.


Nəsr əsərlərindən ibarət “Qisas yan­­ğısı” adlı kitabı 2022-ci ildə “Əcə­mi” nəşriyyatında işıqüzü görüb.

Biz də Yadullah müəllimə yeni-ye­ni uğurlar arzula­yı­rıq və aşa­ğı­da onun bir neçə şeirini də­yər­li oxucularımıza təqdim edirik!..

 

Məlahət SAHİBQIZI,

Yurd.İnfo.Az-ın Baş Redaktoru,

AYB-nin və AJB-nin üzvü,

“Abdulla Şaiq”, “Xan qızı Natəvan”,

“XXI Əsrin Ziyalısı”,

“Zirvə”, “Zəfər”, “Qızıl qələm”

və s. mükafatların laureatı

ZiM.Az

 

ŞƏHİDLƏR XİYABANI

 

Bu yer ülvi bir məkan, ərlərin mədfənidir.

Vətən üçün ölənin bu torpaq kəfənidir.

Bura şahidlər evi, şəhidlər məskənidir.

Ziyarət yerimizdir, buranı yaxşı tanı,

Müqəddəs and yerimiz – Şəhidlər xiyabanı.

 

Vətənə aşiq olan eşq badəsini içib,

Gözütək qorumağı özünə amal seçib.

Azadlığa gedən yol bu xiyabandan keçib.

Dolanır həzin-həzin burada qəm dumanı,

Müqəddəs and yerimiz – Şəhidlər xiyabanı.

 

Hər şəkil bir xatirə, hər şəkil baş daşıdır,

Burda yağan yağış yox, nalənin göz yaşıdır.

Bu yer qəlbi odlanan xalqın qan yaddaşıdır.

Nə vaxt gəlsən görərsən bura insan axını,

Müqəddəs and yerimiz – Şəhidlər xiyabanı.

 

Keçsə neçə qərinə, ötüşsə neçə ay, il,

Xalq öz igidlərini heç vaxt unudan deyil,

Şəhidlərin qanından rəng alıbdı elə bil,

Tər qərənfil gülünə bürünübdü hər yanı,

Müqəddəs and yerimiz- Şəhidlər xiyabanı.

 

Bura qürür yerimiz, özünü dərkimizdir.

Bu yer qanla paklaşan həm oçaq, pirimizdir.

“Şəhidə ölü demə, şəhidlər dirimizdir”

Bu, Quran ayəsidir, Yaradanın fərmanı,

Müqəddəs and yerimiz- Şəhidlər xiyabanı.

 

20 YANVAR GÜNÜ

 

Candan əziz canından keçdi igid oğullar,

Vətəni candan üstün seçdi igid oğullar,

Əbədi yaddaşlara köçdü igid oğullar,

O qan-qadalı gecə – 20 Yanvar günü.

 

O gecə azadlığın toxumları əkildi,

70 illik əsarət qandalımız söküldü.

Başımız üstündəki qorxu hissi çəkildi

O qan-qadalı gecə – 20 Yanvar günü.

 

Dayayıb sinəsini soyuq tank lüləsinə,

Birləşib hay verdilər haqqın batan səsinə.

Qalxdılar şəhidliyin ən ali pilləsinə

O qan-qadalı gecə – 20 Yanvar günü.

 

O gecə aydınlatdı azadlıq yolumuzu,

Bildik kimdi dostumuz, tanıdıq yağımızı.

Şəhidlər öz qanıyla ucaltdı adımızı

O qan-qadalı gecə – 20 Yanvar günü.

 

Düşmənin qarşısında basılmaz şirə döndü,

Bir yumruqda birləşib boz qurda hərə döndü.

Şəhid qanı qarışdı, bu torpaq pirə döndü

O qan-qadalı gecə – 20 Yanvar günü.

                                                        1995

 

 

 

QARABAĞIN QARTALI

 

(Şuşanın azad olunmasında rəşadət göstərmiş

Murad Sahiboğlunun əziz xatirəsinə)

 

Vətən çağırır deyə bir an da ləngimədi

Girdi qızğın döyüşə nəfəsi təngimədi,

Yağdırdı düşmənlərə nifrəti səngimədi

Yağını göz açmağa çox gördü  bircə anı

Qarabağın qartalı, yenilməz qəhrəmanı!

 

Dözmədi ki, torpağı qala yadlar əlində,

Yağılar meydan açıb, at oynada elində,

Qarabağ Azərbaycan! Şüarı var dilində,

Azad görmək istədi bütöv Azərbaycanı!

Qarabağın qartalı, yenilməz qəhrəmanı!

 

Adı vahimə saldı düşmənin ordusuna,

Öz qanına boyandı, kim çıxdı qarşısına,

Qeyrəti  məlhəm oldu Şuşanın yarasına.

Azadlığın nuruyla aydınlatdı səmanı,

Qarabağın qartalı, yenilməz qəhrəmanı!

 

Onu qorxuda bilməz düşmənin yar-yarağı,

Gah vətənin qayası, gah daş oldu yatağı,

Vətənə olan sevgi, inam oldu dayağı,

Canından əziz olan Vətənə verdi canı,

Qarabağın qartalı, yenilməz qəhrəmanı!

 

Şəhidlik ən müqəddəs, ən ali bir kəlmədi,

O bir tale qisməti, uca Haqdan gəlmədi.

Cənnətə gedən yola hörülmüş bir ilmədi.

Şəhadətin mübarək! Qəbul eylə duanı,

Qarabağın qartalı, yenilməz qəhrəmanı!

                                                         2022

 

 

AYAZIM

 

      (Şəhid Ayaz Sultanoğlunun əziz xatirəsinə)

 

Harayına hay verib Vətənin dar anında,

“Vətən candan şirindir”, – demisən zamanında,

Əzəl gündən gəzmisən  şəhidlik sorağında

Niyyətinə qovuşdun- sən uca dağ, Ayazım!

Kimsə çatmaz zirvənə, yurda dayaq Ayazım!

 

Soyun Göytürkdən gəlir, qorxu olmaz  canında,

Qəhrəmanlıq rəmzidir, dövr eləyir qanında.

Düşmənə zərbə vurdun məqamında, anında

Sən Vətənin borcundan çıxdın üzağ, Ayazım!

Oldun Vətənin oğlu, yurda dayaq Ayazım!

 

Dedin ki, qiyamətə bu ağrı, acı qalmaz,

Oğlu igid Vətənin torpağı girov olmaz.

Vətən müqəddəs –ana, ana, vətən satılmaz.

Getdin dilində şüar, əldə bayraq, Ayazım!

Öc aldın düşmənindən sən bu sayaq, Ayazım!

 

Düşmənləri mat qoydu cəsarətin, inadın,

Sərdin Vətən üstünə  azadlığın qanadın.

Yazıldı tariximə şərəflə şəhid adın

Qaranlığa nur saçan oldun çıraq Ayazım!

Sən Vətənin oğlusan, yurda dayaq Ayazım!

 

Var olduqca bu Vətən, adın dillərdə gəzər,

İndi sən el oğlusan, səni  el əzizləyər.

Elə ucaldıb səni, başın göylərə dəyər

Yolunda qan tökdüyün ana torpaq, Ayazım!

Sən bu elin oğlusan, yurda dayaq Ayazım!

                                     2020

 

 

DÜŞMÜSƏN GÖZÜMDƏN

 

Məhəl qoymamısan çəkilən aha,

Hiyləyə, yalana artıb iştaha.

Təpədən dırnağa batıb günaha

Düşmüsən gözümdən, a gidi dünya.

 

Əyriyə qul olan düzünü gördüm,

Yalanla dolanan izini gördüm.

Mərdə torba tikən üzünü gördüm

Düşmüsən gözümdən, a gidi dünya.

 

Aldın şad gününü əldən qılıqla.

Verdin Yadullaha qəmi qalaqla.

Ömrü yaşamamış böldün qalıqla

Düşmüsən gözümdən, a gidi dünya.

 

 

BİLİNMİR

 

Yalan ayaq tutub yeriyir indi

Həqiqət bucaqda çürüyür indi.

Şər meydan sulayıb söz deyir indi

Qarışıb dünyanın halı bilinmir.

 

Nadan yüz oxuyub çatsa da başa,

Sən ondan yaxşılıq gözləmə, haşa.

Hər yerindən duran əl atır daşa

Kim ağıllı, kimdi dəli bilinmir.

 

Cahil başa keçib, hikmət qalmayıb

Haramı güdəndən qismət qalmayıb.

Abır əldən gedib, ismət qalmayıb

Həqiqətin izi, yolu bilinmir.

 

 

ÇƏKİRSƏN

 

Zalım fələk, hamı səndən narazı,

Fərq qoyub bəndəyə pozdun tarazı.

Yetimin başına vurub qapazı

Varlının başına tumar çəkirsən.

 

Kiminin həyatı bərli-bəzəkli,

Kimisi də gün çörəyə həsrətli.

Haqq deyənin yolu daşlı- kəsəkli

Nahaqqın yolunu hamar çəkirsən.

 

Tökürsən başına qəm, bacasından

İki əlli tutub dərd yaxasından.

Qarnın ovuşdurur yoxsul acından

Yaltağın qabıına nahar çəkirsən

 

 

 

DÖNDÜ

 

Bir alagözlüyə könül bağladım

Can naşı əlində talana döndü.

Bu eşqin yolunda elə ağladım

Yazda yağan leysan yalana döndü.

 

Dözümü, səbrimi əlimdən aldı

Ömrümün baharı qart tikan oldu.

Gəlmədi görüşə əlimdə qaldı

Qurudu güllərim xəzana döndü.

 

Yadullah, uzaqdır o vüsal çağı

Taleyin kəsilib özünə yağı.

Qəlbin öz dərdinə deməkçün ağı

Qəm üstə köklənib kamana döndü.

 

 

YER YOXDU SƏNƏ

 

Mən səni seçmişdim könlümə sultan

Sən demə, eşqin də sözüntək yalan.

Əzəldən sən oldun qəlbimi qıran

Arama, qəlbimdə yer yoxdu sənə.

 

Sevgimin üstünə duman çökübdü,

Yenicə açırdı, kədər bükübdü.

Qəlbimdə yerinə qəm tökülübdü,

Arama, qəlbimdə yer yoxdu sənə.

 

 

Səndə nə sevgi var, nə də mərhəmət,

Sənə könül vermək, düzü, qəbahət.

Sevginin yerini tutubdu nifrət

Arama,  qəlbimdə yer yoxdu sənə.

 

 

A ZALIM

 

Ürəyimi oxlayıbdı baxışın

Yenə niyə bəzənibsən, a zalım?

Səndə yoxdu nə mərhəmət, nə insaf

Yenə niyə bəzənibsən, a zalım?

 

Oda saldın, sızıldayım, göynəyim

Yaxmadığın nə qaldı ki, de nəyim?

Yoxsa məni öldürməkdi istəyin

Yenə niyə bəzənibsən, a zalım?

 

Yadullaham, günahım nə, denən sən

Suçum yoxsa, gəl imana, dinə sən

Qaş oynadıb can almısan dünən sən

Bu gün niyə bəzənibsən, a zalım?

 

ZiM.Az

 

Paylaş: