NURLAN MİSİR OĞLU: “İsrail-Fələstin münaqişəsi – güc dövlətlərinə necə təsir edir”

İsrail dövlətinin 1948-ci ildən rəsmi şəkildə yaradılmasından etibarən günümüzədək davam edən İsrail-Fələstin münaqişəsi təəssüflər olsun ki, hələ də canlar almağa davam edir. Zamanla periodik şəkildə baş verən və davam edən toqquşmalar, döyüşlər münaqişənin şiddətini aktiv şəkildə saxlayır. Son silahlı toqquşma isə vəziyyəti müharibə səviyyəsinə çatdırdı. Nəticədə Həmasla İsrail arasında hazırda da davam edən genişmiqyaslı hərbi əməliyyatlara, müharibəyə səbəb oldu.

Bu döyüşlərdə hər iki tərəf beynəlxalq və insan hüquqlarını kəskin şəkildə pozur və həm dinc əhalinin ölümünə, həm də yaşayış yerlərinin dağıdılmasına səbəb olub. Buna görə də bu münaqişədə hər hansısa bir tərəfi dəstəkləmək, onların törətdiyi cinayətə də dəstək vermək demək olar. Lakin bu məsələ bütün dövlətlər tərəfindən eyni şəkildə qarşılanmadı. Döyüşlərin şiddətinin və itkilərin sayının artması böyük dövlətlərin şəxsi maraqlarının ön plana çıxmasına və mənafeləri üçün müxtəlif mövqelər sərgiləməsinə səbəb oldu. Bunlara qısa aydınlıq gətirək.

Abş və Qərb dövlətləri başda olmaqla bir çox dövlət İsrailin mövqelərini qorudu və onlarla həmrəy olduqlarını bildirdilər. İstənilən silah yardımı, humanitar yardım və s. ilə dəstək olacaqlarını bildirdilər və etdilər. İsrailin Yaxın Şərqdə Abş və Qərb dövlətlərinin əsas müttəfiqi olması, onların burada döyünən ürək, istehkam vəzifəsini yerinə yetirməsi bu prosesi aydınlaşdırır. Bəs ərəb dövlətlərinin və Yaxın Şərqdə əsas güc sahibi olmaq istəyən dövlətlərin maraqları necə oldu?

Qərb dövlətləri kimi Yaxın Şərqdə güclənmək və möhkəmlənmək istəyən bir çox güclü dövlət var ki, onlarda özlərinə uyğun siyasət yürüdürlər. Bu dövlətlərin başında Rusiya, İran, Türkiyə və Çin gəlir. Maraqlıdır, niyə bəs ərəb dövlətləri öz qardaşlarını qorumaq və dəstəkləmək üçün ciddi bir şeylər etmədi. Bir çox ərəb dövləti sadəcə qınamaqla və döyüşləri dayandırmaq tələbi ilə çıxış etdilər. Bundan artığına getmədilər. Deməli burada onların da başqa maraq dairələri mövcuddur və bunlarda zamanla üzə çıxacaqdır.

Digər dövlətlərə gəldikdə isə Rusiyanın qərbə və Abş-a əks mövqe sərgiləməsi sözsüz ki, İsrail əleyhinə çıxış edəcəyini göstərirdi və belə də oldu. İsraili tənqid edərək, Qəzza zolağına humanitar yardımlar göndərdi, bəlkə də bu yardımların içində silah-sursat da var. Burada Rusiyanın şəxsi maraqları da qabarmağa başlayır. İsrailin regionda zəifləməsi Rusiyanın burada güclənməsinə böyük təsir göstərəcək ki, onlarda məhz bunu istəyirlər. Bunun sayəsində  Rusiya həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə öz mövqeyini daha da gücləndirə bilər. Həmçinin, qərbin İsrailə yönəlməsi və hərbi-humanitar yardım göndərməsi Ukraynanın arxa plana keçməsinə səbəb olacaqdır ki, bu da Ukrayna cəbhəsində Rusiyanın irəliləməsinə səbəb ola bilər. Böyük əks-hücumlar və işğallar qarşısında tab gətirə bilməyəcəyi təqdirdə Ukrayna üçün müharibə məğlubiyyətlə bitə bilər. Beləliklə Rusiya müxtəlif regionlarda güc əldə edə bilər.

Rusiyanın əsas müttəfiqlərindən olan və Qəzzanı hər zaman dəstəkləyən İran da bu döyüşlərdə Fələstin üçün çox şey etdi. Demək olar ki, Həması bugünkü gücdə formalaşdırdı. İranın İsrail sionizmini bəhanə etməsi, dırnaqarası müsəlmançılıq rolu oynaması bunun əsas səbəblərindən biridir. Həmçinin, İran da regionda güclənmək və daha da möhkəmlənmək istəyir ki, bunlarda öz təsirini göstərir.

Çinə gəldikdə isə, bu dövlətin hələ ki, Yaxın Şərqdə əsas güc dövlətlərindən biri olmaması və təsir qüvvəsinin nisbətən aşağı olması digər dövlətlərə nisbətən fərqli mövqe sərgiləməsinə səbəb olur. Bunun nəticəsi olaraq Çin regionda demək olar ki, bitərəf mövqe sərgiləyərək döyüşlərin qısa zamanda dayandırılmasını bildirdi. Bundan başqa dinc əhalinin öldürülməsini və beynəlxalq hüquq prinsiplərini pozan hər iki tərəfi qınadığını açıqladı. Hər iki tərəfi danışıqlara səslədi.

Türkiyə tərəfi isə hər kəsə məlum olduğu kimi İslami dəyərləri və dinc sakinlərinin ölümünü əsas gətirərək Fələstinin yanında olduğunu göstərmişdir. Son onilliklərdə də bu mövqeləşmə daha kəskin hal almışdır. İsrailə qarşı sərt çıxışlar, hədə-qorxular, təhdidlər və s. hallar son hadisələrdə pik həddə çatmışdır. Döyüşlərin başladığı  ilk günlərdə sərt mövqe sərgiləməsə də, az müddət keçdikdən sonra İsrail əleyhinə kəskin çıxışlar, tələblər və təzyiqlər başladı. Həm dövlət rəhbərliyi səviyyəsində, həm də xalq səviyyəsində İsrailə qarşı mövqe sərgiləndi. Etiraz aksiyaları, səfirliyə qarşı olan hücumlar, müxtəlif boykotlar və s. aktiv hərəkətlər ilə nümayişlər həyata keçirildi. Və sözsüz ki, bu şəkildə də davam edir. Yaxın müddət ərzində də proseslərin bu cür davam edəcəyi gözlənilir. İndi isə bu münaqişəyə Azərbaycanın mövqeyindən danışaq.

Azərbaycan Respublikasının yürütdüyü uğurlu siyasət və idarəetmə sayəsində Azərbaycan bu münaqişədə birtərəf mövqe sərgiləyərək, heç bir tərəfin qan tökməyini dəstəkləmədi. Hər iki tərəfi sülhə, dinc əhaliyə qarşı qətliamı durdurmağa çağırır. Tərəflərin beynəlxalq hüquq prinsiplərinə riayət etməli olduğunu bildirir. Qoşulmama Hərəkatının üzvü olmağımız və xarici siyasətdə balanslı siyasət yürütməyimiz nəticəsində bu münaqişədən Azərbaycana qarşı zərər gəlməsinin qarşısı alınır. Bu da düzgün və uğurlu siyasətin aparıldığını göstərir. Hər iki tərəflə əlaqələr, əməkdaşlıqlar mövcuddur və hər iki tərəflə balanslı siyasət həyata keçirilir. Bunun sayəsindədir ki, digər dövlətlərdən fərqli olaraq heç bir dövlətə qarşı çıxmaq məcburiyyətində deyilik, hər hansı bir tərəfin həyata keçirdiyi qətliamları dəstəkləmirik, onların beynəlxalq hüququ pozmalarına dəstək vermirik. Öz prinsip və ideallarımızı qoruyuruq. İnsani dəyərlərə əhəmiyyət veririk. Bu da Azərbaycanın necə bir dövlət olduğunu bir daha sübut edir.

Bu mövzu haqqında çox geniş danışmaq, təhlillər aparmaq olar. Ancaq bunlar olduğu müddətdə də münaqişə canlar almağa davam edir. Ümid edirik ki, bu şiddətli qarşıdurma və insan tələfatı qısa zaman içində bitər və həmişəlik başa çatar. Regionda sülh və əmin-amanlıq bərpa olar. Lakin böyük güclərin şəxsi maraq və mənafələri bunların qarşısında böyük maneə olaraq qalır.

 

Nurlan Misir oğlu Umudov,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Milli təhlükəsizlik və siyasi strategiya ixtisası, I kurs magistrant

ZiM.Az

 

 

Paylaş: