“Üstündə yad əlin qoxusu ilə, Özgə dodağının boyası gəlib”

QOCAMAN ƏDƏBİYYATIN
GƏNC DÖYÜŞÇÜLƏRİ

 

Redaksiyamızın
bu günkü qonağı
gənc şairə
Türkanə Əsədovadır.

Mənim fikrimcə, dünyada bu qədər çox dil olsa da, hissləri ən gözəl ifadə edən dil şeir dilidir. Bəlkə bu fikir o qədər düzgün səslənməyə bilər, amma düşünürəm ki, məhz bizim ana dilimizə şeir çox yaraşır. Şeirə də bizim dilimiz. Mənim üçün ədəbiyyatda nəzmin yeri çox özəldir. Bəlkə bundandır ki, hələ kiçik yaşlarımda okarkən özüm üçün aldığım ilk kitab Zəlimxan Yaqubun şeirlər kitabı olmuşdur. Şeirlər, şairlər də hər zaman mənim diqqətimi çəkib. Hələ tələbəlik illərimdə universitetdə adını çox eşitdiyim Türkanə xanımla magistatura təhsili alarkən qrup yoldaşı olduq. Onun şeirləri, mənim də şeirə olan eşqim bizi daha da yaxınlaşdırdı. Bəzən öz yazdıqlarımı onunla paylaşıb onun rəylərini eşitməyi də çox sevirəm. Ona görə Türkanənin hələ başlanğıcında olduğu bu yaradıcılıq yolunu ətraflı şəkildə öyrənmək istədim.

Onun şeirləri arasında ən sevdiyim bəndlərdən biri:

Sən getmə, gedişin bizi öldürüb
Bu boyda sevincə kədər qatmasın.
Mən sənin sevgini hara qoyum ki,
Ora ayrılığın əli çatmasın?…

 

  1. Şeir yazmaq bacarığınız olduğunun fərqinə necə vardınız?

– 9 yaşındakı bir uşağın kədərinə sığınaraq anladım ki, ətrafımdakı hadisələri görüb və ya eşidib keçə bilmirəm. Qışın soyuğu idi və pişiyim itmişdi. Bu 9 yaşında uşaq üçün çox kədərli hadisə idi. Onda həmin pişiyə ilk şeirimi yazdım. Və o pişik bir daha qayıtmadı. Yazdığımı atama oxudum. Səhəri günü işdən qayıdanda dəftər alıb gətirdi ki, bundan sonra nə yazsam ora yazım və saxlayım. Əslində özüm də fərqində deyildim. Atam məni bu yola dəvət etmişdi. Yəqin o da bilirdi ki, ətrafımda baş verənlər mənə ancaq tərsir etməyəcək, həm də incidəcək. Bunun isə ən yaxşı dərmanı yazmaqdır.

 

  1. İlk şeirinizi nə zaman yazdığınızı xatırlayırsınız?

– Dediyim kimi 9 yaşında. Təbii ki, 9 yaşında uşağın yazdığı şeir deyildi, amma yadıma gəlir ki, qafiyə filan da vardı. Davamlı şəkildə yazmağa isə 13 yaşımdan başladım. 14 yaşımda artıq şeirlərim çap edilirdi. İlk çap edilən yazım müəllimimə yazdığım “İlk Günəş” şeirim idi. 14 yaşında biri üçün uğurlu idi fikrimcə. Şeir belə yekunlaşırdı:

“Adı daim yollarımda
Günəş kimi doğulacaq”.

 

  1. Yeni şeirlər yazarkən ilk kiminlə paylaşırsınız?

– Şeiri bitirən kimi onu ilk özüm üçün oxumalıyam. Özüm də bir oxucu oluram o zaman. Fərqli olur o təqdimat. Fonda hansısa musiqi, yanında isti çayın buxarı olmasa, ümimiyyətlə oxumaq ruhumu oxşamaz. O şeirdə oxucu olaraq da istədiyimi ala bilirəmsə, daha sonra insanlarla paylaşıram.

 

  1. Daha çox hansı mövzuda şeirlər yazırsınız?

– İlk başlayanda adətən vətən, ictimai mövzulara şeirlər həsr edirdim. İndi yazdıqlarımın 99 faizi məhəbbət mövzusundadır. Necə deyərlər, “Məhəbbət olmasa nə anlamı dünyanın?”

 

  1. Əsasən hansı əhval-ruhiyyədə olduqda şeirlər yazırsınız?

– Küskün ruhda olmasılasan yazmaq üçün. İçində bir şeylər qırılmalıdır. Bir ağrı hiss etməlisən. Ya da başqasının hiss etdiyindən çox təsirlənib onun yerinə qoymalısan özünü, onun yaşadıqlarını yaşamalısan. Məsələn,

“Üstündə yad əlin qoxusu ilə
Özgə dodağının boyası gəlib”

misralarını yazanda mən xəyanəti yaşayan bir qadın olmalıdı idim təsirlənmək bəs deyildi burda, özümü onum yerinə qoyub o xəyalı yaratmalıydım. İçimdəki üzüntünü bu şəkildə ata bilərdim.

Bəzi yazar dostlarımın dili ilə desək: “Yazmaq insan incidir”. Amma Günel Mövludun çox sevdiyim bir sözü var: “Qadın ya ağlayar, ya da şeir yazar”. Məncə mən şeir yazmağı seçdim.

 

  1. Yeni dövrdə yazılan şeirləri bəyənirsiniz?

– Əlbəttə, düşünürəm ki çox yaxşı yazarlarımız var. Şeir yazmağı yaxşı bacaran gənclərimiz çoxdu. Ancaq əksəriyyəti kişilərdir. Çox istəyərdim ki, bizim qızlarımızı da bu sahədə görək.

 

  1. Hansı şairin üslübuna özünüzü daha yaxın hiss edirsiniz?

– Düşünürəm ki, bu Nəriman Həsənzadədir. Əvvəla ruhunu, həssaslığını öz ruhuma yaxıb görürəm. Nəriman Həsənzadənin üz ifadələrindən belə o şeirlərini oxuya bilirəm deyə düşünürəm. Sara xanıma olan sevgisini bu qədər yüksəltməsi, onsuzluğun acısını “Sənin ad gününü sənsiz keçirdim” misrası kimi neçə misraya bağışlamsı həqiqətən həssas ruhunun göstəricisidir. Məncə dünya onu da təsirlənib keçmək hissindən məhrum edib, onu da həssaslıq incidir ki, yazıları bu qədər içdədir.

 

  1. Sizə ən doğma olan şeirinizi bizimlə paylaşa bilərsiniz?

-Mən şeirlərimə övladlarım kimi yanaşıram, nə qədər gülməli olsa da. Valideyn üçün fərqi olmaz, hansı övlad daha doğmadır. O şeirlərin birində Türkanə 17 yaşında qız, birində 45 yaşında qadın idi. Hərəsinin ayrı yeri var. Amma sizinlə əsl Türkanə olan şeiri paylaşa bilərəm:

 

Darıxma…

“Yaxşı hiss elətdirən şeyləri yaşamaq lazımdır”

 

Darıxma, sənə qurban, bu həsrət də bitəcək,

Bircə sən çağır məni, ölüm olsa, gələrəm.

Tutaram əllərindən, əllərin bayram edər

Hələ səni bir ömür qucaqlaya bilərəm.

 

Darıxma, bircədənəm, tez aşdım bu dağları,

Sevmək asan deyildi, məntək ürəyi buza.

Mən indi baxışının oduna kül etdiyin,

Saçlarından öpdüyün həmin kəpənək qızam.

 

Darıxma, ömrüm-günüm, az qalıb qovuşmağa,

O ayrılıq dediyin zəhrimardan doymuşam.

Bu gecə eşq Tanrımız insafdan yetim qalıb,

Bağışla ki, bu gecə səni mənsiz qoymuşam.

 

Darıxma, şeir üzlüm, dönməmişəm sözümdən,

Mən dəliyəm, sən dəli, xəbərin yox özündən.

Yum gözünü, yuxuda öpəcəyəm gözündən.

Gələcəyəm yanına, boynubükük dayanma

Yat, mən gələnə kimi top atsalar, oyanma.

 

– Maraqlı müsahibə üçün təşəkkürlər, Türkanə xanım!

Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

 

Sevgilərlə,

Həcər BAYRAMOVA,

“YURD”un redaktoru.

 

 

 

.

Paylaş: