RAMİLƏ ƏLİYEVA (1977) » ZiM.Az

Əliyeva Ramilə Zahid qızı – 1977-ci il dekabrın 13-də Bakı şəhərində do­­ğulub. Orta təhsilini 1995-ci ildə bi­­­tirib, elə həmin ildə Bakı Dövlət Üni­versitetinin biologiya fakultəsinə qə­­bul olunub. Bioloq-fizioloq ixtisa­sı­na yiyələnib. Ailəlidir. 3 övladı var.

Ədəbiyyata olan dərin marağı, öz duy­ğu və dü­şün­cələrini mis­ralara çevirməyə imkan verib. 2021-ci ildən da­vamlı şeirlər yaz­mağa başlayıb. İlk şeirini anasına ünvanlayıb. Analı dün­ya­sı­nı misralara köçürüb.

Azər­baycan ədəbi fikrinə yeniliklər gə­tirmək arzusunda olan Ramilə xanımın duyğu və düşüncələrini ifadə edən şeirləri müx­­təlif dövrü mətbuat orqanlarında, o cümlədən, “Bütöv Azər­­baycan”, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, “Tur­k­ay” aylıq ədəbiyyat dərgisində, zim.az, zirve.info, zir­ve.in­fo.az, zefer.info.az, yurd.info.az və s. internet saytla­rında, “Zir­və” və “Zəfər” ədəbi-bədii, elmi-publisistik məcmuələrin­də, “Şam işığı” ədəbi-bədii məcmuəsində, “Nur ocağı” ədəbi-bədii məc­lisinin antologiyalarında, “Kəlağayı əlvan-qıy­qacı”, “Anam kəlağaylı bir muğamıydı” və s. kitablarda çap olunub.

Qəmgin naxışlara tuş gəldi ömrüm,

Mən baharda xəzan ömrü yaşadım.

Cəhd elədim ağlamayım, hey gülüm,

Xəyalları pozan ömrü yaşadım.

– deyən Ramilə xanım hazırda “Borçalı” nəşriyyatının re­dak­­toru, “Yurd.info.az” saytının şöbə müdiridir.

“Abdulla Şaiq”, “Xurşidbanu Natəvan”, “Zirvə”, “Zəfər” “Qızıl qələm” mükafatları lau­reatlarıdır.

Biz də Ramilə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşa­ğı­da onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

 

 

UCAL, AZƏRBAYCANIM!

Ana yurdum, çiçəklənən diyarım,
Sənə bağlı duyğum, xoş arzularım,
Qoy var olsun elim,obam,mahalım,
Sabahından güc al, Azərbaycanım!
Ucaldıqca, ucal, Azərbaycanım!

Sən qəlbimin alovusan,odusan,
Sən eşqimin əzəl-axır adısan,
Sən dilimin bal ləzzəti, dadısan.
Keçmişinlə qocal, Azərbaycanım!
Bu gününlə ucal, Azərbaycanım!

Dağlarının zirvəsində qar gözəl,
Yamaçlarda gül toplayan yar gözəl,
Bağ-bağçanda heyva gözəl, nar gözəl.
Gözəllikdən bac al, Azərbaycanım!
Yüksəklərə ucal Azərbaycanım!

Çox yanlışlar durdu sənin qəsdinə,
Doğruları itirməyin qəsdi nə?
Mən qurbanam duruşuna, şəstinə.
Düşmənindən öc al, Azərbaycanım!
Sən tarix yaz, ucal Azərbaycanım!

Ey Vətənim, Ey Yenilməz millətim,
Var-dövlətim, şan-şöhrətim, sərvətim,
Sənlə dolu saf duyğum, xoş niyyətim.
Zirvələrdə tac ol, Azərbaycanım!
Güdrətli ol, güc ol, Azərbaycanım!

 

VƏTƏN

Yenə kədərlidir, yenə qəmlidir,
Ruhumu titrədən bu anın, Vətən.
Həsrət qoxuludur, gözü nəmlidir,
Yüksək zirvələrdə dumanın, Vətən

Şəhid xəbəriylə açıldı səhər,
Yenəmi gözyaşı,yenəmi qəhər?
Yenə ölməzliyin kitabın yazdı,
Vətən sevdalısı olan Şəhidlər.

Bir Vətən sevgisi ürəyimizdə,
Sanki bir məşəlli yoldu bu sevgi.
İsti otaqlardan, rahat yataqdan,
Soyuq səngərlərə doldu bu sevgi.

Oğullar Vətənçün qurban getdilər,
Deməyin heç zaman öldü Şəhidlər.
Uca bir millətin, yenilməz xalqın,
Zəfər salnaməsi oldu Şəhidlər.

Vətən, açılacaq nurlu sabahlar,
Kədər yox olacaq, bitəcək həsrət.
Müqəddəs ruhların məskən saldığı,
Torpaq gülüstana dönəcək, əlbət!

 

ANALAR

Qəlbimdə bir gözəl nəğmə dolaşır,
Bir həzin şeirin sətri duyulur.
Hissim qanadlanır, dolaylar aşır,
Anamın o kövrək ətri duyulur.

Nə şirin kəlmədir, “Ana” kəlməsi,
Ürəyim titrəyir, əllərim əsir.
Bizə həyat verən ruhu, nəfəsi,
Əbədi cənnətə yaman tələsir…

Duyğular hissimin ifadəsidir,
Mənə ümid verən analı dünyam.
Bircə dəfə can söyləsə bəs edir,
Rahat olam, mışıl-mışıl uyuyam.

Övladına bəxş etdiyi sevgiylə,
Zirvələr fəth edir,ucalır ana.
Sonsuz zəhmətiylə,əziyyətiylə,
Hər gün damla-damla qocalır ana…

Cənnətin müjdəsi, gözəl analar,
Sizsiz dünya sıxıntıdır, qəfəsdir.
Sevgisi təkrarsız, özəl analar,
Qayğınız, sevginiz ruhdur nəfəsdir!

 

ATA

Sənə əl uzatdım,çatmadı əlim,
Səslənmək istədim, dönmədi dilim,
Sənsiz keçir artıq hər ayım, ilim
Nəm olub gözümə dolmusan, ATA,
Kövrək xatirəmdə qalmısan, ATA.

Hər il dünya yaz libasın taxacaq
Çox sevdiyin bənövşələr çıxacaq
Bu sənsizlik məni daim sıxacaq
Könlümə həsrətdən yolmusan, ATA?
Kövrək xatirəmdə qalmısan, ATA.

Şirin-acı xatirələr hallanır,
Qəmli gözlər keçmişlərə boylanır
Fikrim sənli günlərimə yollanır
Qəlbimə bir niskil salmısan, ATA
Kövrək xatirəmdə qalmısan, ATA.

Kədər kölgələnib yetim gözündə,
Artıq itib yanlış,doğru sözümdə
Səndə gördüm iradə də,dözüm də
Yenə fikirlərə dalmısan, ATA
Kövrək xatirəmdə qalmısan, ATA.

Qəmli xatirələr ruhumu didir
Sənsizlik duygusu məni incidir
Agriya-acıya dözmək çətindir
İndi soyuq məzar olmusan, ATA,
Kövrək xatirəmdə qalmısan, ATA.

 

YAŞAYIR

İnsanoğlu bu dünyaya gələndən,
Bir qəribə güman ömrü yaşayır.
Yüksəkləri fəth eləmək istəyir,
Zirvələrdə duman ömrü yaşayır.

Bitmir sözü tükənməyir arzusu,
Çiçək açır xoş niyyəti, duyğusu.
Məyus olur, bəzən sözün doğrusu,
Parçalanmış talan ömrü yaşayır.

Cəhd eyləyir,yuva qurur həvəslə,
Çalış, vuruş bu yuvanı sən, bəslə.
Anlamayan, dinləməyən bir kəslə
Bəzən küskün, yalan ömrü yaşayır.

Xatirələr dilləndirər ruhunu,
Təhlil edər yanlış ilə doğrunu.
Sarsılanda bu illərin yorğunu,
Əzrayıldan aman ömrü yaşayır.

Arzu sonsuz, ömür qısa, yol yarı,
İnsan ömrü hey vəsf edər baharı.
Qarlı qışa düşəndə arzuları,
Şaxta,çovğun boran ömrü yaşayır.

Sual edər əvvəlini, sonunu,
Hey axtarar taleyinin yönünü.
Tapmayanda, itirəndə yolunu,
Bəlkələrdə qalan ömrü yaşayır…

 

O ŞƏNBƏ GECƏSİ, YANVAR SƏHƏRİ

(20 Yanvar şəhidlərinin
xatirəsinə həsr olunub)

Azadlıq ruhuna köklənən bir xalq,
Bir şənbə gecəsi nigaran, oyaq.
Susur düşüncələr, durğundur fikir,
Bu xalq azadlığın həsrətin çəkir.

Meydan insanlarla qaynayır, daşır,
Şüarlar səslənir, tələblər coşur.
Bir anda qaranlıq çökür hər yerə,
Bu nə fəlakətdir, bu nə zəlzələ.

Azad dövlət üçün çalışan millət,
Sipər edər köksün tanklara əlbət.
O şənbə gecəsi verir hökmünü,
Mümkünə çevirir çox namümkünü.

Güllə yağışına tutulur şəhər,
Hər yerə tökülür giliz, qəlpələr.
Matəm libasına bürünür Bakı,
Dan yeri sökülür fəryadla sanki.

O gecə çox şeylər olur aş(i) kar,
Bilindi bu xalqın böyük əzmi var.
Azadlıq verilmir,alınır bəli,
Buna şahid oldu Yanvar səhəri.

 

BU DÜNYADA ƏBƏDİLİK NƏ VARKİ?

Bu dünyada əbədilik nə varki?…
Hər şey nisbi yaşananlar hədərmiş.
Haray çəksəm səsimi kim duyar ki?…
Dünya fani, ömür gəldi-gedərmiş.

İllər ötər saçımıza dən düşər,
Bahar ömrü payızıyla görüşər.
Bəyaz saçlar keçmişlərdən danışar,
Xatirələr dünənlərdə itərmiş…

Ömür coşub ümman kimi çağlayar,
Düşüncələr qəlbdə qaysaq bağlayar.
Toxunmayın sarı simə ağlayar,
Gözlərdə yaş, qəlblərdəki qəhərmiş.

Taleyimin yazısıyla barışdım,
Bir ümidin alovunda alışdım.
Duyğularım mənə məndən danışdı,
Ömür fani bir gün hər şey bitərmiş…

Zirvələrdə duman olan ömrümün,
Yaxşılarda yaman olan ömrümün.
Dolaylarda talan olan ömrümün,
Qismətində acı varmış, zəhərmiş.

Könül susar dil danışmaz bir daha,
Görən varmı ümid nurlu sabaha?
Dua edək qadir olan Allaha,
O malikdir, O hər şeyə yetərmiş!

 

BAHARIM

Bahar, çiçək ətri verir nəfəsin,
Ruhum gözəlliyin seyrinə dalır.
Səndən ilham alır duyğum, həvəsim,
Arzum səmalarda hey qanad çalır.

Gəlişin hissimə min ahəng qatır,
Ay, mənim gülüzlü, nazlı baharım.
Kol dibində qəmgin bənövşə yatır,
Gəl, qoy çiçək açsın, getsin qübarım.

Təbəssüm bəxş elə,solğun üzlərə,
Həyat təzələnsin qoy gülüşünlə.
Kədər pərdələnən qəmli gözlərə,
Nicat ver, ümid ver, sən gəlişinlə.

Nəğmələr qoşarıq, bahar, sehrinə,
Təbiət yamyaşıl libas geyinər.
Könlüm hey tələsər yazın seyrinə,
İstək qanad açar, duyğu sevinər.

Səninlə cücərib saf niyyət,arzu,
Yaralı qəlblərə məlhəm kimisən.
Ana təbiətin ay, şıltaq qızı,
Kövrək duyğuların sarı simisən.

 

XOCALIM

Can Xocalım, qan yaddaşım,
Sızlayır torpağım,daşım,
Qəm, kədərdir yol yoldaşım.
Mən bu dərdə necə dözüm?
Qəm yüklənib düzüm-düzüm

Sarsıldı könlüm sarayı,
Eşidən varmı harayı?
Qatı düşmən, yoxdur tayın.
Bitib-tükənibdi sözüm,
Kədər,həsrət düzüm-düzüm.

Anaların ah-naləsi,
Hanı bu dərdin çarəsi?
Tərs dövr edir yer kürəsi,
Qan içində yolum-izim,
Qəm yüklənib düzüm-düzüm

Köməksizdən öc aldılar,
Şərəfsizlər bic oldular.
Xocalıda qocaldılar.
Körpəm,cavanım,əzizim.
Acı həsrət düzüm-düzüm.

Ana yurdum, ucal hər an,
Qalib olsun Azərbaycan!
Biz bir olaq,vahid bir can!
Ay Xocalım, qəm dənizim,
Kədər bitsin, gülsün üzüm.

 

ŞƏHİD KƏNAN

Şəhid Müzəffərli Kənan
Azər oğlunun ruhuna
ithaf olunur.

Bir ana ağlayır tutub üzünü,
Köksündə bir Kənan həsrəti qalıb.
Bir ata yollardan çəkmir gözünü,
Yollarda bir oğul qisməti qalıb.

Ananın qəlbindən bir fəryad qopur,
Torpaq da ağlayır,daş da ağlayır.
Atanın ruhuna bir kədər hopur,
Quru da ağlayır, yaş da ağlayır.

Bir oğul böyütmək asan deyil ki,
Qəlbinin odunu qoyasan gərək.
İgidlik dastanı yazan deyir ki,
Vətəni ruhunda duyasan gərək.

Bir Şəhid boylanır xatirələrdən,
Üzündə təbəssüm, əlində qələm.
Vətən harayına yetişən gündən,
Qələm silah oldu, dəyişdi aləm.

Məqamın ucadır, ey Şəhid Kənan,
Dağtək əzəmətli oğulsan,ərsən.
Əminəm yenə də igid olardın,
Dünyaya yenidən Kənan tək gəlsən!

 

ŞƏHİDİM

Məğrur-məğrur dayanıbsan zirvədə,
Vətənə əmanət olan Şəhidim.
Qürur verdin bu xalqa, bu millətə,
Gənc yaşda baharı solan Şəhidim.

Bir dövlətin yenilməzlik qalası,
Bu torpağın mərd, qəhrəman balası.
Şücaətin tarix boyu qalası,
Cəsarət himnini çalan Şəhidim.

Vüqarından düşmən bağrı yarıldı,
Qəmli gözlər yollarında yoruldu.
Şəhid oldun,bayrağına sarıldın,
Anası saçını yolan Şəhidim.

Vətən eşqin tükənmədi qəlbində,
Cəsur oldun, yenilmədin hərbində.
Anaların naləsində, dərdində,
Nəm olub gözlərə dolan Şəhidim.

Nicat tapdı sənlə sönmüş diləklər,
Vətən deyib cuşa gəldi ürəklər,
Məzarını bəzəyidir çiçəklər.
Cənnət bağçasında dolan,Şəhidim !
Əbədi Cənnətdə olan Şəhidim!

 

ÖMRÜN PAYIZI

Yağar ömrümüzə payız yağışı,
Damlalar bir qəlbin pıçıltısıdır.
Köçər ömrümüzə həsrətin qışı,
Qar da kövrək hislər xırçıltısıdır.

Birdən solğunlaşar ömür sarayın,
Dumana bürünər, çənə bürünər.
Köksündə taxt qurmuş eşqin harayı,
Bəzən adiləşər, cılız görünər.

Ömrünə çiçəkli yaz axtararsan,
Çoxdan usanarsan, az axtararsan.
Hissinə köklənmiş saz axtararsan,
Mizrabın qırılar əlindən düsər.

Solar sir-sifətin, nəm olar gözün,
Tez-tez bldbinləşər çöhrən, bənizin.
Etdiyin əməlin, getdiyin izin,
Adını qoymağa söz axtararsan.

Bir-bir vərəqlənər ömrün kitabı,
Bəzi duyğuların vardır niqabı.
Sönüb tüstülənən odun-ocağın,
Külündə qığılcım, köz axtararsan.

 

DUYĞUMUN HARAYI

Mən bir kədər yolçusu,
Mən bir həsrət daşıyan.
Görəsən bu sazaqdda
Duyğumdumu üşüyən?

Mən bu ömür yolunda,
Məğlub oldum deyəsən.
Ruhun şaxta vurubsa,
Daha çətin güləsən…

Sanki nağıllar kimi,
Yalan olub bu ömrüm.
Bir qəribçün təsəlli,
Güman olub bu ömrüm.

Dözümümdən özümə,
Sanki məzar qazmışam.
Xəyallarım tükənib
Bir sahildə azmışam.

Nəğməm kövrək, duyğulu,
Yarım qalıb bəstəsi.
Bəzən təsəlli verir,
Bu duyğular xəstəsi.

 

İSTƏMİŞDİM

Xəzan oldu daha könül sarayım,
Mən səni ömrümə yaz istəmişdim.
Daha çatmaz sənə səsim, harayım,
Yoxsa,bu sevinci az istəmişdim..?

Şaxta vurdu pöhrələyən kolları,
Sel uçurdu sənə gələn yolları.
Sənə doğru bu uzanan qolları,
Köksünə sıxaraq döz istəmişdim.

Nədənsə, heç qoşa olmadı izim,
Səninlə yollarda, ay nur bənizlim.
Daha vidalaşaq doğmam,əzizim,
Mən sönmüş ocağa köz istəmişdim.

Bu bir həsrət idi dərdli,məlalı,
Bu bir sevgi idi başıbəlalı.
Bu qərib yolçunun küskün xəyalın,
Üstünə qondurma, toz istəmişdim.

Daha nə sən sənsən, nə mən o mənəm,
Qəlbində kədərəm, gözündə nəməm.
Neyləyim, talesiz bir bəxtikəməm,
Yarama səpməyə duz istəmişdim,
Səni ilqarında düz istəmişdim.

 

HƏSRƏTİMİN DUYĞUSU

Mən bir qəmli həsrətin,
Nakam qalmış arzusu.
Mən bir coşğun dənizin,
Aşıb-daşan duyğusu.
Mən bir qumlu sahilin
Tənha qalmış iziyəm.

Mən bir ömür yaşadım,
Duyğuları rəngbərəng.
Mən bir bağı becərdim,
Hər tərəfi gül-çiçək.

Qayğılar hücum çəkdi,
Məni hədəf seçərək,
Yordu bu zaman oxu
Taleyimdən keçərək

Çox həsrətin duyğusu,
Yuva salıb gözümdə.
Çox mahnının bəstəsi,
Yarım qalıb sözümdə.

Bəzən ağrıya dönür,
Yanlışım da, düzüm də
Mən kədərdən yarandım,
Kədər mənim özümdə.

Öz kədərli dünyamın,
Sahilində itmişəm.
Bəlkə də yorulmuşam,
Tükənmişəm, bitmişəm.

 

AY MƏNİM DƏYƏRLİ
ŞAİR DOSTLARIM!

Bir yola çıxmışıq nurlu bir yola,
Bu yolda uğurlar bizlərin ola,
Hər zaman köksünüz sevinclə dola,
Sözdən libas biçib geyir dostlarım,
Hər sözü mənalı deyir dostlarım.

“Nur ocağı” nur bəxş etsin sizlərə,
Nəğmə qonsun təbəssümlü üzlərə.
Allah özü kömək olsun bizlərə,
Qaydaya, nizama uyur dostlarım,
Mətləbi anında duyur dostlarım.

Təbrik edir sizi dostlar-tanışlar,
Uzaq olsun sizdən yaman-yanlışlar,
Sehran ana sizi daim alqışlar.
Söylər şəninizə şeir dostlarım,
Olsun qismətiniz xeyir, dostlarım.

Daim həyat yollarında nur olsun,
Sevinciniz aşsın-daşsın, durulsun,
“Nur ocağı” zirvələrdə duyulsun.
Söz mülkünü sərvət sayır dostlarım,
Yaxşı ki, varsınız şair dostlarım.

 

ÖMRÜM

Ey, qəm karvanına yol olan ömrüm,
Qumlu səhralarda yaman itmisən.
Kədərdən, möhnətdən bol olan ömrüm,
Daha tükənmisən, sönüb getmisən.
Hardan başlanmısan, harda bitmisən?…

Səsin daha gəlmir, tutulub nitqin,
Səndən gileylənir zavallı bəxtin.
Hanı şan-şöhrətin, bəs, hanı təxtin?
Sultanlıq mülkünü sən tərk etmisən …
Hardan başlanmısan, harda bitmisən?…

Özünə arzudan bir saray qurdun,
Xəyallar içində özünü yordun.
Sonda sən dayandın, tükəndin, durdun
De, hansı arzuya kama yetmisən?…
Hardan başlanmısan,harda bitmisən?…

 

A DÜNYA

Sevincindən pay vermədin bir tikə,
Kədərinə qonaq etdin, a dünya.
Qəm yükünü kim daşıya, kim çəkə,
Mən qəribi sınaq etdin, a dünya

Dilləndirdin könlümün qəm sazını,
Boran etdin baharımı, yazımı.
Anlamadım bu taleyi yozumu…
Nəyi nəyə calaq etdin, a dünya …?

Arzulardan saray qurdum özümə,
Diqqət etdim söhbətimə, sözümə.
Şübhə etmə, məndə olan dözümə,
Məni nəylə qınaq etdin, a dünya…?

 

YAVAŞ-YAVAŞ

Sakit bir limanda lövbər salmışam,
Saçımı darayır yel yavaş-yavaş.
Nutqim də tutulub fikrə dalmışam,
Susub, daha dinmir dil yavaş-yavaş.

Ruhum seyr eləyir qumlu sahili,
Dalğalar gətirir, yosunu, lili.
Məni zənn etməyin eşqin cahili
Titrəyir könlümdə tel yavaş-yavaş.

Dənizin qoxusu köksümə axır,
Sanki bu sahildən bir həsrət baxır.
Düşüncəm beynimdə şimşək tək çaxır
Deyir ki, kədəri sil,yavaş-yavaş.

 

QALIB

Bu torpaq əbədi sərvətimizdir,
Dağında,düzündə izimiz qalıb.
Hər dost süfrəsində söz-söhbətimiz,
Sönməyən odumuz-közümüz qalıb

Gücü tükənməzdir, bükülməz qolu,
Müqəddəs torpaqdır, zinətlə dolu.
Qüzeyi, Güneyi bir həsrət yolu
O həsrət yolunda gözümüz qalıb

Zəfər salnaməsi yurda yaraşır,
Arzular ümmantək çağlayır, daşır.
Bir həzin səs gəlir,dilim dolaşır,
Bu səsdə doğrumuz, düzümüz qalıb.

Ulu torpağımız, tacsan ellərə,
Açdın qucağını aya, illərə,
Döndün nəğmələrə, düşdün dillərə,
Hələ deyilməmiş sözümüz qalıb,
“Bütöv Azərbaycan” arzumuz qalıb.

 

TƏNHA AĞAC

Dayanıb seyr edir külli aləmi
Həsrətlə,kədərlə bir tənha ağac.
Yorulub illərin yorğunluğundan,
Ona zövq verməyir nə dağ nə yamac.

Daha çətirində yox səhər şehi,
Daha nə budaq var,nə də ki yarpaq.
Ona təsir etmir dağların mehi,
Bir gün o çürüyüb olacaq torpaq.

Həyat da belədir…yaşanır,bitir
Xəzana çevrilir baharın,yazın
Bir ağac ömrünü yaşamaq üçün,
Bir torpaq köksündən boy atmaq lazım…

 

BAYATILAR

Su axar ləpələnər,
Qəlbə nur səpələnər.
İncitsən dost könlünü,
Ora qəm təpələnər.

Su axır lalasına,
Can yanır balasına.
Könlüm pərvaz eyləyir,
Sığışmır qalasına…

Əzizim,su çeşməsi,
Qəlbim həsrət teşnəsi.
Çox dedim az eşitdin,
Sonda qaldı he(ş)nəsi…

Əzizim,suya baxdım,
Sel gəldi suya baxdım.
Mən bir qəm yolçusuyam,
Yatmısan, guya, b(a)xtım?

Su kimi əziz olun,
Çağlayın, dəniz olun.
Aşıb daşsın duyğunuz,
Siz ruhu təmiz olun.

Əzizinəm, hayalı,
Qəlbim möhnət sayalı.
Dərdimin dərmanısan,
Ruhumunsa xəyalı.

Əzizinəm, qalası,
Könlüm həsrət qalası.
Evi olanlar getdi,
Evsiz harda qalası???

Mən qurban, Vətən, sizə,
Dərd gəlib vətənsizə.
Könlüm qübar eyləyir,
Əmanat vətən sizə…

 

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: