Ömür şirin bir nəğmədir. Amma onu sadəcə bir dəfə dinləyə bilərsən…

Görəsən neçə il yaşasa insan doyar bu həyatdan, neçə il bəs edər yaşamağa, yaratmağa. İnsan heç doyarmı yaşamaqdan. Həyatı sevməkdən əl üzərmi kimsə?…

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

 

M.Müşfiqin bu misraları həqiqətən həyatı çox gözəl təsvir edir.

İnsan var evdən gedər, insan var eldən. İncəsənət xadimləri, sənətkarlar eldən gedən adamlardır. Onlardan biri də Azərbaycan Respublikasının əməkdar artisti Aygün Aydın qızı Hümbətova, hər birimizin sevərək dinlədiyi Aygün Bəylərdir. O da bu dünyanı vaxtsız tərk etdi. Özündən geridə isə bir-birindən dəyərli nəğmələr xatirə qoydu.

Tut ağacı ilə yaddaşımıza həkk oldu əvəzsiz səsə sahib sənətkar.

Aygün Bəylər 1975-ci ilin avqust ayının 22-də Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarından incəsənətə gəlir. Onun səsində bütün mahnılar dinləyiciləri tərəfindən böyük rəğbət və sevgi ilə qarşılandı. Yaradıcılığı boyunca müxtəlif layihələr həyata keçirmiş, konsertlər vermişdir. Ən son konsertini isə ölümündən qısa zaman əvvəl bizlərə təqdim etdi.

Əməkdar artist 7 yanvar 2024-cü ildə dünyasını dəyişmişdir. Amma onun yaradıcılığı əbədi olaraq yaşayacaqdır.

Böyük sənətkara Allahdan rəhmət diləyirik.

HƏCƏR BAYRAMOVA,

“Yurd”un redaktoru

 

.

 

Paylaş: