KƏLAĞAYI – milli-mənəvi sərvətimiz, dəyərimiz, dünənimiz, bu günümüz, sabahımız…

Hər xalqın öz milli-mənəvi dəyərləri var. Bu dəyərlər xalqın keçmişində saxlanır, bu günündə yaşayır və sabahına ötürülür.
  Bu baxımdan Azərbaycan mədəniyyəti zəngin keçmişini özündə qoruyub saxlayaraq milli-mənəvi dəyərlərimizin daim yaşaması yönündə əvəzsiz xidmətə  malikdir. Mədəniyyət bir xalqın kimliyinin,varlığının göstəricisidir.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri də onun geyim tərzi və baş örtüyünü özündə birləşdirən milli geyim üslubudur.Xalqımızın qız-gəlinlərinin lap qədim dövrlərdən baş örtüyü olan və özündə böyük bir tarix yaşadan Azərbaycan kəlağayısı mədəniyyətimizin ayrılmaz parçasıdır. Nənələrin boğçasının olmazsa olmazı,qız-gəlin sandığının bəzəyi,əsil xanımların gözəlliyinin zərif naxışı-KƏLAĞAYI. Şəninə sözlər deyilib,şeirlər yazılıb, mahnılar oxunub. Bir xalqın milli-mənəvi dəyərlərinin layiqli daşıyıcısısan.Və sənin haqqında söylənən hər bir söz,deyilən hər bir fikir, verilən dəyər milli-mədəni irsimizə bir töhfədir.Özündə zəriflik, gözəllik və milliliyin vəhdətini qoruyub saxlayırsan.

Kəlağayı əlvan-qıyqacı,
Tarixlərin izi səndə.
Qız-gəlinin ehtiyacı ,
Gözəlliyin özü səndə.
*
Naxışların zərif, incə,
Göz oxşayır gündüz-gecə.
Dönüb duyğuya, sevincə,
Saf niyyətin sözü səndə.
*
Nənəmin nazlı  örpəyi,
Kövrək arzusu, diləyi.
Toy xonçasının bəzəyi,
Çox  yanlışın düzü səndə
*
Yaraşıqlı, zərif, kövrək,
Bu büsata əhsən deyək.
Basqalımdan yol gələrək,
Od-alovun közü səndə
*
İpək üstə incə  naxış
Yaradan əllərə alqış !
Bu nə qəmzə, bu nə baxış ?
Xanımların nazı səndə,
Ömrün qışı, yazı səndə.

Yuneskonun milli-mədəni sərvətlər siyahısına salınmış kəlağayı Azərbaycan mədəniyyətini bütün dünyada layiqincə təmsil edir və  öz orijinal gözəlliyi ilə göz oxşayır. İllərin sınağından keçib keşməkeşli yol gələn kəlağayı müasir dövrümüzdə də öz dəyər və əhəmiyyətini qoruyub saxlayır.Sevindirici haldır ki, kəlağayı müasir dünyaya ,modern həyata  inteqrasiya etdiyimiz bir dövrdə də Azərbaycan qız-gəlinin geyimini tamamlayan bir elementə çevrilib. Müasir xanımlar kəlağayıdan baş örtüyü kimi istifadə etməsələr belə onu ən azından çiyinlərində atqı kimi istifadə edib öz geyim tərzlərini daha da gözəlləşdirirlər.
Gərgin zəhmətin,diqqətin məhsulu olan kəlağayı öz naxışı, butası ilə sanki bir tarix yaşadır,sanki bir tarix yaradır:

Zərif naxışların incə çələngi ,
Yaraşır gəlinə, qıza kəlağay .
Keçmişlə bu günün birgə ahəngi
Gözəllik bəxş edir gözə kəlağay .

Sanki nənələrin gül boğçasıdır,
Bağban becərdiyi gül bağçasıdır.
Butalar düzülüb  dürr taxçasıdır,
Abırsan,ismətsən bizə kəlağay.

Tarix yaşadırsan özündə hər an,
İtmir gözəlliyin  keçsə də zaman .
Şöhrətinə şahid külleyi – cahan ,
Sığmır gözəlliyin  sözə kəlağay !

10 ildir ki ölkəmizdə 26 noyabr kəlağayı günü kimi qeyd olunur. Və bu istiqamətdə öz səyini və zəhmətini əsirgəməyən Güllü Eldar Tomarlının fəaliyyətini xüsusi olaraq  qeyd etmək vacibdir. Güllü xanım kəlağayının təbliği və onun gələcək nəsillərə ötürülməsində çox böyük işlər görür, tədbirlər planı həyata keçirir,Azərbaycanın müxtəlif yerlərində konsertlər təşkil edir və kəlağayının unudulmaması yolunda yorulmadan çalışır. Müxtəlif illərin sənət əsəri olan kəlağayıları öz yaratdığı kəlağayı muzeyində qoruyub saxlayır.Bu zəhmətindən dolayı Güllü xanımı alqışlayır və ona bütün işlərində uğurlar arzu edirik.

Çox qürurverici haldır ki, Azərbaycan xalqının hər sahədə özünəməxsus zəngin  keçmişi,tarixin yaddaşına yazılacaq şərəfli bu günü və daha da inamlı olacaq sabahları  var.
Yaşasın tarixin sınağından bu günümüzə yol alan, zamanın süzgəcindən ləyaqətlə keçən, milli-mənəvi dəyərlərimizi özündə birləşdirən və qoruyub saxlayan milli kəlağayımız!
Yaşasın Azərbaycan mədəniyyəti!
Yaşasın Azərbaycan dövlətçiliyi!
Yaşasın Azərbaycan xalqı!

Ramilə ƏLİYEVA,
“Borçalı” nəşriyyatının redaktoru,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatlarıı laureatı

ZiM.Az

.

Paylaş: