SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ (Akademik Mədəd Çobanovun əziz xatirəsinə) » ZiM.Az

Qarışıq dövrdə, çətin zamanda,
Bir oğul doğuldu Darvaz elində.
Bu millət qalanda ahda-amanda,
Bir ana sevindi dua dilində.

Xalq mədəd diləyir o vaxt Allahdan,
Şeytandan, iblisdən xilas arayır.
Köməyə yetişsin Ulu Yaradan,
Hamıya köməyə bir O yarayır.

Uşağın adını Mədəd qoydular,
Dedilər: “Arzumuz qoy Mədəd olsun!”
Arzuyla şeytanın bağrın oydular,
Bəlkə diləyimiz yerini alsın.

Dil açıb böyüdü, məktəbə getdi,
Sarıldı bu uşaq kitab-dəftərə.
Zəhmətlə oxuyub kamala yetdi,
Məqsədi elm oldu onun bir kərə.

Ali məktəblərə o ayaq açdı,
Baxmadı çətinə, almadı vecə.
Yüngül həvəslərdən uzağa qaçdı,
Çalışıb oxudu o gündüz-gecə.

Türkün dili çox daş olub,
Şaqqıldaşır yad başında.
Hər fürsətdə yağı olub,
Boğmaq istər göz yaşında.

Görünməmiş dərdlər gördü,
Bu millət çox aldı yara.
Sevinci yox, kədər gördü,
Otuz yeddi çəkdi dara.

Yenə səbrin yolu geniş,
Səbr eylədi, dözdü millət.
Qarşıdaydı yoxuş, eniş,
Yeriyirdi canda zillət.

Dili qorumağa vardı ehtiyac,
Mədəd də bu yolu seçib oxudu.
Bir gün çörək tapdı, bir gün oldu ac,
O çətin zamanı keçib oxudu.

Qarşıda məqsədi alim olmaqdı,
Dilə sahib çıxıb oxuyacaqdı.
Yağıdan, yadlardan öcün almaqdı,
Hər tələni yıxıb qoruyacaqdı.

Allahı üzünə güldü bu gəncin,
Açıldı önündə onun qapılar.
Qalxıb pillə-pillə durdu ucada,
Əlbət qaranlığa işıq tapılar.

Orta məktəbini bitirib getdi,
Ali məktəblərə üz tutdu o da.
Yaradan yolunu işıqlı etdi,
Çatdı böyük ünə, şöhrətli ada.

Bir zaman oxuyub, elm öyrəndiyi,
Ali məktəblərdə müəllim oldu.
Neçə tələbələr gəldi yanına,
Elmin sirlərini məhz ondan aldı.

Gülümsər üzüylə, şirin diliylə,
Hər sözə-söhbətə sığal çəkərdi.
Beləcə dayanıb elm ocağında,
Millətin qəlbində türklük əkərdi.

Tanındı hər yerdə Mədəd müəllim,
Şöhrəti, ad-sanı gəzdi cahanı.
Elmin yollarında ucaldıqca o,
Həm ruhu dincəldi, həm də ki canı.

Bakı cazibəsi çəkdi özünə,
Onun biliyinə qiymət verdilər.
Borçalı oğlunun Azərbaycanda
Nurlu simasında vüqar gördülər.

Neçə tələbəyə cığır açdı o,
Yolunda yeriyib alim oldular.
Onun ziyasından, onun nurundan
Sönməyən əbədi məşəl aldılar.

Onun səs-sorağı okean aşdı,
Çağladı çay kimi, dünyanı tutdu.
Yüksək kürsülərdən gəldi sədası,
Şirin türk diliylə zirvəyə çatdı.

Amerka, Nyu-York Akademyası
Onu sırasında görmək istədi.
Belə ad hər kəsə qismət olmayır,
Tanrının nəzəri başı üstədi.

Həqiqi üzv oldu Mədəd müəllim,
O böyük mərkəzdə, o böyük yerdə.
Elmi ad, təltiflər gəldi dalbadal,
Akademik kimi yüksəldi bir də.

Allahın ən xoşbəxt bəndəsi oldu,
Beş övlad bəxş etdi vətənə alim.
Özü alim idi, övladları da
Ali savad alıb, oldular alim.

“Meyvə budağından kənara düşməz”,
Bu hikmətli sözü dədələr deyib.
Yaxşını çəkiblər hər zaman başa,
Onlarla güvənib, onları öyüb.

Atanın yolunu tutub övladı,
Onlar da mətinlə bu yolu gedir.
Xalq unudan deyil alim oğlunu,
Adını hörmətlə daim yad edir.

İşıqlı yolları qoyub bizlərə,
Mədəd Çobanov da Haqqa yeridi.
Ona rəhmət deyək gündə yüz kərə,
Qazandığı gözəl cənnət yeridi.

Nurlu əməllərin parlayacaqdır,
Cəsədin yatsa da bu qara yerdə.
Millətin yolunda alışıb yandın,
Sən bir günəş oldun xatirələrdə.

Əflatun Hüseynoğlu
Şair-publisist, din xadimi.
Borçalı Keşəli kəndi.

26–28.02.2024.

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: