BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ… » ZiM.Az

Fərman Borçalı zəng edib dedi ki, əmin Mədəd müəllimin xatirəsinə həsr olunmuş kitab hazırlayırıq, onun haqqında xatirə yazmalarını nəzərdə tutduğumuz adamların siyahısında sənin də adın var, 15-20 cümləlik bir yazı yazıb göndər.

Təbii ki, dünyasını dəyişmiş hər kəsin xatirəsi doğmaları və yaxınları üçün əzizdir, unudulmazdır. Üstəlik, həmin adam cəmiyyətdə özünəməxsus mövqeyi ilə seçilən bir elm adamı, ziyalı və ağsaqqaldırsa, deməli, onun xatirəsi yaxınları və doğmaları ilə yanaşı, həm də bütövlükdə cəmiyyət üçün əzizdir. Əlbəttə, öncə Fərman müəllimə bu xeyirxah işində uğurlar arzulayıb, minnətdarlığımı bildirdim, eyni zamanda dəqiqləşdirmək üçün soruşdum ki, maksimum 20 cümlə olsun? Ondan təsdiqləyici cavab alandan sonra yazının həcmi ilə bağlı belə ciddi reqlament qoymasından nəinki incimədim, hətta ürəyimdə alqışladım və bunu onun işə məsuliyyəti kimi qəbul etdim.
Doğması barəsində xatirə yazmaq, onun haqqında artıq keçmiş zamanda danışmaq hamı üçün çətindir. Əslində, xatirə yazmaq bir az özün-özünü ovundurmaq, heç olmasa, bununla təsəlli tapmaqdır. Ancaq sənə çox əziz birisinin yerini isə nəinki 15-20 cümləlik, heç bir kitablıq xatirə də doldura bilməz. Belə insanlar haqda xatirələr kağızda yazılmaz, ürəklərdə yaşadılar. Ürək isə kitab deyil ki, hər kəs onu oxuya bilsin, daha doğrusu, hər kəsə açıb göstərə biləsən. Və belə xatirələr sadəcə kiminsə sifarişi ilə, yaxud da ildönümlərində yada düşmür, o, bir ömür səninlə olur: sən özün xatirəyə dönənə kimi!

Mədəd müəllim görkəmli alim və ictimai xadim kimi həm Gürcüstanda, həm də Azərbaycanda məşhur olub. Azərbaycan dilçilik elmində orijinal tədqiqatları ilə seçilən, özünəməxsus yeri olan, əsərləri bütövlükdə Türk dünyasında yayılan bir alim kimi tanınıb. Borçalılar isə onu həm bir alim, həm də dəyrəli bir eloğlu, müdrik ağsaqqal kimi sevib. Bu sevginin, bu rəğbətin mayasında böyüyüb boya-başa çatdığı Darvaz kəndindən və mənsub olduğu kökdən gələn halallıq və əsil-nəcabətlə yanaşı, həm də uzun illər bu bölgədəki elmi-pedaqoji və ictimai fəaliyyəti durur.

Mədəd müəllim bir ziyalı kimi şərəfli ömür yaşayıb, özündən sonra təkcə şirin xatirələr yox, həm də zəngin elmi irs miras qoyub.
Bütün bunlarla yanaşı, Mədəd müəllim nəslimizin-kökümüzün ağsaqqalı, üzağlığı və dilimizin uzunluğu, qürur və öyüd-nəsihət yerimiz, gənclərin yolgöstərəni olub həmişə və yaddaşlarda yaşayan dəyərli tövsiyələri ilə hələ uzun müddət bu missiyanı daşıyacaq. Onunla bağlı gündən-günə daha da şirinləşən xatirələrimi kağıza köçürməkdə isə qələm də acizdir. Axı, ürəklə yazılanı, ürəkdə yazılanı kağıza köçürmək çox çətindir və hərdən mənə elə gəlir ki, bu xatirələri elə ürəkdə yaşatmaq daha yaxşıdır, kağıza köçürsəm, bəlkə də, dadına-duzuna xələl gətirmiş olaram.

Hazırlanan kitabın Mədəd müəllimin adına layiq olması arzusu ilə Fərman Borçalıya bu xeyirxah işinə görə minnətdarlığımı bildirir və reqlamentə uyğun olaraq burda bir ömürlük xatirənin iyirminci cümləsinin nöqtəsini qoyuram…

Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: