Efir məkanında zövqümüzü korlayan müəyyən verilişlərə rast gəldikdə, çoxu kimi mənim də qəlbimdən nəsə söyləmək keçir. Hamıya məlumdur ki, bu mövzu vətəndaşlarımızın ən yaralı yeridir. Təbii ki, efirin tamaşaçı və dinləyici auditoriyası çox genişdir, çoxlu sayda insanları öz əhətəsində cəmləyir. Bəzən olur ki, heç insan istəmədən belə üzqaraldıcı verilişləri, ikrahdoğurucu yayınları izləmək və ya dinləmək məcburiyyətində qalır; hətta həmin verilişlər ikrah hissi doğursa belə.
Çox vaxt deyilir ki, hər bir eybi öz adı ilə demək lazımdır, yəni ünvanı dəqiq qeyd etmək gərəkir. Ancaq düşünürəm ki, “görünən dağa bələdçiyə heç bir ehtiyac duyulmur.” Hər kəs öz eybini çox gözəl görür, aydınca duyur. Lakin çalışır ki, özünü karlığa, korluğa vurub, anlamazlığa qoysun. Sanki “tülkü kimi başını toyuq hininə soxub, quyruğundan xəbəri yox” kimi… Həm də atalarımız da çox gözəl qeyd edib ki, sən de, yiyəsi özü götürəcək. Digər tərəfdən isə fikir elə düstur formasında meydana çıxmalıdır ki, o düşündürücü olsun. Gizli və qapalı, sətraltı və mətnaltı mənalar ifadə edən fikirlər daha tutarlı, daha təsirli olur, nəinki açıq formada…
Əziz dostlar! Əzəli-əbədi diyarımız olan Qrabağımızı 30 ilə yaxın bir müddət ərzində işğaldan azad edə bildik. Görən bəs televiziyamızı, radiomuzu işğaldan qurtarmağa bizim üçün nə qədər zaman gərəkli olacaq. Ancaq, əzizlərim, sizə elə də asan görünməsin bu… Soruşursunuz ki, “Niyə?”, “Nə üçün?” Elə isə onda bir az da diqqətinizi artırın, müəyyən məqamları Sizə açıqlayım:
Dostlar! Qarabağımızı işğal edənin kim olduğu nəinki bir xalq olaraq hamımıza, hətta bütün dünyaya belə bəlli idi; yəni düşmənimiz bizə gün kimi tam aydın idi. Vahid bir xalq olaraq məğrur Ali Baş Komandanımızın ətrafında sıx birləşib o qarı düşmənə qarşı elə bir cəbhədən də çıxış etdik. “Dəmir Yumruğa” çevrilib əfi ilanın başını əzdik, özü də necə; zərbəmizi onun başına elə endirdik ki, çətin bir daha özünə gəlsin.
Ancaq digər bir “düşmən”, yəni efir məkanımızı “işğal edənlər” isə öz içərimizdəndirlər; yanımızda, həndəvərimizdədirlər. Əziz müəllimim, xalq yazıçısı İsmayıl Şıxlının həcmcə kiçik, məna baxımdan dərinliyi özündə ehtiva edən bir hekayəsində olduğu kimi, necə deyərlər, onlar “sapı özümüzdən olan baltalar”dir ki, var. Elə ən qorxulu düşmən də içimizdə yurd-yuva salanlardır. Bu sırada rəhmətlik Sabir yada düşməsin, neyləsin:
Cin görürəm, şeytan görürəm, qorxmuram,
Harda müsəlman görürəm, qorxuram.
Nə gözəl deyim, nə qədər dərin bir hikmət… Məntiqə vardıqda, həqiqətən də cindən, şeytandan axı niyə də qorxulmalı, əgər niyyətin doğrudursa, əməlin düzdürsə… Əksinə bu cür xarakteri özündə kəsb edənlərin, yəni əməli-saleh insanların qorxusundan şeytan özü tük tökür. Erməni də elə bizim üçün şeytan cildində, iblis donunda idi… Necə ki, kiçik bir zaman kəsiyində rəşadətli Azərbaycan ordusu tərəfindən pərən-pərən salındı, darmadağın edildi, şücaətkar əsgərlərimizin qorxusundan harda ki bir dəlmə-deşik tapdı, siçan kimi gizləndi; lakin bundan da heç bir kar aşmadı.
Ancaq eyni cilddə, eyni donda olub, hamılıqla bir arada dayanıb, xalqın mənəviyyatına əl uzatmaq, onun zövqünü korlamaq üçün ayaqda olmaq, “bostanına daş atmaq” üçün müntəzir dayanmaq qarı düşmənlərimizin etdiklərindən daha təhlükəlidir. İblis xislətli düşmənin niyyətləri sırasında əgər Vətənimizin cismani mövcudluğuna qəsd, torpaqlarımız bahasına hesablanmış təcavüz, hədəfə götürülmüş ərazi bütövlüyümüz dayanırsa, içimizdəki xəyanətkarların sərgilədiklərində isə Vətənin intellektual mövcudluğuna – milli-mənəvi dəyərlərimizə qarşı qəsd, mənəviyyatımıza yönəlmiş təcavüz, ruhumuza tuşlanmış ciddi təhlükə yer almış olur; zövqümüz üzərində ya bilərəkdən, ya da bilməyərəkdən sanki bir işğal faktı həyata keçirilir. Bu baxımdan “sapı özümüzdən olan baltalar” hər zaman təhlükə mənbəyi olaraq qorxu saçıb və dahi Sabir demişkən, əzizlərim, onlardan qorxmağa dəyər!
Efir məkanımızın tezliklə işğaldan qurtulması ümidi ilə…
Həbib Mirzəyev
AzTU-nun “Humanitar fənlər” kafedrasının müdiri
filologiya üzrə fəlsəfə doktoru, dosent
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın