RUHUN ŞAD OLSUN, ELDAR MÜƏLLİM! » ZiM.Az


RUHUN ŞAD OLSUN, ELDAR MÜƏLLİM!

Bu gün şair-mühəndis
ELDAR HACIYEVin ANIM Günüdür!

(1938-2006)

Eldar Yəhya oğlu Hacıyev (ELDAR ELOĞLU)
1938-ci il avqust ayının 1-də qədim Borçalı ma­halında – indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kən­dində anadan olub.
Orta təh­silini doğma kəndində başa vurduqdan sonra o, Azərbaycan Sənaye İnsti­tu­tunu
(son­ralar Azərbaycan Neft və Kimya İns­titutu adlanan indiki Azər­baycan Neft Akade­miysını) bitirib. Əmək fəaliy­yətinə B.Sər­darov adına
Bakı Maşın­qa­yır­ma zavodunda başlayıb:
mühəndis, sex rəisi, baş mexanik,
baş mühəndisin müavini,
baş mühəndis vəzifələrində çalışıb.
Sonralar bir müddət M.Əzizbəyov adına
Təcrübə-sınaq zavo­dunda baş mühəndis
vəzifəsində işləyib.
Daha sonralar isə pedaqoji fəaliyyətlə
məşğul olub, Bakı Politexnik və
Maşın­qayırma Texnikumlarında dərs deyib.
Ömrü­nün son gününə kimi Bakı Texniki
Kollecində metodist-müəllim işləyib.

1958-ci ildən müntəzəm olaraq mətbuatda dərc olunan, 10 kitabın – o cüm­lədən iki texniki kitabın (“Maşınqayırma fəhləsinin yaddaş kitabçası”, “Azərnəşr”, 1980, “Öm­rü nəyə həsr edək”, “Azər­­nəşr”, 1984) bir tarixi xronoloji oçerklər kitabının (“Binə­qədidə bir zavod var…”, “Azərbaycan” nəşriyyatı, 1996) müəllifi olan, ziyalılar arasında mühəndis-müəllim kimi böyük hörmət və nüfuz qazanmış Eldar Hacıyev özünü həm də nəğməkar şair kimi tanıda bilmişdir.

Onun “Tut ağacı” (“Yazıçı” nəşriyyatı, 1990), “Yaşadığım dəqi­qələr” (1998), ”Dünya sevənlərindir” (2001), “Sevənlərin kitabı” (2002), “Çaylar dənizə tələsir” (2004), “Son nəğmə” (2005) və “Uzaq illərin nəğmələri” (2006) adlı şeirlər ki­tabları, eləcə də “Çinar pöhrələri” (Bakı, 1979, 1981), “Yeni səslər-1” (Bakı, 1984) almanaxlarında, “Ağır elli Borçalı” (Bakı, 1990, Ərzu­rum, 1996), “Addımlar” (Bakı, 1995, 1996, 1998) poeziya toplu­larında, “Azər­baycan”, “Ulduz”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Gürcüstan”, “Təhsil”, “Zi­ya”, “Bor­çalı”, “Şərqin səsi” və bir sıra müxtəlif mətbuat orqan­larında çap olunmuş neçə-neçə poemaları, yüzlərlə şerləri, nəğ­mələri oxucular tərəfindən həmişə maraqla qarşılanmışdır.

Yaxşı yadımdadır. 1990-cı il… Təlatümlü bir dövr idi. Şei­rə, sənətə maraq azalmışdı. Az qala hamı Meydan həyatı yaşa­yırdı, bəlkə də cılız şüarlar dalıyca qaçırdı. Belə bir vaxtda şair üçün oxucu tapmaq çətin məsələ idi. Məhz belə bir zamanda – 1990-cı ildə “Yazıçı” nəşriyyatı Eldar Hacı­yevin “Tut ağacı” (şeirlər və poema) kitabını oxucuların ix­tiyarına verdi…

Kitab nəinki Borça­lılıların, eləcə də bütün Azərbaycan gənclərinin sevincinə səbəb oldu. Qısa bir vaxt­da kitab respublikaya yayıl­dı, haqqında qəzet səhi­fələrin­də məqalələr dərc olundu. Kitabdakı şeirlər “Ümid bi­tirən torpaq”“Dünya sevənlərin­dir!” sərlövhəli iki başlıq al­tında cəmlənmişdir. Elə bu başlıq­lardan E.Hacıyevin yaradı­cılı­ğının mövzusu aydın hiss olunur. Göründüyü kimi, o, əsasən müasirlərimizi düşündürən problem­lər­dən yazır. Dövrümüzün ümumbəşəri qayğıları, insan taleyi, Vətən və torpağ sevgisi, zəhmət dünyası, təmiz və kövrək məhəbbət aləmi şairin ən çox müraciət etdiyi mövzulardır.

Şairin “Bir anın səhfi” adlı poeması gənclik mövzusunda ya­zılmış ən gözəl poemalardan biri sayıla bilər. “Gizli məhəbbət”, “Qızlar… qızlar…”, “Sən­sizlik”, “Danışa bilmirik”, “Təbrik”, “Görüş” və s. şeirləri də eyni mövzuda yazılmış sənət əsərləridir.

Eldar Hacıyevin “İnam” sənədli-lirik poeması isə dünya şöh­rətli soydaşımız, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Sibir neftinin müəllifi, məşhur neftçi-alim Fərman Sal­manova həsr olunub.

Şairin yaradıcılığında vətən, yurd, el-oba məhəbbəti xüsusi yer tutur. “Azərbaycan” şeirində:

Yanmağı sən öyrətdin,
Sevməyi anam mənə.
Yaşamaqçın bir ömrü
Verdiniz inam mənə.

Yer başıma dolansın
Bir an sizi anmasam.
Yana-yana sevərək,
Sevə-sevə yanmasam.

– deyən şairin “Vətən”, “Torpaq”, “Günəşli dünya”, “Tutağacı”, “Kəndə gedən yol”, “Ümid bitirən torpaq” və s. şeirləri də diqqəti cəlb edir. “Haray”, “Qapı dalında”, “Palıd”, “Fəhlə”, “Dəmirçi”, “Yanğı”, “Kənd toyları”, “Ana­lar”, “Estafet”, “”Yürüş”, “Tələs”, “Oğlum” və s. şeirləri tərbiyəvi əhəmiy­yət daşı­yır.

Həyatda xırdalıq çox böyük dərddi,
Hər boş şey dalınca getmə sən, oğlum!
Böyük əməllərə köklə özünü –
Adilik içində itmə sən, oğlum!

Az yaşa, çox yaşa, deyil hünərdən,
Sən könül dolusu sevməyi öyrən.
Quru çöpünə də təsirlənməsən,
Sənə oğul deməz bu Vətən, oğlum!

Könülsüz sənəti, könülsüz yarı
Keçirmə boynuna…. çoxdu qubarı.
Demirəm səhv etmə, etsən də barı
Mən edən səhvləri etmə sən, oğlum!

Şairin “Olmasın” sərlövhəli şeirinə nəzər saldıqda isə
onun doğma kəndinə necə bağlı olduğunun bir daha şahidi oluruq:

İnsan yaşadıqca kövrəlir yaman,
Çalışır hal tutsun dostdan, tanışdan.
Ay Darvaz ətrini gətirən oğlan,
Könlüm mənsiz olsun, sənsiz olmasın!

O yurdun ətiri elə ətir ki,
Ürəyim o yersiz sönüb gedir ki,
Mənə bircə çəngə yarpız gətir ki,
Yazdığım nəğmələr duzsuz olmasın.

Görən, unudubmu o dağlar məni?
Çağırır yuxumda bulaqlar məni.
Bezdirib bəzəkli otaqlar məni,
Heç kəs bu dünyada izsiz olmasın.

Tarixin təkəri fırlanır yaman,
İmtahan dalınca gəlir imtahan,
Bir istəyim vardır qoca Tanrıdan,
Qartal göysüz, ceyran düzsüz olmasın.

Nə üzlə baxarıq Quyu bulağa,
Torpaqdan qalxmışıq – dönək torpağa,
Gələk də, gedək də Bakıya, amma
Biz Darvazsız, Darvaz bizsiz olmasın….

Eldar Hacıyev həm də gözəl ailə başçısı idi. 2 oğul, 1 qız ata­sıydı, 7 nəvə­nin sevimli babasıydı…
Onun hələ neçə-neçə arzu­ları, neçə-neçəya­zıl­mamış əsər­ləri vardı…
Amma təəssüflər olsun ki, amansız ölüm onu bizdən ayırdı…

2006-cı il noyabrın 27-də Azərbaycan təhsilinin, mədəniyyətinin, poe­ziyası­nın, neft və kimya maşınqayırması elminin inkişafında xüsusi xidmətləri olan müəllim-mühəndis-şair Eldar Yəhya oğlu Hacıyev (Eldar Eloğlu) qəflə­tən dün­­yasını dəyişdi.

Eldar Yəhya oğlu Hacıyevin əziz xatirəsi qohumlarının, yaxınlarının, dost­larının, tələbələrinin, oxucularının, bütün onu tanıyanların, bir sözlə, qədir­bi­lən xalqımızın qəlbində yaşayır, daim və əbədi olaraq yaşayacaqdır. Allah rəhmət eləsin!..

Müşfiq BORÇALI.

«Bütöv Azərbaycan» qəzeti, 2012.

Eldar ELOĞLU –
Eldar HACIYEV

TUT AĞACI

Kəndin ortasında bir tut ağacı,
Nə vaxtdır fələyə baxır qıyqacı.
O qədər ağsaqqal gəldi dibinə,
Axır, özünün də ağardı saçı.

Qışda hənirlidir, yayda sərindi,
Kəndin pir yerinə dönübdü indi.
Bura tut yeməyə gəlməz bir nəfər,
Burda xatirələr tutdan şirindi.

Bağlı bir kitabdır sanki hər ömür,
Söhbətə başlayan susmaq istəmir.
Odur, Nalbənd Məmmi danışır yenə,
Nahar yaddan çıxıb yoruldum demir.

Kimin ki, gəncliyi ötüb mənalı,
Söhbəti andırır şəkəri, balı.
Xatirə sandığı boş olanlar da,
Baxır ağızlara, ağzıaçılı…

Mənim yaşıdlarım!… günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun…

“Azərbaycan” jurnalı,
1982, № 10.

YOLLAR

Rahat yerisək də üzü enişə
Enişlər dərəyə aparar bizi.
Çətin yerisək də üzü yoxuşa
Yoxuşlar zirvəyə aparar bizi.

Enişə endikcə gözdən itərsən
Həb kimi udarlar dərələr səni.
Zirvədən həm özün çox yer görərsən
Həm də ki, çox yerdən görərlər səni.

Dağlar yadıma düşdü…

Könlüm birdən qanadlandı,
Görən dağlar həməndimi?
Otuz ildir görmədiyim
Buz bulaqlar həməndimi?

Kəhər atı yəhərlədim,
Axşamını səhərlədim.
Yeri-göyü xəbərlədim
O torpaqlar həməndimi?

Qara arxac, Ortabulaq,
Lilparlıda süfrə salaq.
Dolaşdığım oymaq-oymaq
O yaylaqlar həməndimi?..

Məni görüb yelləndilər
Çiçək açıb gülləndilər.
Gördüm dağlar həməndilər
Amma Eldar həməndimi?..

Dünya bir dəlixana…

Dünya bir dəlixana
Yığışmışıq yan-yana.
Biri şöhrət dəlisi,
Biri dövlət dəlisi.
Ağılsız bir cür dəli
Ağıllı min cür dəli.
Olmuşuq başdan-başa
Nəfsimizin köləsi.
Yarımız pul dəlisi,
Yarımız eşq dəlisi.
Dünya bir dəlixana…

Telefon danışıqları

Əvvəl əllərindən ayırdın məni
Sonra gözlərindən,
Səsimdən ayrıla bilmədin ancaq.
Bircə gün səsimi eşitməsən sən
Sandım ki, bu saat dünya uçacaq.

Yapışıb qalmışıq biz telefondan

Suda boğulan
Bir saman çöpündən yapışan kimi.
Nöqtə qoyacağam daha bu eşqə
Çıxıb gedəcəyəm qəbrimə sarı,
Bitəcək telefon danışıqları.
Özümü itirib, uf demədin sən
Səsimi itirib sarsılacaqsan.
Hər zəng çalınanda diksinəcəksən,
Hər zəng çalınanda qıc olacaqsan.
Bir gün o dünyadan zəng çalacağam,
Donub qalacaqsan bu qəfil səsdən.
Dəstək əllərindən düşüb sınacaq
Səsimi dinləyə bilməyəcəksən…

Kimdir günahkar?..

Gözlərimi səndən çəkə bilmirəm
Sənmi günahkarsan, mənmi günahkar?
Sən gözəlsən, mən də gözəl dəlisi
Sənmi günahkarsan, mənmi günahkar?

İnsaf et, üzünü çevirmə yana
Könül istər baxışından odlana.
Sən cavansan, mənim üzüm o yana,
Sənmi günahkarsan, mənmi günahkar?

Göz qızınmaz, söz ürəkdən gəlməsə,
Üzüm gülməz, əgər könlüm gülməsə.
Başqaları səni görə bilməzsə-
Sənmi günahkarsan, mənmi günahkar?

Eldar deyər, yarpaq kimi mən əsdim,
Gənc olsaydım, vallah səndən keçməzdim.
Sənmi gec doğuldun, mənmi tələsdim?-
Sənmi günahkarsan, mənmi günahkar?..

“Aşıq Pəri” məclisi

Yaşılbaş sonalar yığışıb yenə
Gözəllik hər şeyi gözəlləşdirir.
Örpək var camala yaraşıq verir
Camal var, örpəyi gözəlləşdirir.

Biri şer deyir, valeh olursan
Birinin səsində dağ şəlaləsi
Zülfiyyə çoxdandır məst edib bizi
İndi də Tellisi, həm Kəmaləsi.

Elə oxuyurlar, elə çalırlar
Ürək az qalır ki, yansın, inləsin.
Təkcə Azərbaycan azdır onlara
Onları qoy bütün dünya dinləsin…

Dördlüklər

Gözünü açırsan, gün olur yarı
Yatsaq, odumuzu kim qalayacaq?
Qabaqda gedənə çatmayanları
Arxadan gələnlər tapdalayacaq..
* * *
Dünyada nə qədər qadın vardısa
Dünyanın o qədər möcüzəsi var.
Qadın görünməmiş bir qüvvədir ki,
Önündə Şahın da diz çökməsi var…

Analar

Özümü anama yetirə bildim
Gördüm, ürəyimin başı göynədi.
Ona bircə qaşıq su verə bildim
“Dərdin ürəyimə gəlsin,”- söylədi.

Göylər bu nidanı görən yazdımı?-
Gözlərim bulud tək dolmaq istədi.
Can verən anamın dərdi azdımı?-
Mənim dərdimi də almaq istədi…

Kəndə getmişdim…

Gözümdə necə də böyüyüb bu kənd,
Könlümdə necə də doğmalaşıbdır.
Elə bil imana, dinə gəlmişəm
Sevincim başımdan aşıb-daşıbdır.

Belə sevdiyimi bilməzdim heç vaxt
Mən ona nə qədər yaxınam indi.
Dünyaya Darvazdan baxırdım bir vaxt
Dünyadan Darvaza baxıram indi…

Bir toya getmişdim

Təsadüf bir toya apardı məni
Alışıb yanırdı ipək pərdələr.
Birdən elə bil ki, od vurdu məni
Dəydi gözlərimə sevdiyim dilbər.

Toy kimin idisə, dəhşət mənimdi,
O axşam neçə yol ölüb-dirildim.
Ağappaq geyinmiş gəlin o idi,
Amma yanındakı bəy mən deyildim.

Baxışlar havada toqquşdu birdən
Yer də silkələndi bir az, deyəsən.
Xəyal toy evindən çıxartdı məni,
Bəs onun əhvalı necoldu görən?!

İlahi, rəhm elə, dözüm birtəhər,
Bir onu bildim ki, getdim özümdən.
Onunla olduğum xoş dəqiqələr
Bir kino-lent kimi keçdi gözümdən.

Onda ayıldım ki, məclis qurtarıb
Bu axşam nə yedim, mənim bəsimdi.
Hamı öz evinə çıxıb gedəcək,
Ürəksiz mən hara gedim bəs indi?!

Gözəlləri süzə-süzə…
(nəğmə)

Gözəlləri süzə-süzə
Bir də gördün çatdım yüzə.
Ovçu gözüm baxmaz sözə
Dilim qalar yana-yana.
Gözümü qaşım saxlayar
Ağlımı başım saxlayar.
Dilimi yaşım saxlayar
Əlim qalar yana-yana.
Deməyin ki, sönəcəyəm,
Mən göylərdən enəcəyəm.
Öləndə də sevəcəyəm-
Ölüm qalar yana-yana…
26.11.2006

* * *

REDAKSİYADAN:

Ay keçəcək, il ötəcək,
Yenə həmin gün gələcək…
Sevgilərin boy atacaq,
Şeirlərin seviləcək…
Ellər səni yad edəcək,
Nəvələrin sevinəcək…
…Onda bu gün düşər yada-
Ölüm qalar yana-yana…

Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir