SADİQ ZAMAN: “Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi” » ZiM.Az

Azərbaycan elminin və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov xalqımızın yaddaşında əbədi yaşayan görkəmli ziyalılarımızdandır. O, təkcə sanballı elmi yaradıcılığı və məhsuldar pedaqoji fəaliyyəti ilə deyil, həmçinin yüksək insani keyfiyyətləri ilə qəlblərdə dərin iz qoyub.
Professor Mədəd Çobanovun mənalı həyat yolu onun Azərbaycan dilçiliyi və milli dəyərlərimizə olan sevgisinin, sədaqətinin və zəhmətkeşliyinin bariz nümunəsidir.

Şanlı ömür yolu

Bu məqalə akademik Mədəd Çobanovun əziz xatirəsini yad etmək, onun pedaqoji nailiyyətlərini və şəxsiyyət ucalığını anmaq, elmi irsinin əhəmiyyətini vurğulamaq və gələcək nəsillərə çatdırmaq məqsədi daşıdığı üçün, ilk öncə, görkəmli alimin keçdiyi həyat yolunu vərəqləyək:
Akademik Mədəd Çobanovun doğma kəndindən başlayaraq elm və təhsil sahəsində qazandığı uğurlar, gənc yaşlarından göstərdiyi qətiyyət və çalışqanlıq, onun bir alim və əsl ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. O, 1937-ci il aprelin 11-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya göz açmışdır. Doğma kəndindəki orta məktəbi bitirdikdən sonra, 1955-1960-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil almışdır. Darbaz kəndində birillik pedaqoji fəaliyyətdən sonra hərbi xidmətə yollanmış, Zabitlər məktəbində təhsilini davam etdirərək leytenant rütbəsi almışdır. Daha sonra o, Bolnisi rayon komsomol komitəsi və Bolnisi rayon partiya komitəsində işləmiş, həmçinin Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.

İlk uğurlar

Mədəd Çobanovun coşqun elmi fəaliyyəti, Borçalı şivələrinin leksikasına dair dəyərli tədqiqatları onun Azərbaycan dili və mədəniyyətinə olan sevgisini dolğun şəkildə əks etdirir. 1973-cü ildə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat və Dilçilik İnstitutunda “Borçalı – Bolnisi rayon şivələrinin leksikası” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi Mədəd Çobanovun adını geniş elmi ictimaiyyətə tanıtdı. Beləliklə, gənc alimin dilçilik sahəsində apardığı faydalı tədqiqatlar, Borçalı şivələrinin leksikasına dair namizədlik dissertasiyası onun elmi fəaliyyətinin ana xəttini təşkil etdi. Bu dəyərli tədqiqat Azərbaycanın bölgələrinin dil xüsusiyyətlərini qoruyub saxlamağın və gələcək nəsillərə ötürməyin nə qədər vacib olduğunu göstərdi.
Mədəd Çobanovun elmi fəaliyyətinin zirvəsi isə 1992-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etməsi ilə baş verdi. Tezliklə professor elmi adına layiq görüldü. Azərbaycan dilinin mühüm aspektlərini tədqiq edən bu doktorluq dissertasiyası dilimizin zənginliyini və onun tarixi köklərini daha dərindən anlamağa kömək etdi.

Pedaqoji fəaliyyət

Akademik Mədəd Çobanovun pedaqoji fəaliyyəti də elmi nailiyyətləri qədər önəmli olmuşdur. O, 21 il Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, yüzlərlə tələbənin biliklərə yiyələnməsində böyük rol oynamışdır. Təsadüfi deyil ki, Mədəd müəllimin dərs dediyi tələbələr arasında çoxlu sayda tanınmış alim və pedaqoqlar var. Mədəd müəllimin dərslərində Azərbaycan dilinin incəliklərini, bu təcrübəli pedaqoqun dilçilik sahəsindəki elmi prinsiplərini dərindən öyrənmək imkanı olan tələbələr onun verdiyi bilik və dəyərləri öz karyeralarında tətbiq edərək professor Mədəd Çobanovun elmi-pedaqoji irsini yaşatmışlar.
1990-cı illərdə Gürcüstanda baş verən ictimai-siyasi hadisələr Mədəd Çobanovu doğma yurdundan ayrılmağa və 1994-cü ildə Azərbaycana köçməyə məcbur etdi. Bakı elmi-ədəbi mühiti alimin həyatında yeni bir mərhələ açdı. O, Azərbaycanda elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirdi, nüfuzlu ali təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışdı, neçə-neçə savadlı alim və pedaqoq nəslinin yetişməsinə əvəzsiz xidmətləri oldu: Akademik Mədəd Çobanov Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan vəzifələrində çalışdı, həmçinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri kimi fəaliyyət göstərdi. 1992-ci ildə Mədəd Çobanov Onomastika üzrə Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü və sədrin müavini, 1993-cü ildə Azərbaycan Alimlər İttifaqının, 2000-ci ildə Türk Dil Kurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçildi.

Zəngin elmi irs

Professor Mədəd Çobanovun elmi irsi zəngin və çoxşaxəlidir. O, səksəndən çox kitabın, o cümlədən, on beş monoqrafiyanın, ondan çox dərslik və dərs vəsaitinin, altmışdan çox elmi əsərin müəllifidir ki, bunların arasında “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” kimi dəyərli əsərləri xüsusilə qeyd etmək lazımdır. Bu sanballı tədqiqatlar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan dilçiliyi sahəsində yeni istiqamətlər formalaşdırmışdır.
Qeyd edək ki, professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları – Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif illərdə və ölkələrdə səkkiz dəfə çap olunmuşdur.
Alimin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” kitabında dastanın yaranma tarixi, Qalın Oğuz elinin dövlətçilik ənənələri, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və casusluq təcrübəsi ətraflı şəkildə təhlil olunmuşdur. Kitabın “Borçalıda Dədə Qorqud izləri” adlanan hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr geniş şəkildə işıqlandırılmışdır.
Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.

Dünya alimləri Mədəd Çobanov haqqında

Professor Mədəd Çobanovun əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrində dəfələrlə çap olunmuş və görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Dünya şöhrətli yazıçı, məşhur türkoloq alim Çingiz Aytmatov 1998-ci ildə professor Mədəd Çobanovun elmi yaradıcılığını yüksək dəyərləndirərək yazımışdır:
“Tanınmış türkoloq, professor Mədəd Çobanovun son illərdə onomastika sahəsində apardığı elmi tədqiqatlar məni çox sevindirir. Xüsusilə də toponomika sahəsində apardığı araşdırmalar çox qiymətli və təqdirəlayiqdir. Onun Ufada və Bişkekdə keçirilmiş beynəlxalq elmi konfranslardakı məruzələri isə diqqətimi xüsusilə cəlb etmişdir. Ona bu yolda uğurlar arzulayıram”.

Akademik Şanazar Şaabduraxmanov (Özbəkistan) isə azərbaycanlı alimin Türkologiya sahəsindəki xidmətlərini önə çəkmişdir:
“Professor Mədəd Çobanov Azərbaycan dilçiliyi və Türkologiya sahəsində zəngin dilçilik ənənələrinə sadiq olmaqla yanaşı, Türkologiyanın müasir ümumi problemlərini araşdırıb gələcək nəsillərə ötürülməsində böyük əməyi olan alimlər nəslinə mənsubdur”.

Akademik Edhem Tenişyev (Moskva) da azərbaycanlı alimin fundamental elmi fəaliyyətini dəyərləndirənlər sırasında olmuşdur:
“Filologiya elminin tarixi ilə yaxından tanış olan professor Mədəd Namaz oğlu Çobanov elmin müasir səviyyəsinə uyğun olan və araşdırılmamış mövzuları çox ustalıqla seçir və tədqiqata cəlb edir. Bu da onun elm sahəsində yeni-yeni nailiyyətlər qazanmasına səbəb olur”.

Akademik Əbdüləziz Dəmirçizadə isə professorun ilklərə imza atdığını diqqət mərkəzinə çəkmişdir:
“Mədəd Çobanov Azərbaycan dilinin müasir problemlərini milli təəssübkeşlik və təşəbbüskarlıq baxımından araşdıran ilk alimlərimizdən biridir”.

Professor Qəzənfər Kazımov öz həmkarının fəaliyyətini hərtərəfli təhlil etmişdir:
“Professor Mədəd Çobanov görkəmli türkoloq, tanınmış dilçi alim, təcrübəli pedaqoq və zəhmətkeş tədqiqatçı olmaqla yanaşı, həm də xalqımızın təəssübkeşi, ana dilimizin və milli mədəniyyətimizin yorulmaz keşikçisidir!”

Akademik Mədəd Çobanovun xatirəsinə

Professor Mədəd Çobanovun 60, 70, 75 və 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə böyük təntənə ilə qeyd olunmuşdur. Bu yubileylər münasibəti ilə akademik Afad Qurbanovun rəhbərliyi ilə “Professor Mədəd Çobanov – 60” (1997), tanınmış yazıçı Əli Abbasın tərtibatında “Professor Mədəd Çobanov – 70” (2007), akademik Nizami Cəfərovun “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” və “İki ölkə alimi” (2017) kimi sanballı kitablar nəşr olunmuşdur.
Bundan başqa, Mədəd müəllimin həyat və yaradıcılığı haqqında filmlər çəkilmiş, televiziya və radio verilişləri hazırlanmış, elmi konfranslar, sessiyalar və seminarlar keçirilmişdir.
Bu yaxınlarda isə məktəblilər arasında görkəmli türkoloq alimin əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – Varlığımızdır!” adlı inşa müsabiqəsi keçirilmişdir.
Mədəd müəllimin geniş elmi fəaliyyəti onun yalnız bir dilçi və tədqiqatçı kimi deyil, həm də əsl ziyalı və vətənpərvər kimi necə böyük bir şəxsiyyət olduğunu göstərir. Akademik Mədəd Çobanovun adı, onun fundamental elmi yaradıcılığı Azərbaycan dilçilik elminin tarixinə qızıl hərflərlə yazılmışdır.

El və elm ağsaqqalı

Professor Mədəd Çobanovun məhsuldar elmi və pedaqoji fəaliyyəti onun Azərbaycan dilinə, xalqımıza, milli dəyərlərizə olan olan sevgisinin, bağlılığının ən gözəl təzahürüdür. Görkəmli alimin Azərbaycan dilçiliyi və mədəniyyətinin inkişafında silinməz izlər buraxan zəngin elmi-pedaqoji irsi gələcək nəsillər, dilimizin incəliklərini öyrənənlər üçün dəyərli qaynaq və ilham mənbəyi olacaq.
O, təkcə tanınmış alim deyil, həmçinin əsl ziyalı, təəssübkeş vətəndaş, hər kəsə böyük sevgi və təmənnasız qayğı göstərən səmimi insan idi.
Bütün mənalı ömrünü elm və təhsilin inkişafına həsr edən görkəmli dilçi alim, tanınmış pedaqoq Mədəd Çobanovun əziz xatirəsi, nurlu siması, zəngin elmi irsi qəlblərdə, yaddaşlarda əbədi yaşayacaq, hər zaman bizlər üçün örnək, ilham mənbəyi olacaq.
Bu böyük alimə Allahdan rəhmət diləyir, onun müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik!

SADİQ ZAMAN,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: