Zərəngiz Dəmirçi Qayalıdan dastan dadında şeirlər » ZiM.Az

Məlumdur ki, milli dastanlar dünya səhnəsinə üç mərhələdən keçərək günümüzə qədər gəlib çatır. Millətin bütövlüyü haqqındakı bir hadisənin o xalqın şair övladı tərəfindən şeirləşdirilməsi ilk mərhələdir. Bu şeirin xalqın beyninə həkk olunub dillər əzbəri olması, hətta xalqın zehnindən keçib könül sözünə çevrilməsi ikinci mərhələni yaradır. Şeirlərin sonrakı dövrlərdə ustad bir şair tərəfindən sujetləndirilərək milli dastana çevrilməsi üçüncü mərhələdir. Təbii ki, bu prosesdə əsas olan ilk mərhələdir.

Azərbaycanın qadın şairlərindən olan Zərəngiz Dəmirçi Qayalının şeirlərinin əksəriyyəti Azərbaycan ədəbiyyatında yeri olan dastan dadında seirlərdir. Onun şeirləri təkcə Azərbaycan və ya Cənubi Azərbaycan xalqının deyil, bütün Türk xalqının milli dəyərlərini təmsil edir. Bu şeirlər Türk xalqının şücaət və qəhrəmanlıq ruhunu, azadlıq və istiqlal həsrətini coşduraraq ürəklərin tərcüməçisinə çevrilir. Onu epik şair adlandırmaq olar. Bunun güclü ifadəsini onun “Türkəm mən” şeirində görmək olur:

Coşan dəli seləm mən,
Açan təz güləm mən,
Nəğməli könüləm mən,
Türk oğluyam, Türkəm mən,
Dünyalara görkəm mən!

Şairin Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr etdiyi poemanın son sətirlərində türk millətinə olan məhəbbətin zirvəyə çatdığı görülür:

Bir Tanrı qüdrəti var,
Türküm, sənin adında!
Göstər yağı düşmənə
Qüvvətini, gücünü.
Hər zaman al yamandan
Qisasını, öcünü!
Qazandın əbədilik,
Bir zəfər sədasını!
Ölməzlik dünyasında
Məğrurluq nidasını…
Yazdın tarixə qoydun!
Düşmənin gözün oydun!
Düşməninə hər zaman,
Ölüm olsun, ar olsun!
Tanrı Türkü qorusun!
Tanrı Türkə yar olsun!

Cümhuriyyət rədifli şeirində bir türk qadını olaraq cümhuriyyətin dəyərinin, fəzilətinin əhəmiyyətinin başa düşüldüyünü görürük:

Göy üzünə al qanımla yazdığım,
Cümhuriyyət-şəhidimin öz qanı.
Ana südü, Ata öyüdü kimi,
Cümhuriyyət- millətimin öz canı!

Şair təkcə bu kitaba daxil olan şeirlərində “Vətən” sözünü 77 dəfə işlətmişdir. Bu onun Vətənə sevginin əlamətidir.

Bu yüksələn bayrağım,
Qəlbimə qürur mənim!
Ana Vətən eşqiylə,
Ürəyim vurur mənim!

Mavi mənim göyümdür,
Al qanım hər şeyimdir,
Yaşıl-cənnət torpağım,
Uca sərvi boyumdur!

Vətən andı içməyim,
Varlığımdan keçməyim,
Şəhid yolu seçməyim,
Müqəddəs diləyimdir!

Zərəngiz, 31 bənddən ibarət “Haqq səsimdir, Ərdoğan” adlı şeirini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevə, onunla birlikdə Türkiyə müdafiə sənayesində dost və qohum xalqları heyran edib, böyük gücləri qısqandıran əsərlər yaratmış Səlcuq Bayraktara ithaf edib. Şeirin bir bəndində Türkiyənin Azərbaycanın yanında olduğunu və Prezident Ərdoğanın onlara mənəvi dəstəyini Allaha bəyan edir:

Türk oğlu Türk hayıma,
Gəlib çatdı, Allahım!
Türkün Prezidenti,
Oldu mənim pənahım!

Həmin şeirin başqa bəndində isə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan türklərinin dünyadakı haqq səsi olduğunu və onun “hayqıran” nəfəsi ilə bir dəniz, bir ümman kimi çağladığını deyir:

Haqq səsimdi dünyada,
Rəcəb Tayyib Ərdoğan!
Hayqıran nəfəsilə,
O bir dəniz, bir ümman!

Səlcuq Bayraktarın əsəri olan “Bayraktar” pilotsuz döyüş təyyarələrinin Azərbaycan sərhədlərini can kimi gəzdiyini və bütün şər qüvvələri saman çöpü kimi süpürdüyünü təsvir edir:

“Bayraqdar” gəzdi mənim,
Sərhəddimdə can kimi.
Şərə-şürə pisləri
Süpürdü saman kimi.

Şair başqa bir bənddə onun salamının və məhəbbətinin Ulu türkə çatdırılmasını, türk sevgisinin doğma yurda gətirilməsini istəyib:

Salamımı, eşqimi,
Ulu Türkə yetirin!
Türkün məhəbbətini,
Yurdumuza gətirin!

Zərəngiz şeirin digər dörd misralarının birində çox mühüm bir məqamı vurğulayır. Azərbaycanın və Türkiyənin eyni soydan gəldiyini, eyni ruhu daşıyan iki bədən şəklində “Bir millət, iki dövlət” olduqlarını, canın candan ayrı ola bilməyəcəyini ifadə edir.

Bir kökdən iki xalqıq,
İki ruhuq, bir bədən.
“Bir millət, iki dövlət”-
Candan ayrı deyil can.

O, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin ideallarını, məziyyətlərini və ulu əcdadlarına bənzəyişlərini sadalayır:

Rəcəb Tayyib Ərdoğan,
Haqq zəfərə gedəndir!
Atillanın tarixdə,
Etdiyini edəndir!

İlham, Ərdoğan dedim!
Türklüyün iki oğlu!
Çağla dünya boyunca,
Bir nəhrin iki qolu!

Sən canınla, qanınla,
Vətəninə bağlısan!
Varsan, ulu tüksən sən,
Böyük Turan oğlusan!

* * *
Xalqın könül sözünə çevrilən hər bir Vətən övladı kimi Zərəngiz də şeirlərində Azərbaycanın, eyni zamanda bütün türk dünyasının Vətən problemlərini, el dərdlərini mənimsəmişdir. O, şeirlərində bütün türk yurdlarının ortaq problemi olan bölünmə məsələsi və zorla bir-birlərindən ayrı düşmələrindən kinayəsiz və açıq ifadələrlə danışır.
İki yüz ildən artıq bir müddətdə – 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra çar Rusiyasının hakimiyyətilə Araz çayı sərhədə çevrilərək Azərbaycanı iki yerə böldü. Ölkənin üçdəbiri ruslara verildi, ikisi isə dövlətin başında olan Qacar türk xanlığında qaldı. XX əsrin əvvəllərində Azərbaycan Sovet İttifaqının hakimiyyəti altına keçdi və bir neçə ildən sonra ingilislərin səyi nəticəsində Təbriz mərkəzli torpaqlar Azərbaycandan zorla qoparılaraq farsların hakimiyyətinə verildi. XX əsrin sonlarında mərkəzi Bakı olan (Şimali) Azərbaycan müstəqillik əldə edərək öz idarəçiliyini əlinə aldı. Təbriz mərkəzli və tərkibində qaşqay, türkmən, qarapapaq, xələc kimi türklər və qırx milyona yaxın İran türkü olan Cənubi Azərbaycan hələ də müstəqillik əldə edə bilməmişdir. Onlar bütün siyasi və mədəni hüquqlarından, xüsusən də ana dilində təhsil almaq haqqlarından məhrum olunaraq yaşayırlar.

Zərəngiz Dəmirçi Qayalı, “Təbriz mənim olub, mənim olacaq!” adlı şeiri ilə Türk dünyasının ən böyük problemlərindən olan bu məsələni dünyaya çatdırır:

Farsın ağasına ismarıcım var,
Təbriz mənim olub, mənim olacaq!
Eşitsin sözümü millətlər, xalqlar,
Təbriz mənim olub, mənim olacaq!

Gəlin duvaqlıdır ana Təbrizim,
Sirli-soraqlıdır ana Təbrizim,
Doğma elim-obam, bu yurdlar bizim,
Təbriz mənim olub, mənim olacaq!

Azərbaycanın daha bir Vətən qayğısı Qərbi Azərbaycan – Zəngəzur, Göyçə və Borçalı bölgəsidir. Təbriz mərkəzli Cənubi Azərbaycan kimi Göyçə mərkəzli Qərbi Azərbaycan da Moskvanın xainliyi ilə üzləşdi. Gülüstan, Türkmənçay müqavilələrindən sonra rus orduları və onların tabeliyində olan ermənilərin dəfələrlə işğalına məruz qaldı. Bölgənin qədim sahibləri olan türklər öz vətənlərindən qovularaq İran, Türkiyə və Rusiya ölkələrindən gətirilən ermənilərə təqdim olundu. Yəni car Rusiyasının Anadolu ilə Türküstan arasında bufer zonası yaratmaq siyasətinin əsası olaraq, İran və Türkiyədən yüz minlərlə erməni gətirilib İrəvan, Göyçə, Ahılkələk, Ahıska bölgələrində yerləşdirildi.

Eyni zamanda Ahıska və Ahılkelek İstanbul hökumətindən alındı.
Təbriz də, Ahıska da, Göyçə də əsl sahiblərinə qovuşacaqları günü səbirsizliklə gözləyirlər.
Zərəngiz xanım, körpəsi yad əllərdə qalan ana həsrətilə Göyçə həsrətini “Bayrağımı çək başına!” adlı şeiri ilə dilə gətirmişdir.

Göydə uçan mələklərim,
Yerdə açan çiçəklərim,
İnanıram Tanrıma mən!
Güləcəkdir diləklərim!

Göyçə də mənim olacaq!
Düşmənə qənim olacaq!
Qoca tarix! Yol ver bizə!
Dalğalansın uca bayraq!

* * *

Zərəngiz Dəmirçi Qayalının şeirlərində özünəməxsusluq, estetik dərinlik, sözlərin qatlarına enmək, qafiyə rahatlığı və aydın, səlis nəqletmə xüsusiyyətləri diqqəti cəlb edir. “Şuşam” adlı şeirindəki dördlüklər buna nümunədir.

Şuşam, sənə qonaq gəlim,
Arzum gözümdə qalmasın!
Həsrət gözlərim yol çəkir,
Bəs nisgilim azalmasın?

Gülünü şehli dərərəm,
Sinəmin üstə sərərəm,
Sevinc yaşları çilərəm,
Yollarında “toz olmasın”!

O, “Bilmirəm” redifli şeirində həyatın axarını, zamanın gedişatını qismətin bələdçisi kimi görüb müdaxilə edə bilmədiyindən ziyalı bir mütəfəkkir həssaslığı ilə şikayətlənir.

Nurda da kədər varıymış?
Bir yazı-qədər varıymış?
Pünhan ölçülər varıymış?
Aşkar bildirə bilmirəm?

Ömür amanatdı, Tanrı,
Çox sirrli həyatdı, Tanrı,
Dünya nə büsatdı, Tanrı?
Qəfil dindirə bilmirəm?

Şair doğulduğu yeri, Qazax şəhərini şeirlərində sanki bir şəkil çəkirmiş kimi təsvir edir:

Mən səni görəndə könlüm açılır,
Dağları əl-ələ tutuşan Qazax!
Gözümə Tanrının nuru saçılır,
Canımda qanımla uyuşan, Qazax!

Geniş sinəsində ceyran oylağı,
Meşəsi, çəməni, gülşəni, bağı,
Əzəldən şairlər, pirlər torpağı,
Hikmət dünyasına şərəf, şan, Qazax!

Süleyman Çələbi “Mövlud”una Allahın adı ilə başlayır və hər işə başlayarkən Allahın adının zikr edilməsinin vacib olduğunu və Allahın adı ilə başlayan işin asan olacağını bildirir. O deyir:

Allah adın zikredelim evvela,
Vacib oldur cümle işte her kula.
Allâh adın her kim ol evvel anâ,
Her işi âsan eder Allâh anâ

Zərəngiz Dəmirçi Qayalı da xeyli uzun mənzuməsində Mövlidin Tövhid bölümü kimi həyatın müxtəlif hissələrini misallarla izah edir.

Ya Allah…

Uşaqlıq dünyamdan
əbədi bir səs,
Gəlir qulağıma,
doğma, müqəddəs –
Ya Allah!

Bir ədib, bir qələm
Aldı əlinə,
Gözümün önündə,
Mən eşidəni
İlkin bu söz
Gəldi onun dilinə! –
Ya Allah!

Götürüb beynimdə, ürəyimdəki
Bir iki kəlməni yazsam kağıza,
Kağız da dolacaq,
göz də dolacaq,
Hər sözüm-bir tarix,
Yadda qalacaq!
Bilirəm, ilk sözüm
bu söz olacaq –
Ya Allah!

Şairə 1992-ci ildə Azərbaycan torpaqları işğal olunanda könüllü olaraq cəbhəyə yollanan, iki ilə yaxın cəbhələrdə döyüşdükdən sonra yanında bomba partlayan, nəticədə beyin travması alan və evə qayıtdıqdan bir müddət sonra şəhid olan bacısı Vəfa Dəmirçioğlu üçün yazdığı poema və şeirləri “Vəfam Mənim” adlı kitabında toplayıb. Həmçinin, şəhid bacısı Vəfaya Dəmirçioğluna “Yaşa Vəfa Dəmirçioğlu” adlı şeir də həsr etmişdir. Həmin şeirin iki bəndi belədir:

Adın dillərdə əzbərdi,
Yaşa, Vəfa Dəmirçioğlu!
Şöhrətin ellər gəzərdi,
Yaşa, Vəfa Dəmirçioğlu!

Gödək ömrün soraq, soraq!
Can kitabın varaq, varaq!
Köksündə üçrəngli bayraq,
Yaşa, Vəfa Dəmirçioğlu!

Zərəngiz xanım Şəhidlərə həsr etdiyi və “Qələbə Köynəyi” adlandırdığı bu kitaba altı poema daxil edib. Ilk sırada 44 günlük Qarabağ müharibəsində böyük fədakarlıqlar göstərib şəhid olan general Polad Həşimov üçün yazdığı “Polad Poladım – Qalibim” poemasına yer verib:

44 günlük Zəfər
Çalındı, bilin!
Poladın qisası,
Alındı, bilin!

Durur başım üstə
Üçrəngli bayraq,
Alındı yadlardan,
Anamız torpaq!

Dalğalan bayrağım,
Uğurlar olsun!
Polad tək igidlər
Daim var olsun!

İkinci poeması “Kazım Qara Bəkir Paşa” poemasıdır. O, Şərqin fatehi kimi də tanınan, Şərqi Anadolunu ruslardan və onların nəzarəti altında olan ermənilərdən xilas edən Kazım Qarabəkir Paşa haqqında böyük məharətlə şeirlər yazıb. Mənzuməyə bu misralarla başlayır:

Türkün sərkərdəsi, igid komandan,
Dünyanın sərvəri, o igid aslan,
Mustafa Kamalın əmriylə haman,
Çatmış qardaşının dadına candan,
Türkün sevgisini türkə yetirmiş!
Özüylə qardaşlıq eşqi gətirmiş!

Üçüncü isə Azərbaycanın xalq şairi Rəsul Rzaya həsr etdiyi “Hər ömür bir nəğmə…” adlı poemasıdır.
Onun dördüncü poeması “Tənha Qayıq” adlanır və şairə Nurəngiz Günə həsr edilib.
Beşincisi “Çanaqqala 100” adlanır. O, bunu Çanaqqala savaşının 100-cü ildönümü üçün yazıb.
Altıncı poema “Ağlama dan üzü…” adlı poemasıdır. Vaxtsız dünyasını dəyişən həyat yoldaşı üçün qələmə alıb.

Bir sözlə, demək olar ki, Zərəngiz Dəmirçi Qayalı xalqının problemlərini dilə gətirməyi, günün tarixi hadisələrinin dastanını qələmə almağı, xalqın bağrından çıxan igidlərin cəsarətlərini, fədakarlıqlarını, şücaət və qəhrəmanlıqlarını tarixə yazmağı bacarmışdır.

Prof. Dr. Ali KAFKASYALI

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: