Borçalı mahalının alim oğlu, xalqımızın, el-obanın sevimlisi olan, səmimi, qayğıkeş, təmənnasız yaxşılıq etməyi bacaran, xoş təbiətli Mədəd Namaz oğlu Çobanov məhz belə insanlardan idi. Mədəd müəllim haqqında xatirə yazmaq mənim üçün böyük bir şərəfdir. Onun yaşadığı müddətdə həmişə xoş sorağını eşitmişəm. Gələcək nəsillər onun ömür salnaməsini vərəqlədikcə, qürur duyacaq, onun işıqlı həyat yolunun nuruna bələnəcək, açdığı uğurlu yolla elmin zirvəsinə ucalacaqlar.
Mədəd Çobanov dünyaya gələndə, heç kim bilmirdi ki, o çox gənc yaşlarında öz əməyi, elmi, savadı, zəhmətsevərliyi ilə hamının rəğbətini qazanacaq, şöhrətin pillələrində çox asanlıqla yüksələ biləcəkdir. O, çalışqan, zəkalı bir alim olmaqla yanaşı, adamlarla ünsiyyət qurmağı, dostluq etməyi də bacarırdı. Onun insani keyfiyyətlərindən dostlarına, tanışlarına həmişə pay düşərdi, öz ziyası, eşqiylə onları da qurub-yaratmağa həvəsləndirərdi. Son vaxtlar tez-tez Borçalıya baş çəkər, eldə-obada, kəndimizdə təhsil alan gənclərə yardım edərdi, tövsiyələr verərdi. Alim kimi öz nurlu zəkası ilə neçə həmyerlimizə sənət yolunda bələdçilik etmişdi.
Bütün bunlarla yanaşı, o, çox qürurlu, heç kimin qarşısında əyilməyən, məğrur bir insan idi. Şərəfli ömür yolu yaşayan, təhsilimizin inkişafında misilsiz xidmətləri olan Mədəd müəllim uzun müddət məsul vəzifələrdə çalışmışdı. Hər hansı bir iş üçün onun üzərinə gedən, məsləhət almaq istəyən onlarla insana dayaq olmuşdu, doğru yol göstərmişdi. Bir mötəbər elm xadimi, bir ağsaqqal kimi həmişə gənc alimlərin yanında olardı. Bu xalqın gənclərinin, elmi potensialının inkişafına illərini vermişdi. Onlarla alim, sənət adamının yetişməsində, ictimaiyyətə təqdim olunmasında böyük əməyi vardı.
Həmişə fəxr etdiyimiz, bizə hər zaman örnək olan Mədəd Çobanov ömrünün 86-cı ilində canından çox sevdiyi Vətəninə, doğmalarına vida etdi. Lakin onun arzusu, əməlləri bizimlədir. Bu gün onun yolunu, layiqli davamçısı, oğlu Müşfiq Çobanov və yetişdirdiyi onlarla gənc alim davam etdirir.
Onun işıqlı siması, əziz xatirəsi hər zaman ürəklərdə yaşayacaq, həyatda gördüyü işlər həmişə yad ediləcəkdir.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!
ƏLİ HACIYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri profesoru,
kafedra müdiri
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın