ƏNCƏM VƏLƏDOV (1986)

Vələdov Əncəm Azər oğlu 1986-cı il 24 iyulda Qusar rayonunda anadan olub. İxtisasca əczaçıdır. Ailəlidir, 2 uşaq atasıdır. Həm Azərbaycan, həm də ləzgicə şeirlər yazır. “Marvar” ədəbi məclisinin üzvüdür. Aktiv şəkildə qiraətlə məşğul olur.

 

BU DÜNYA ƏBƏDİ, EVİMİZ DEYİL

 

Həyat göz qırpımı, bir anlıq həvəs,

Ruh çəkilən kimi,bitirmiş nəfəs,

Ölümü dadacaq əlbətdə hər kəs,

Bu dünya əbədi evimiz deyil.

 

Bu həyat dediyin bir ovuc sudur,

Önəmi qalmamış ya boş, doludur.

Susasan da belə qismətin budur,

Bu dünya əbədi evimiz deyil!

 

Olsa da nə qədər varın dövlətin,

Sərhədlər aşsada şanın şöhrətin,

Dəyişməz gerçəyi sənin qüdrətin,

Bu dünya əbədi evimiz deyil

 

Hər günü sınaqdır hər gün imtahan,

Çətinə düşəcək nəfsinə uyan,

Qalmasın cahanda, məni duymayan,

Bu dünya əbədi, evimiz deyil.

 

HARA GEDİRƏM

 

Bu gözəl dünyaya gəldiyim gündən,

Haradan gəlmişəm, hara gedirəm?

Hissim, duyğularım soruşur məndən –

Haradan gəlmişəm, hara gedirəm?

 

Qəribə, əcaib qorxularım var,

Yalana bənzəyən doğrularım var.

Adları naməlum, duyğularım var,

Haradan gəlmişəm, hara gedirəm?

 

Sərhədi olmayan bir məkan oldum,

Səbəbsiz batmayan bir tikan oldum.

Məkanlar içimdə laməkan oldum,

Haradan gəlmişəm, hara gedirəm?

 

Bir zərrə işıqdan doğulan mənəm,

Bir damla su ilə yoğrulan mənəm.

Suallar içində qovrulan mənəm,

Haradan gəlmişəm, hara gedirəm?

 

Sirat körpüsünü, de, necə keçim?

Tükənmiş taqətim, tükənmiş gücüm.

Dolanbac yollarda varmı bir seçim?

Haradan gəlmişəm, hara gedirəm?

 

ZiM.Az

 

.

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir