Salidə Şəmmədqızı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Rəna masanın üzərindəki mavi rəngli jurnalı nəzərdən keçirmək üçün götürdü. Pasientləri ilə apardığı qeydləri təkrar nəzərdən keçirmək istəyirdi. İş prosesində fikri müayinə etdiyi xəstələri ilə o qədər məşğul olurdu ki, bəzən xırda detallar gözündən qaçırdı. Ona görə də xəstələrini müayinə etdiyi zaman apardığı qeydlərini nəzərdən keçirməyə başladı. Bu dəfə Natiq haqqında yazdığı qeydləri oxuyurdu. Natiq Mifologiya institutunda şöbə müdiri idi. Rəna Natiq haqqında fikirləşdi: «Savadlı olmağına savadlıdır, amma şöbə müdirlik onun yeri deyil axı. Görən bütün alimlərimizmi belədir? Təbii ki, yox… Milçək bir şey deyil, amma ürək bulandırır. Həyatda bunun kimi paxıl bir insanla rastlaşmadım. İnstitut işçilərinin bir qismini ətrafına toplayıb savadlı elmi işçilərin müdafiələrinin qarşısını almağı, bisavadlara isə kömək edib müdafiə etdirməyi özünə şərəf bilir. Qrupunu da ki, «staraya qvardiya» adlandırır».
Rəna jurnalı vərəqləyib oxumağına davam edib əvvəl apardığı qeydi hündürdən istehzayla oxumağa başladı: «Mən Bayrama tapşırdım ki, iclasda çıxış et, doktorluq müdafiə edənləri tənqid et. Bayram Çingiz deyil ki, qorxsun. Bayram da iclası da gözləmədi. Dostlarımızdan, yəni «staraya qvardiya»nın ən aktiv üzvlərindən olan Asifin yubileyi keçirilirdi. Orda danışdı, nə danışdı…»
Rəna jurnalı örtüb icazə alıb kabinetə daxil olmuş köməkçisi Nərgizə baxdı. Nərgizin gətirdiyi sənədləri alıb masasının üzərinə qoyaraq, Natiqin növbəti qəbul vaxtını soruşdu. Nərgiz “indi öyrənib deyərəm” deyərək cəld addımlarla kabinetdən çıxdı. Rəna jurnaldakı qeydlərini oxumağa davam etdi: «Bayram çıxdı, nə çıxdı… Dedi ki, siz o, doktorluq müdafiə edənlərin işini mənə verin, mən onların cavabını verim. Bir şeyi anlamadım, bu Bayram cavab verəndisə, üzvü olduğu seminarda müdafiəyə buraxılan iddiaçılara cavab versin da. Nə isə… Söhbətdən uzaqlaşmayaq… Bu bizim mifologiya institutunda müdafiə edənlərə aid deyil ha…. Rəna xanım, siz bunu möhkəm-möhkəm yadınızda saxlayın. Bayram, özünün stəkan dostlarının, ya da «staraya qvardiya» üzvlərinə ömründə heç nə deməz, pislik etməz. Siz bilməzsiniz bunu… Qruplaşma üzvü olmaq nə deməkdir! Onları biz əla bilirik. Amma… Bayram da qorxarmış… Qorxaq… Direktordan çəkindi e… Direktora cavab verə bilmədi ki… O da bu cür qorxaqdı. Yəni Çingiz bir cür qorxur, Bayram bir cür. Nə isə…”
Natiq sonra əsəbi halda ayağa durub var-gəl edərək Rənanın masasına yaxınlaşmışdı. Rəna da Natiqi sakitləşdirmək üçün demişdi:
– Natiq bəy, özünüzü ələ alın. Sizə əsəbləşmək olmaz.
Natiq isə dodaqlarını dişləyərək başı ilə Rənayla razı olduğunu bildirib demişdir:
– Hə, haqlısınız. Mənə hirslənmək olmaz. Heç olmaz.
Yerində əyləşdikdən sonra Natiq davam etmişdi: “Bilirsiniz, Bayrama niyə hirsliyəm? Bilmirsiniz… Bayram yaxşı gəlirdi, amma həmişəki kimi sonda xarabladı. Ümumiyyətlə, onun xasiyyətidir, durur, ağlına gələni deyir, nüfuzlu bir adam söz deyəndə, quyruğunu geri qısır. Bu xasiyyətinə hamı bələddir. Mifologiya institutunun direktoruna cavab verə bilmədi. Direktor ona heç nə demədi. Halal olsun. Direktorun səbri var. Sadəcə dedi ki, əvvəla sən müdafiə et, daha sonra isə müdafiə edilmiş doktorluq işlərinə baxarsan. Bilirsiniz bu nə deməkdi, Rəna xanım? Deməkdi ki, sən kimsən ki, doktorluq işinə rəy bildirəsən. Rəy bildirməyi bacaransansa, pulla, sifarişlə yazdığın kitabları, məqalələri kənara qoy, elmi iş yaz. Müdafiə et. Bacara bilirsənsə. Bacarmırsansa nə tula kimi ortaya düşmüsən. Mədəni şəkildə. Rəna xanım bir şeyi də sizə deyim ki, bu camaat, bu avam camaat elmi işlə publisist yazıları bir-biri ilə qarışdırır. Bir də görürsən müzakirə vaxtı başlayırlar ki, iddiaçının qəzet və jurnallarda, yəni mətbuat səhifələrində yazıları çıxırdı. Axı müxbirlik ayrı şeydi, elmi tədqiqatla məşğul olmaq ayrı şeydi. Onda bütün müxbirləri avtomatik elmlər üzrə fəlsəfə doktoru ya da elmlər üzrə doktor edək? Bu bilirsiniz nədən irəli gəlir. Onu deyənin savadsızlığından, elmsizliyindən, naşılığından…»
Nərgizin qapını taqqıldadıb içəri girməsi Rənanı oxumaqdan ayırdı. Nərgiz hazırladığı qəhvəni Rənanın qarşısına qoyaraq dedi:
– Nuş olsun, Rəna xanım. Natiq bəy həmişəki kimi şənbə gününə yazılıb.
Nərgiz telefon zəngini eşidib Rənadan cavab gözləmədən otaqdan çıxdı. Rəna qəhvədən bir-iki qurtum içərək jurnalı vərəqləyərək, qeydlərini oxumağa davam etdi: «Natiq oturduğu kresloda ayağının üstündən aşırdığı ayağını əsəbi halda yelləyib ətrafını süzərək dedi:
– Dünən bizim institutda tədbir var idi.
Natiq əsəbi halda barmaqlarını şaqqıldatmağa başladı. Natiq özündən tamam çıxmışdı. Əsəbi şəkildə başını yelləyirdi. Natiq dodaqlarını gəmirərək qışqırdı:
– Bir qadınla bacarmırlar.
Natiqin keçirdiyi sarsıntının səbəbini qadınla bağlı olduğunu hiss edib soruşdum:
– Nə qadını, Natiq bəy? Sizin işçinizdir?
Natiq əyləşdiyi kreslodan durub pəncərənin qarşısında dayandı. Pəncərədən səmanı seyr edib dedi:
– Yaman dolub. Mütləq yağacaq.
Sonra mənə baxaraq dedi:
– Mən ona dedim ki, onun ağzından vur…
Natiqin demək istədiklərinin məğzini anlamadığım üçün soruşdum:
– Kimə nə demişdiniz, Natiq bəy?
Natiq əsəbi halda keçib yerində əyləşdi. Əlindəki mobil telefonuna baxıb dedi:
– Kimə? Onun şöbə müdirinə… Münəvvərin şöbə müdirinə… Qalxıb deyir ki, qorxuram.
Natiqin fikirlərindəki qarmaqarışıqlığa aydınlıq gətirmək üçün sual verdim:
– Münəvvər qorxur?
Natiq əsəbi halda qışqırdı:
– Yox, məgər aydın deyil? Çingizi deyirəm. Çingizə neçə dəfə demişəm ki, şöbə müdiri şöbəsinin güclü işçisini şöbənin problematikası ilə işləməyə qoymamalıdır. Məsələn, onun rəhbərlik etdiyi şöbə Avropa xalqlarının mifologiyası ilə məşğul olur. Mən də deyirəm ki, işçilərinə mövzu verəndə sırf mifologiya ilə bağlı vermə. Məsələn, Şərq miflərini ver. Mövzu qıtlığıdır, bəyəm?
Gülümsəyib soruşdum:
– Natiq bəy, Avropa mifologiyası ilə Şərq mifologiyası tamam başqa şey deyil?
Natiq qalın qaşlarını sıxıb üz-gözünü əydi:
– Sizə diplom verənin atabatasına…
Natiqin sərhədi keçdiyini görüb sərt şəkildə sözünü yarım kəsib dedim:
– Natiq bəy, özünüzü belə aparmaqla, məni vadar edirsiniz ki, qəbul vaxtını yekunlaşdırım.
Natiq sərt reaksiya verdiyimi görüb duruxdu. Sonra isə heç nə olmamış kimi sakitcə söhbətinə davam etdi:
Mifologiya mifologiyadır Rəna xanım. Nə Avropa, nə Şərq. Hər ikisinin mətni var. Eh… Nə deyim? Məsələn, mən şöbəmdə savadlı bir işçimə elə mövzu vermişəm ki… İşçinin özü də bilmir. Vermişəm bir əsəri, demişəm ki, fars dilində yazılıb, get tərcümə et və sözlərin izahını ver. Bir növ mifologiya şöbəsinin işçisi də elə elmi iş ilə məşğul olmalıdır.
Mövzudan uzaqlaşmamaq üçün dedim:
– Çingizdən danışırdınız. Davam edin…
Natiq əllərini bir-birinə çarpaz edib sıxdı. Sonra burnunu silib dedi:
– Qulaq asın, görün mən haqlıyam ya haqsız…
Mənim susduğumu görüb dedi:
– Çingizə deyirəm ki, şöbədə özündən güclü olmağa kiməsə imkan vermə. İnsan savadlı ola bilər, amma sən onu elə mövzuya yönəldə bilərsən ki, o, insan özünün bütün potensialını üzə çıxara bilməz. Lotman, Baxtin səviyyəsinə yüksələ bilməz. Dünya cəhənnəm, Azərbaycanda da tanınmaz. Bu isə o qadına imkan verir ki, qol-qanad açsın.
Natiqdən soruşdum:
– Səhv etmirəmsə, sizin işlədiyiniz institutda tanınmış alim qadınlar çoxdur. Niyə məhz Çingizin şöbəsində işləyən qadın sizi qəzəbləndirir? Sizi niyə bu qədər qıcıqlandırır? Bəlkə sizin o qadına olan münasibətinizi düzgün duymamışam?
Natiq başı ilə mənim fikirlərimi təsdiqləyib dedi:
– Yox, yox, Rəna xanım… Siz həmişəki kimi haqlısınız. İnstitutumuzda qadın alimlər çoxdur. Daha Münəvvər kimi yoldan keçən deyillər.
– Anlamadım. Münəvvər dediyiniz qadın niyə yoldan keçən olub? Elmə təsadüfən gəlib?
Natiq barmağını yelləyib dedi:
– Yox, yox. Sadəcə o kiminsə qızı, arvadı, bacısı, qudası, qohumu, və ya sevgilisi deyil.
Rəna ironiya ilə Natiqə dedi:
– Münəvvər kiminsə qızı olmağına kiminsə qızıdır, kiminsə qohumudur…
Natiq əlini yelləyib qəhqəhə çəkdi:
– Ay sizi Rəna xanım… Təbii ki, kiminsə qızıdır. Amma bizim asılı olduğumuz adamın qızı, qohumu deyil. Maraqlısı isə odur ki, Münəvvərin bir deputat qohumu var. İnstitutda kimin deputat qohumu varsa, tapşırır ki, o, insana göz-qulaq olaq. Münəvvərin qohumu isə tapşırır ki, elə edin ki, gəlib mənə yalvarsın. Qadın da yalvarmaq nəyə deyilir, heç elə bil xəbəri yoxdur. Ömründə nə görüb, nə də eşidib…
Sonra mənə diqqətlə baxıb dedi:
– Qadın olasan, heç kimə yalvarmayasan, yalvarmaq nə olduğunu da bilməyəsən. İnanılmaz şey deyil. Özüm şahidi olmasaydım, danışsalar idi inanmazdım.
Sakitcə onunla söhbəti davam etdirirdim:
– Təəccüblü heç nə görmürəm. Özünə hörmət qoyan insan heç kimin qarşısında əskilməz. Niyə yalvarmalıdır?
Natiq barmağını yelləyib dedi:
– Sizinlə yüz faiz razı. Amma bunu Çingizə başa sala bilmirəm ki, bilmirəm. Elə deyir, doktorluq işim Ali Attestasiya Komissiyasındadır.
Bir şey başa düşməyib soruşdum:
– Başa düşmədim. Münəvvərin Ali Attestasiya Komissiyası ilə nə əlaqəsi?
Natiq əlinin arxası ilə ağzını silib dedi:
– Birbaşa əlaqəsi var. Deyir ki, Münəvvərin bir məqaləsindən altı tezisi götürüb. Başdan xarab… Bu tezislər onun doktorluq dissertasiyasının müdafiəyə çıxardığı yeddi tezisdən altısıdır.
Bu fakt məni maraqlandırdı:
– Deməli, Çingiz müəllim plagiatlıq edib?
Natiq yenə barmağını silkələyib dedi:
– Yox, yox… Nə danışırsınız? Münəvvər balaca bir məqalə yazıb. Amma Çingiz onu doktorluq səviyyəsinə çıxardıb. Bu hər kişinin bacardığı iş deyil, ha… Mən Çingizə başa salmağa çalışıram ki, sən böyük iş görmüsən, tezisləri doktorluq səviyyəsinə qaldırmısan, Münəvvər bacarsa idi edərdi. Bacarmayıb, sadəcə məqalə həcmində ilişib qalıb. Elə deyir «Qorxuram, Münəvvər məni Ali Attestasiya Komissiyasında məhv edər». Başa salmağa cəhd edirəm, anlamır. Kor tutduğundan yapışıb buraxmayan kimi, bu da tutduğunu buraxmır da…
Jurnalda qeydlər apara-apara soruşdum:
– Deməli, Çingiz müəllimin müdafiəyə çıxardığı yeddi tezisdən biri özünündür.
Natiq diqqətlə Rənaya baxdıqdan sonra cavab verdi:
– Demək olar ki, hə.
– Necə yəni hə?
Natiq özündən razı halda gülümsədi:
– Yeddinci tezis də şöbənin ayrı bir işçisinin tezisidir.
– Belə başa düşdüm ki, yeddinci tezis də onun deyil?
Natiq qətiyyətlə dedi:
– Yox, yox… Nə danışırsınız Rəna xanım. Mən bilirəm ki, altı tezis Münəvvərin məqaləsindəndir, yeddinci isə şöbəsində çalışan işçisinin elmi işindəndir. O tezisi həmin işçiyə başı batmış Çingiz demişdir. O, işçinin o savadı haradandır ki, o tezisi düşünə bilsin, yaza bilsin.
– Amma rəsmi işçinin adınadır.
Natiq sevincək dedi:
– Ay sizi min yaşayın. Siz dediyiniz kimidir. Başdan xarab Çingizə deyirəm ki, ay Çingiz şöbənin işçilərinə kömək etmə. Kimə deyirsən. Bu qulağından alıb, o biri qulağından verir də bu gədə. Əgər «staraya qvardiya»nın üzvü olmasaydı, onun başına bir oyun açardım ki, dədəsi də yadından çıxardı. Amma qruplaşma üzvü olduğundan susuram. Xainlik etmirəm. Mən xain deyiləm…
Natiqin susduğunu görüb soruşdum:
– Mən bilən, siz də şöbə müdirisiniz. Bəs işçilərinizə kömək etmirsiniz?
Natiq isə ayağa durub otaqda var-gəl etməyə başladı:
– Mən… Mənim borcum var ki, kiməsə kömək edəm? Kiminsə nökəriyəm? Hə kimin işi güclüdür buraxıram. Çox ilişmirəm. Zəif işi şöbədən niyə buraxım? Kamandar şöbəsindən bir zəif işi buraxdı, Ali Attestasiya Komissiyasından üstünə geri qayıtdı. Günahkar da oldu Kamandar. Durduğu yerdə başını ağrıtdılar. Nə var, nə var, işi yazan bizim qruplaşmanın «stukaç»ı idi. Bu qadın, institutda nə var gəlib bizə danışır. Ona görə onun doktorluq işini şöbədən buraxmalı idi? «Stukaç» hara, müdafiə hara? Kamandar insanları yerində oturda bilmir ki, bilmir.
– Natiq bəy, əyləşin. Belə başa düşdüm ki, şöbənizdən heç vaxt zəif iş keçmir?
Natiq əvvəl diqqətlə Rənaya baxdı, sonra keçib yerində əyləşərək dedi:
– Niyə ki, zəif işlərin arxasında bəzən elə adamlar durur ki, səsini də çıxarda bilmirsən. Mənim də ailəm var, övladlarım var. Onları dolandırmaq lazımdır… Zəif işin arxasınca gedən varsa şöbədən buraxıram. Axıra kimi aparır, müdafiə etdirir, diplomunu da alıb verir əlinə. Nəyimə gərəkdir, ağrımayan başıma buz bağlayım – sonra dəli kim yerindən sıçrayıb dedi, – Xanım, siz mən bu həyatda olmasam, mənim uşaqlarıma baxarsınız?
Məndən səs çıxmadığını görüb dedi:
– Mənim ailəmə heç beş dəqiqədə baxan olmaz. Bu gün məni çox yordunuz. Gedim ailəmə. Sonra davam edərik».
Rəna ardıcıllıqla qeydləri oxuyurdu. Diqqətini cəlb edən qeydlərdən biri məruzə vaxtı baş verən olaylarla bağlı idi: «Natiq əsəbi halda başını bulayıb deyinirdi:
– Çingiz düzəlmədi ki, düzəlmədi. Hələ tapşırmışam ki, kimlərə iş ver, kimlərin məqalələrini Elmi Şuraya sal… Bir də görürsən ki, şöbədə Münəvvərin ya monoqrafiyasını, ya məqaləsini müzakirə edib, şöbənin çıxarışı ilə Elmi Şuraya təqdim edir. Dəfələrlə geri qaytartdırmışam.
Təəccüblə ondan soruşdum:
– Natiq bəy, geri necə qaytartdırırsınız?
Natiq çiyinlərini çəkib cavab verdi:
– Bəsit şəkildə… Məqaləni oxumadan deyirəm ki, adı düz seçilməyib. Belə ad ola bilməz. Düzəltsin. Qaça-qaç deyil ki, deyirəm. Saxlayırlar növbəti iclasa. Nigar elmi katib olanda işim yaxşı idi. Mənim əlaltım idi. Nə deyirdim edirdi. Elmi Şuraya bir gün qalmış deyirdilər ki, məqalənin adını düzəlt. O da çatdıra bilmirdi. Ən çox da müəllif xaricdə elmi ezamiyyətdə olanda. Məqalə illərlə sürünürdü. Monoqrafiyaya əl vura bilmirdim. Elmi məsləhətçisi monoqrafiyanın elmi redaktoru olurdu, hələ rəyçiləri demirəm, səsimi çıxarda bilmirdim. Ona görə bu fərsizə buraxma.dedikcə, buraxmağı gəlir…
Vaxt azlığını nəzərə alıb əsas mətləbə qayıdıb Natiqdən soruşdum:
– Görünür həmkarının çıxışı sizi özünüzdən lap çıxardıb. Onun məruzəsi sizi niyə özündən çıxarır? O məruzədə nə var?
Natiq oturduğu yerdə irəli-qabağa bir az yellənib dedi:
– Bilirsiniz… Mən dözə bilməyib dedim ki, vaxt azdır. Münəvvər qoy qısa çıxış etsin.
– Bir şey aydın deyil ki, niyə məhz Münəvvər xanımın çıxışı Sizi belə qıcıqlandırır?
Natiq qaşlarını çatıb mənim üzümə baxdı. Sonra sakit tonda danışmağa başladı:
– Bayaq uzun-uzadı məruzə edənlərə səsimi də çıxara bilmirdim. Çünki institutumuzun direktoru prezidiumda əyləşmişdir. Həsən müəllimdən çəkindiyimə görə özümü məcbur edib məruzələri dinlədim. Həsən müəllim mənim ağzımdan vuran və sözümü kəsmiş ilk insandır. Elmi Şura iclaslarının birində replika atdım. Bu da Həsən müəllimin xoşuna gəlmədi. Hamının içində məni pərt edib cavabımı verdi. Hələ də onun sözlərini yadımdan çıxartmamışam. Çıxmayacaq da. Mənim artıq yaşım altmışı haqlayıb. Həsən müəllim mənim replikama acığı tutub demişdi: «Natiq müəllim, intizamı özümüzdə yaratmalıyıq. Sonra isə işlədiyimiz müəssisədə. Siz özünüzü məclisdə aparmağı bacarmırsınız. Hərəkətlərinizi və danışıqlarınızı ölçüb-biçin. Yersiz replika atmaq heç sizin yaşınıza, saçınızın ağına yaraşmır. Özünüzü alim kimi aparın. Bazarda deyilsiniz…» İlk dəfə özümü itirmişdim. Həsən müəllim mənim ona mat-mat baxdığımı görüb əlavə etmişdi: «Artıq yaşımızın elə çağındayıq ki, gələn gənclər bizdən ibrət almalıdır. Sizin alim adına yaraşmayan davranışınızdan gənclər nəyi öyrənib əxz etməlidir? Hərəkət və danışıqlarınıza cavabdeh olun. Söz xətri üçün replika atmaq lazım deyil. Həm də replika ilə məruzəçinin nüfuzuna heç bir xələl gətirə bilmirsiniz». Həsən müəllimin dedikləri qarşısında susdum. Qorxdum. Qazandıqlarımı bir anda itirəcəyimdən qorxdum. Bayram kimi susub cavab verə bilmədim. Bu məni sındırdı. Heç kim dillənib demədi ki, Natiq haqlıdır, ya haqsız. «Staraya qvardiya» üzvləri də dinmədi. Susdular.
Natiq əllərini bir-birinə sıxdı. Sonra alnını qaşıyaraq başını yelləyib, bir az da əyərək dedi:
– Mənə elə gəlir ki, «staraya qvardiya» üzvləri arasında satqın var. Satqın…
Sonra dəli kimi qışqırdı:
– Hə, satqın var, satqın… Mən bunu niyə hiss etməmişdim? Yoxsa Həsən müəllim, elə ziyalı, qabiliyyətli insan, heç kimin xətrinə dəyməyən bir insan məni niyə aşağılasın?
Sonra sakit olub dırnaqlarını gəmirməyə başladı.
Natiqdən soruşdum:
– Həsən müəllim haqqında nə demişdiniz?
Natiq dırnaqlarını gəmirərək dedi:
– Heç nə. Elə ciddi bir şey olmamışdı. Sadəcə Mifologiya institutuna yeni direktor təyin olunanda institut işçiləri arasından olmadı, kənardan gətirdilər. «Staraya qvardiya» üzvləri də narahatçılıq keçirirdilər. Mən də onları sakitləşdirmək üçün söz xətrinə dedim ki: «Əşi nə ürəyinizə salırsınız, xoşumuza gəlməz, arxasından dəyərik gedər. Nə problem edib, zarıyırsınız. Özümüz deyilik!» Bunu da gedib xəbər veriblər. Doğrudan da, Həsən müəllimə qədər sözüm ötərli idi. Bir sözümü iki edən olmamışdı. Amma indi, ağzımdan vururdu.
Natiq baş barmağının dırnağını gəmirib barmağına baxdı. Sonra dedi:
– Bayaqdan iclasda oturan Həsən müəllim təcili getməli oldu. Meydan boş qaldı. Həsən müəllimin yerinə iclası idarə edən Səlim müəllim idi. Bəxtimdən də Münəvvər çıxış edirdi. Bayaq deyirdim axı, fikrim dağıldı. Mən də acıqla yerimdən dedim ki, qısa et. Səlim müəllim də Münəvvəri müdafiə etmək üçün ona dedi: «Münəvvər xanım, zəhmət olmasa qısa edəsiniz». Sonra üzünü zala tutaraq dedi ki, bundan sonra məruzələrə beş dəqiqə vaxt ayrılacaq. Münəvvər də özündən razı halda mənə baxıb, sonra Səlimə dedi: «Bir problem görmürəm. Əsas tezislərimi səsləndirib məruzəmi yekunlaşdıraram».
Natiq əllərini bir-birinə çırpıb hirslə dedi:
– Səlim günah iş tutmuş insanlar kimi çiyinlərini çəkib məsum baxışlarla Münəvvərə baxdı. Münəvvər də məruzəsini davam etdirdi. Onun özündən razı, təmkinli davranışı məni yandırıb yaxırdı. Üstəlik, orda nə eşitsəm yaxşıdır? Yanımda oturan Seyfəddin nə desə yaxşıdır?
Soruşdum ki, nə deyib. Natiq başını yelləyib cavab verdi:
– Seyfəddin «Azərbaycan» jurnalında da işləyir axı. Özü də Seyfəddin yaşlı olmasına baxmayaraq, bizim «staraya qvardiya»nın ən aktiv üzvüdür. Seyfəddin əyilib qulağıma pıçıltı ilə dedi ki: «Bu qadının başından basmaqdan bir təhər olduq. Bu isə hər dəfə təzədən baş qaldırır. Sındıra bilmirik. Başına açmadığımız oyun qalmadı. Heç bir tora düşmür. Elə bil doqquz canı var. Bu qadını sanki gözə görünməz qüvvə qoruyur. İşlədiyim jurnala məqalələrini buraxmıram, daha mötəbər yerlərdə çap etdirir. Qalıram baxa-baxa, yana-yana…» Sonra Seyfəddin məndən soruşdu: «Jurnalın redaktorunun başına açdığı oyundan xəbərin varmı?». Təəccüblə Seyfəddinə soruşdum ki, nə edib? Seyfəddin əlini havada yelləyib dedi: “Qısa edim, qulaq as. Aparıb məqaləsini verir bizim redaktora. O da deyir ki, oxuyum, cavab verərəm. Düz üç aydan sonra zəng edir ki, məqalə haqqında qərarınız nədir. Qasım da deyir ki, məqaləni Elmi Xəbərlərə vermisən. Biz çap edə bilmərik. Bu gözəl də deyir ki, çap edirsinizsə, mən məqaləmi Xəbərlərdən geri götürürəm. Qasım da deyir ki, yanıma gəl, səni başa salım, nə səhvin var. Bu da cavab verir ki, çap edirsənsə məqaləni çap et, etmirsənsə, sənin yanında mənim nə işim var. Qasım deyib ki, sən cərəyanla üslubu qatıb qarışdırıbsan. Gah üslub deyirsən, gah cərəyan. Deyəsən, son dövr çıxmış əsərlərdən hansısa haqdaymış, orada postmodernə həm üslub deyir, həm də cərəyan. Münəvvər də bir başa sual verib ki, məqaləni oxumusan. Qasım da ki, məqaləni oxumayıb axı… Mən oxumuşdum. Qasım da mənə inanır. Qısaca deyir ki, çapa layiq deyil, cərəyanla üslubu qatıb qarışdırıbsan. O da qayıt de ki: «Qasım müəllim, mənə məqaləmi niyə çap eləmədiyiniz haqqında arayış verin. Sizin iradlarınızı, həmçinin Siz dediyiniz kimi qatıb-qarışdırdığım postmodern üslub və cərəyanı da qeyd edin. Mən o irad və qeydlərinizi təqdim etdiyiniz şəkildə mətbuata verəcəm». Qasım da qorxub, deyib ki, biz elə arayış verə bilmərik. Məqalə xoşumuza gəlməyib vermirik. Münəvvərin açılıb gül ağzı ki, «Şəxsi jurnalındır, atanın jurnalıdır ki, xoşuna gəlmir vermirsən, verməməyin qayda-qanunu var, səbəb olmalıdır ki, yazı jurnalda niyə gedə bilməz. Oxumadığın iş haqqında nə rəy səsləndirirsən? Savadsızları ətrafına nəyə yığmısan? İşləyə bilmirsən, çıx mən işləyərəm». Qasım da dəstəyi qoyub. Münəvvər Qasımın başına bu oyunu açıb. Qasım bir müddət işə qorxusundan gəlmədi ki, Münəvvər redaksiyaya gələr. Saman altdan su yeridir. Sakit durur, amma bir dili var, dabanını bas, gör nələr deyəcək. Yadındadır, müdafiə etməyinə şərait yaratmadıq, süni maneələr yaratdıq. Gedib xaricdə müdafiə etdi». Seyfəddinin sözünü kəsdim ki, nə böyük yerdə müdafiə edib ki. Seyfəddin nankorsa mənim xaricdə müdafiə etmək istədiyimi, amma edə bilmədiyimi üzümə çırpdı: «Sən namizədlik işini orada müdafiə etdin. Lakin doktorluq işini orada müdafiə edə bilmədin. Özün deyirdin ki, namizədliyi elə bir institutda, elə bir Müdafiə Şurasında müdafiə etmişəm ki, üzvləri say-seçmə alimlər idi. Bizim institutda, bizim Müdafiə Şurasında doktorluq işi müdafiəsini özünə layiq bilmirdin. Amma yaşının ahıl vaxtında bizim institutda, bəyənmədiyin Müdafiə Şurasında müdafiə etdin. Nə tez yaddan çıxardın?» Seyfəddinə heç nə deyə bilmədim. İçimdən qırıla-qırıla qaldım. Həyatda ən böyük arzum gözümdə qalmışdı».
Rəna mobil telefonun zənginin səsinə başını qaldırdı. Jurnalı örtüb telefonu götürdü. Zəng edən qızı idi. Rəna qızı ilə danışığını bitirdikdən sonra təkrar jurnalı əlinə aldı. Sonra nə fikirləşdisə jurnalı masanın küncünə atıb mobil telefonunu götürdü. Telefon əlində bir az fikrə daldı. Bir müddət sonra tələsik kontaktlar bölməsindən Natiqin nömrəsini yığdı. Dəstəyi Natiq götürüb kal və kobud səslə cavab verdi:
– Nə var, ə?
Rəna başını bulayıb dedi:
– Hər vaxtınız xeyir, Natiq bəy? Necəsiniz?
Natiq Rənanın səsini tanıyıb dedi:
– A sizsiz? Əvvəl tanımadım, məni…
Rəna Natiqi sona qədər dinləməyib dedi:
– Natiq bəy, bu şənbə olmayacam. Ailə vəziyyəti ilə bağlı şəhərdə olmayacam. Təyin olunan görüş vaxtınızı dəyişmək üçün zəng etdim. Nə vaxt Sizə münasibdir?
Natiq bir az susduqdan sonra dilləndi:
– Siz gedin… Sağ-salamat qayıdın… Qayıdandan sonra rahat danışar, gün də təyin edərik.
Rəna sağollaşıb telefonu söndürdü. Əlindəki telefona səssizcə baxıb masanın üstünə qoyub bayaq masanın küncünə atdığı mavi rəngli jurnalı əlinə aldı. Vərəqləyib qaldığı yeri axtarmağa başladı. Axtardığı yeri tapıb oxumağa başladı:
«Rəna xanım, mən deyəndə ki, bunların başı xarab olub, heç kim inanmır. Nə qədər başa salıram, başa düşməyə belə cəhd etmirlər. Çingizə dedim ki, slavyan xalqları mifologiyası şöbəsindən bir qadını sizin şöbəyə keçirəcəyəm ki, Münəvvəri institutdan tam yola salsın.
Gözləri həlqəsindən çıxmış halda mənə baxıb dedi:
– Bilirsiniz mənə nə dedi:
Çingizin ağzına əyərək dedi:
– Necə?
Natiq əsəbləşmişdi:
– Hə… Çingizi deyirəm … Mənə sual verir ki, necə? Deyirəm, əşi onu da mən fikirləşim? Səkinə həyasızın biridir. Üstəlik yuxarı dairələrdən olan birinin evində qayınanası aşpazdı. O ailənin xörəklərini bişirir. Yəni sözü keçən adamdır, bir intriqa yaratsa, Münəvvərin məsələsi həll olunar. Məndən soruşur ki, necə edim ki, bunlar dalaşsınlar? Nəhayət belə planlaşdırdım ki, Münəvvər xaricdən təzə qayıtdığı üçün ona yeni masa ayırıblar. Səkinə üçün otağa masa qoyulmağa yer yoxdur. Səkinəni öyrətdim ki, masa davası etsin. Çingiz haranı desə, desin ki, mən pəncərənin qarşısındakı masanı istəyirəm. Səkinə də, Çingiz də huya getdilər. Di gəl Münəvvər hiyləgər çıxdı…
Natiq yerindən sıçrayıb var-gəl etməyə başladı. Əlini mənim masamın üzərinə qoyub dedi:
– Siz bilməzsiniz, mən o planı cızana qədər nələr çəkdim, nələr. Sözün qısası…. Bu Səkinə də Münəvvərdən yanıqlıdı ha… Münəvvər məruzə etdiyi müşavirədə mən iradlarımı bildirəndə bir də zaldan səs eşitdim. Başımı qaldırdım ki, bir görüm sözümü kəsən kimdir. Maraq və qəzəblə zalı süzəndə ayağa qalxmış Səkinəni görəndə rahatlaşdım. Səkinə əsəbi halda əlini uzadaraq deyirdi: «Belə məsuliyyətsizlik olmaz. Mənim qələmə aldığım əsər heç bir məruzədə əksini tapmayıb. Mən cəhənnəmə… Məni saymırsınız, hörmət etmirsiniz, heç olmasa ünvanına hörmət edin. Əsər kimə həsr olunub o, insanın şəxsiyyətinə hörmət, ehtiram olaraq münasibət bildirin. Mən Natiq müəllimlə tam razıyam. Belə məsuliyyətsizlik olmaz. Sonra romandan danışır, əks –səda doğurmuş «Daş yuxular»a toxunmur. Belə məsuliyyətsizlik olar?» Səkinəni sakitləşdirmək üçün dedim ki, institutda səviyyəli məruzələri uşaq-muşağa veriblər. Bu zaman Qədir söz aldı: «Səkinə xanım, «Daş yuxular» əsərinə gəlincə isə, o əsər keçən ilin əsəridir. Yəni məruzədə tədqiq edilən dövrün əsərlərinə aidiyyatı yoxdur. Əsası isə, əsərə Respublikamızın Prezidenti qiymət verib, əsaslı olaraq, həmin əsərin bizim milli ədəbiyyata aid olmadığını bildirib. Bu qiymətdən sonra kim həmin əsərə başqa qiymət verməlidir? Ehtiyac varmı?».
Natiq dırnaqlarına baxaraq davam etdi:
– Ümumiyyətlə, Çingizin axmaq hərəkətlərinə, qorxaqlığına görə çətin Münəvvəri vuraq.
Natiq dodaqlarını əsəbi halda gəmirərək qaşlarını çatıb davam etdi:
– Səkinə mənə deyir ki, «çox çalışdım, inanın alınmadı. Üstünə getdim… Münəvvərə dedim dur burada mən oturacam, sadəcə soruşdu: “niyə qalxmalıdır?” Dedim ki, rəhbərlik belə istəyir, məsələni şişirtmədi, otaqdan çıxıb getdi. Çantasının arxasınca gələndə, barmağımla da göstərib dedim ki, harada otururdun, keç orda da otur. Sakitcə üzümə baxdı. Sonra çıxıb evə getdi. Sabahısı günü də masasını boşaltdı».
Natiq fikrə getdi:
– Çox maraqlıdır, əvvəl qadın instinkti ilə cavab verir, sonra da kişi məntiqi ilə hərəkət edir. Soyuqqanlı, heç nə olmamış kimi… Mütləq ona kimsə yol göstərir, məsləhət verir.
Natiq başını bulayaraq barmağını yellədi:
– Bizim dəstə ona, Səkinəyə çox bel bağlamışdı. O, isə nə etdi? Hər şeyi bərbad hala saldı. Səkinə, guya, yuxarıdakıların qulağına bu masa davasını çatdırıb. Bizim Həsən müəllim də Münəvvəri müdafiə edib ki, yazıq elmi dərəcə və elmi adına, elmi vəzifəsinə görə Səkinədən yüksək olmasına rəğmən masasından qalxıb, masasını ona verib. Bax beləcə Həsən müəllim həmişəki kimi işçisinin müdafiəsinə qalxıb.
Sonra mənə baxıb tez-tez dedi:
– Bilirsiniz, Səkinə də deyir ki, elə bil hansısa qüvvə bu qadını qoruyur.
Natiq dərindən ah çəkib davam etdi:
– Başa düşmürəm, nə qüvvə? Bacara bilmirsənsə, hansı qüvvədən danışırsan? Səkinədən sonra, Mahnuru Çingiz tovlayıb Münəvvərin üstünə göndərib. Mahnur əsəbi halda Münəvvərə qışqırmağa başlayanda, Münəvvər nə edib bilmirəm… Mahnuru mum kimi, yumşaldıb.
Natiq əsəbi halda ayağa duraraq, pıçıltı ilə “bilirsiniz, belə getsə… Təbii ki, belə getsə hamımızı kölgədə qoyacaq. Onda ona bata bilməyəcəyik. Bax onda o, qadın kişi məntiqi ilə hamımızın cavabını verəcək” – dedi.
Gülümsəyib ondan soruşdum:
– Natiq bəy, Münəvvər xanım elmdə Sizə rəqibdir?
Natiq əvvəl duruxdu, sonra mənim nə isə bildiyimi güman edib dedi:
– Rəqib deyəndə o qadın deyəsən akademik olmaq istəyir, amma mən də akademik olmaq arzusundayam…
Sonra yavaşca ətrafını süzüb pıçıltıyla dedi:
– Neçə dəfə vermişəm, seçilə bilməmişəm.
Natiq hirsləndi. Qışqırmağa başladı:
– Amma əvvəl müxbir üzvlüyə seçilirsən, sonra akademik seçilirsən… Nə isə… Seçilə bilmirəm, hər dəfə biri mane olur…
Sakitləşərək sözünü davam etdi:
– Biri var idi. Məşhur professor, adlı-sanlı tənqidçi… Şöbə müdiri idi. Onu institutdan uzaqlaşdırmaq üçün Kazımı tovladıq ki, səni Rəhmanın yerinə şöbə müdiri qoyacağıq. Tək mən yox, «staraya qvardiya» üzvlərinin hamısı Kazımı qatıqladıq ki, sən yaz, səni mütləq şöbə müdiri qoyduracağıq. Rəhmanın akademik seçkilərinə mane olmaq üçün onun nüfuzuna zərər gətirmək vacib idi. Bunun öhdəsindən gələ bildim. Kazım gözəl məqalə yazdı. Rəhmanı sürüyüb yıxdı. Düzdü yazısı elmilikdən uzaq idi. Məqalə Rəhmanın institutdan incik düşməsinə səbəb oldu. Küsüb institutdan birdəfəlik getdi.
Sonra istehzayla gülüb dedi:
– Kazımın da ağzı boş qaldı. Elə Elmi Şurada mən özüm Kazıma yox, yuxarıdan göstəriş verilmiş adama səs verdim. Kazım da əli aşından da oldu, vəli aşından da… Belə-belə işlər, Rəna xanım. Görürsünüz dünyada nələr baş verir. Vəzifədən, puldan, şan-şöhrətdən ötrü hamı bir-birinin ətini didir».
Nərgizin qapını döyüb içəri girməsi onu oxumaqdan ayırdı. Nərgiz Rənaya mane olduğunu hiss edib dedi:
– Rəna xanım, xəstəniz gəlib. Sizi gözləyir.
Rəna özü tapşırıq vermişdi ki, xəstələri gələn kimi mütləq onu xəbərdar etsin. Ona görə Nərgizin təlaş dolu gözlərinə baxıb gülümsəyərək, – gəlsin, qızım – dedi.
Əlindəki mavi jurnala diqqətlə baxıb dərindən ah çəkdi, sonra lazımsız bir əşya kimi masasının siyirtməsinə atdı.
ZiM.Az
.


































































































Bir cavab yazın