GÖRMƏYİ BACARAN ÜÇÜN ÇOX HEKAYƏLƏR FƏRYAD EDİR BU ŞƏHƏRDƏ…

Soyuq, insanın içini üşüdən Bakı gecələri adətən hayqırır sənə küləkli fısıltılarıyla. Gecə vaxtı yanıb sönən o sarı işıq çox xatirələri daşıyır öz ampulunda. Boz binalar ustalıqla gizlədir içindəki dağılmış ailələləri yaraşıqlı baxışıyla.

Qara, qapqara geyinən insanlar, gülməyən insanlar, kədərli simalar…

Baxmağı bacaran üçün çox şeylər danışır bu tənha küçələr, bərkdən hayqırır sahilə çırpınan dalğalar və gecələr kədərdən baş qaldıran ay…

Hər fəsil bir hekayə danışır bu küləklər şəhərində. Günəş sanki savaş açır bütün fəsillərə, üstümüzdən qara buludlar əskik olmasa belə. Buludlar içində aylar boyu tutduğu kədəri süzdürür göz yaşlarıyla. İldə bir dəfə yağan qar xəsislik edir ağ libasını geydirməyə bu şəhərə.

Hərkəs küskündür bu şəhərdə. Fəsillər, divarlar, küçələr sanki yaddı öz içlərində bir-birinə. Amma ən soyuq fəsilsə, insanların öz içlərində qış olmalarıdır bir-birinə.

O qədər adiləşir ki bu vəziyyət, gözlərin ancaq baxır bozarmış ayaqqabılarına. Nə yarpaqlar, nə bu küskün küçələr, nə də öz qışlarını yaşayan insanlardır səni uzaqlaşdıran bu aləmdən. Bəlkə də öz mövsümündə qeyb olmuşsandır bu şəhərdə?..

 

Ofelya Sadıq qızı QAFAROVA,

Bakı şəhəri, Qaradağ rayonu,

Etibar Şirəliyev adına

274 nömrəli məktəbin

XI “j” sinif şagirdi

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir