Natəvan Zülfü qızı Yusifova – 24 noyabr 1975-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1983-1993-cü İllərdə Xırxatala kənd tam orta məktəbində orta təhsil alıb, 1993-cü ildə Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikumunda təhsilini davam etdirib. 1996-cı ildə texnikumun Kütləvi tədbirlər Rejissorluğu fakültəsini bitirib. Həmin ildən Qəbələ rayon mədəniyyət mərkəzində Mədəni-təşkilatcı, Avtoklub müdiri, Metodist köməkçisi vəzifələrində fəaliyyət göstərib. Ailə vəziyyəti ilə bağlı bir müddət əmək fəaliyyətinə fasilə verib. 2005-ci ildən 2025-ci ilə kimi düz 20 il Qəbələ MKS-nin Xırxatala kənd filialının müdiri vəzifəsində çalışıb.
Ailəlidir, 1 qızı 1 oğlu, 2 nəvəsi var.
Natəvan xanım gənclik illərindən həm də bədii yaradıcılıqla məşqul olur. “Qızılgülün sevgisi” adlı hekayələr kitabının müəllifidir. Şeirləri, hekayələri və publisistik məqalələri müxtəlif mətbuat orqanlarında, bir sıra antologiya və ədəbi məcmuələrdə dərc olunub.
Hazırda “Yurd” nəşriyyatının və “Yurd.İnfo.Az” saytının redaktorudur.
Biz də aşağıda Natəvan xanımın iki mənsur şeirini oxucularımıza təqdim edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
ZiM.Az
USANIRIQ!..
Sən şeytan çarxının qorxu və həzzini bilirsənmi?
Sevginin də ilk görüşü ,son vidası şeytan çarxı kimidir.
Cəmi onca dəqiqəlik həzzin qorxulara qalib gəldiyi,
Və sonunda qorxuların sularında batan köhnə gəmidir.
Bir yanda qara buludlar tufandan xəbər verdiyini,
Günəşin miskin görünən şəfəqlərinin utandığını,
Bir yandan həqiqətlərin burulğanda gözdən itdiyini,
Şahidi oluruq gəldiyi kimi yorulan sevgilərin getdiyini.
Bitdiyini, bir gün buludlara dönərək havada ötdüyünü,
Ha əl atsaq tuta bilmədiyimiz, qaçanda çata bilmədiyimiz,
Xatırlasaq da ,xəyal etsək də , ömrümüzə qata bilmədiyimiz,
Sevgilərin əzablarında şeytan çarxı kimi fırlanırıq.
Çarxı idarə edənlərin mərhəmətsiz davranışından,
Vaxtı uzatmaq üçün çarxdakıların yalvarışından,
İçimizdə qırılıb qalan sözlərin qınağından danlanırıq..
Sonunda bizi biz olmağa qoymayan bu dünyadan,
Arzulardan, xəyallardan və sevgilərdən usanırıq!
YORULMUŞAM
Yorulmuşam dünyanın bağlı qalan qapıları önündə,
Ümidlərin gözlüyündən baxmaq ,baxdıqca arzulamaq,
Arzuların buludları arasında bircə buludu tutmaq,
Çox çətindir yaşamaq həyat adlı qapıların tinində.
Ətrafdakı səs- küylərin,izdihamın mərəkəsini duymaq,
Bu mərəkədən sonra bircə gün sakit-səssiz uyumaq,
Sənə vəd verilən şirin yalanların həqiqətindən doymaq,
Doyduğun acı həqiqətlərin iztirabını arxada qoymaq…
Uşaq olmaq çoxlarının dönmək istədiyi bir xəyaldır,
Bu xəyalın yolu çətin, keçilməyən bir dumandır,
Yaşadığın,yaşamaq istədiyin əlçatmayan bir gümandır,
Dünya boyda yalanların vədlərini “Fitnə”sənsə qaldır!
“Günahsız Abdulla”lar da çox demişdi açın qapıları,
Açılan qapılar azaldırmıı könüldəki o dəhşətli ağrıları,
“Cümrülərin tütəyi” ndəki nəğmə sevindirməz fağırları,
“Dədə Qorqud”öyüdünün hünəri barışdırmaz yağıları,
Bu biçarə dünyamızdan yorulmuşam, açın qapıları,
Yeni dünya qurulanda qayıdaram! açın gedim qapıları!
ZiM.Az
.


































































































Bir cavab yazın