DÜRDANƏ ZAHİDQIZI GÜMÜŞ (1963)

Dürdanə Gümüş (Dürdanə Za­hid­­­qızı Seyidova – Qəribli) – 1963-cü il de­kabrın 10-da Ucar rayo­nu­nun Qa­zı­qumlaq kəndində dünyaya gəlib. İbti­dai sinif müəllimidir. O, öz hə­ya­tını peşəsinə, yetişdirdiyi şa­­gird­­ləri­nin mə­nəvi dünyasının zənginləşməsinə həsr etmişdir.

“Gü­müş” təxəllüsü ilə yazdığı şeirlər şagirdləri tərəfindən bö­yük sevgiylə oxunur.

   İlk şeirini hələ tələbəykən Əfqanıstan şəhidi Kamalın xatirə­si­nə yazan Dürdanə xanımın şeirləri sonralar “Zi­ya”, “Şərqin sə­si”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zirve.İnfo, Vete­nim.­in­fo saytlarında, “Zirvə” poeziya antolo­giyasında, “Buta”, “Turan” və s. ədəbi məcmuələrdə çap olunub.

   Biz də hörmətli Dürdanə xanımın bir neçə şeirini bir daha ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və ona yeni-yeni yara­dıcılıq uğurları arzulayırıq!..

                                                                   ZiM.Az

 

ÇIXIB GETMƏK İSTƏYİRƏM

 

Mən bezdim ki, bu dünyadan,

Çıxıb getmək istəyirəm.

Üzü dönük insanlardan

Çıxıb getmək istəyirəm.

 

Asta-asta addımlarla,

Küskün-küskün baxışlarla,

Bezib gedən insanlarla

Çıxıb getmək istəyirəm.

 

Dərd-qəmimi burda qoyub,

Qəm yükümü mən boşaldıb,

Dərdsiz, qəmsiz yer axtarıb

Çıxıb getmək istəyirəm.

 

Minnət olan yerdi bura,

Zillət olan yerdi bura,

Xiffət olan yerdi bura

Çıxıb getmək istəyirəm.

 

Dərd olardı bir belə yox,

Qəm olardı belə də yox.

Kədər çoxdu, sevinsə yox,

Ölüb getmək istəyirəm,

Çıxıb getmək istəyirəm.

15.07. 2023

 

60 YAŞIM GƏLMƏ HƏLƏ

 

Astanada dayanmışam,

Sağ-soluma hey baxıram,

Addım atmağa qorxuram,

60 yaşım gəlmə hələ,

60 yaşım gəlmə hələ…

 

Hərdən döyür o qapımı,

Heç bilmirəm-açımmı???

Gəncliyə edim vidamı???

60 yaşım gəlmə hələ,

60 yaşım gəlmə hələ…

 

Ömrüm-günüm hədər gedir,

Məni məndən alıb gedir.

Əcəl atın  çapıb gəlir ,

60 yaşım gəlmə hələ,

60yaşım gəlmə hələ…

 

Ürək sənə təslim olmaz,

Qocalığı boyna almaz.

Ömrü bada verib durmaz,

60 yaşım gəlmə hələ,

60 yaşım gəlmə hələ….

 

GÜMÜŞ  ağlar gözlərindən,

Heç nə gəlməz əllərindən.

Bir söz  keçər ürəyindən

60 yaşım gəlmə hələ,

60 yaşım gəlmə hələ….

24 aprel 2022…

 

ANAM YADIMA DÜŞDÜ

 

Ana unudulmaz, ana,

Təzə-tər çiçəkdir.

Ana unudulmayan

Şirin, şəkər xatirədir.

 

Yenə anam yada düşdü,

Şirin-şirin xatirəylə.

Ürəyimə alov düşdü,

Gül anamın  həsrətiylə.

 

Anam ocaq başında

Yenə yağlı fəsəli,

Qutablar bişirəydi…

Əllərim yana-yana

Anamın əllərinin

Dadını hiss edəydim…

O qutabdan yeyəydim,

Anama “sağ ol” deyəydim…

Kaş ki, geri dönəydi,

O analı günlərim…

O qoğallı, fəsəlili

O qutablı günlərim…

 

Anam məni çağırsın,

Mən də ona, CANN” deyim.

Dünyada ən gözəl ana,

“Mənim anamdır” deyim…

 

Ana oddur, alovdur,

Yoxluğunda üşüdüm…

İstərəm yenə yansın,

İstisində  isinim…

Dekabr, 2022

 

HANI CAVANLIĞIM,

HANI GƏNCLİYİM?!

 

Gah sağa baxıram, gah da ki sola,

Çıxmışam altmış adlı uzaq bir yola.

Qorxuram baharım saralıb sola,

Hanı cavanlığım, hanı gəncliyim.

 

Körpə uşaq kimi kövrəlirəm mən,

Sanki əzizlənmək istəyirəm mən.

Yollarda arayıb axtarıram mən,

Hanı cavanlığım, hanı gəncliyim…

 

Bu yolda özümü unudub gəldim,

Ömrü gilə-gilə əridib gəldim.

Özüm də bilmədən dördnala gəldim,

Hanı cavanlığım , hanı gəncliyim…

 

Durub yol ayrıcında baxmağım gəlir,

Yollar xatirəni daha çox sevir.

Gələndən, gedəndən sormağım gəlir,

Hanı cavanlığım, hanı gəncliyim…

 

AY  GÜMÜŞ, özünü gəl yorma hədər,

Gəncliyin eyləyib keçmişə səfər.

Gəl  daha kimsədən sən sorma hədər,

Hanı cavanlığım, hanı gəncliyim…

16.08.2023

 

DÜNYADI

 

Nə deyim dünyanın bu gərdişinə,

Haqqı-nahaqqına verən dünyadı.

Nizami, ölçüsü uyğun olmayan,

Saxta tərəziylə ölçən dünyadı.

 

Gündüzlər dərd-dərd verib, dərdi çəkdirən,

Həsrətin, alovun bizə yükləyən.

Qaranlıq gecə fikir- qəmiyən,

Bizim üstümüzə çökən dünyadı.

 

Gözəl görünüşün aldatdı məni,

Sevdim bu sevgim də məhv etdi məni.

İnandım mən sənə, aldatdın məni,

Doğrunu yalana verən dünyadı.

 

Dinləyib, sormamış qərar verəndi,

Yaxşını, yamana tuş eyləyəndi.

Yaxşının ömrünü zay eyləyəndi,

Hökmünü verməyə qaçan dünyadı.

 

Aldanıb, baş əydi tələblərinə,

Düşdüm hər darına, həm də çətinə.

Yaman toxunyrsan mənim qəlbimə,

Gümüşü özündən edən dünyadı.

 

 

SORUN SIZ MƏNİ

 

Bir gün bu dünyanı tərk edib getsəm,

Sevdiyim ellərdən sorun siz məni.

Qəbrimin üstündə solub, saralmış,

Ətirli güllərdən sorun siz məni.

 

Dağlara, düzlərə sığmayan arzum,

Qəlbimə sığmayan min sevinc payım.

Bağlarda dolaşır sevimli mahnım,

Sona bülbüllərdən sorun siz məni.

 

Gündüzlər günəşdən, gecə ulduzdan,

Göydə qanad çalan qərib quşlardan,

Laləsi qızarmış düzlərdən, dağdan,

Ləçəkdə şehlərdən sorun siz məni.

 

Uşaqlıq illəri tez uçub getdi,

Gənclik duyğuları quş olub getdi.

Ruhum pərvaz edib, göylərdə itdi,

Durna qatarından sorun siz məni.

 

Gümüşəm əzəldən sədaqətliyəm,

Həyata, insana məhəbbətliyəm.

Deyirəm dünyada yalnızam, təkəm,

Sevən könüllərdən sorun siz məni.

23.07.2022

 

GÖZLƏRİN HƏMİN GÖZDÜ,

BAXIŞLAR ÖGEY

 

Mən səni sevəndə gözlərin sevdim,

Gözlərin aldatdı, mən səni sevdim.

Qara gözlərini həyatım bildim,

Gözlərin həmən gözdü, baxışlar ögey,

 

Gəl alma qəlbimdəm bu son ümidi,

Əvvəlki deyilsən sən də bil, indi.

Gözün dalğalanan dəniz kimidi,

Gözlər həmən gözdü, baxışlar ögey.

 

Aylar ötüb keçib, il dolanıbdı,

Həsrət qəlbimizə od qalayıbdı.

Eşqim gözlərində yuva salıbdı,

Gözlər həmən gözdü, baxışlar ögey.

 

Dillərə düşəcək halım yox mənim,

Sözlərə düşəcək halım yox mənim.

Soruş inanmırsan gözümdən məni,

Gözlər həmən gözdü, baxışlar ögey.

 

Baxışında vardı mələk baxışı,

İndi gözüm gəzir həmən baxışı.

Axtarıb, gəzirəm həmən baxışı,

Gözlər həmən gözdü, baxışlar ögey.

 

Qəsdimə durubdu bilmirəm niyə,

Bəlkə günəhkaram, aşiqəm deyə.

Gümüşə inanmasam sən bax güzgüyə,

Gözlər həmən gözdü, baxışlar ögey.

02.03.2022

 

Yurd.info.az

 

Paylaş: