BİLAL ALARLI: “QARAÇUXAMIN YUXULARI” (Poema)

Bilal Alarlı (Bilal Hüseynağa oğ­lu Hüseynov) 8 sentyabr 1958-ci ildə Cə­­lilabad rayonunun Alar kən­dində ana­dan olub.

Ali təhsillidir, 1981-ci ildə Bakı Dövlət Univer­si­te­tini, 1989-cu ildə Jurnalist Sənət­kar­lığı İns­titu­tunu və 2007-ci ildə Azər­baycan Müəl­lim­lər İnstitutunu bi­ti­rib.

Hazırda doğma Alar kəndində yaşayır və Azər­baycan Döv­lət Pedaqoji Universitetinin Cəlilabad Filia­lında işləyir.

Filologiya üzrə fəlsəfə dokto­rudur.

Elmi yaradıcılığını Nax­çıvan Dövlət Universite­tinin elm­lər doktor­luğu üzrə dissertantı kimi davam etdirir.

İndiyədək 39 elmi, bə­dii və publisistik kitabı nəşr olunub.

Azərbaycan Yazıçılar Bir­li­yinin üzvüdür.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan ədəbiyyatı üzrə ekspertidir.

Prezident təqaüdçüsüdür,  Beynəlxalq “Rəsul Rza” və “Qızıl Qələm” Mükafatları lau­­reatıdır.

Haqqında Nobel Mükafatı Komitəsinin Azərbay­can üzrə təmsilçiliyi Azərbaycan və ingilis dillərində kitab nəşr edib.

Kitabda əsərlərinin biblioqrafiyası da verilib.

Biz də Bilal Alarlıya şəxsi həyatında, elmi-pedaqoji fəaliy­yətində, ədəbi-bədii yaradıcılığında yeni-yeni nailiyyətlər ar­zu­­­la­yırıq və aşağıda onun “QARAÇUXAMIN YUXULARI” adlı poemasını oxucula­rı­mı­za təqdim edirik.

 

Məlahət SAHİBQIZI,

Yurd.İnfo.Az-ın Baş Redaktoru,

AYB-nin və AJB-nin üzvü,

“Abdulla Şaiq”, “Xan qızı Natəvan”,

“XXI Əsrin Ziyalısı”,

“Zirvə”, “Zəfər”, “Qızıl qələm”

və s. mükafatların laureatı

ZiM.Az

 

QARAÇUXAMIN YUXULARI

 Müəllifdən

Səksəninci illərdə rayonda yaşasam da, bir ayağım Bakıda idi. Nizami adına Ədəbiyyat İnstiutunun dissertantı kimi elmi iş yazırdım, demək olar, bitirmişdim. Elmi rəhbərim mərhum professor Mirəli Seyidov idi. Müdafiəyə hazırlaşırdım, Milli Azadlıq Hərəkatı başladı. Akademiyanın alimləri Meydan Hərəkatında fəallıq göstərirdilər. Mən də Bakıya gedəndə mitinqlərə çıxırdım. Hadisələr gərginləşdi, müdafiəm yubandı.

O zaman yaşadığım Cəlilabad rayonunu “qaynar nöqtə” adlandırırdılar. Elə həmin vaxtlarda jurnalist təhsilimin olmasını nəzərə alıb, rayon qəzetinə rəhbərliyi mənə həvalə etdilər. O zaman rayon qəzeti on üç min tirajla işıq üzü görürdü. Hər nömrə “Qan-qan!” deyirdi. Qarabağda ermənilərin seperatçılıq əməllərinə qarşı mübarizə tədricən Müstəqillik uğrunda Milli Azadlıq Hərəkatı səviyyəsinə yüksəldi.

Hadisələr o qədər gərgin şəkil almışdı, mən evə getmir, redaksiyada yatırdım. Gündüzlər materialları hazırlayır, gecələr qəzeti buraxırdım. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğına xüsusi nömrə həsr etdik. Sovet hökumətinə, kommunist partiyasına qarşı kəskin yazılar yazdıq.

Yanvarın 24-də sovet tankları Cəlilabada daxil oldu. Dövlət idarələri, o cümlədən redaksiya nəzarətə götürüldü. Buna baxmayaraq, mən yanvarın 30-dək qəzetin buraxılışını təmin etdim. 30 yanvar nömrəsini gecə çap edib, elə gecə saat dörddə də redaksiyadan poçt şöbəsinə göndərdim. Qəzet artıq oxucuların əllərində idi.

Səhər tezdən rus millətindən olan bir polkovnik redaksiyaya gəldi, məni sorğu-suala tutdu. Bir qədər sonra həbs olundum.

Həbsxanada mənə pis baxmırdılar. Məni ayrıca bir otaqda saxlayırdılar. Mənə çay gətirən həbsxana nəzarətçisindən bir ümumi dəftər və bir sadə qələm istədim. Bir azdan gətirib verdi. “Zindan şeirləri”ni həmin dəftərə yazdım.

Bizim işimizə Ali Məhkəmə baxırdı. Yaxşı yadımdadır, mənim “Məhkəmədə son söz” şeirimi dinləyəndən sonra iddiaçı prokuror gedib məhkəmə sədrinin qulağına nəsə pıçıldadı. Sonra gəlib mənə dedi:

-Sədrdən xahiş etdim ki, sənə iki ildən artıq iş verməsin.

Amma zaman başqa hökm oxudu. Məhkəmə son qərarını verməyi xeyli yubatdı. 18 oktyabr 1991-ci il tarixdə “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında” Konstitusiya Aktı (Sonralar bu sənəd Müstəqilliyin bərpası adlandırıldı) qəbul edildi və bu Aktın tələblərinə uyğun olaraq məni həbsdən azad etdilər.

Bir müddət sonra həbsxana divarları arasında qələmə aldığım “Zindan şeirləri” əsasında “Qaraçuxamın yuxuları” poemasını yazdım.

 

Proloq

 

Salam, ötən gün!

Kişiliyim çatmadı

kölgəndən qaçam.

Bir göz qırpımı

işığına möhtacam.

Çin olmur Qaraçuxamın yuxuları.

Gələn günlərin görüşünə tələsirəm,

qarşıma sən çıxırsan.

Baxışlara düşmüş şəklinə baş əyirəm –

əlimi sıxırsan.

Özümdən qaçıram

ayağım yer tutduqca.

Mənə yaxın olursan

Mən səni unutduqca.

 

Paslı dəmir barmaqlıqdan

Ay işığını içdiyim gecələr

Yuxumu ərşə çəkir

arzularımı boyuma

kəfən biçən düşüncələr…

Gün haçan doğacaq?

Bir də doğacaqmı?

Ağaracaqmı fikirlərimin üfüqü?

Qaranlıq qurd kimi sübhü gəmirir.

Bir ovuc işıq var gecənin canında –

On dörd gecəlik Ay kimi

batır gözlərimin qarasında

 

Səmtini dəyişən axar sular

pərsəngini pozur dünyanın.

Gözüm su içməyən qışın

əllərindən su içir

yazı dünyanın.

 

Zindan

(1990, 28 fevral)

 

Başdaşı qoyulmamış

qəbir kimiyəm,

İçimdə kimin

haçandan yatdığını bilmirəm.

ölümə doğru gedirəm, qardaş,

günahimi yuya-yuya.

Hansı günahdı,

necə günahdı, deyə bilmərəm.

Dünyaya gələndə

əllərim yumulu olub,

gözlərim yaşlı –

Günahsız-günahsız

qışqırıb ağlamışam…

Özündəşeyəm,

Süfrə adamlar açılıb-yığılanda

paslı qıfılı ağzında olan

sirli sandığa dönürəm.

Açılanda

Şah qızı Nərgiz üçün açılacağam,

İçindən Kərəm kimi özüm çıxacağam…

 

Ədalət deyənin dili kəsilib,

içində yananlar

qovrulub gedib.

Düzlük qılıncını bayraq edənlər

qılınc sivirməyi

çoxdan tərgidib.

Mənim göz yaşlarımı görəndə

“Kişi də ağlarmı?” demə.

Mənim dərdimi dərdin tək çəkmə.

Kişilər ağlamır,

Kişilərin göz yaşı ürəklərinə axır.

Boynunda ki minnət oldu,

başını qaldırmağa dəyməz.

Başqasının havasına

çox oynamısansa,

Daha öz havanı

çaldırmağa dəyməz.

 

Gəldi, yaz da gəldi, açmadı o gül,

Tumurcuq vermədi arzum bu bahar.

Dedim ki, ümidsiz qalmasın könül,

Hər qəlbin tükənməz bir istəyi var.

 

Buz əridi, yağış yağdı, gün çıxdı,

Bizim bağdan bulud əskik olmadı.

Yollara baxmaqdan, gülüm, darıxdım,

Kəm taleyim məni yada salmadı.

 

Qaraçuxam baş qoyub daş kimi yatdı,

Oyatmadı aylar onu, il onu.

Sevda gəmim dərin dəryada batdı,

Xilas edəmmədi əsən yel onu.

 

Ömür nağıl imiş, əfsanə imiş,

Kim necə istədi, elə yaşadı.

Bir birçəyim qızıl, biri də gümüş,

Özümsə dilənçi yükü daşıdım.

 

***

Oyatma, ey dünya, məni qəflətdən,

Bəxti yatanların əli gətirməz.

Deyirəm, mərdliyin o Qıratları

Daha Koroğlu tək dəli gətirməz.

 

İl keçər, ay ötər, zmana dönər,

Yay qaşlar çatılıb kamana dönər.

Dünya gözlərimdə dumana dönər,

Səsini dağların yeli gətirməz.

 

Acı xatirələr od qoyar sənə,

Pis əməlin pis də ad qoyar sənə.

Bir gün başdaşını yad qoyar sənə,

Cənazən, arxanca eli gətirməz.

 

Yaş ötər, saralıb solub köçərsən,

Bu dünyadan peşman olub köçərsən.

Övladına düşmən olub köçərsən,

Qəbrini qazmağa beli gətirməz.

 

Məhkəmədə son söz

(1991, 28 iyun)

 

Həqiqət! Qarşında diz çökür hamı,

Əvvəl-axır sənsən hər şeyə hakim.

Yalanla, böhtanla, şərlə davamı

İstərəm səninlə məşhərə çəkim.

 

Durmuşam kürsüdə müttəhim kimi,

Bu yerdə şahidlər dindiriliblər.

Zaman atdan salıb çoxlu hakimi

Bu kürsüdə taxtdan endiriliblər.

 

Qan udduran gəlib, qan udan gedib,

Pambıqla baş kəsən hesab veribdir.

İnsan pis əməli burda tərgidib,

İnsan yaxşılığı burda görübdür.

 

Burda açılıbdır bağlı boxçalar,

Kitabı bağlanıb çoxunun burda.

Gülə-gülə çıxıb burdan yaxşılar,

Nakəslər veriblər qoyunu qurda.

 

Kürsü üstündə göz yaşı vardır,

Bir gəlin nə vaxtsa ağlayıb burda.

Bu otaq kiminə qəbir tək dardır,

Kimsə düşmənini dağlayıb burda.

 

Bu quru taxtaya açıb qəlbini,

Dizə çöküb yalvaranlar olubdur.

Hakim itirəndə imanı, dini,

Nakam bir qız saçlarını yolubdur.

 

Dəhlizdən süzülən şivən səsini

Hakim eşitməyib, kürsü sezməyib.

Dinlədikcə qanunların bəhsini

Kürsü sərtləşibdir, insan dözməyib.

 

Şər qılınc sıyırıb, ədalət qalxan,

Hakim zaman olub, müttəhim insan.

Millətlər yatanda yerindən qalxan

Başını veribdir qılınca qurban.

 

Deyirlər, divarın qulaqları var,

Sirrini ətrafa nə vaxtsa yayır.

Olub-olmuşlarla haqq-hesab apar,

Gör dövran nə deyir, zaman nə sayır.

 

Bir cəllad kötüyü min bir baş görüb,

Min bir baş çəkəni bir kötük bilməz.

Vaxt olub, fərmanı “üçlüklər” verib,

Fərman dəyişsə də, başlar dirilməz!

 

Dirilməz o başlar, millət itirdi,

Kəsilmiş o başlar başçılar olmuş.

Cəllad kötükləri çiçək bitirdi,

Cəlladlar həyatda yenə də qalmış.

 

Kürsü söz meydanı, kürsü məşhərdir,

Burda sübh açılır, burda gün batır.

Üz-üzə dayanan xeyirlə şərdir,

Burda bəxt açılır, burda bəxt yatır.

 

Kürsüdə durmuşam müttəhim kimi,

Şahidlər danışıb, söz hakimindir.

Böhtanla döyüşən həqiqətimi

Hakim ayırd edir: Zəfər kimindir?!

 

Azadlıq! Bu sözün nidası güclü,

Hər hərfin, hər səsin özü zərbədir.

Azadlıq! Bu sözün sədası güclü,

Dağları, daşları vurub tərpədir.

 

Hökmü çətin olur bəzən zamanın,

Hakimi qul edir, qulları hakim!

Pis günündə əyilməyən insanın

Şərəfi vəkildir, vüqarı hakim.

 

Vicdan tərəzidir, kamal meyardır,

Vicdanı saf olan satılmır, qardaş.

Xain xislətlinin meydanı dardır,

Beləsi meydana atılmır, qardaş.

 

Hər şeiyi vicdanla ölçüb-biçənin

Qayçısından haqq-ədalət saf çıxır.

İmanından, məsləkindən keçənin

Tikdiyi əyinlik özünü sıxır.

 

Doğru qılınc kimi kəsir əyrini,

Haqq yerini tapır, geci-tezi var,

Gövhər, bil, gövhərdir, öz dəyərini

İtirməz torpaqda, yenə parıldar.

 

Ya qurban gedənəm, ya şəhid olan,

Mübarizəm hələ qabaqda qalır.

Çək-çevirdən səbir kasası dolan

Həyatın özündən intiqam alır!

 

Hökmü çətin olur bəzən zamanın,

Hakimi qul edir, qulları hakim!

Pis günündə əyilməyən insanın

Şərəfi vəkildir, vüqarı hakim.

 

Azadlıq! Mən sənin yolunda yandım

Pərvanə şam üçün yandığı kimi!

Dünənimdən, bu günümdən usandım,

Ümidlə gözlədim xoş səhərimi!

 

Ucaldıqca meydan-meydan gur səsim,

Meydan-meydan azalacaq düşmənim.

Ağzımdan çıxanda axır nəfəsim

“A-Zad-lıq” olacaq son sözüm mənim!

 

Gələndə görüşmədiyim

bu soyuq qapı

gedəndə vidalaşmır.

Başım üstündə

səliqəsiz yazılmış adlar da solub

rəngi tökülmüş divar kimi

hafizələrdən.

Memuar yazmır keşikçilər burda,

Dəmir haşiyəli baca

tutub saxlamır

bir əlçim göy üzünü.

Gedəcək əllərimin izi

su içdiyim oxurun üstündən,

silinəcək dəqiqəsi,

saniyəsi hesablanan

və kitaba vurulan

ömür kimi.

Mən də düşəcəyəm yaddaşdan,

lap tez düşəcəyəm.

təpikləyib salacaqlar yerimə başqasını.

Soyuq divar

hələ özünə gəlməmiş bu adama

isti-isti deyəcək:

-Burda biri vardı,

darıxanda yazardı…

 

Ay işığına dönəcəyəm geri.

Hələ sərçələr ağı deyir,

şanapipik nağıl deyir.

Gecələr şivən qoparan

cücülər yatıb.

Şübhələrimin sonucu kimi

qaranlıq çökəcək

üfüqdən bəridəki

sonuncu dərəyə.

Son ilğım da sönəcək

gözlərimin toranlığında.

“Dədəmvay” səsinə diksinəcəksən…

 

Epiloq

 

Atlılar, atlılar,

atları yel qanadlılar.

Uçdular,

səngərlərdən keçdilər.

İşığa cumdu kor atlar.

Volqadan atılıb Dunaya töküldülər.

Barıt qoxuyan mərmi yedilər.

Sibirin türk atları

Atillanın sözünü

Avropaya dedilər.

Atları oynatdılar,

Avropaya çatdılar.

Qayıtdılar atlılar –

atlar bir qatarda,

atlılar bir qatarda.

Kor atları güllələdilər

müharibə qurtarhaqurtarda.

1990-1991

 

ZiM.Az

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir