Güney Azərbaycanımızın dəyərli qəzəlxanı, səsi və duyğuları ilə qəzəllərinə gözəllik, həzinlik gətirən Mir Əsgər Mousəvi 1966-cı ildə Ərdəbil şəhərində dünyaya gəlib. Uşaq yaşlarından şeir və ədəbiyyata meyli olan Mir Əsgər Mousəvi on səkkiz yaşından davamlı şeirlər yazmağa başlamışdır.
Onun bədii yaradıcılığı zəngindir. Amma daha çox qəzəl janrında yazmağa üstünlük verir. Füzuli şeiriyyatını, Vahid qəzəllərini öz yaradıcılığı ilə xatırladan şair oxucuları tərəfindən müasir dövrün Füzulisi ,Vahidi adına layiq görülüb.
Mir Əsgər bəyə yaradıcılıq uğurları diləyir, onun yaradıcılığından bir neçə nümunələri geniş oxucu kütləsinə təqdim edirik.
RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatlarıı laureatı
MƏSNƏVİ
Düşdü bir gün güzarım məhfili-meyxanələrə,
Dəmbədəm saqi süzürdü meyi peymanələrə.
Nəsə bu məclis olubdur məni üçün biganə,
Baxıram məclisi cümlə görürəm divanə.
Hamı məşğul idi meynən yox cahandan xəbəri,
Süzür saqi meyi hər kəsə çün öz qədəri.
Hamı keyf içrədi gər olsa da çün badə zəhər,
Yoxdu bu məclis içində zərrəcə qüssə-kədər.
Qəm tutub könlümü yandım, bu nə aləmdi məgər…?
Niyə mənçün bu şirin dünya olub cümlə zəhər…
Gördü əhvalımı çün saqi gəlibdir qabağa,
Dedi gəl, badə süzüm, sən də bir az vur dodağa.
Dedim ey saqi, bu meylər məni sərməst etməz,
Aşiqi-həqq olanın mədəsinə mey getməz.
Dedi bəs, söylə görüm, böylə pərişan niyə sən?
Bəlkə,öz dərdini mənçün gizlicə söylyəsən…
Dedim hardan danışım ki,duyasan sözlərimi,
Olmayıb kimsə silə qanla dolan gözlərimi.
Biri eyş-işrət içində, biri qəmgin oturub,
Biri var dövlətinə şən eləyibir qudurub.
Biri şindən danışır,bəzisi cindən danışır,
Biri iblis ilə həmdəm, özü dindən danışır.
Baş qoyur səcdəyə hər gün də edir razu-niyaz,
Bilmiyir ki,o namaz ərşidə məqbul olmaz.
Azalıb dəhridə insan,çoxu heyvan görünür,
Bir qoyun tək bu camaat sürülərtək sürünür.
Sən vur öz badəni ey saqi, ki ol məstü-piyan,
Sən üçün cümlə nəhanlar mənə aşkardı əyan.
Şair olmazdım əgər, böylə bəla çəkməz idim,
Ömrü bihudə yerə mən də həlak etməz idim …
Qəm yeməz böylə Mir Əsgər sözü dərman olsa,
Məsx olanlar dolanıb bir daha insan olsa….
GƏLMİŞƏM
Cismi siriştimdi turab, ruh ilə canə gəlmişəm,
Sirri-rumuzi açmağa başqa cahanə gəlmişəm.
Cənnətə layiq olmadan, tərd olunub cismi-tənim,
Taleyə bax, sən ey Fələk, qəmli məkanə gəlmişəm.
Eşqi üfürmüş canıma, həm də ki, nuri-həqqini,
Eşq ilə aşiq olmağa,qaşı kəmanə gəlmişəm.
Hikməti gördüm eşqidə, can da düşüb təlatümə,
Sevməyə ol dilbəri çün, mən bu gümanə gəlmişəm.
Tərki məhafil eylədim, eşq ilə can ənis ola,
Duymaq üçün runuzumu, sirri-nəhanə gəlmişəm.
Hüri-mələk ərşidə yox, Azərbaycanımdadır…
Gəlməz idim yer üzrə mən, çün bu nişanə gəlmişəm.
Canda varımdı cananım, sirri Mir Əsgər, et əyan,
Aşiqi hubbi-ins olub, cümlə imanə gəlmişəm.
USANSAYDI
Pərişan olmaz, əfkarım əgər könlüm usansaydı,
Cəfa görməzdi çün cismim cəfakarlar usansaydı.
Usandım cismi-canımdan,usanmaz canda cananım,
Çəkilməzdim cünun içrə əgər zehnim usansaydı.
Qəmim sinəmdə gizləndi, nəhan olsun xəlayiqdən,
Bilinməzdi nəhan sirrim,axan qan yaş usansaydı.
Şəbi-hicranə şəm oldum olub roşən şəbistanlar,
Alovlanmazdı pərvanə, əgər atəş usansaydı.
Hubabin içrədir canım, nə məskən yox nə imkanım,
Olardı dərdə dərmanım,əgər canan usansaydı.
Canım cananə vəsl olmur,nədənsə fəslə tuş oldum,
Baharın ətrini allam,əgər tufan usansaydı.
Sorarlar ey, Mir Əsgər,sən bu sevdadən nələr çəkdin?
Deyər çatmışdım ol yarə, əgər əğyar usansaydı.
OLMUŞAM
Allah, Allah, gör, necə mən didə-giryan olmuşam,
Yanmışam atəşlərə, aləmdə büryan olmuşam.
Sufi oldum, gah da zahid, görmədim zövqü-səfa,
Kinə nifrətdən qaçıb lakimda pünhan olmuşam.
Dəhridə çün abidu-zahid bu gün can bəslədi,
Xəlq ara duydumsa dərdi cani bican olmuşam.
Mən deməm üsyan mənəm,möhtaci-bi iyman mənəm,
Seyli-tüğyandan keçib mən külli-iyman olmuşam.
Fasiqu-kafir əgər ki,axtarır öz mənliyin,
Mən məniyyətdən keçib yer üzrə insan olmuşam.
Çün bilər nadan özün dana deməz nadan mənəm,
Düşmüşəm nadanlar içrə gözdə nadan olmuşam.
Var cülusum həqq ilə həqqa səbəbsiz uçmaram,
Çün həqiqət kanıyam düz qəlbə sultan olmuşam.
Damı nifrətdən uzaq dur, ey Mir Əsgər,et həzər,
Görmüşəm üsyanları mən yerlə yeksan olmuşam.
DÜŞÜNCƏLƏRİM
Sinə çün qəmlə dolub artdı içimdə möhənim,
Ağlayır əhvalıma gülşən o bağ, o çəmənim.
Sığmıram dünyaya çün vəhmili zindandı mənə,
Qovzanır yeddilərə xəstə kül olmuş bədənim.
Dörd (4) olub qəmli-səra altıda (6) duymam özümü,
Duymayır kimsə mənı, dildə qalıbdır soxənım.
Aç bəsirət gözünü, ey bəşərin oğlu bəşər,
Yanmazidi beşin (5) olsaydı əgər cismu-tənım.
Seyri qıldıqca, bu seyrangahı məğrurlanı(r)san,
Duymayırsan ki, bu dünya nə sənindir, nə mənim.
Mənki qafil deyiləm rəhməti sübhanımdan ,
Suri Həqqdən gəlir tuteyi-şəkkər şikənim.
Dördü(4)seyr etdi Mir Əsgər tapıb oz sevdiyini,
Odların yurdu olan öz Vətənimdir, Vətənim.
İzah: Dörd (4) – Yer, torpaq; Beş(5) – insanın 5 duyğu üzvü; Altı (6) – ətrafımızda olan cəhətlər (yuxarı, aşağı, ön, arxa, sol, sağ); Yeddi (7) – göy, səma,ərş.
DÜŞÜNMƏYİN, ƏFSANƏYƏM
Kim görüb əhvalımı, hiss eylədi divanəyəm,
Duymadı bilməm, nədən odda yanan pərvanəyəm.
Sordular əhvalımı aya nədən solmuş üzün?…
Söylədim ki,dəhridə çün dərdlərə kaşanəyəm.
Çün cununi-eşqin içrə qərq olur cismu-tənim,
Arifəm sevdayi-eşqə,sanma ki, biganəyəm.
Tərki-işrət eylədim könlüm düşübdür sevdaya,
Birdə abad olmaram çün talibi-viranəyəm.
Əqli-kamil məndədir çünki eşq dəryasındayam,
Kimki, eşqı duymasa bilməz ki mən fərzanəyəm.
Aqil olmaz kimsə ki,gər canu-eşqi dadmasa,
Aşiqi-sadiq mənəm çün eşq ilə divanəyəm.
Yaz sən eşqin sirrini olsun əyan, Seyyid bu gün,
Kim duyar həqdən məni, sanmazlar ki, əfsanəyəm.
KİMİ
Zəmanə içdi qanımı kefli badə içən kimi,
Keçdi cahanda ömrümüz kamandan ox keçən kimi…
Anlamadım uşaqlığın şirin-şirin dövranını,
Fələk belə çapdı atın hiss etmədm cövlanını,
Yay günündə çəkdi mənim üstümə qar yorğanını.
Birdə qayıt uşaqlığım,mən yaşayım keçən kimi .
Keçdi cahanda ömrümüz,kamandan ox keçən kimi…
Qəmli həyatımda mənim qəmlər olubdu həmdəmim,
Qəmli-kədərli dünyada mən bir doyunca gülmədim,
Yaz olmamış ömür gedib döndü xəzana bilmədim.
Ətrafımı biçdi Fələk oraqla gül biçən kimi,
Keçdi cahanda ömrümüz kamandan ox keçən kimi.
Həyat mənə bacardıqca vurubdu canıma zəfər,
Cavanlığım oldu hədər,şirin dünyam oldu zəhər,
Nəsibim olmuş hər zaman sızıldamaq şamu-səhər.
Axdı gözlərimin yaşı sel dərələr keçən kimi,
Keçdi cahanda ömrümüz kamandan ox keçən kimi…
Vardı deyillər dünyanın şirin-şirin röyaları,
Bağları vardı,dağları ,uzun geniş səhraları,
Mən bütün ömrü yaşadım öz içimdə röyyaları.
Oldu Mir Əsgərə həyat şaxta,dumanlı çən kimi,
Keçdi cahanda ömrümüz kamandan ox keçən kimi…
GÖRƏNDƏ
Min yol ölürəm, bir dəfə cananı görəndə,
Nəbzim dayanır gözləri şəhlanı görəndə
Min tir dəyir sinəmə ol qəmzələrindən,
Nitqim tutulur navuki-müjganı görəndə.
Qarə zülfləri qıvrılır ol sinədə çün mar,
Məcnun oluram zülfi-pərişanı görəndə.
Ağ cismini pünhan eləmiş pirəhən altda,
Başdan gedir əqlim təni-üryanı görəndə.
Siması da güldür,bütün əndamı gül-çiçək,
Güllər utanır ol gülü-reyhanı görəndə.
Divanə olur,baş götürür çöllərə Seyyid,
Can qurban edir, sən kimi ceyranı görəndə.
EŞQ İÇRƏ YANAN PƏRVANƏ
Aşiqi etmə məzəmmət sanma çun divanə,
Eşqdən ötrü oda yanmayıb heç pərvanə.
Şəəm ki giryandı, tökür gözyaşını şamu-səhər,
O da bihudə çəkir könlünü çün üsyanə.
Kəlmeyi-eşqi əgər sinədə təəbir eyləsən,
Eyşi-işrətdi şini şüqü qafi viranə.
Xəttü-xalu ləbu-giysu ola çun sinə əyan,
Kim görər,hətmi gələr sinəsi min əfqanə.
Tiri-zəhragin çıxıb çün kipryindən dilbərin,
Qalmadı dövrümdə şəəm qaçdı bütün pərvanə.
Ol qədər ox vurdu canan yoxdu boş yer sinədə,
Daha peykandi kı,sinəm də dəyir peykanə.
Qan süzür didələrimdən çün əbəsdir yanmağım,
Qalıb həsrət dodağım ləli ləbi xəndanə.
Sanma pərvanəni aşiq gör mənım əhvalımı,
Olmuş aləm gözümə dəhridə çün biganə.
Elə sevdayə düşübsən ki Mir Əsgər bu zaman,
Sənə rişxənd eləyir hətta dəli-divanə.
HƏSRƏT
Qatar-qatar göydə gedən durnalar,
Qoymayin sevgimi böylə intizar
Uça-uça qon yarın bağçasına.
Gizlicə gir otağına sevgimin,
Hədiyyəmi qoy onun boxçasına.
Gülüm düçar olub zəhərli xara,
Neyləyim dərdimə tapılmır çara.
Bir ayna almışam o nazlı yara.
Uça-uça qon yarın bağçasına,
Hədiyyəmi qoy,yarın boxçasına.
Tapsan əgər ol könlümün yuvasın,
Ona demə dərdlərimi yarasın,
Baxıb aynaya tellərin darasın,
Qoyma kədər gələ yar bağçasına,
Hədiyyəmi qoy yarın boxçasına.
Mir Əsgərəm, yandım,Allah fəraqdan,
Yar qoxusun çəkim necə uzaqdan?
Haçan olar busə vuram dodaqdan,
Apar bu könlümü yar bağçasına,
Hədiyyəmi qoy yarın boxçasına
KEŞKƏ
Keşkə gəlirdim yenidən dünyaya,
Sevməz idim səndən özgə dilbəri.
Can kimi ağuşa alardım səni,
Öpərdim o incə nazlı əlləri.
Hörərdim o zülflərini hər səhər,
Öz əlimlə darardım o telləri.
Qaranlığın zülmətində hər gecə,
Yanardım sən üçün inan,ey pəri .
Can deyərdim can canının qurbanı,
Verməz idim heç kimə sən gövhəri.
Camə süzərdim şərbəti-ləlini,
Nuş eləyərdim badəvü-sağəri.
Məst eləyərdin məsti-məstanə tək,
Bilməz idim mən ayları, illəri.
Heyf ola ki, keşkəsi var şeirimin,
Yoxsa olardın dilimin əzbəri.
R hurfu ilə dünyanı bəzərdim,
Əlvan edərdim gülşəni, gülləri.
Bəsdi daha sirrini açma,Seyyid,
Dolan,sən də Məcnun kimi çölləri.
GÖZƏLLƏR GÖZƏLİ MƏNİM SEVGİLİM
Vuruldum bir gözəl nazlı dilbərə,
Bənzəyir yanağı lalə güllərə,
Yazaram min qəzəl incə əllərə,
Gozəllər gozəli mənim sevgilim.
Tökülür ağ üzə qara saçları,
Deyirəm,ay gözəl busə ver barı,
Çatılıb qaşları altdan yuxarı.
Gozəllər gozəli mənim sevgilim.
Nazlanır, naz edir bu gözəl yenə,
Ay nənə, bu qızı alardın mənə,
Ölüncə mən dua edərdim sənə,
Gozəllər gözəli mənim sevgilim.
Ay Allah,nə qədər mən subay qalım?
Bu qızın eşqindən qalmayıb halım,
Bilmirəm mən gedim kimə yalvarım?
Gozəllər gozəli mənim sevgilim.
Ağ uzdə qara xal yandırır məni,
Olsəm də,ay gozəl, alaram səni,
Ay mənim omrumun gülü, gülşəni,
Gozəllər gozəli mənim sevgilim.
Dodaqlar bal kimi sanki bal şəkər,
Bu könlüm öpməyə intizar çəkər.
Sən mənim sultanım,mən sənə nökər,
Gozəllər gozəli mənim sevgilim.
Çox gozəl yaradıb yaradan səni,
Tapıbdı Mir Əsgər sonradan səni,
Götürüb qaçaram aradan səni,
Gözəllər gözəli mənim sevgilim.
TƏBRİK ŞEİRLƏRİNDƏN:
YAZ, YARAT, USTAD
Şirin qəzəllərə dönüb duyğusu,
Oyaqdır hisləri,yoxdur yuxusu,
Qovuşmaq, birləşmək olub arzusu.
Dünyaya gəlişin olsun toy-büsat,
Şirin ömrün olsun, yaz,yarat, Ustad!
Güneyimin vətənpərvər oğlusan,
Torpağına,vətəninə bağlısan,
Sən də zəmanədən sinədağlısan.
Üzülmə, bitəcək bu acı fəryad,
Gözəl ömür sürüb yaz,yarat,Ustad!
Bütöv Azərbaycan qəlbin istəyi,
Zövqlə əzizlərsən gülü,çiçəyi,
Axtarırsan qara gözlü mələyi.
Verirsən şeirinlə ruhumuza dad,
Gözəl ömrün olsun,yaz,yarat, Ustad !
Qoy nəğmələr coşşun qəzəllərindən,
İlham al yurdumun gözəllərindən.
Bir çələng toxu,sən, öz əllərinən,
Könül dünyan olsun firavan,abad
Gözəl ömür yaşa,yaz,yarat,Ustad.
Söz mülkündən inci topla hər zaman,
Almasın başını nə çən, nə duman,
Savalan vüqarlı dəyərli insan.
Sözünün sehrinə dalıb olaq şad,
Gözəl ömrün olsun, çox yaşa,Ustad!
25.02.2023
USTAD
Deyəsən şairim xoş avaz edir,
Köksündə duyğular hey pərvaz edir,
Gül bülbülə bülbül gülə naz edir.
Dostlara söz söylə,qəlbin eylə şad ,
Qoy ,şirin kəlmələr versin ruha dad!
Eşqin dəryası var dərindən dərin,
Qəlbin çeşməsi var sərindən sərin,
Vurub sən, möhürünü xoş qəzəllərin,
Qüzeyi, Güneyi, birləşdir Ustad,
Şirin qəzəllərin versin ruha dad!
Sözün dəyərlidir, təbinsə rəvan,
Qoy səni qorusun uca Yaradan,
Uzaq ol hər zaman dərddən, bəladan.
Ruhuna olmasın sevinc, sevgi yad,
Qoy, şirin kəlmələr versin ruha dad.
Uca Savalan tək hey vüqalı ol,
Çəmənzarı gülşən,başı qarlı ol,
Bağçası heyvalı,bağı narlı ol.
Könül dünyan olsun firavan, abad,
Şirin qəzəllərin versin ruha dad!
25.02.2023
ZiM.Az
Bir cavab yazın