NURANƏ RAFAİLQIZI (1981) » ZiM.Az


NURANƏ RAFAİLQIZI (1981) Nuranə Rafail qızı Fazilova (Rəhimova) – 1981-ci il mart ayının 29-da Göyçay şəhərində həkim ailəsində dünyaya göz açmışdır. Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra, Odlar Yurdu Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olub, 2007-ci ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır. Bu sahədə fəaliyyətinin iki ilini (2020-2022) Ağdaş Pandemiya Mərkəzinə ezam olunaraq, “COVİD-19” virusu ilə mübarizəyə sərf edib, orda xidmət göstərmişdir.
Həmçinin 2012-2015-ci illərdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolecində pedoqoji fəaliiyyətlə də məşğul olub.
Ailəlidir, bir övladı var.

Ədəbi fəaliyyətə erkən, orta məktəb illərindən başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir.
Şeirləri Nuranə Rafailqızı imzası ilə “Milliyyət” ,“Həftə içi”, “Təzadlar”, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” və “Bütöv Azərbaycan”, “Kredo” qəzetərində, “Herba-flora”, “Xəzan”, “Yazarlar” jurnallarında işıq üzü görmüşdür.
2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunaraq məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş Beynəlxalq Nar Festivalında şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır.
2022-ci ildə “Mücrü” nəşriyatında 110 şeirdən ibarət “Həkimlər depresiya deyir!” adlı ilk kitabı, 2023-cü ildə Cənubi Azərbaycanın “Şahmat” nəşriyatında 65 şeirdən ibarət “Mənə bir az nağıl danış!” adlı ikinci kirabı çap olunmuşdur. Həmçinin “Gəlirik, Qarabağ!”, “Kimlərə qaldı dünya?!”, “Nizami Gəncəvi – 880”, “ Həsrətin sonu”, “Həyat bizi səsləyir!”, “Sevgilim, yuxunu dənizə danış!”, “Söz çələngi”, “Türk ədəbi əlaqələr”, “Gələcəyə doğru” poeziya antologiyasında müxtəlif sayda şeirləri yer almışdır.

Nuranə Rafailqızı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatına (15.04.2021), “Fəxri şair” və “İlin şairi” diplomlarına layiq görülmüşdür. ”Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, Göyçay rayon bölgə təmsilçisidir. Bu jurnalın redaksiya heyəti tərəfindən müxtəlif vaxtlarda ədəbi fəaliyətinə görə “Ziyadar”, “Bayram Bayramov”, “Vidadi Ağdamlı” mükafatları ilə təltif olunmuşdur.
2023-cü ildən AYB-nin üzvüdür.

Biz də Nuranə Rafailqızına yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!…

ZiM.Az

GƏLƏRƏM, GƏLƏN PAYIZ!

Çıx payızın yoluna gələcəm, səslə məni!
Qorxutmasın gözünü yolun dumanı-çəni!
Baxma, göydə buludun tökdüyü qaş-qabağa,
Onsuz bir himə bənddi, hönkürüb ağlamağa..

Şimşəklər çaxıb keçsin qoy, sağından-solundan,
Göylərin gurultusu döndərməsin yolundan!
Qopsun fırtına-tufan, dəli küləklər əssin!
Durnalar qatar-qatar köç etməyə tələssin…

Çək payızın havasın qoy, dolsun ciyərinə.
Diqqət et üşüdərsən, durma üzü sərinə!
Bilirsən ki, soyuqda daha çox olur zökəm,
Əynindəki geyimə sarıl daha da möhkəm!

Bas bağrına əlində üşüyən çiçəkləri,
“Sevir-sevməyir! ”qopar büzüşmüş ləçəkləri.
Ayağının gah birin, gah o birin götür-qoy,
Çəkmənin dabanıyla izini sil, itir-qoy!

Nəfəsinlə ovundur, donan barmaqlarını
Qoy, zəncirtək gəmirsin dişin dodaqlarını.
Bir az səbr et! Döz! Dayan! Dözümdə axtar məni!
Yoldan ötüb-keçənin gözündə axtar məni!

Payız həsrət fəslidi, geyinsə də qızıldan.
Sevdiyin nəğmələri dilin altda mızıldan:
“Baş alıb gedir xəyal, ürək susub olur lal.
Qarşımda durur sual: Gülüm, harda qalmısan?

Göy üzü narın-narın… Əridir dağın qarın
O məsum baxışların! Gülüm harda qalmısan?”
Lap istəsən arabir dalımca deyin, danış:
“-Bu minvalla deyəsən, burdayam hələ bu qış!

Görəsən naz-qəmzənin nə vaxt gələcək sonu?”
Beynində çək-çevir et, vuruşdur onu-bunu!
Bir azca üşü qarda, bir az islan yağışda
Gəzin o yan bu yana, ötsün payız da, qış da!

Tələsmə, arxasınca gəlir çiçəkli bahar
Ağaclar göyərəndə axtar məni, o ki var!
Nə qədər gözlətmisən, hesabla barmaq sayı!
Bu hesabla-kitabla vur başa isti yayı!

Gözlə! Öyrən biryolluq bil ki, gözləmək nədi.
Nə söyləsən, nə desən deyəcəm bəhanədi!
Bilirəm ki həsrətin qoyduğu iz dərindi,
Nə qədər acı olsa vüsalı da şirindi.

Döz soyuğa-istiyə, günə, qara, dumana!
Dayan yol ayrıcında boylan o yan bu yana,
İçin yesin içini: Niyə gəlmədi bu qız?
Bu payız söz vermirəm, gələrəm gələn payız!
11.11.2022

BİR QADININ YOXLUĞU

Bir qadının yoxluğu dünyanın sonu deyil,
bir az kirli geyimdi, bir az ütüsüz paltar.
Dabanı-burnu cırıq iynəyə-sapa möhtac
dolabda qarmaqarış, tay-dəyişik corablar.

Yağış ləkəsi düşmüş silinməmiş pəncərə,
dibi yanıq, qapqara qazan, tava, təncərə.
Ocaqda çürümüş süd, qaxsımış şor-pendirdi,
kündəsi küt-küt gedən, boşa yanan təndirdi.

Yayılmamış yuxadı, isti keçməyən sacdı,
bir ev üçün bir qadın ən böyük ehtiyacdı!
Ən sevdiyin yeməkdi üz-gözü kif tutmuş,
qadın olmayan evi Tanrı çoxdan unutmuş!

Bir qadının yoxluğu heç də ölüm deyilki,
bir az dağınıq rəflər, səliqəsiz masalar,
Səhərdən axşamadək sürtsən də, əvvəlkitək
bərq vurub parlamayan nəlbəkilər, kasalar.

Bir otağın küncündə boş qalmış ninni, beşik
tavanı-döşəməsi toz bürünmüş ev-eşik.
Təmizləməmiş məhlə, budanmamış budaqdı,
pərən-pərən salınmış yurd-yuvadı, ocaqdı.

Torpağı cadar-cadar, dibi qurumuş dibçək
hər nə əksən yerinə ayrılıqlar bitəcək!
İçin qurd yemiş ağac, eh daha nələr-nələr,
bir qadının yoxluğu çəkilməyir gecələr…

Varlığı bir qadının bərəktdi, ruzidi,
həyatın hər yönüdü, həyatın hər üzüdü!
Yoxluğu-sınmış qürur, parçalanmış qədərdi!
Bir qadının yoxluğu adi yoxluq deyil ki,
bir qadının yoxluğu
ölümdən də betərdi!
08.03.2022

ÖTƏN İL

Bir il də keçdi beləcə,
düz bir il də ötdü ömürdən…
Bir il də od alıb,
köksümüzdəki kömürdən
beləcə, yola verdik
dəli-dolu, sevincli-qəmli…
Bir il də ötdü beləcə,
baxa-baxa qaldıq arxasınca,
əlimiz qoynumuzda,
gözümüz nəmli…

Bir il…
Düz 365 gün, 365 gecə,
heç bilmədik bir göz qırpımında
gəldi necə, keçdi necə…
Şam ağacının bəzəklərini sökə-sökə
mat-məəttəl sayıram barmaqlarımı…
Düşünürəm,
qaytara bilsəydim o çağlarımı,
Qaytara bilsəydim əgər,
nələr eliyərdim, nələr…

Nə qədər günahın, yanlışın
üstündən xətt çəkib bağışlayardım.
Neçə rəqibin uğurunu, zəfərini
böyük bir anşlaqla alqışlayardım.
Neçə yetimin başına çəkərdim sığal,
neçə kimsəsizin qapısını döyüb,
heç olmasa,
sadəcə sorardım hal-əhval…
Nə qədər qocanın əlindən tutardım,
nə qədər dərdlinin başını qatardım…

Hər fəslin, hər anın
çıxarardım dadını.
Düşunməzdim, kim nə deyər?
Düşünməzdim yaxını, yadını…
Qışında, şaxtada
buz üstündə sürüşərdim,
Yayında, dalğalarla ötüşərdim.
Yazında, bənövşə dalınca
düşərdim dağına-daşına,
Payızında, ortaq olardım
göylərin gözlərindən süzülən
göz yaşına..

Eh, nələr eləməzdim…
Sən demə, nə qədərmiş
eləmək istəyib də eləyə bilmədiklərim,
sən demə, nə qədərmiş çatmayanım…
Ey başını yastığa qoyub
rahat yatmayanım,
Düz 365 gündü adından bezardım,
geriyə dönsəydim,
adına bir kitab yazardım…
Damla-damla yığdığım hirsi-hikkəni,
tökməzdim oğlumun üstünə!
Hər şeyə boş verib,
durmazdım canımın qəsdinə!

Bəlkə də nə qədər
küsən varsa, barışdırardım.
Evimdəki düzəni
bir günlük də olsa qarışdırardım,
Hər dəqiqədən bir
qaçmazdım səliqə-səhmana.
Rahatca ayağımı uzadıb divana,
sevdiyim mahnıları
dinləyərdim doya-doya…
Pəhrizə də, çəkiyə də boş verib
bir dilim paxlava,
bir stəkan pürrəngi çayla
Ramiz Rövşəni oxuya-oxuya.
Arabir kövrəlib gözümü silərdim,
sonra da bir komediya filmi tapıb
baxıb-baxıb,
doyunca gülərdim…

Gözümə xoş görünən
nə varsa mağazada,
hamısını alardım,
Arabir toz basmış pianoda
notlarını unutmadığım
mahnıları çalardım…
Qoşub köhnə maqnetafonumu
süzərdim sümüyümə düşən havaya,
atlanıb ortaya:
“Sevgilimsən maral kimi,
Süzməyi kimdən öyrəndin?
Ay qabağa siyah teli,
Düzməyi kimdən öyrəndin?”
…elə oynayardım, elə oynayardım ki
sanki, heç yox imiş dərdim…

Bir də,
bir də geri dönsəydim əgər,
yarımçıq qalmış şeirlərimin,
əl işlərimin hamısını tamamlayardım
birər-birər,
Daha nələr, nələr….
Kaş ki, ötən ilimi geri verəydilər,
kaş ki, ötən ilimi geri verəydilər…
04.01.2022
TELEFON ZƏNGİ

-Salam!
-Axşamın xeyir!
-Nə var, nə yox? Necəsən?
-Mən babatam! Bəs özün?
-Belə da, canım-gözüm!
Səninçün darıxıram!
Səsini eşidəndə,
daha yaxşı oluram!
-Mən də!
Lal sükut…
-Deyəsən kefin yoxdu!
Söylə, baş verib nəsə?
Telefonun o ucundan
qız cavab verir kəsə:
-Yox! Sadəcə yorğunam!
İşin-gücün əlindən
tapa bilmirəm aman!
Səninlə görüşməkçün,
tələssəm də mən yaman.
Gör neçə vaxtdı axı,
görəmmirəm üzünü…
-Az işlə deməmişəm?!
Yorma belə özünü!…

Hər gün eyni suallar,
hər gün eyni cavablar.
Eyni cümlə altında,
ayrı döyünür ürək.
Səhər, günorta, axşam
gah aşkar, gah gizlicə
dillənib ürkək-ürkək,
qəlpələnir könüldən
sözlərin hər tikəsi,
eyni söz, eyni cümlə…
Eyni adamlar məmnun,
bir də ki, məmnun qalır
Azərsell şəbəkəsi…
05.05.2020

GECƏ YAZDIM

Bu gün şeir yazmamışdım
Sandım, ömrüm getdim boşa.
Qəfil qonaq gəldi təbim,
Gecə verib biz baş-başa,

Əl-ələ, çiyin-çiyinə,
Nəfəs-nəfəsə, göz-gözə.
Hərifləri mirvaritək
İpə-sapa düzə-düzə,

Əl atdıq kağız-qələmə…
Kağız güldü, qələm güldü .
Ruhumun açıldı üzü
Sanki, dünya-aləm güldü.

Bir ötəri qonaq kimi,
Ürəyimə baxıb gəldi
Sözlər qəlbimdən süzülüb,
Damarımdan axıb gəldi.

Durnaların qatarıtək
Hecalar durdu səf-səfə.
Bəyənməyib kağızları,
Cırıb atdım neçə dəfə.

Neçə-neçə vərəqlərin
Ürəyinə qara saldım.
Qafiyəyçün neçə fikri
Bölüb para-para saldım.

Bir bəndində güllər açdı,
Bir bəndinə gəldi payız.
Qaranlıqda əks olundu
Yazdıqlarım ulduz-ulduz.

Günəş doğdu gecəmizə,
Günəbənzər ayı sevdim.
Bir an ölümü unudub,
Bu fani dünyayı sevdim.

Göydən Tanrı pıçıldadı,
Mən köçürdüm şeir oldu.
Vaxtsız gələn qonağımın
Bu gəlişi xeyir oldu.

Kif bağlamış duyğuları,
Ürəyimdən söküb atdım.
Uşaq doğan ana kimi,
Sancısını çəkib atdım.

Kimdən gəldi, necə gəldi
Heç bilmirəm necə yazdım.
O boyda gündüzü qoyub,
Yenə gəlib gecə yazdım.
11.05.2022

HƏKİMLƏR DEPRESİYA DEYİR!

Dünyanın rəngi də qaçıb,
ağ-qara şəkillər kimi,
Divardan bizə boylanan
70-ci illər kimi.
Saralıb, solub, köhnəlib
güllər də eyni rəngdədi
Bir sığala həsrət qalan
tellər də eyni rəngdədi.
Həftələr dönüb ay olur
aylar da dönür illərə
Eyni rəngdə, eyni tonda
ömrü veririk yellərə,
Qocalıq da astandan
üzümüzə gülümsəyir.
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..

Qoxusu da bir başqadı
çürüyüb sanki nə vaxtdı,
Çiçək qoxulu dünyanın
birdən-birə yatdı baxtı.
Doğmaların ətri gəlmir
nə dostdan, nə tanışından,
1001 məna çıxarardıq
bir gözəlin baxışından.
İndi daha, mənası yox
bu həyatın heç gözümdə,
Tanrı da elə “Döz!” deyir,
nə deyirəm, qoy dözüm də!
Könlüm nə qalmaq istəyir,
nə də ki, getmək istəyir.
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..

Ağzımızın ləzzəti yox,
dadı qaçıb, tamı qaçıb,
Dünyada adam qalmayıb,
sonuncu adamı qaçıb.
Gecələr yuxum da qaçaq
yorğan-döşək gəlir cana,
Elə hey, dönüb dururam
gözüm dikilir tavana.
Gündüzləri çalmaz qapım,
nə qonşum var, nə qonağım!
Öz evimdə dəfn olmuşam
daş məzarım, daş otağım.
Qurda-quşa ehtiyac yox
öz içim özümü yeyir!
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..

O mahnılar çalmır daha,
qulağım elə səsdədi,
Ruhumun cəzası bitmir,
bədən adlı qəfəsdədi.
Boylanıbdı üzügöyə
yer də bezar, göy də bezar
Qəbir qazan bir insançün
de, neçə yol qəbir qazar?!
Mürdəşir də bezib məndən
kəfənimin sapı bitib,
Tanrı üzümə açmağa
qapı yoxdu, qapı bitib.
Hər şey bitir bu dünyayla
bircə savaşım bitməyir.
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!…
28.02.2021

KÜÇƏ İTLƏRİ

Gecə beşin yarısı
bu vaxt bir mənəm oyaq,
də ki, küçəmizdə
hürən küçə itləri.
Ya yatmağa yeri yox,
ya yeməyə yeməyi.
Mənisə, qoymur yatam
ruhumun gəl-getləri…

Hürüşürlər durmadan,
dayanmadan bir hovur,
saat əqrəbi qovur.
İçim-içimi ovur,
heç kim bilmir sübhədək
mən nələri çəkirəm,
Qalxıb çörək qabından
ən sonuncu tikəmi
Parçalayıb əlimlə
pəncərəmdən tökürəm.
Boylanıram dalınca,
toxunmuralar çörəyə.
Görəsən axı, niyə?!

Dolanıb səfil-səfil
hürürlər öz kefində.
Hamı yatıb evində…
Eynidi tüm axşamlar,
eynidi gündüz, səhər.
Elə ki, günəş doğar
ulduz görmüş ilantək
kəsilər bütün səslər…
Duyulmaz hənirtisi,
duyulmaz nəfəsləri.
Mənimtək gündüzləri
sevmir küçə itləri…

…Çox keçməz axşam düşər
ay ulduzla görüşər,
geyib qara libasın
dünya bürünər yasa.
“Kim yatmış, kimdi oyaq?”
Soran olsa deyərəm,
bir mən, bir də ki itlər
yenə də hürüşürlər
uzaqlarda hardasa…
10.07.2022

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir