VƏLİ QARAÇAYLI (1965) » ZİM.Az


VƏLİ  QARAÇAYLI  (1965) YUBİLEYİN MÜBARƏK, QARDAŞIM!..

“SAZLI-SÖZLÜ BAŞKEÇİD” adlı
kitabımızdan sətirlər
:

Vəli Qaraçaylı (Vəli Nadir oğ­lu Səfərov) – 1965-ci il fevralın 5-də qədim Borçalı mahalının əs­rarəngiz Başkeçid (indiki Gürcüstanın Dma­ni­si) rayo­nundakı Yuxarı Qarabulaq kəndində dünyaya göz açıb.
Hazırda Bakı şə­hərində yaşayıb-yaradır.
Bir müd­dət “Çi­çək­lənən Azərbaycan” qəzetində işləyib. Hazırda «Bü­töv­lük» qə­zetində çalışır.
Şeirləri Azərbaycan mətbuatının səhifələrində müntəzəm çap olunur. Beş poema müəllifi olan şair Azərbaycan Ya­zıçılar Birliyinin üzvüdür.
Ailəlidir, dörd övladı var.

Gənc şair Vəli Qaraçaylının oxucularla ilk görüşü – «Yarı bölənməzlər ürəyi­mizi» adlı ilk kitabı 2005-ci ildə işıqüzü görüb. (Vəli Qara­çaylı. Yarı böləmməzlər ürəyimizi (Şeirlər və poemalar). Bakı, “Nurlan”, 2005. 200 səh. (+16 səh. şəkil). Re­daktoru və ön sözün müəllifi: Knyaz Aslan.)

Şairin bu ilk kitabına daxil edilmiş şeirlər və poemalar Və­tən ovqatlı, vətəndaşlıq duyğulu hiss-həyəcanlar üstündə kök­lənib. Müəllif oxucularla ilk görüşünə könlündən kağıza süzülən oxunaqlı misralarla gəlib.
Kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üz­vü, pe­daqoji elmlər namizədi, şair publisist Knyaz Aslan həm də ki­taba “Haqqın oca­ğında közdü şairlər” sərlövhəli ön söz yaz­mış­dir. Knyaz Aslanın da qeyd etdiyi kimi, bəli, Şairlik İla­hi vergidir. Bu müqəddəs Tanrı payı hər kəsin bəxtinə yazıl­mır. Əsl şairlər öz tale yolları ilə üzü gələcəyə doğru irə­lilə­dikcə göz­­qamaşdırıcı şan-şöhrət ilğımının qatı çən-dumanın­da azıb qal­­mır, bir ömür boyunca milyonların ömrünü yaşayır və ya­şa­dırlar. Tanıdığı və tanımadığı, üzünü gördüyü və görmədiyi in­san­ların yaşantıları, bəşəriyyətin narahatlıqları həqiqi şairlərin iç dünyasında xüsusiləşir, fərdiləşir, durulur, duyğulaşır, poe­tikləşir və sənətin gücü ilə yenidən ictimai­ləşərək cəmiyyətə qaytarılır.
Həssas oxucuların hisslərini ehtizaza gətirən poetik örnəklər insan övladının sevincini, fərəhini, dərdini, qəmini, sevgisini, həs­rətini, vüsalını öz könül sazında dilləndirməyi bacaran söz sa­hiblərinin bulaq kimi qaynayan, çeşmə kimi çağlayan ilha­mın­­­dan qaynaqlanır. Söz sinədən gələndə kəlmələrin sırası, mis­­raların düzümü, bəndlərin ahəngi bulaqların zümzüməsinə, çeşmələrin şırıltısına, çayların qıjıltısına, ləpələrin pıçıltısına bənzəyir.
Biz yenə də bu qənaət üstündə köklənirik ki, hər bir kəsin doğulub boya-başa çatdığı bölgənin ictimai-siyasi mühiti, ədəbi ovqatı ilə yanaşı, bənzərsiz təbiəti də müəyyən dərəcədə onun xarakterinə, mənəviyyatına, ədəb-ərkanına, əxlaqına, davranı­şına, hiss-həyəcanlarına, düşüncələrinə hopur. Bu xüsusiyyətlər yaradıcı adamların, o sıradan şairlərin, yazıçıların, aşıqların, xa­nəndələrin, rəssamların, bəstəkarların, memarların və digər sə­nət adamlarının yaradıcılığında daha aydın, daha qabarıq gö­rü­nür. Elə bu bağlılıq da təbiət-insan və insan-təbiət ünsiy­yə­tinin görünən və görünməyən tərəflərinə işıq salır, bir çox sirli məqamlara aydınlıq gətirir.

Bu gün şairlər yox, şeir yazanlar,
Yaman şoxalıbdı göbələk kimi.
Şair ələyinə sən də gir, Vəli,
Görək saxlayacaq bu ələk, kimi?

Bəlkə elə bu səbəbdəndir ki, şeir-sənət aləminin sirli-soraqlı yoluna qədəm qoyan, ürəyinin dərinliklərindən süzülən qoş­qularını və burada misal gətirdiyim misraları min bir gümanla kağıza köçürən cavan qələm qardaşımız Vəli Qaraçaylının yaz­dıqlarını oxuyanda da xəyalım onun uşaqlıq və yeniyetməlik çağlarına öz qoynunda yer vermiş Borçalıya, Başkeçidə, Qara­bulağa, Əyriqara, Şamdüyəyə, Göybulağa, Qaraçaya, Qanlıça­ya, adı-ünvanı həmişə əziz və doğma olan ellərimizə sarı qa­nadlandı.

Dağların qoynundan süzülüb gedən,
Biri Qaraçaydı, biri Qanlıçay.
Əlim ətəyindən üzülüb gedən,
Biri Qaraçaydı, bir Qanlıçay.

Dərd-qəm çəkib için-için ağlayan,
Sakit axıb uzaq yollar haqlayan,
Yaddaşında şanlı tarix saxlayan,
Biri Qaraçaydı, biri Qanlıçay.

Bu misraların müəllifinin təsvir və tərənnüm etdiyi qədim yurdumuzun – ulu Borçalının qədirbilən, milli adət-ənənələrini qoruyub saxlayan camaatı minillərdir misilsiz ozan-aşıq sə­nətinə könül verib, onu nəsildən-nəsilə ötürüb, qan yadda­şında yaşadıb və yaşada-yaşada ucaldıb.
Vəli Qaraçaylıya da elə körpəliyindən bənzərsiz aşıq məc­lislərinin ovsununa düşə-düşə, dağdan ağır babaların öyüd-nə­sihətini dinləyə-dinləyə, dili dualı nənələrimizin bayatılı-nağıllı alqışlarını eşidə-eşidə dilini sözə, şeirə, qoşmaya, nağıla, das­tana öyrədib.

Ağsaqqal olmasa eldə-obada,
Bir evi isitməz yanan soba da.
Nəvənin güvənci olar baba da,
Dağ dağın söykəyi, ellər ellərin.

Ona görə də onun şair ilhamı səsi-sorağı minillərin o üzün­dən gələn dədə-baba aşıq poeziyası üzərində köklənib.

Qorqud oğlu telli sazdan yoğrulub,
Yana-yana Kərəm kimi qovrulub,
Külək vurub külü göyə sovrulub,
Göylərdəki ruhdu, candı Ədalət.

Yaxşı cəhət budur ki, Vəlinin yazdığı şeirlər zəngin xalq ya­radıcılığına, aşıq sənətinə söykənsə də, bir sıra misralarda, bəndlərdə məşhur qoşmalarla, ustadnamələrlə poetik səsləş­mələr olsa da, o öz duyduqlarını, öz düşüncələrini söz sərraf­la­rı­na təqdim etməyə çalışır. Doğrudur, o, ara-sıra klassik poe­zi­yamızın ayrı-ayrı janrlarına üz tutur, təbini məsnəvi və çarpaz qafiyəli ədəbi nümunələrdə də sınayır, amma nisbətən yaxşı bələd olduğu qoşma və gəraylı üstündə yazıb-yaratdıqda poetik təfəkkürünün uğurları daha aydın nəzərə çarpır.

Uca dağa təpə demə,
Zirvəsində qar inciyər.
Kal meyvəni dərib yemə,
Budaqlarda bar inciyər.

Vəli Qaraçaylı könlünə yatan mövzuları, qəlbini riqqətə gətirən duyğuları ipə-sapa düzüb vərəqlərə pıçıldayır. Onun nəzmlə qələmə aldığı mətləblərin mayası həqiqi yurddaşlıqdan, vətəndaşlıqdan, vətənpərvərlikdən, yurda bağlılıqdan, torpağa məhəbbətdən, el-obaya tükənməz sevgidən yoğrulub.

Oğullar doğulur yurd dərdi çəkə,
Minə köhlənini, səyirdə, səkə.
Kişinin özünə vurduğu ləkə
Vicdanı susanda yaşamağıdı.

Çənc şairin ilk kitabına daxil etdiyi əksər şeirlərin və poe­maların özülündə sosial-ictimai motivlər, xalqı düşündürən və narahat edən taleyüklü məsələlər dayanır. Zaman-zaman para­lan­mış, parçalanmış, yadellilərə pay-puş verilmiş Azərbaycan tor­paqlarının acı taleyi, köçkünə, qaçqına çevrilmiş soydaşla­rı­mı­zın, tapdaq altında qalmış el-obalarımızın, həsrət-həsrət uzaq­lardan boylanan yurd yerlərimizin qəm-kədərli baxışları qələm qardaşımızın ürəyini nisgilli notlarla döyündürsə də, hətta bəzən onu ruhdan salsa da, son məqamda Cavanşirlər, Ba­bəklər, Koroğlular, Qaçaq Nəbilər, Səttarxanlar yetirən ulu bir xalqın yenə də qarı düşmənə qalib gələ biləcək yenilməz nər igid­lər böyüdüb boya-başa çatdıracağına inam hissi qalib gəlir, xoş gələcəyə nikbinlik yaradır.
Xəyanət nəticəsində itirilmiş, mənfur ermənilərə peşkəş ve­rilmiş Xocalı, Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Qubadlı, Cəbra­yıl, Zəngilan, Ağdam, Füzuli, bütövlükdə Qarabağ bölgəsinin ağ­rı-acılarını gənc şair vətəndaş göynərtisindən keçirir, işğalçı erməni-rus hərbi birləşmələrinə nifrətlər yağdırır, erməni fa­şizminə lənət oxuyur, ər igidləri mübarizə əzmi ilə döyüş mey­danına atılmağa, hiyləgər düşmənə tülkü yuvasına qədər qov­mağa səsləyir. O inanır ki, sözümüzlə əməlimiz bir olsa tarixlər boyu qoruya bilmədiyimiz, əlimizdən verdiyimiz müqəddəs Və­tən torpaqlarının hamısını-Borçalını, Göyçəni, Zəngəzuru, Dərbəndi, Təbrizi bir-birinə yenidən qovuşdurmaq, ana Vətəni ağ günlərə çıxarmaq mümkün olar. Millətimizi yalnız bütöv ana Azərbaycanımız gələcək bəlalarından xilas edə bilər.
Kitabdakı Vətənlə bağlı şeirlərinin canını-qanını azğın düş­mənə sonsuz nifrət və qisas hissi təşkil edir ki, bu da şairin iç­dən gələn vətəndaşlıq duyğusundan, torpaq yangısından do­ğur. O, erməni faşistlərinin tapdağı altında inləyən şəhər və kənd­lərimizə ağı deyir, həmin bölgələrdə şəhidlik zirvəsinə ucalmış cəsur oğulların ruhu qarşısında ehtiramla baş əyir, eyni zaman­da müqəddəs torpaqlarımızın əsarətdə qalmasında bir vətəndaş kimi özünü də suçlu sayır və nicat yolunu birləş­məkdə, sıx­laş­maqda, bütövləşməkdə və amansız yağılara qarşı barış­maz ol­maqda görür. Ürək qanı ilə qələmə aldığı “Qara­bağda”, “Xoca­lı”, “Şuşamı qurtaram”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Laçınım” və başqa şeirlər məhz bu qəbildəndir.

Vətən torpağını sevən oğullar,
Vətən keşiyində durmağa gəlin.
Cənnət Qarabağım çıxıb əlimdən,
Düşmənin boynunu vurmağa gəlin.

Gənc şair şeirlərində özünəməxsusluğunu qorumağa, qələmə aldığı mövzuları məqsədyönlü şəkildə ifadə etməyə, sözçülük­dən, uzunçuluqdan qaçmağa, boğazdan yuxarı söz deməməyə, hər kəlməni ürəyinin od kürəsində bişirib misralara hop­dur­mağa çalışır.

Budur, şair Vəli Qaraçaylının nəfis şəkildə çap olunmuş ikinci kitabı da artıq qarşımızdadır. Türk dünyasının əbədiyaşar şairi Azərbaycan poeziyasının döyünən ürəyi, Azərbaycan türk­cəsinə sığal çəkib, bu günü­müzə ötürən, yazdığı bahar tə­ravətli əsərləri tər-təzə qalan, gəncliyimizə örnək olan, Azər­bay­candan günəş kimi doğub türk dünyasına şölə saçan dahi Səməd Vur­ğunun 105 illiyinə həsr olunmuş poema – «105 il ön­­cə» şai­rin oxucularla ikinci görüşüdür. (Vəli Qaraçaylı. “105 il ön­cə”. Ön sözün müəllifi və redaktoru: Salatın Əh­məd­li, filolo­gi­ya üzrə fəlsəfə doktoru; Məsləhətçi: Əli Qurbanlı; Texniki re­dak­toru: Firdovsi Heydərli; Dizayneri: Süleyman Mus­tafaoğlu.)
Tanınmış qələm sahibi, tədqiqatçı-filoloq, filologiya üzrə fəl­­səfə doktoru Salatın Əhmədlinin kitaba yazdığı “Səməd Vur­ğun Azərbaycan dilinin şah əsəridir” sərlövhəli Ön sözdə oxu­­yuruq:
“Dahi Səməd Vurğun dibi görünməyən dəryadır, Səməd Vur­­ğun qaynayan bulaqdır, çağlayan şəlalədir. Onu öyrənmək, dərk etmək hər bir insana şərəf gətirir. Onun şeirlərini, poe­malarını oxumaq hər bir insana zövq verir, sövq verir. Şairin əsərlərini oxuyanda o möcüzələrin içinə girirsən, onun axınına qoşulub göylərə ucalırsan. Onun sadəliyilə real həyata qayıdır­san. Böyüklüyü ilə ucalıb ülviləşirsən, Tanrı dərgahına qədər ucalırsan.
Səməd Vurğunun həyatı və yaradıcılığı haqqında çox ya­zılıb, çox deyilib. Haqqında xatirələr yazılıb, xeyirxahlığı haq­qında indi sağ olanlar danışır. Azərbaycan xalqının böyük şairi Nəriman Həsənzadə vaxtilə onunla görüşmüş, söhbət etmişdi. O, kəndə gedəndə iftixarla S.Vurğunla olan görüşünü danış­mışdı. Bir nəfər kişi ondan sadəlövhcəsinə soruşur: “Səməd Vurğun danışanda ağzı köpüklənirdimi?” N.Həsənzadə cavab verir ki, yox. Həmin adam narazı halda deyir: “Baa, onda sən heç Vurğunu görməmisən ki?”
Vaxtilə xalq şairi Osman Sarıvəlli belə bir fikir söyləmişdi: “Dahilər həmişə yaşayacaqdır, o cümlədən Səməd Vurğun. Bir var dahilər, bir də var dahi şairlər. Bax, biz o şairlərin işində itib gedəcəyik. Səməd Vurğun isə sağlığında dahi oldu.”
Xalq sevdiyi adamda həmişə yaxşı cəhətlər axtarır, onu döv­rü­nün qəhrəmanına çevirir. Onu ürəyinin ən dərin yerində saxlayır, ona nəğmələr, dastanlar, şeirlər və poemalar yaradır.
S.Vurğunun vurğunlarından biri də Azərbaycan Yazıçılar Bir­liyinin üzvü, şair Vəli Qaraçaylıdır. Mən onu dövri mət­buat­da dərc olunan şeirlərindən tanıyırdım. Şəxsən tanış olma­sam da, yazdığı şeirlərindən onun qələm adamı, incə ruhlu bir şair olduğunu hiss edirdim. Vəli Qaraçaylı da bir çoxları kimi S.Vur­ğunu və əsərlərini ürəkdən sevən bir insandır.
Bu sevgi, bu məhəbbət Vəli Qaraçaylıya “105 il öncə” poe­masını yazmağa sövq etdi. Poema sanki rəssam tərəfindən çə­kilmiş rəngləri göz oxşayan tablodur. S.Vurğunun bəzi əsər­lə­rin­dən xəbəri olmayan (inanmıram ki, belə ola bilər) biz – oxu­­cular poemanı oxuyanda böyük şairimizin yaradıcılığı haqqında onda tam təəssürat yaranacaqdır.
Poemada müəllif böyük şairimizin həyatını və yaradıcılıq yolunu sevərəkdən və təəssüf hissilə qələmə alıb. Niyə təəssüf hissilə? Ona görə ki, onun hələ körpə yaşlarında anadan yetim qalmasını öyrənib, qəmgin olub, təəssüflənib.
S.Vurğunun həyata gəlməsi həm Salahlı camaatını sevin­dirdi, həm onun ata-anasını. Səməd dünyaya gəldi-əlində si­lahlı-qələmiylə, Salahlı isə sevincindən göz yaşını sildi!

Salahlı kəndində yüz beş il öncə,
Şair çəmənində açdı bir qönçə.
Sevincdən göz yaşın sildi Salahlı,
Səmədi bəxş etdi əli silahlı.
Əlinin silahı qələmdi, qələm,
Qələmin gücünü duyacaq aləm.

Hələ qələmi itilənməmişdi, hələ xalqı onun qələminin gü­cünü, qüdrətini duymamışdı. Bu gələcəyin işi idi. Hələlikdə isə Səməd uşaq idi, qəfil gələn bədbəxtlik onu yetim qoydu, ana nə­vazişini, ana qayğısını görəmmədi. Nənəsi Aişə xanım onu ovundurdu, “yetim” sözünü unutdurdu. Çünki o, Aişə nənənin “şə­kəri, noğulu” idi.
Yenə də bayaqkı sual: Niyə təəssüflə? Ona görə ki, dünya nadanla, iblislə dolu idi. Balaca Səmədin bunlardan xəbəri yox idi. Hələ dəcəl, şən bir uşağıydı, uşaqlığını edirdi:

Günəşə dönmüşdü, şölə saçırdı,
Arıtək gül üstən gülə uşurdu.

Vəli Qaraçaylının ədəbi dili bu poemada nəyə qadir olduğu özünü biruzə verir. Burada fikir məna anlamından, bədii dilin poetikasından, poetik nöqteyi-nəzərdən zəngindir. Poemada ye­ni sözlərə, yeni təşbehlərə tez-tez rast gəlinir:

Sözün qönçəsindən şirə çəkirdi,
Şerin kotanıyla hey xam əkirdi.
Oxuyanlar onun bircə sətrini
Sanki qoxlayırdı əmbər ətrini.

“Şeirin kotanıyla hey xam əkirdi”-şair bu misrası ilə gözəl bir mənzərə yaradıb. Kotanla, xışla xam yer əkərlər, bol məhsul götürərlər. S.Vurğun da qələminin gücü ilə hələ toxunulmamış mövzuları ədəbiyyatımıza gətirib. İstər “Zəncinin arzuları” olsun, istər “İnsan” poeması və ya “Vaqif” pyesi olsun. Mövzu cəhətdən, fikir cəhətdən həm fəlsəfi yöndən, həm də məcazdan, metafora cəhətdən yenidir, sadədir, anlaşıqlıdır:

Sözün zərgəriydi, inci seçirdi,
Keçilməz sədləri aşıb keçirdi.
Sözün olmasaydı yalanı, düzü,
Haqqın ələyinə atmazdı sözü.

Biz eşitmişik ki, ələyə, xəlbirə tökülənlər ələnir, təmizlənir, yaxşıları, inciləri ələkdə qalır. Və yaxud ələnir, yaxşıları ələk­dən tökülərək seçmələnr, pisi yaxşıdan ayrılır. Şair ölməz Sə­məd Vur­ğun haqqında bu sözü işlədərək onu haqq-ədalət tə­rəfdarı olmağına işarə edir.
S.Vurğun dövrünün əm görkəmli şairidir, şəxsiyyətidir. O, sələflərindən irəli gedərək:

Nəzmin baş tacına vurdu naxışı…
Nadanı susdurdu məğrur baxışı.

Və yaxud:

Dünyanın əlini sıxan tərcümə,
Vurğun qələmindən çıxan tərcümə,
Şair ürəyindən süzülüb, axıb,
Dünyaya həqiqət gözüylə baxıb.

Bütün bu misralar Vəli Qaraçaylının S.Vurğuna həsr etdiyi poemadandır. Burada klassik şairimizin obrazı gözümüz önün­də canlanır. Bununla yanaşı şair Vəli Qaraçaylının qələminin dadına-duzuna bələd oluruq.
Poema yığcam, lakonik və şirin bir dillə qələmə alınıb. Poe­ma S.Vurğunun ruhuna və vurğunsevərlərə bir hədiyyədir.”

Bəli, Vəli Qaraçaylı böyük sənət yolunun başlanğıcındadır. Əmi­nik ki, o, yaşı minillərlə ölçülən zəngin Azərbaycan ədə­biyyatı klassiklərinin, tayı-bərabəri olmayan aşıq sənəti­mi­zin ustad nümayəndələrinin yaradıcılığı ilə dərindən tanış olmaqla ya­naşı, dünya ədəbiyyatı klassiklərinin əsərlərini də dərindən mü­taliə edərək, ədəbi dünyagörüşünü geniş­lən­dirəcək, poetik tə­fəkkürünü zənginləşdirəcək, yaşının kamilliyə aparan çağında poeziyanın incəliklərinə bələd olmaq üçün səy gös­tərəcək və daha müəkəmməl əsərlər yaratmaq üçün bütün bilik, istedad və zəhmətini səfərbərliyə alacaqdır.
Bu gün Vəli Qaraçaylı gecəsini gündüzünə qatıb yorulub-usan­­maq bilmədən çlışmaq, yazıb-yaratmaq arzusu ilə qanad­la­nır. Onun gözləri önündə ucsuz-bucaqsız, sonu gözqamaş­dı­ran üfüqlərə qovuşub sonsuzluğa çevrilən rəngarəng ilğımlar qay­naşır. Poeziya yolunun hamar olmadığını, əsl şeriyyətin yol­la­rında sıldırımlı qayaların, uca zirvələrin, dolanbac cığırların, keçilməz sədlərin, aşılmaz aşırımların olduğunu, eyni zamanda bir az uzaqlarda göy yaylaqların, sərin bulaqların, cənnət oylaq­ların dayandığını yaxşı bilən qələm qardaşımıza bu çətin və şərəfli yolda uğurlar arzulayıram.

İnanıram ki, poeziyasevərlərlə ilk görüşə:
Dəniz kimi dalğalanıb coşuram,
Hər gülə-çiçəyə nəğmə qoşuram.
Xəyalımla zirvələri aşıram,
Haqqı-ədaləti axtarıram mən!-

ovqatı ilə cavan şairimiz Vəli Qaraçaylının “Yarı böləm­məzlər ürəyimizi” kitabı qısa müddətdə öz oxucularını ta­pa­caq­dır. Bu şeirlər toplusunun həm də qələm qadaşımızın söz sənəti qarşısında cavabdehliyini artıracağına əminik.
Onu da qeyd edək ki, 2020-ci ildə şair Vəli Qaraçaylının «Şair necə dərd çəkməsin» adlı üçüncü kitabı oxucuların ixtiyarına verilib….

Nəhayət, biz də öz tərəfimizdən şair qardaşımız Vəli Qaraçaylını həm Ad Günü, həm də yeni kitabının işıqüzü gör­məsi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii ya­ra­dıcılığında yeni-yeni uğurlar, yeni-yeni nailiyətlər arzulayırıq və aşa­ğıda onun bir neçə şeirini dəyərli oxucularımızın nəzərinə çat­dı­rırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

DƏMİR YUMRUQ

Aramızda olanlar
Yadlar üçün sirr olub.
Yaranandan həmişə
Dərd-sərimiz bir olub.

Birləşmişik yumruq tək,
Bəyan edim bir daha.
Vətənin dar günündə
Sarılmışıq silaha.

Türk oğluna arxadı
Onun Udin sirdaşı.
Silahından od saçır
İgid Talış qardaşı.

Qurban olum Ləzgi tək
Cəsur vətən daşına.
Şah dağı tək qar yağıb
Anaların başına.

Nərə çəkir Avarım,
Mərd Saxurum can deyir.
İngiloyum döyüşür,
Gürcüm qana-qan deyir.

Malakanım, Rusum da
Aman vermir düşmənə.
Vətənini sevməyən
Sinə gərmir düşmənə.

Yenilməzdi Kürd oğlum,
Tatım, Ceklim balamdı.
Haputlumun gözündə
Qarabağım qalamdı.

Yəhudim də uğrunda
Şəhid olur, ey Vətən!
Xınalığın, Qırızın
Gözü dolur, ey Vətən!

Həm Asurum, Rutullum,
Əliklim də hayqırır.
Buduklum da savaşır,
Yergüclüm də hay qırır.

Dua edir Qaraçım
Zəfər çalsın ordumuz.
Çiçəklənib gül açsın,
Abad olsun yurdumuz.

Vətən, sənin uğrunda
Ər oğullar itirdik.
Bəd erməni xislətin
Birdəfəlik bitirdik.

Qarabağa göz dikən
Düşmənləri kor etdik.
Əlləriylə qazdığı
Səngərini gor etdik.

Bu tolerant ölkəmə
Ulu Tanrım yar olsun!
Azərbaycan adlanan
Vətənimiz var olsun!
24.10.2020

DAYAQDI İLHAM

Xəzərin qoynundan bütün dünyaya,
Haqq yolu göstərən mayakdı İlham.
Çətin anlarında, çətin günündə,
Vətənə arxadı, dayaqdı İlham.

Qaldırdı idmanı bütün ölkədə,
Polad dək bərkidi gəclərin canı.
Üç rəngli bayrağı ucaldın dedi,
Tanıdın dünyada Azərbaycanı.

İşə saldı Bakı- Tiflis-Ceyhanı,
Xəzərdən Ceyhana axdı neftimiz.
Ulu Öndərin də ruhu şad oldu.
Dünya bazarına çıxdı neftimiz.

Körpülər tikdirir, yollar saldırır,
Abadlaşır ucqar ellər-obalar.
Minib maşınlara rahat gəzirlər,
Xınalıqda atla gəzən babalar.

Vətən torpağından pay ola bilməz,
Yenilməz bir ordu qurubdu İlham.
Odlar diyarının, ana vətənin,
Hər an keşiyində durubdu İlham!

BORÇALIDADI

Köhlən kişnərtisi, igid nərəsi,
Ağır-ağır ellər Borçalıdadı.
Əngin dərələrlə kükəyib axan,
Sədlər yıxan sellər Borçalıdadı.

Böyük bir tarixdi ötən o çağlar,
Sünbüllü xırmanlar, meyvəli bağlar.
Sıldırım qayalar, qartallı dağlar,
Palıd yıxan yellər Borçalıdadı.

Ustad Kamandarın yaşayır səsi,
Yenə valeh edər dinləyən kəsi.
Dədə Camal deyib sözün kəsəsi,
Qələm tutan əllər Borçalıdadı.

Saraçlı dastanı, Əmrahın sazı,
Zəlimxan şerində gözəlin nazı,
Bənövşə, nərgizlə açılar yazı,
Ətir saçan güllər Borçalıdadı.

Aşıq Haverdidi qaynar bulağım,
Əyriqar, Qırdağı, Qarabulağım.
Sənə vurğun olar gələn qonağım,
Şirin-şəkər dillər Borçalıdadı.

Knyaz Aslan, Salman Qazi yetirən,
Butadı dərdini çəkən, götürən.
Gələcək nəsilə qeyrət ötürən
Günlər, aylar, illər Borçalıdadı.

Nəriman beynidi, Ağacan tamı,
Vəli səndən alır eşqi, ilhamı.
Rəşidin gücünə bələddi hamı,
Xəncər taxan bellər Borçalıdadı,
Ağır-ağır ellər Borçalıdadı.

BAŞKEÇİD

Günlərin birində isti qoynuna
Qayıdıb gələrəm canım Başkeçid.
Dözərəm fələyin min-bir oynuna,
Sən mənim sultanım-xanım, Başkeçid.

Təki sən qəbul et, qaytarma məni,
Təpədən-dırnağa yalaram səni.
Əksilməz dağların dumanı-çəni,
Qoyma bu aranda yanım, Başkeçid.

Çırpıyla qalaram o çuğun sacı,
Şərbətdən şirinsən, zəhərdən acı.
Ulu Borçalının başının tacı,
Damarımda axan qanım, Başkeçid.

Kərənti götürüm gül-çiçək biçim,
Sərin bulaqların suyundan içim.
Vədə yetişəndə həyatdan köçüm,
Vəliyəm, cənnətdə qalım, Başkeçid,
Qolumu boynuna salım, Başkeçid!

QARABULAQDA

“Bir köhlən at mindim Qarabulaqda”.
Zəlimxan Yaqub.

Zəlimxan çoxdankı arzuya çatdı,
Köhlənin belinə yapıncı atdı.
Sıçrayıb cilovsuz yalına yatdı,
Çox gəzib dolandı dağı sazaqda,
Köhləni kişnədi Qarabulaqda.

Dişini göynətdi buz bulaqları,
Quru düzdən dərdi quzqulaqları,
Əyriqarda gördü yalquzaqları,
Atmadı, gülləsi qaldı daraqda,
Köhləni kişnədi Qarabulaqda.

Xoş gəldin sözünü eşitdi dildə,
Hala duz-çörəyi kəsdi bu eldə.
Başında papağı, xəncəri beldə,
Çoban tütəyini çaldı yaylaqda,
Köhləni kişnədi Qarabulaqda.

Töküləndə qoyun-quzu binəyə,
Fikir verdi qulağında enəyə,
Sədəfli sazını basdı sinəyə,
Səsindən titrəyib söndü çıraq da,
Köhləni kişnədi Qarabulaqda.

Dərdini-sirrini açdı yerlərə,
Dönüb nəzər saldı ötən illərə.
Alın tərli qabar olmuş əllərə,
Arxa duraq söylədi dar ayaqda,
Köhləni kişnədi Qarabulaqda.

Köhləni tərlidi, yapıncını al,
Şairə çəməndə çay süfrəsi sal.
Ay Vəli, gecələr bir xəyala dal,
Zəlimxan doğmadı, qalmaz qıraqda,
Çapın Dilbozları Qarabulaqda!

Biri Qaraçaydı, biri Qanlıçay

Dağların qoynundan süzülüb gedən,
Biri Qaraçaydı, biri Qanlıçay.
Əlim ətəyindən üzülüb gedən,
Biri Qaraçaydı, biri Qanlıçay.

Mərdi sevib, namərdləri pisləyən,
Zümzüməsi gəl-gəl deyib səsləyən,
Sularında qızıl balıq bəsləyən,
Biri Qaraçaydı, biri Qanlıçay.

Dərd-qəm çəkib için-için ağlayan,
Sakit axıb uzaq yollar haqlayan,
Yaddaşında şanlı tarix saxlayan,
Biri Qaraçaydı, biri Qanlıçay.

Daşanda sədləri uçurub yıxan,
Körpülər üstündən şığıyıb axan,
Gələn qonaqların əlini sıxan,
Biri Qaraçaydı, biri Qanlıçay.

Keçmişi yad edib sabahı görən,
Dəyirman işlədib urvalıq verən,
Ay Vəli, hər dərdə sinəsin gərən,
Biri Qaraçaydı, biri Qanlıçay.

DAĞLAR

Vətəndən ayrılır bu yazıq canım,
Sorma kef-əhvalı bizdən, a dağlar.
Ruhumu o qarlı zirvənə verib,
Ayrılıb gedirəm sizdən, a dağlar.

Sərin bulaqları qoyub gedirəm,
Demə ki, qoynundan doyub gedirəm.
Dərdimi yaylağa yayıb gedirəm,
Ayrıla bilmirəm düzdən, a dağlar.

Ağır-ağır ellər-obalar qalır,
Alovlu-tüstülü sobalar qalır.
Ağbirçək nənələr, babalar qalır,
Alıram heyfimi gözdən, a dağlar.

Qayalar mənimdi, daşlar mənimdi,
Kədərli göz üstə qaşlar mənimdi.
Həsrətdən sel olan yaşlar mənimdi,
Tükənib taqətim dizdən, a dağlar.

Göylərdə qıy vuran qartalım qalır,
Dərələr-təpələr xəyala dalır.
Vəliyəm, ayrılıq canımı alır,
Ayrılarmı ocaq közdən, a dağlar?

ÇƏKƏ BİLMƏZ

Al qumaşa bürünənlər
Vətən dərdi çəkə bilməz.
Kölgə kimi sürünənlər
Vətən dərdi çəkə bilməz.

Torpaqları bölük-bölük,
Gözlərinin odu sönük.
Millətindən üzüdönük
Vətən dərdi çəkə bilməz.

Mayası haram olanlar,
Xalqı bəlaya salanlar,
Kəmfürsətdən dərs alanlar
Vətən dərdi çəkə bilməz.

Yaraq olmayan yanında,
Təpər olmayan canında,
Qeyrət olmayan qanında
Vətən dərdi çəkə bilməz!

ELOĞLU

Dərdi ürəyimdə çəkib ayrıldım,
Gözümdən qanlı yaş töküb ayrıldım,
Könül binasını söküb ayrıldım,
Ürəyim nazikdi teldən, eloğlu,
Mən köçdüm, sən köçmə eldən, eloğlu.

Unutmadın babaların sözünü,
Söndürmədin ocağının közünü,
Çıxart, namərdlərin çıxart gözünü,
Qurtardın vətəni seldən, eloğlu,
Mən köçdüm, sən köçmə eldən, eloğlu.

Salam verdim, qartal salam almadı,
Turac küsdü kəklik yada salmadı.
Üz tutub deməyə sözüm qalmadı,
Bezmişəm bəd gələn ildən, eloğlu,
Mən köçdüm, sən köçmə eldən, eloğlu.

Yuxuda görəndə yanır ürəyim,
Dərdimi hamıdan danır ürəyim.
Adını hər zaman anır ürəyim,
Sordu əhvalını yeldən, eloğlu,
Mən köçdüm, sən köçmə eldən, eloğlu.

Gedərik başına yaz bulaqların,
İçərdik suyundan buz bulaqların.
Çalınır üstündə saz bulaqların,
Vəliyəm, sınmışam beldən, eloğlu,
Mən köçdüm, sən köçmə eldən, eloğlu.

DAĞLARIN ÇİÇƏYİ

Şairə Nazilə Səfərliyə

Dağların, yaylağın, çölün-çəmənin
Ən gözəl ətirli çiçəyi sənsən.
Güllərin içində ən çox sevdiyim
Şehli nilufərin ləçəyi sənsən.

Mən sənə quzeyin qarı deyirəm,
Mən sənə bağların narı deyirəm.
Dünyanın incisi, varı deyirəm,
Yüz incə bel qızın göyçəyi sənsən.

Elin Səfərlidi, adın Nazilə,
Səni bənzədirəm çiçəyə-gülə.
Vəli kaş dönəydi bir an bülbülə,
Dağların başının örpəyi sənsən.

MÜŞFİQİM

Ulu Borçalının ziyalı oğlu
Müşviq Borçalıya


Qartallar yuvası, ərlər oylağı,​
Qarlı Başkeçiddən yazan Müşfiqim.​
Sənin əməyini unutmaz dağlar,​
Hər zaman yaxşılıq qazan, Müşfiqim.​

Yaxşı insanların qədrini bildin, ​
El ilə ağladin, el ilə güldün,​
Dünyaya yaxşılıq etməyə gəldin,​
Pisi də yaxşıya yozan Müşfiqim.​

Tuş gəldin bu yolda əsən yellərə,​
Gərdin hey sinəni coşğun sellərə,​
Adın düşər dastanlara, dillərə,​
Oxuyar şəninə ozan, Müşfiqim.​
15.03.2015

ƏŞRƏF

Aşıq Əşrəf Qəriboğluna

Bu gecə ürəkdən dinlədim səni,
Məni ovsunladın yenə, ay Əşrəf.
Qışın ortasında açıldı yazım,
Axtardım tapmadım sənə tay, Əşrəf.

İlahi düz ilqar, dəyanət verib,
Aşıqlar sultanı zəmanət verib,
Kamandar sənəti əmanət verib,
Ustadın zəhməti getməz zay, Əşrəf.

Duruşun ozandı, gəzişin ozan,
Vəlidi şəninə bu şeri yazan.
Artıb nanəciblər, həm quyu qazan,
Haqqı-ədaləti sazla yay, Əşrəf.

HAQVERDİ

Aşıq Haqverdiyə

Elin şənliyində, elin toyunda
Sazını kökləyib zilə Haqverdi.
İçib Göybulağın zəm-zəm suyundan,
Sazını gətirib dilə Haqverdi.

Dağlarsız o ilham ala biləmməz,
Sədəfli sazını çala biləmməz.
Dağlardan aralı qala biləmməz,
Gərib sinəsini selə Haqverdi.

Söykənib dağlara möhkəm kürəyi,
Vəlinin gül açıb arzu-diləyi.
Əyriqarla birgə vurur ürəyi,
Bac verməz borana, yelə Haqverdi.

KÖHNƏ YURD YERİ

Elimdən uzaqda yaşasam da mən,
Yadımdan çıxarmı köhnə yurd yeri.
Ziyarət etməsəm ildə bir dəfə,
Üzümə baxarmı köhnə yurd yeri.

Axan göz yaşını silə bilməsəm,
Yasında ağlayıb, toyda gülməsəm.
Can verib qoynunda birdən ölməsəm,
Göz yaşın axarmı köhnə yurd yeri.

Kor olar bu yerdən çəkilsə gözüm,
Şair tək elləri dolaşmaz sözüm,
Vəliyəm, elimdən silinsə izim,
Əlimi sıxarmı köhnə yurd yeri,
Üzümə baxarmı köhnə yurd yeri.

YANDIRAR!..

Külümlə oynama, ay qarı düşmən,
Külüm sovrularsa qorum, yandırar.
Vətəndən izimi silə bilməzsən,
Ölüb getsəm səni, gorum yandırar…

Tarixi yazanlar çox yaxşı bilir,
O yerler türkümün ulu yurdudu.
Derede,tepede gece ulayan,
Türküstan elinin o boz qurdudu.

Ele iz salıbdı ulu babalar,
Türkün o yerlerden izi silinmez,
Felekler keçmişi vereqlesede,
Qedimden qedimdi yaşı bilinmez,

Daş üste semendin nal izleri var,
Türkün varlığını dana bilmezler.
Yüz il elleşsede heykeltaraşlar,
O izi daş üsde yona bilmezler.

Neçə qərinələr, neçə min illər,
O yerler bizimdi,bizim olacaq.
Ulu babalardan bizlərə qalıb,
Bizdən gələcəyə miras qalacaq!!!

BAHAR GƏLƏNDƏ

İnsanın damarda qaynayır qanı,
Şaxtalar dayanır bahar gələndə.
Torpaq nəfəs alır quş yuva qurur,
Təbiət oyanır bahar gələndə.

Bənövşə boylayıb qarın altından,
Bahar müjdəsini yetirir bizə.
Baharın elçisi xoş ətir saçıb,
Bahar təravəti gətirir bizə.

Dağların döşünün əriyir qarı,
Çöllər yaşıl geyir, çəmən gül açır.
Güllərin üstünə qonan bülbüllər,
Elə oxuyur ki, daşlar dil açır.

Zərif əlləriylə dəstə bağlayıb,
Qızlar çələng hörür güldən, çiçəkdən.
Arılar tələsir büsə qurmağa,
Qönçəsi açılmış şehli ləçəklər.

Baharda cücərir, baharda bitir,
Vəlinin qəlbində arzu diləyi.
Cənnət deyiləndə gözü ö\nünə,
Baharı gətirir şair ürəyi!

ŞAİR

Şair gərək öz xalqıyla bir olsun,
Allah ona ilham verib, təb verib.
İstisiylə ocaq olsun, pir olsun,
Rəbbim şeiri insanlara həb verib.

GÖZƏLDƏ

(Təcnis)

Yaradan gözəllik veribsə əgər,
Sən eyib axtarma heç bir gözəldə.
Ağa qara desən küsüb inciyər,
Sənə könül verməz heç bir gözəl də.

Qış olmasa görənmərik qarı da,
Ər axtarır qoz bel, qoca qarı da.
Gözəli ki, bəxt ulduzu qarıda,
O gözələ keşik çəkər göz, əl, də.

Yar səni sevmirsə onda a yar at,
O yarı qəlbindən neştərlə yar, at,
Xudam, gözəlləri hər eldə yarat,
Ay Vəli qalmasın heç vaxt göz əldə.

(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. III cild, Bakı, 2015).

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir