DƏNİZ RÜZGAR (1991) » ZİM.Az


DƏNİZ RÜZGAR (1991) Dəniz Rüzgar – 23 iyul 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. İlk orta təhsilini Şahbuz rayonunda alıb. Məktəbdə oxuya-oxuya 7 illik pianino üzrə musiqi təhsili alıb. Məktəbi bitirdikdən sonra Şahbuz rayon mərkəzi poçtunda əməliyyatçı işləyib.
Daha sonra isə mətbuat sahəsində sahəsində çalışıb.

Hələ orta məktəb illərindən ədəbiyyata maraq göstərən və “İlk məhəbbət” adlı ilk şeiri ilə bədii yaradıcılığa başlayan başlayan Dəniz Rüzgar 2019-cu ildə “İmza.fm radio”sunun filial müdiri təyin olunub. Elə həmin il onun “Dənizin Səsi” adlı ilk kitabı işıq üzü görüb. “Bizim media TV” tərəfindən “İlin xanım yazarı” seçilib. Uğurları bir-birini əvəz edib. 2022-ci ildə “X.B.Natavan” medalı ilə təltif olunub. 2023-cü ildə Türkiyə “Altın mutluluq” media ödülünə layiq görülüb. Ona bir çox fəxri adlar verilib.

Hazırda Zəfertv.az rəsmi xəbər portalının və eyniadlı jurnalın Təsisçisi və baş redaktorudur. AJB-nin üzvüdür.
“Gənc Yazarların Şeir Günü” lahiyəsinin rəhbəridir.

Biz də Dəniz Rüzgara yeni-yeni uğurlar arzulayırıq və aşa-ğıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Ramazan RZA,
AJB-nin və AYB-nin üzvü,
“Borçalı” nəşriyyatının bədii redaktoru,
“Şərqin səsi” qəzetinin Redaksiya Heyətinin üzvü,
“Abulla Şaiq”, “Zirvə”, “Zəfər”, “XXI əsrin Ziyalısı”
və “Qızıl qələm” mükafatları laureatı

ZiM.Az

AZƏRBAYCANIM!

Torpağın, könlümü salıb kəməndə,
İpək tək ürəyim döyünür səndə.
Duymuram Dünyanı ayrı gəzəndə,
Dözmərəm qürbətdə keçsə bir anım,
Əzizsən, doğmasan, Azərbaycanım!

Haqlı, haqsız ,- yaman düşdü izinə,
Kəlbəcər çevrilib, baxmır üzünə.
Şuşa, Laçın gözdağıdır gözünə,
Yıxılsam torpağa, sənsən ünvanım,
Mənim ürəyimsən, Azərbaycanım !

Qara Fələk,- kəndir atıb boynuma,
İstəmirəm bulağından su uma.
Qucaqlardım, sığışaydın qoynuma,
Ətrin bülənərdi ,hər bir dört yanım,
Mən, Səndən doymaram, Azərbaycanım!

Nə üçün susuram, niyə dinmirəm,
Vətənim var, qürbət eli neynirəm?
Şuşa haray çəkir, gələ bilmirəm,
Yanır öz oduna , alışır canım,
Nə qədər dözəsən, Azərbaycanım!

Neçə ildir gözüm dəymir gözünə,
Gəzməyə getmirəm, Cıdır düzünə.
Yağı torpağımı salıb düyünə,
Çatınca hər kəsə ahım, harayım,
Alındı qisasın, Azərbaycanım!

DALĞALAN SƏMADA
ÜÇ RƏNGLİ BAYRAQ!

Bir ümüd var, bir işıq var rəngində,
Yayılsın sorağın dünya dilində,
Həmişə qoy yerin olsun zirvədə.
Zəfərinə doya-doya əl çalaq,
Dalğalan səmada üç rəngli bayraq!

Müqəddəssən, canımız, öz qanımız tək,
Çəkil, qara bulud, bizlərdən əl çək!
Xocalı, Şuşada həsrət bitəcək,
Dağlarda zəfərin qoxusun alaq,
Dalğalan səmada, üç rəngli bayraq!

Yaşa, Azərbaycan, min illər yaşa,
Düşmən gələ bilməz sənlə baş- başa!
Adın, igidlərlə çəkilir qoşa,
Qisası yağıdan oğlun alacaq,
Dalğalan səmada üç rəngli bayraq!

Sən, Sülhsən,düşmənə gözün dağısan,
Sən , mənə gülüstan, cənnət bağısan.
Sən, mənim ömrümün gənclik çağısan,
Şərəfli, şöhrətli, üç rəngli bayraq,
Dalğalan səmada üç rəngli bayraq!


SƏNDƏ, ÜRƏK YOXDÜR, NEYLİM?

Yaranmışdan, daşdır qəlbin,
Elə bil çaş-başdır qəlbin.
Yaman yekəbaşdır qəlbin,
Səndə, ürək yoxdur, neylim?

Yoxa çıxıb, ilim-ilim,
Bölünəsən, dilim-dilim,
Üzülübdü vallah əlim,
Səndə, ürək yoxdur, neylim?

Ruhun yoxdur, bir cəsəddi,
Ömür sənlə dar qəfəsdi,
Allah səndən əlac kəsdi,
Səndə, ürək yoxdur, neylim?

Sənə cəza azdır belə,
Nə oyundur, saldın belə?
Lap yolunu azdın belə!
Səndə, ürək yoxdur, neylim?

Ümüd yoxdur düzələsən,
Gəlib çatdın əcələ sən.
Zalım! Bəlkə tez öləsən?
Səndə, ürək yoxdur, neylim?

Bir yazılan bəxtimə bax!
Bir qurulan taxtıma bax!
Bir öləcək vaxtıma bax!
Səndə, ürək yoxdur, neylim ?

Aman, könlüm sökülürmüş,
Daha belim bükülürmüş,
Başıma daş tökülürmüş,
Səndə, ürək yoxdur, neylim ?

PAYIZI GƏTİRDİN

Saralıb tökülən hər yarpaq, kədər!
Bu əzab, bu həsrət, məncə də yetər!
Xəzanlı baxçalar bağrımı didər,
Alaraq könlümü, yenə də duman,
Mənə boz payızı gətirdin yaman!

O güllü-çiçəkli, düzlər solanda,
Yam-yaşıl ağaclar çılpaq qalanda,
Fələk qara geyib, yer, göy dolanda,
Dolar ürəyimə qəfil ah, aman,
Mənə boz payızı gətirdin yaman!

Buludlar ağlayıb, qopanda nalə,
Olur boynu bükük bənövşə, lalə.
Oxşamır ruhumu o gül piyalə,
Ötəndə ömürdən, gör neçə zaman,
Mənə boz payızı gətirdin yaman!

Şimşəklər, göy üzün çapıb keçəndə,
Dalğalar, dənizin bağrın biçəndə,
Buludlar səmanın qanın içəndə,
Qalxar, əlimizdə inləyər kaman,
Mənə boz payızı gətirdin yaman!

Duman zilə qalxar, ağlar havalar,
Oxşar, göy Xəzərin burnun ovalar.
Torpağın dilindən qopar dualar,
Əl açıb, ALLAHDAN diləyər aman,
Mənə boz payızı gətirdin yaman!

QADIN

Eşqdən, məhəbbətdən doya bilməyən,
Ürəkdən qəh-qəhə çəkib gülməyən,
Vəfalı bir yara könül verməyən,
Bax, elə özüdür, sirr qoyub adın,
Ömrün bir adama bağlayan qadın.

Susar, açmaz dərdin, atar içinə,
Alar bu Dünyanın yükün çiyninə.
Geyib qəm libasın hər gün əyninə,
Bilməz ki sevincin zərrəcə dadın!
Ömrün bir adama bağlayan qadın

Gecələr , – dostudur, qəmli göz yaşı,
Ömürlə, həyatla bitməz savaşı.
Yaman ağırlaşıb illərin daşı,
Heç yada salmayır qohumun, adın,
Ömrün bir adama bağlayan qadın.

BİLMİRƏM NƏYİNİ SEVMİŞDİM, ADAM!

Ey mənim qəlbimi yerlə bir edən!
Mən sənə uzağam, mən sənə yadam.
Könlümü sındıran, ömrümü didən,
Bilmirəm nəyini sevmişdim, adam!

Sağalmaz yarama duz basıb gedən,
Özünü bu eşqdə günahsız görən,
Gözündən ağlayıb, qəlbindən gülən,
Bilmirəm nəyini sevmişdim, adam!

Hanı o saf sevgi, o saf məhəbbət?
Yaratdın ürəkdə nə qədər nifrət!
Çəkərək illərcə zülmətdə zillət,
Bilmirəm nəyini sevmişdim, adam!

Sənsizlik gözümün yaşına döndü,
Utancaq sevgimin işığı söndü,
Öldü o sevənin, inan ki, öldü !
Bilmirəm nəyini sevmişdim, adam!

ÇƏTİN BIR BAŞQASIN SEVƏ BILƏRƏM

Mənə gərək deyil, nə zər, nə ziba,
Qəlbimdən almasın eşqini Dünya.
Satıb dərdi-səri, hər şeydən baha,
Ömrümdən ömrünə calaq edərəm,
Çətin bir başqasın sevə bilərəm.

Təkrar yaşanmayan zaman kimisən,
Bəxtimə Allahdan bir pay gəlmisən.
Bəlkə də sən məni özün seçmisən,
Haçansa yarama dərman deyərəm,
Çətin bir başqasın sevə bilərəm.

Daha sənsizliklə ovulmur ürək,
Boynu bükülüdür o nazlı çiçək.
Baxarsan, qəmliyəmkörpə uşaq tək,
Hər acı sözünü udub, yeyərəm,
Çətin bir başqasın sevə bilərəm.

Vüsala gedirdim, qəmə qayıtdım,
Səndən də yenilməz qala yaratdım.
Sonda, elə sənin özünü tapdım,
İstəsən, hər şeyi pozub, silərəm,
Çətin bir başqasın sevə bilərəm.

Eşqimdə bütövəm, sənlə yarıyam,
Nə xoşdur , həyatda birgə qarıyam.
Sən,— ağac, mən isə onun bağıyam,
Meyvəsin verərəm, barın verərəm,
Çətin bir başqasın sevə bilərəm.

SƏNİ SEVMƏK İSTƏYİRƏM

Gözlərimə baxsın gözün,
Sevindirər bircə sözün.
Dön, dön geri, qayıt özün,
Səni sevmək istəyirəm.

Sınayınca zaman bizi,
Qırılsın həsrətin dizi!
Sevməsən də bu Dənizi,
Səni sevmək istəyirəm.

Gəl, dayanma, tut əlimi,
Dara, dara şux telimi.
Şirin edib, bax, dilimi,
Səni sevmək istəyirəm.

Gözlərinə baxa- baxa,
Qəlbi oda yaxa-yaxa,
Ürəyinə axa-axa,
Səni sevmək istəyirəm.

Üzüb məzlum qəm könlümü,
Dərdə batan bəm könlümü.
Verib sənə şən könlümü,
Səni sevmək istəyirəm.

Gedişinə dözümüm yox,
Vurdun qəlbə zəhərli ox.
Məni sevən olsa da çox,
Səni sevmək istəyirəm.

TƏNHALIQ

Bir zaman eşqinlə alışan canım,
Sənə həsrət çəkən ürək daşıyır.
Mənim bu həyatda yerim yox daha,
Bəxtimi, taxtımı tutan daşıyır.

Daha sevgi şeri yaza bilmirəm,
İl ötüb, hislərim əvvəlki deyil !
Artıq, eşq baxçamı suvaran da yox,
Ürək,—ürək deyil, söz,– o söz deyil !

Sənsiz heç ürəyim gülməyir mənim,
Yenidən məhəbbət döyməz qapımı.
Yalqızlıq yer edib qəlbimdə mənim,
Bilirəm, çəkmirsən daha adımı !

İTİRMİŞƏM

Od baxışlı aslan kimi,
Mən bir aşiq itirmişəm.
Yönün azmış karvan kimi,
Dan ulduzun itirmişəm.

Yağış kimi yağıb gedib,
Oda salıb yaxıb gedib,
Ağlım başdan çıxıb gedib,
Yolu, izi itirmişəm.

Səndən ayrı gəzdi canım,
Dözmədi ki ! Bezdi canım!
Alovlanan közdür canım,
Ruhu, sağkən itirmişəm.

Sevinc məndən uzaq qaçdı,
Dərd başıma oyun açdı,
Söz tutmadı, sinəm daşdı,
Kağız, qələm itirmişəm.

Daha yoxdur taqət, dözüm,
Doldu, doldu, axdı gözüm.
Yollarında çökdü dizim,
Boşa zaman itirmişəm.

Bir də geri qayıtma gəl,
Xatirəmi itirmişəm.
Odu, közü soyutma gəl,
Neçə ürək itirmişəm.

DÜNYA

Dərd üstünə dərd ələnib,
Düzələrmi kefim, Dünya?
Fələk, sənin dad əlindən,
Qara geydi əynim, Dünya!
Nəyim qaldı, nəyim Dünya?

Kəlbəcərim , Şuşam gedib,
Laçın, Ağdam, canım gedib.
Zəngilandı, qanım gedib,
Ha dizimə döyüm, Dünya!
Nəyim qalıb, nəyim Dünya?

Qan axanda, qan üstünə,
Zülmət endi dan üstünə,
Vətənim də can üstündə,
Qalmayıbdır gücüm, Dünya!
Nəyim qalıb, nəyim Dünya!

Çox itirdik mərd oğullar,
Şir ürəkli ər oğullar,
Bəsdir yedin, yer, – oğullar,
Yıxılıbdır evim, Dünya!
Nəyim qalıb, nəyim Dünya?

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir