Xatirələr yaşadacaq səni, Səlahəddin Quliyev… » ZİM.Az


Xatirələr yaşadacaq səni, Səlahəddin Quliyev...Bu həsrətlə ürəyimiz barışmır,
Nə müddətdir telefonların danışmır,
Allah haqqı ölüm sənə yaraşmır
Darıxırıq səndən ötrü qayıt gəl!

“Qayıt gəl!”. Şəhidlərimizə, oğul dərdli analarımıza, qardaş nisgilli bacılara, nakam məhəbbətli qızlarımıza həsr etmişdi bu şeiri. Özünə şair demirdi: “Az-az uydururam, yeri gələndə”, – söyləmişdi, söhbətlərinin birində. Qəlbini oynadan bir söz, bir hadisə olanda sətirlər ulduz kimi sayrışıb şeirə dönür, daxildən gələn bu qüvvənin qarşısında təslim olurdu. Söz onu sehirlədikcə o da sözləri əzizləyib, sığallayıb ipə-sapa düzürdü.

İkinci Qarabağ müharibəsi dövründə qələmini sözün əsl mənasında silaha çevirmişdi, düşmənlə arxa cəbhədə sözlə döyüşür, rəşadətli Azərbaycan Ordusunun uğurları ilə qürurlanırdı. Müzəffər Ordumuzu qələbəyə səsləyən şeirləri heç mürəkkəbi qurumamış mahnılara dönüb səngərləri aşırdı. Ali Baş Komandanın rəhbərliyilə əldə olunan tarixi qələbəyə zəfər nəğmələri ilə bəzək vururdu. “Yeni tarix yazıldı” şeirində qələmə aldığı misralar xalqımızın qələbə əzmini daha da artırırdı:

Baş Komandan, Milli Ordu
Azad etdi doğma yurdu
…Qarabağdan yağı düşmən
qovuldu!

Yeni təqvim, yeni tarix yazıldı!

…Onu da deyim ki, bu yazını hazırlamaq çox çətin gəldi mənə. Dəfələrlə şeir kitablarını, tərcümeyi-halı yazılmış vərəqləri qarşıma qoyub düşündüm: haradan, necə başlayım? Necə yazım ki, ruhu bir az rahatlıq tapsın, sevinsin. Necə yazım ki, özünə, şəxsiyyətinə, qoyub getdiyi ada layiq olsun. Bir də çətin idi ona görə ki, haqqında keçmiş zamanda yazmağa əlim gəlmirdi. Ölüm ona da heç yaraşmırdı axı…

Səlahəddin Quliyev – 1958-ci il iyun ayının 13-də Goranboy rayonunun Səfikürd kəndində ziyalı ailəsində anadan olmuş, 1974-cü ildə 1 saylı musiqi məktəbinin tar şöbəsini, 1975-ci ildə Goranboy rayonu 2 saylı orta məktəbi bitirmişdi. İbtidai sinifdə ilk müəllimi anası Münəvvər xanım olmuşdu. Münəvvər müəllim Səlahəddinə övladı kimi yox, ilk növbədə, bacarıqlı şagirdi kimi baxır, onun gələcəyinə böyük ümidlər bəsləyirdi. Balaca Səlahəddinin uğurları isə onun ana ürəyini dağa döndərirdi. Səlahəddin bəlkə də bu səbəbdən anasına daha çox bağlanmışdı, sonralar onun yoxluğu ilə heç barışa bilmirdi:

Niyə yaşayıram, bilmirəm niyə,
Nə səsim yetişir, nə ünüm sənə,
Ayağım tutulur, yerimir niyə,
Yer elə yanında qalacam, ana.

Anasının məzarı önündə dilə gətirdiyi bu misralardan nisgil süzülüb gəlir, duyursan ki, analı günlərinə dönmək istəyi onun iç dünyasını darmadağın edib. Ümumiyyətlə, Səlahəddinin şeirlərində böyük bir sevgi var. Hiss edirsən ki, bir söz adamı kimi onun Tanrıdan istəyi yalnız İlahi bir sevgi olub və bu sevgini paylaşmağı bacarıb. Anaya, Vətənə, doğma yurda, insanlara olan sevgisini ifadə edən şeirləri bu hissdən məhrum olanları belə, tərpədir, onların qəlbində həzin duyğular yaradır.

Səlahəddin orta məktəbi əla qiymətlərlə bitirsə də, bir müddət kolxozda çalışdı, ordu sıralarında xidməti borcunu yerinə yetirdi. 1985-ci ildə Bakı Slavyan Universitetini və daha sonra Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirdi. Təhsil illərində “Bakı” və “Baku” axşam qəzetlərində ədəbi işçi işlədi. O, milli mətbuatımızın görkəmli nümayəndəsi “Bakı” və “Baku” axşam qəzetlərinin redaktoru Nəsir İmanquliyevin etimad göstərdiyi əməkdaşlardan biri idi. Hələ ulu öndərin Moskvada işlədiyi və sonralar vəzifəsindən istefa verdiyi vaxtlarda onun haqqında sanballı yazılar yazır, tanınır, sevilirdi. Təzyiq və təhdidlərə rəğmən öz əqidəsindən dönmür, ulu öndərə müstəqilliyimizin ilk illərində Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxara biləcək yeganə qüvvə kimi baxırdı.

1993-cü ildə Səlahəddin daha bir cəsarətli addım atır. 35 yaşlı gənc tərəddüd etmədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan məşhur 91 nəfərdən biri olur. 1993-cü ilin iyununda ulu öndərin yenidən hakimiyyətə qayıdışına ən çox sevinənlərədn biri də Səlahəddin idi. Torpaqlarımız hissə-hissə işğal edilir, kürsü uğrunda mübarizələr, xaos, özbaşınalıq baş alıb gedirdi. Vətəndaş qarşıdurması yaranmışdı. Ümummilli liderin böyük dönüş yaradacağına inanır, ancaq bu işlərdə onunla çiyin-çiyinə işləyəcəyini heç ağlına da gətirmirdi.

Bir gün Prezident Aparatına çağırıldığını dedilər. Ulu öndərin onu qəbul edəcəyini söyləyəndə çox həyəcanlanmışdı. Bu ilk görüş onun taleyini dəyişdi. Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinə rəhbərlik ona həvalə edilirdi…

Səlahəddin Quliyev 1993-2004-cü illərdə bu vəzifədə ləyaqətlə çalışdı. 2004-cü ildən ömrünün sonunadək “Respublika” qəzetində baş redaktorun müavini vəzifəsində işlədi.

Onun mətbuat xidmətinin rəhbəri kimi çalışdığı dövr çətin, mürəkkəb idi. Ulu öndər gərgin iş şəraitində çalışır, bəzən səhərədək işləyirdi. Təbii ki, Səlahəddin də iş postunu tərk etmirdi. Bacısı Nərgiz xanım o günləri belə xatırlayır: “Vəziyyət çox gərgin idi, rayonlarımız bir-bir əldən gedirdi. Bir gün Goranboydan tanıdığım insanlardan biri zəng vurub vəziyyətin tamam gərginləşdiyini söylədi: “Deyirlər, bu gecə Goranboy işğal olunacaq”, – dedi. Aradan bir az keçmiş daha bir zəng gəldi. Artıq zənglərin ardı-arası kəsilmirdi. Vəziyyəti Səlahəddinə çatdırmağı xahiş edirdilər.

Səlahəddin adətən evə gec gəlirdi. Onu evdə gözləməyə səbrim çatmadı həyət qapısından küçəyə çıxdım, var-gəl etməyə başladım. Saat 3-ü keçirdi. Məni görəndə həyəcanlandı: “Gecənin bir aləmində nə edirsən, niyə yatmamısan?” – dedi. Mən olanları ona söylədim, bir an duruxdu, sonra: “Mən işə dönürəm, rəhbər də hələ işdədir, bizə dincəlmək üçün izn verdi, özü qaldı”, – deyib maşına oturdu. Səhərədək evə dönmədi. Beləcə, onun üzünü üç gün görmədik. Ulu öndər məlumatı alan kimi, lazımi tədbirlər görmüş, elə gecə ikən Goranboy istiqamətində əlavə qüvvələr göndərilmişdi…”.

Səlahəddin duyğulu insan idi, kasıblara, imkansızlara əl tutmağı özünə mənəvi borc bilirdi. Danışmağı çox sevməzdi, etdiyi yaxşılıqları isə heç vaxt dilə gətirməzdi. Sadəliyi, alicənablığı ilə seçilirdi. Prezident Aparatında, ulu öndərin rəhbərliyi ilə işləmək onu daha da püxtələşdirmiş, qətiyyətli, prinsipial etmişdi. İnsanların vəfasızlığı, xəyanəti ilə barışmır, bütün bunları ürəyinə yük edirdi. Ölümü də ürəkdən oldu.

“Məni sənsizliyə öyrətmə, gülüm”, “Qədr gecəsinin mələyi” adlı kitabların müəllifidir. 2017-ci il noyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” adına layiq görülüb.

2022-ci il sentyabrın 9-da bu dünya ilə vidalaşıb. Doğmalarının gözünü yaşlı qoyub, özündən sonra xoş xatirələri qalıb… Elə bu xatirələr yaşadacaq onu…

Zümrüd QURBANQIZI,

“Respublika”.

ZiM.Az

Xatirələr yaşadacaq səni, Səlahəddin Quliyev...
.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir