Salidə ŞƏRİFOVA: “TƏFİLƏNİN RİTMİK FUNKSİYASINA NƏZƏRİ BAXIŞ” » ZİM.Az


Salidə ŞƏRİFOVA: "TƏFİLƏNİN RİTMİK FUNKSİYASINA NƏZƏRİ BAXIŞ" Salidə ŞƏRİFOVA
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisi,
AMEA-nın professoru, filologiya elmləri doktoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Türk xalqları ədəbiyyatı” şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor Məmməd ƏLİYEVİN
“Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası (Azərbaycan şeirinin tarixi təcrübəsi əsasında. Təfilə funksional təhlil müstəvisində)” (Bakı, 2023, 168 səh.) monoqrafiyasına
Ön söz

GİRİŞ

Prof. Məmməd Əliyev mürəkkəb elmi sistemə malik olan əruz vəznli şeirdə təfiləni, təfilənin ritmik fünksiyasını, təfilədə qəlib, ölçü, bölüm, heca, misra münasibətlərini ətraflı şəkildə “Türkdilli şeirdə təfilənin ritmik funksiyası” adlı monoqrafiyasında tədqiq obyektinə çevirir. Ərüzşünaslıq sahəsində dəyər və elmi əhəmiyyət kəsb edən tədqiqatda Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və digər Azərbaycan klassik söz ustadlarının yaradıcılığı əsasında təfilə, təfilənin hecada, misrada özünü əks etdirə bilməsi və s. məqamlar geniş tədqiq edilir.

I Təfilə haqqında elmi görüşlər

Məmməd Əliyev təfilə haqqında elmi görüşlərini əsaslandırmaq üçün Ə. Cəfərin “Füzuli şeirinin vəzni” (1958), “Sabir şeirinin vəzni” (1962), “Nəsimi şeirinin vəzni” (1973), “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” (1977), M.C. Cəfərovun “Şeirimizin dili və vəzni” (1958), T. Quliyevin “Əruz” (2001) və s. tədqiqatlarını müqayisəli şəkildə tədqiqata cəlb edir. Bu müəllifin ustadlarına, onların yaradıcılığına olan rəğbəti, bu sahəyə dərindən bələd olmasını əks etdirməsi ilə yanaşı, təfilə haqqında elmi görüşləri haqqında da təəssürat yaradır. Məsələn, bəllidir ki, Əkrəm Cəfərin “Füzuli şeirinin vəzni” (1958), “Sabir şeirinin vəzni” (1962), “Nəsimi şeirinin vəzni” (1973) məqalələri üç şairin, yəni Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin və İmadəddin Nəsiminin şeirlərinin vəzni həzəc, rəməl, rəcəz, müzure, münsərih, müctəs, mütəqarib, xəfif, səri kimi 9 bəhri əhatə edirlər.
Tədqiqatda Məmməd Əliyev təfilə, təfilənin heca, misra ilə münasibətlərini, təfilələrin müxtəlif yazılışda təqdim edilməsi problemini, təfilələrin müxtəlif yazılışı zamanı yaranan çətinliklərini, təfilələrin yazılışında (1956-1977-ci illər arasında) fərqli variantlarla üzləşməsini və s. açıqlayarkən, özündən əvvəl formalaşmış elmi görüşlərə əsaslanmışdır. Əkrəm Cəfər, Tərlan Quliyev, Qeys Razi, Əmir Şirəli xan və digər mütəxəssislərin fikirlərinə əsaslanaraq, Məmməd Əliyevin gəldiyi nəticə maraq kəsb edir. Mütəxəssislərin elmi yanaşmalarına əsaslanmış müəllif “misrada son hecadan başqa, ikiqat uzun heca gələrsə, o, ikiqat uzunluqdan çıxarılmalıdır” kimi iddiasını Əkrəm Cəfər və Tərlan Quliyevin fikirlərinə istinad edərək açıqlayır.
Məmməd Əliyev təfilənin sabit yazılışını əsaslandırarkən, əruzşünas alim Əkrəm Cəfərin Azərbaycan əruz təfilələrinin yazılışında olan transkripsiyasına əsaslanır. Müəllif həmçinin Əkrəm Cəfərin elmi nailiyyətinə əsaslanaraq, fikirlərini təsdiqləyir: “…təfilələrin sabit yazılışını müəyyənləşdirməyə nail olmuş, böyük A, İ, U səslərinin təfilədəki heca düzülüşündə yerini dəqiqləşdirmişdir. Beləliklə, təfilələrin müxtəlif yazılışına son qoyulmuşdur.
məfA’İlün, məfA’İlü, məf’Ulü, fA’ilAtün, fA’ilün, fə’Ulün”.
Məmməd Əliyevin təfilənin əsasını təşkil edən rüknlərə də münasibət bildirərkən, Əkrəm Cəfər təliminə əsaslanması diqqətdən yayınmır. Müəllif təfilələrin fəaliyyətinin əsas olmasını, təfilənin əsli və düzəltmə növlərini, zihaf və imaləni və s. təqdim edərkən, məhz Əkrəm Cəfər təliminə görə Azərbaycan əruzunun tədris və təlimində artıq hesab olunmasını vurğulayır.
Müəllif tədqiqatda təfilələrin lüğəvi mənası olmamasına rəğmən, “onu təşkil edən hecalar adi lüğəvi mənası olan sözlərdəki hecalar kimi” oxunmasına toxunur. Bu oxunuş zamanı əruzşünas Tərlan Quliyevin təklif etdiyi fonetik prinsipi, yəni mora ilə oxumaq üsulunu nəzərə alınmasını vurğulayır: “məfA’İlün; mora ilə: mə-fa-a-i-i-lü-ün); fA’ilAtün: mora ilə: fa+a+i+la+a+tü+ün”.

II Təfilə – heca münasibəti

Şeir dilində universal mövqedə dayanan sözün heca quruluşunun açıq-qısa, uzun-qapalı, ikiqat uzun kimi müxtəlif vəziyyətlərin praktik cəhətdən müəyyənləşməsi həmişə diqqət mərkəzindədir. M. Əliyev də tədqiqatda təfilə – heca münasibətini nəzərə alaraq, ritmik nitqin fonetik norma vahidi kimi fəaliyyət göstərən heca quruluşuna geniş izahat verir. İlk növbədə, poetik strukturun qurulmasında hecanın rolunu izah edir. Müəllif söz mənbəyi kimi çıxış edən hecanın ahəng, ritm yaratmaq nöqteyi-nəzərindən poetik strukturun qurulmasında həlledici rol oynamasına toxunur. F.e.d. M. Əliyev qeyd edir ki, “hecanın keyfiyyət (vurğulu və vurğusuz, uzun və qısalığı), ahəngə uyğun olaraq yaranan kəmiyyət göstəriciləri dünya xalqlarının poeziyasında fərqli şeir sistemlərinin yaranmasına səbəb olmuşdur: Antik (tonik), əruz və heca”. Müəllif milli ədəbiyyatımızda əruzun struktur nüvəsini təfilənin təşkil etməsi məqamına toxunur, quruluş texnikasını, şeirdə yerləşməsini, ölçü əmələ gətirmək funksiyasını açıqlayır. Təfilə və heca arasındakı əlaqə zamanı hansı məqama diqqət yetirmək lazım olması müəllif tərəfindən açıqlanır. Müəllif bunun uzun və qısa, həmçinin açıq və qapalı hecaların tələffüz zamanı meydana çıxmasına da diqqət yetirir: “Təfilələrdəki uzun və qısa hecaların, (həmçinin açıq və qapalı hecaların) onların tələffüzü zamanı qarşıya çıxan əks təsirin – iltisaqi dillərə məxsus ahəng qanunun güclü müqavimətini nəzərə almaq müstəsna əhəmiyyət kəsb edir”.
Məmməd Əliyevin təfilənin son hecasının müxtəlifliyinə görə üç yerə ayırmasını qeyd etməsi də diqqətdən yayınmır: 1) tün və ya lün-lə qurtaran təfilələr; 2) lü və ya tü ilə qurtaran təfilələr; 3) lAn və ya tAn ilə qurtaran təfilələr.
F.e.d., prof. Məmməd Əliyev “məfA’İlün” və “fA’ilAtün” təfilələrində ahəng sabitliyini üç yolla saxlanılmasına da toxunur. Bu zaman “təfilənin düzgün yazılışı (transkripsiyası) ilə”, “adi və uzun hecaya (A,İ,U) səslənməsində tələb olunan vaxtın düzgün təmin edilməsi, ödənilməsi yolu ilə”, “hər bir təfilənin düzgün yazılışını dəyişmək (məfA’İlün-məfailün; fA’ilAtün- failatün etmək) və onların səsləndirilməsinə tələb olunan, sərf edilən vaxtı artırıb-azaltmaq olmaz” kimi qeyd edərək, təfilənin hecada özünü büruzə verə bilməsini açıqlayır.
Məmməd Əliyev təfilələrdə hecaların düzülüşünü fonetik hadisə hesab etmişdir: “Sözlərin hecalara bölünməsi Azərbaycan dilində olduğu kimi, təfilələrdə hecaların düzülüşü tam fonetik hadisədir”.
Təfilənin hecaya təsiri zamanı hecalarda yaranan dəyişikliyi və onun oxunuşunu müəllif belə vurğulayır: “Bu cəhətdən təfilədəki hecaların oxunuşunu aşağıdakı şəkildə icra etməli olduq:
açıq heca: mə, tə, mü, tü, lü və s. – bir mora;
uzun heca: A, I, U, müs, təf, məf və s. – iki mora (bir mora qısa hecanın tələffüzünə sərf olunan zamandır).
Təfilələrin düzgün oxunması və səsləndirilməsi lazımi səviyyədə yerinə yetirildikdən sonra mora üsulundan (məfA’İlün-məfaa’iilüün, məf’Ulü-məəfuulü; fə’Ulün-fə’uulüün və s.) istifadə edilməsi öz tətbiqini itirəcək. Moradan istifadə edilməsi bütün vəziyyətlərdə təfilənin düzgün oxunması üçün nəzərdə tutulmuşdur”. Müəllif sayları müxtəlif olan uzun və qısa hecaları ilə birlikdə təfilənin fəaliyyətini onun işlək mexanizmi olmasını da açıqlayır.
Prof. Məmməd Əliyev təfilə və heca arasındakı əlaqə zamanı onun xüsusi hecaların iştirakının səciyyələndirməsi amilini də vurğulayır. Müəllif konkret olaraq, “268 misra qəlibinin 12 bəhrin hansı bəhrinə və aid olduğu bəhrin hansı növünə və ya variantına mənsubluğunu aydınlaşdır”a bilməsini açıqlayır.
M. Əliyev “misralarda hecaların kəmiyyət göstəricisi yox, keyfiyyət göstəricisi əsas” olmasını da diqqətdən qaçırmır. Məmməd Əliyev “…təfilənin fərqli fonetik quruluşu və sabit ahəngi” olması məqamına toxunarkən, onda müxtəlif tip hecaların iştirak etməsini onun mürəkkəbliyi kimi dəyərləndirir.
F.e.d. Məmməd Əliyev lüğəvi mənaya malik olmayan təfilələrin “onu təşkil edən hecalar adi lüğəvi mənası olan sözlərdəki hecalar kimi” oxunmasına toxunur. Müəllif təfilələrin hecalar əsasında, yəni onların özünəməxsus normasında heç bir dəyişiklik-ixtisar, nəyi isə əlavə etmək, hər hansı bir hecanı çıxarıb, yerinə başqa bir və iki heca əlavə etmək mümkün olmadığını və ya əksinə formalaşdığını da vurğulayır.
Məmməd Əliyev təfilə – heca münasibətlərinə toxunarkən, qətiyyətlə qeyd edir ki, “…təfilələr hecaların müəyyən düzülüşündən alınan və müəyyən zaman daxilində nəql olunan ahəngdarlıqdır, ritmdir, musiqili səslənmədir”. Müəllif tədqiqatda təfilənin fonetik həcminin, yəni təfiləni təşkil edən hecaların hər birinin özünəməxsus funksiyası və elmi transkripsiyasının nəzərə alınmasının vacibliyinə də aydınlıq gətirir.

III Təfilə – misra münasibətləri

Professor Məmməd Əliyev tədqiqatda təfilə – misra münasibətlərinə də aydınlıq gətirir. Misranın funksional mahiyyətində incə nyüanslara diqqət yönəldən müəllif qətiyyətlə vurğulayır ki, misra əsasdır, misra ölçü vahididir: “Şeir misrada reallaşır. Bu reallaşma müəyyən poetik ölçüdə özünü göstərir. Şair bölümlə yox, misra ilə fikirləşir. Poetik misra istər heca və ya əruz vəznində olsun, o, bölüm və ya bölümlər daşıyıcısıdır. Vəzn misraya görə təyin edilir”. Müəllif misranın ölçüsünün təfilə ilə başlaması və təfilə ilə qurtarmasına da toxunur. Məmməd Əliyev bu baxımdan qəlibin misradakı sözlərə uyğun gələn (bu, əslində qarşılıqlı olur) təfilələrin mənalı, bədii birləşməsi olmasını qeyd edir. Müəllif həmçinin təfilənin öz mövqeyini qəlibdə itirməməsinə və başqa təfilə ilə əvəz oluna bilməməsini xüsusi vurğulayır. Müəllif məhz hər bir təfilənin daxil olduğu qəlibdə öz rəngarəng ahənginə görə misrada fərqlənə bilməsini qeyd edir: “Təfilələr özünəməxsus forma və ahəng xüsusiyyətlərinə görə misradakı bölümlərə (təqti zamanı) nüfuz edərək onlarla qarşılıqlı əlaqə yaradır və bu misranın düzgün vəzndə səsləndirilməsinə kömək edir”.
Məmməd Əliyev misrada ikiqat uzun hecanın reallaşdırılmasına, parçalanmasına, ikiqat uzunluqdan çıxarılması kimi məqamlara da münasibət bildirir. Məsələn, müəllif misra daxilində ikiqat uzun hecanın samiti öz bölümündən çıxararaq sonrakı bölümdə kor heca qəbul etməsinə, misra daxilində ikiqat uzun hecanın samiti öz bölümündən çıxararaq sonrakı bölümdə saitlə birləşməsinə, misra daxilində ikiqat uzun hecanın samiti öz bölümündən çıxmayaraq kor heca qəbul etməsinə (bu zaman bölüm daxilində parçalanma gedir) və s. toxunur, nəzm nümunələri ilə açıqlayır.
Müəllif ikiqat uzun hecanın misranın son hecasından əlavə, digər hecalarda iştirak zamanı ikiqat uzunluqdan çıxarılmasına toxunur. Bu zaman ikiqat uzun hecanın ya saitlə birləşməsini, ya da kor heca qəbul etməsini qeyd edir. İkiqat uzun hecanın misranın son hecasında baş vermə səbəblərinə aydınlıq gətirən müəllif iki səbəb göstərir: “Daha əsası: Son heca əgər ikiqat uzun hecalıdırsa, onu ikiqat uzunluqdan çıxarmaq olmur, ona görə ki, onun fəaliyyəti dayanır, ondan sonra misranın heç bir saiti və ya samiti yoxdur. Əlaqəsiz qalır.
Misra yazıldığı ölçüdə oxunarkən son bölümün son hecasının səslənməsi artıq enmə, düşmə vəziyyətinə yetişir. Bu vaxt misranı səsləndirici şəxs son hecanı adi uzun kimi tələffüz edib yeni misraya daxil ola bilər”.
Professor Məmməd Əliyev misra daxilində işlənən sözdə (son hecaya qədər) ikiqat uzun hecanın nə üçün parçalanmasının səbəblərinə də münasibətini bildirir. Müəllif bunu həm əruz vəznli şeirin yazılışı, həm də oxunuşu, səsləndirilməsi kimi əlaqələndirir. Misra daxilində ikiqat uzun hecanı aşağıdakı kimi müəyyənləşdirir: “1. Şair tərəfindən yazılışda misraya daxil edilən ikiqat uzunhecalı söz parçalanmır, daha doğrusu, şair həmin sözü və ya sözləri olduğu kimi bütöv şəkildə misraya yerləşdirir. 2. Təqti olunarkən parçalana bilər. 3. Şeir düzgün oxunursa, misrada ikiqat uzun heca varsa, parçalanır”.
Müəllif ikiqat uzunhecalı sözlərin misralarda işlənilməsi məqamına da biganə qalmamışdır. Misra daxilində ikiqat uzunhecalı sözlərin düzgün istifadə edilməməsi zamanı yaranan problemləri də işıqlandırır. Məsələn, müəllif ikiqat uzunhecalı sözü əruzun tələbinə görə misra daxilində ikiqat uzunluqdan çıxarılmasa səhvə yol verilməsini, milli əruzumuzun şeir praktikasında qəbul edilməməsinə toxunur. Müəllif hətta ədəbiyyatımız üçün xarakterik olmayan bir sıra məqamları da açıqlayır: “misra daxilində ikiqat uzunhecalı təfilənin (fA’ilAtAn) gəlməsi Azərbaycan əruzu üçün xarakterik deyildir”.
F.e.d. Məmməd Əliyev təfilə-misra münasibətlərini nümunələr əsasında əsaslandırması maraq doğurur. Müəllif təfilənin iştirak etdiyi, “əruzda yazılmış adi bir misraya iki cəhətdən yanaşmaq lazım” gəlməsinə toxunur. Müəllif həm “misranın gözlə görünən vəziyyəti”ni, həm də “bir də misranın yazıldığı ölçüdə oxunuş zamanı aldığı vəziyyəti” nəzərə almağı diqtə edir. Məsələn, Məmməd Əliyev “Yetər, ey fələk, bu cəfa, yetir məni zarə sərvi rəvanimi” misrasını fərqli bəhrlərdə təqdim edir, bu zaman bəhrlərin oxunuşlarında fərqli vəziyyətlər alınmasına toxunur. Misranın kamil bəhrinə görə təqti etdikdə, aşağıdakı vəziyyətdə olmasını göstərir:
“mütəfA’ilün – mütəfA’ilün – mütəfA’ilün – mütəfA’ilü
Yetər eyfələk,- bu cəfa yetir – mənizarəsər- virəvanimi”
Müəllif bu zaman birinci bölümdə uyğunsuzluq alınmasına toxunur, “mütəfA’ilün; mü – tə – fA’ – i- lün- təfilənin ye -tər ey – fə-lək ikinci hecasına “tə”yə-açıq hecaya “tər” qapalı uzun heca düşməsini göstərir. Məmməd Əliyev bu nümunədə təfilənin bölümünün oxunuşu zamanı ciddi nəzarət etməsinə, “tər” uzun hecadan “r” samitinin qoparılıb “ey”-lə birləşdirilərək “tər”i “tə” etməsinə də aydınlıq gətirir. Bu zaman yazılışda “yetər ey fələk” oxunuşda “yetə reyfələk” şəklində olmasını və təfilə- misra münasibətlərini açıqlayır. Müəllifin istər təfilələrin və istərsə də qəliblərin özünəməxsus ritminin həmişə ahəngdə olmasını, özünün poetik normativliyini misraya tətbiq etməsi ilə və ya misralaşaraq poetik fikri qəlib şəklində olan ölçüyə uyğunlaşmasını vurğulaması maraq doğurur. Məmməd Əliyevin həm nəzəri, həm də praktik prosesi yerinə yetirən təfilənin əsasını təşkil edən rüknlərə də münasibət bildirməsi diqqətdən yayınmır: “… təfilələrin fəaliyyəti əsas olduğundan əruzun rüknləri (yüngül səbəb, ağır səbəb, yanaşı vətəd, aralı vətəd, kiçik fasilə, böyük fasilə), təfilənin əsli və düzəltmə növləri, zihaf və imalə, Əkrəm Cəfər təliminə görə, Azərbaycan əruzunun tədris və təlimində artıq hesab olunur.
Prof. Məmməd Əliyev misrada təfilə çoxluğu anlayışını izah edir və “…təkcə misra sonunda təfilələr (təqti zamanı) tənzimləyici vəzifəsini həm nəzəri, həm də əməli yerinə yetirərkən təfilə çoxluğu” alınmasını göstərir.

IV.I Təfilənin türkdilli sözlərdəki funksiyası

Türkdilli poeziyada təfilənin tətbiqi böyük maneələrlə üzləşmişdir. Bu maneə əsasən dil problemi ilə əlaqəli idi. Belə ki, ərəb dilinə tətbiq olunmuş təfilələr türk dilinə tətbiqi nəticəsində sözlərin tələffüzündə türk dili qayda-qanunlarını kobudcasına pozulması ilə nəticələnirdi. Buna baxmayaraq, təfilənin türkdilli poeziyada, yəni əruz vəznindən istifadə edilməsi ilə onu türkdilli poeziyanın tərkib hissəsinə çevirdi. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və digər ədiblərin poetik yaradıcılığında təfilələrin ana dilimizdə otuşdurulmasının şahidinə çevrilirik. Azərbaycan şeirində işlənən əruz bəhrilərində təfilələrin işlənilməsi ana dilimizə ağırlıq gətirmir, əksinə əlvanlıq qatır. Prof. Məmməd Əliyevin də təfilələrin türkdilli sözlərdəki funksiyasına toxunarkən, gəldiyi nəticə öz elmiliyi ilə diqqəti cəlb edir. Müəllif qeyd edir ki, “Azərbaycan əruzunun təfilələri ərəb mənşəli olsalar da, doğma milli şeir dilimizin poetik təsiri nəticəsində yeni keyfiyyət və özünəməxsus ahəng, ritmlə çıxış edərək məhz Azərbaycan əruz təfiləsi kimi formalaşmışdır”. Müəllif təfilənin türkdilli sözlərə təsiri məqamına aydınlıq gətirərkən, M.M. Cəfərovun fikirlərinə istinad edir: “Bizim əruz və onun müxtəlif bəhrləri təmiz ərəb və ya fars əruzu sayıla bilməz. Azərbaycan dilinin təsiri altında əruz bizim şeirimizdə özünə məxsus keyfiyyətdə və məhz Azərbaycan əruzu kimi meydana çıxmışdır”. Bu amil ana dilimizdə təfilələrin sırf ərəb və ya fars dilində olan sözlərə aid olmadığını, türk sözlərini də əhatə edə bilməsini əks etdirir.
Məmməd Əliyev ana dilimizin əlifba təlimində “təfiləni təşkil edən hecalar vəhdət halında” qabarıq şəkildə üzə çıxmasını vurğulamış, “…sözlərdəki hecalar əlaqəli oxunaraq sözün düzgün orfoepiyası alınana qədər davam” etməsi zamanı təfilənin məhz ritmik ünsürə çevrilməsini vurğulayır. Tədqiqatda heca quruluşuna görə ana dili sözlərimizə uyğun olaraq, təfiləni təşkil edən uzun və qısa, nadir hallarda ikiqat uzun hecalara bərabərləşdirilməsi məqamı da izah edilir.
Müəllif türk dilli sözlərin istifadəsi zamanı təfilənin hecaya təsirini göstərməyə nail olur. Məsələn, hecanın ikiqat uzun hecaya çevrilməsi zamanı məfA’ilün təfiləsi ikiqat uzun hecanı parçalayaraq “r”-i üçüncü bölümə keçirməsi zamanı “r” dən sonra bir vurğusuz natamam i (kor heca) eşidilməsini və bununla da vəznin ödənilməsi müəllif tərəfindən açıqlanır. Müəllif fikirlərini Ş.İ. Xətainin misrası ilə izah edir:
Qış getdi-yenə bəha-ri gəldi
məf’Ulü məfA’ilün fə’Ulü
Məmməd Əliyev türk sözlərinin şeirdə işlənilməsi zamanı təfilənin misra və hecaya təsir edə bilməsini açıqlayır. Bu zaman hecanın vəznin tələbinə görə uzanmasını izah edir: “Durna uçuban havaya düşdü” misrasındakı “havaya” sözünü nə bu şəkildə yaza bilərik, nə də oxuya bilərik. Çünki bu sözdə (əslində həvayə) “va” hecası vəznin tələbinə görə uzanmalı və “yə” hecasını asanlıqla üçüncü bölümə keçirməlidir.
Durna u – çuban həva – yə düşdü
Laçın a – luban ova – yə düşdü
məfUlü məfA’ilün fə’Ulü”
Müəllif müəyyən ixtilafa səbəb olan “klassik şeirimizdə izafət şəkilçisi-“e” “i” kimi reallaş”masına da aydınlıq gətirir.

IV.II Təfilənin ərəb və fars dilli sözlərdəki funksiyası

Məmməd Əliyev təfilənin ərəb və ya farsdilli sözlərdə fərqlənməsi məqamına da toxunmuşdur. Məsələn, müəllif məfA’İlün, fA’ilAtün, müstəf’ilün kimi təfilələrdə apostrof işarəsinin tətbiq olunmasını və hansı funksiya yerinə yetirməsinə aydınlıq gətirir: “apostrof işarəsi təfilədə üç funksiyanı yerinə yetirir. Birincisi, ərəb təfiləsini azərbaycanlaşdırdıqda boğaz samitini (ayın hərfini) əvəz edir; ikincisi, təfilənin hansı hecasında iştirak edirsə, ona qədər olan hecanın uzun tələffüzünə xidmət edir; üçüncüsü, apostrof dayandığı hecada, ayrıcda ani fasilə yaradır ki, bu da təfilənin ahənginə müsbət təsir göstərir”.
Müəllif təfilələrin “müxtəlif dillərə malik olan əlifba əsasında yazılmasına”, yəni ərəb, fars, krill, latın qrafikası ilə yazılmasına baxmayaraq, “öz fonetik çəkisində, (o, çəkəndir, çəkilən deyil) normasından” olmasını da qeyd edir. Müəllif onu da xüsusi vurğulayır ki, “onların özünəməxsus normasında heç bir dəyişiklik-ixtisar, nəyi isə əlavə etmək, hər hansı bir hecanı çıxarıb, yerinə başqa bir və iki heca əlavə etmək mümkün deyil və ya əksinə”.

NƏTİCƏ
Məmməd Əliyevin “Türkdilli şeirdə təfilənin ritmik funksiyası” adlı monoqrafiyasında təfilələri təşkil edən heca və hecaların müəyyən enerji ilə yüklü olmasına toxunması, təfilənin ayrılıqda və qəlibdəki iştirakının bir-birindən fərqli vəziyyətlərinə aydınlıq gətirməsi elmi əhəmiyyət kəsb edir. Müəllif təfilənin elmi transkripsiyasının ciddi nəzərə alınmasını, təfilənin oxunuşunu və ya səsləndirilməsini əruzşünas Əkrəm Cəfərin təqdim etdiyi qaydalara uyğun öyrənilməsini, hər bir sözün düzgün və ləngimədən vaxtında oxunmasının təmin edilməsini, şeirin yazıldığı ölçünü-qəlibini müəyyənləşdirib, onu düzgün təqti etməyin əsas olmasını və s. əruzşünaslıq elmi üçün əhəmiyyət kəsb edən aktual məqamlar kimi açıqlayır.
Təfilənin elmi şəkildə tədqiq edilməsi və terminoloji mənasının ətraflı izah edilməsi Məmməd Əliyevin təqdim etdiyi “Türkdilli şeirdə təfilənin ritmik funksiyası” adlı monoqrafiyasında nəzəri-praktik cəhətdən əsaslanaraq müəyyənləşir və tədqiq edilir.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Türk xalqları ədıbiyyatı” şöbəsinin müdiri, professor, filologiya elmləri doktoru Məmməd Əliyevin “Türkdilli şeirdə təfilənin ritmik funksiyası” adlı monoqrafiyası Azərbaycan şeirində təfilənin incəliklərini elmi və funksional təhlil müstəvisində ictimaiyyətə təqdim edilməsi baxımından təqdirəlayiqdir.

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir