AŞIQ QIZQAYIT KƏLBƏCƏRLİ (1984) » ZİM.Az


AŞIQ QIZQAYIT KƏLBƏCƏRLİ (1984) Qızqayıt Sərdar qızı İsayeva – 1984-cü ildə Kəlbəcər rayonunun İlyaslar kəndində anadan olub.
Aşıq Bəstinin nəticəsidir.
Orta məktəbdə oxuyarkən erməni quldurlarının işğalı nəticəsində doğma doğma yurdundan, dünyaya göz açdığı kəndin gözəl təbiətdən, uca dağlarından, ətirli çəmənliklərdən ayrı düşən Qızqayıt Vətən nisgilini qəlbində yaşadır. Təsəvvür edə bilmir ki, o cür sərin yaylaqlardan buz bulaqlardan, qızıl balığı ilə zəngin Tərtər çayından, əzəmətli Gəlin qayasından ayrı düşüb. Yetkinlik dövrünə çatandan bu ayrılığı daha çox hiss edib.
Elə o illərdən də bədii yaradıcılığa başlayıb, sözləri və musiqisi özünə məxsus vətənpərvər aşıq havaları yaradıb.
Şeirləri mütamadi olaraq dövrü mətbuatda və poeziya almanaxlarında, eləcə də, “XXI əsrin yaradıcı qadınları”, “Aşıq qadınlar”, “Yeni nəsil Azərbaycan aşıqları”, “Çağdaş Azərbaycan aşıqları” və s. kitablarda dərc olunub.
ADMİU-nun məzunudur.
Hazırda Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin müəllimidir.
Bir neçə xarici ölkələrdə ölkəmizi təmsil edib, çox sayda mükafatlar qazanıb.
Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, eyni zamanda, “Aşıq Pəri”, “Dirili Qurbani” və bir neçə ədəbi-bədii məclislərin üzvüdür.
“Bir elin qərib qızı” “Can Qarabağım” adlı iki şeirlər kitablarının müəllifidir.
Subaydır.

Biz də Aşıq Qızqayıt Kəlbəcərliyə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az

VƏTƏNİMDİR – VƏTƏNİM

Dünyanın cənnət yeri,
Vətənimdir – Vətənim.
Dünyanın gözəl biri,
Vətənimdir – Vətənim.

Gözəllik özü bizdə,
Dünyanın gözü bizdə,
Qüdrətli özü bizdə,
Vətənimdir – Vətənim.

Heyran qalıb bu cahan,
Harda var belə məkan,
Canımdan da əziz can,
Vətənimdir – Vətənim.

Qurban olsun hər bir an,
Ürəyimlə, həm də can,
Qızqayıt, Azərbaycan,
Vətənimdir – Vətənim.
2010

ANA YURDUM KƏLBƏCƏRİM

Nə faciə, nə haraydı,
Bəxtimizə nə pay düşdü,
Ürəyimiz qan ağladı,
Kəndimizə nə vay düşdü.

İki aprel yaz ayları,
Baharımız qışa döndü.
yerə güllə yağdı,
Günahsız insanlar öldü.

Yola düşdük qar-boranda,
Hərə bir yana dağıldı.
Ay didərgin, qaçqın ellər,
Çəkilməz dərdin ağırdı.

Kəndimin gözəl gəlini,
Öldü körpə qucağında,
Mürov qardan kəfən biçdi,
Gəncliyinin şux çağında.

İtirdi ana körpəsin,
Tapanmırdı balasını,
Mirov dağı qan yağırdı,
Eşitdikcə nalasını.

Qatar-qatar maşınların,
Görünmürdü uc-bucağı,
Köç eyləyən ağır ellər,
Gözləməzdim mən bu çağı.

Arı kimi sızıldaşdıq,
Dağıldı zənbur-pətəyin,
Duman gəldi yolu çaşdıq,
Qucaqladıq qar ətəyin.

Sənan Habil itgin düşdü.
Əsir qaldı çox əsgərlər.
Gələnlər də tara düşdü,
Millət öldü gör nə qədər.

Qoca, uşaq batdı qarda,
Ölüb qaldı orda burda,
Yemək olan quşa-qurda,
Günahsız insanlar oldu.

Ulu yurdum – Kəlbəcərim,
Sənə hardan bəla gəldi,
Bu xalqımın faciəsi,
Yer kürəsin silkələdi!
02.04.1997

ZƏFƏR BAYRAMI

Gözün aydın ana vətən,
Bu gün mənim zəfərimdi.
Məğlub olub qarı düşmən,
Bu tarixi hünərimdi.

Anam kimi, balam kimi,
Qorumuşam hər daşını.
Tarix boyu igidlərin,
Uca tutub ər başını.

Türkün səsi haqqın səsi,
Car olmuşam bu cahanda.
Qalibiyyət nişanıyam,
Bu dünyanın yaxasında.

Tarixi öz qanlarıyla,
Oğulların daşa yazdı.
Qəhrəmanlar yazan tarix
Tarixlərdən pozulmazdı.

Vətən qızı çal sazını,
Qələbəmin müjdəsindən.
Yaşat şəhid arzusunu,
Cücərt xalqın ürəyindən.
2020

OLSAYDI

Dünya cənnət olub gözəlləşərdi,
Sevən sevdiyinə qismət olsaydı.
Küsüb ağlamazdı bir bəni bəşər,
İnsanda insanlıq ismət olsaydı.

Yandırdı dünyanı dil bilməz naşı,
Tamahdan öldürdü qardaş-qardaşı.
Aldatmaz dünyanın zəri daş- qaşı,
Əzəldən qanında qeyrət olsaydı.

Yaxşılıq elədim çox cahillərə,
Öz yaxın öz doğmam neçə birinə.
Qızqayıt qanımı şərab yerinə,
İçərdi əlində fürsət olsaydı.
12 iyul 2022-ci il

OLMASA

Bu dünya cəhənnəm əzab yeridi,
Sən dözə bilməzsən karın olmasa.
Sevgində şövq ilə dillənə bilməz,
Sinəndə ya sazın, tarın olmasa.

Dünya gör-götürdü ağlın varsada,
Nə qohum, nə qardaş yetişməz dada.
Üzün qara olar hərki dünyada,
Bu fani dünyada varın olmasa.

Dünyanın əvvəli sonu görünməz,
Sinəmdən bir eşqin dağı silinməz.
Həyatın ləzzəti dadı bilinməz,
Yanında sevdiyin yarın olmasa.

Hərənin öz yeri dağın aranın,
Qızqayıt çox sevir yazın baharın.
Sənin əzəmətin sənin Vüqarın,
Deyilməz ay dağlar qarın olmasa.

KİMİN BELƏ ANASI VAR?!..

Elə çoxdur mənim anam,
Hərbirinin nəvası var.
Yada salma el dərdini,
Axı onun yarası var.

Bel bükülər deməz neyçün,
Özü çəkər için için,
Böyütmüşdü vətən üçün.
Neçə şəhid balası var.

Əzəl beşik sonum məzar,
Arzularım qatar qatar.
Ana kimi bizi qucar,
Cavanşirlər obası var.

Tarixlərin qalasıdır,
Qəhrəmanlar qalasıdır.
Mübarizlər anasıdır,
Kimin belə anası var?!..

ƏSGƏR BALAM

Qurban olum qamətinə boyuna,
Vətən keşiyində dur əsgər balam.
O gün olsun qurban kəsim toyuna,
Vətən keşiyində dur əsgər balam.

Ayaqların büdrəməsin gədikdə,
Barmaqların üşüməsin tətikdə.
Ana haqqı tanrı haqqı dedikdə,
Vətən keşiyində dur əsgər balam.

Qarı düşmən göz açmamış yuvadan,
Şahin kimi elə şığı havadan.
Sənə qüvvət (hünər) versin böyük yaradan,
Düşmənin boynunu vur əsgər balam.
Vətən keşiyində dur əsgər balam.
2023

ANA, ÇOXLU OĞUL BÖYÜT

Ana, çoxlu oğul böyüt,
Beşi getsə biri qalsın.
Ölməz igidlər yaradın,
Qoy ruhumuz diri qalsın.

Oğul böyüt Alım kimi,
Rüstəm kimi, Zal”ım kimi.
Şah İşmayil şahım kimi,
Təbrizimi geri alsın.

Oğul böyüt, dedim, Ana,
Ülviyyətlə bu cahana.
Məhəbbəti Yaradandan,
Oğul böyüt qana qana.

BORÇALI

Mənə qollarını aç anam kimi,
Bələ ürəyimi sözə, Borçalı.
Sazlı-sözlü mən də könül aşiqi,
O qədər vurğunam sizə, Borçalı.

Mərd ürəkli, qoçaq olan elini,
Qəm-kədər bükməsin heç vaxt belini.
Səndə olan dəva-dərman gülünü,
Bir alim gərəkdi yaza, Borçalı.

Hər iş yaxşı ola, tarix düzələ,
Amandı özünü vermə yad ələ.
Toy-bayram libaslı ellər bəzənə,
Dönəsən nazənin qıza, Borçalı.

Sazlı-sözlü bir Kəlbəcər mahalım,
Talan oldu o cürə cah-cəlalım.
Yaşamaq eşqiylə söndü amalım,
Dərdlərim çatıbdı yüzə, Borçalı.

Səndə babaların izi qalıbdı,
Söhbəti qalıbdı, sözü qalıbdı.
Namərd yağıların gözü qalıbdı,
Qoyma xələf çıxsın izə, Borçalı.

Müqəddəsdi suyun, duzun, çörəyin,
Dar günümdə sən olmusan gərəyim.
Bu qərib nisgilli yanan ürəyim,
Söyləyər dərdini saza, Borçalı.

Sığındım qoynuna bir anam kimi,
Duyursan dərdimi dil qanan kimi.
El atlı günlərin toy bayram kimi,
Heyranam hüsnündə yaza, Borçalı.

O taylı – bu taylı bir vətənimsən,
Sən həm ürəyimsən, canda tənimsən.
Demə Qızqayıta qonaq gəlmisən,
Yazıram eşqinlə təzə, Borçalı.

AY AŞIQ TELLİ

Yenidən ilhamım gəlib, coşmuşam,
İndicə adına şeir qoşmuşam.
Keçən həftə tutulmuşam, donmuşam,
Nöqsan hamıda var, ay aşıq Telli,
Nə gözəl olmusan yaraşıq, Telli.

Qara siyah telli, ay camallısan,
Xanım-xatın kimi istiqanlısan.
Aşıq sənətində şöhrət-şanlısan,
İgid aşıqlara yaraşıq Telli,
Olasan birinə yaraşıq, Telli.

Səni yetişdirən gözəl Borçalın,
Canı, ürəyidi Azərbaycanın.
Sədanızı yayıb elin, mahalın,
Deyirlər bizimdi – var aşıq Telli,
Olmusan aləmə yaraşıq, Telli.

Kəlbəcərdi mənim elim-mahalım,
Sərvətilə boldu cahım-cəlalım.
Azərbaycanımla qaynayır qanım,
Sinəmdə dürlü söz var, aşıq Telli,
Buyur cavabımı ver, aşıq Telli.
10.15.2012.

GƏLƏCƏK NƏSİLLƏR
DAİM VAR OLSUN!

Təlimi, təhsili vətən nəğməsi,
Bələyi, beşiyi barıt qoxusun.
Adında igidlər adı yaşatsın,
Qeyrətlə, hünərlə vətən qorusun.

Torpağın altına verdiyin qədər,
Torpağın üstünə oğul gətirin.
Ruhları ruhuna əmanət verib,
Gələcək nəsilə oğul yetirin.

Torpağın altında çox igidlərim,
Onlar saya gəlməz müqəddəslərim.
Tarixim yaddaşım həqiqətlərim,
Gələcək nəsilə əmanət olsun.
Gələcək nəsillər daim var olsun.

İYİRMİ YANVAR GECƏSİ

İyrimi yanvar gecəsi,
Bir tarixin faciəsi.
Qanla doldu bu küçələr,
Haray çəkdi lal gecələr.

Qırmızı ordu qoşunu,
Kəsdi insanlar başını.
Qoca uşaq deməyirdi
Tanklar altda hey əzirdi,

Vəşiliyin son həddini,
Törətdilər Bakımızda.
Əzilsədə yenilmədi,
Məğrurlaşdı xalqımızda.
20 yanvar 2023

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir