XALİDƏ HİCRAN SEYİDOVA (1954) » ZİM.Az


XALİDƏ HİCRAN SEYİDOVA  (1954) Xalidə Hicran Seyidova – 29 noyabr 1954-cü ildə Naxçıvan MR Şərur rayonundakı Mahmudkənd kəndində anadan olub. Anası orta təhsilli, atası isə ali təhsilli olub. Onların elmə olan marağı ailədə bütün övladlarına, o cümlədən də, Xalidə xanıma da elmə yiyələnməkdə təsir edib. O, 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977-1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dölət İncəsənət İnstitutunun Rəssamlıq fakltəsində təhsil alıb.
Bu illər ərzində Azərbaycanda, keçmiş Sovetlər birliyinin respublikalarında və xarici ölkələrdə, əl işləri sərgilənib. Rəssamlıq sənətinin qobolenlə, yağlı boya ilə, akvarellə, taxta üzərində və s. sahələrində özünü sınayıb.
1979-cu ildə rəssam, heykəltaraş Hicran Seyidovla ailə həyatı qurub; üç qızıları var.
1980-ci ildə həyat yoldaşı Hicran Seyidovla birlikdə bütün Azərbaycanın tarixini bu günə qədər özündə əks etdirən böyük ölçülü Qobelen toxumaq qərarına gəlib. Bu çox da asan olmayıb. Uzun zaman bu arzu həyata keçmək üçün çalışıblar. 1986-ildə bu əsərin eskizi tam hazır olsa da, əsər çox böyük məsrəf tələb etdiyindən, sifarişçi tapmaqda çox çətinliklərlə üzləşiblər. Nəhayət, Sumqayıt şəhərindəki Kimya zavodu ilə müqavilə imzalanıb. Əsər zavodun mədəniyyət sarayının səhnəsində pərdə kimi asılmaq üçün sifariş edilib. 1991-ci ildə bu möhtəşəm qobolen təhvil verilib. Əsər çox böyük marağa səbəb olub. Mətbuatda, televizya və radio verilişlərində işıqlandırılıb. Ölçüsü 10×15 m olan əsərin çəkisi 600 kq-dan çoxdur. Əsər bu gün də, Sumqayıt şəhərinin mərkəsində Kimyaçıların Mədəniyyət Sarayında sərgilənir.

XALİDƏ HİCRAN SEYİDOVA  (1954)Xalidə xanım rəssamlıqla bərabər, ədəbiyyatı da həddən çox sevir, bəzən özü də şeirlər, hekayətlər, hikmətli beytlər yazır.
Həyata baxışı, baxdığı hər şeyi məntiqlə izləməsi, getdikcə onun dərin hikmətli beytlərlə süslənmiş bir neçə cild əsər yazmağına səbəb olub.
Həm rəssam, həm də yazar olmağına görə atasına minətdar olduğunu bildirir.
Bir ömür yazdıqlarını zaman-zaman yeni kitablarla, oxuculara təqdim edir. Həyat yoldaşına həsr etdiyi sevgi ilə cilalanmış şeir və qəzəlləri, məsnəviləri üç cildlik “Hikmət xəzinəsi” kitabında işıq üzü görüb. (Onu da qeyd edək ki, əsərlərinin gec nəşr olunmasının səbəbi uzun müddət vətəndən uzaqda yaşamağı olub.)

“Dünyaya bir də gəlsəm yenə rəssam olardım,
Qəlbimi qazıb-qazıb hikmət, şeir yazardım.”

– bu sözləri özünə həyat amalı seçən Xalidə xanım
1986-cı ildə SSRİ Rəssamlar İttifaqına,
2017-ci ildə isə Azərbaycan Yazıılar Birliyinə üzv seçilib.

Biz də hörmətli Xalidə xanıma uzun ömür, möhkəm cansağlı, şəxsi həyatında, eləcə də rəssamlıq fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az

ZƏFƏR

Qalibliyin məğrurdur,
Zəfər, əbədi Zəfər!
Qarabağda gün doğur,
Bu gün, zəfərli səhər!

Zəfər, zəfər deyərkən,
Şəhidlər gələr gözə.
Qarabağ yaşadıqca,
Minnətdarıq biz sizə.

Kimlər gözün çəkməsə,
Müqəddəs vətənimdən.
Gec- tez “dərsin” alacaq,
Nər igid əsgərimdən.

Qarabağ bizə pirdi,
Şəhid oldu oğullar.
Daşında, torpağında,
Şəhidin qan izi var.

Ən müqəddəs məkandır,
Qədim Qarabağ bizə,
Şəhidlərimin qanı,
Şuşada çıxıb dizə.

Göz üstə saxlamalı,
O, müqəddəs dəyəri.
Qarabağ oldu bizə,
Sözümüzün kəsəri!

Dünya yaranan gündən,
Belə savaş görmədi.
Əlbəyaxa döyüşən,
Elimin əsgəridi!

Ey əsgərlərim, sizdən,
Filimlər çəkiləcək.
Qəhrəmanlıq tarixi,
Sizdən öyrəniləcək!

Dünya heyrandı sizə,
Sizdəki şücaətə.
Dərs verdiniz əbədi,
Eşq olsun bu qeyrətə.

Zəfərini qazandın,
Dişində, dırnağında.
Bayrağın dalğalanır,
Yenə də Qarabağda!

Buludlar ağı deyir,
Şəhid əsgərlərimə.
Dağlar vüqarın tökür,
İgid ərənlərimə!

Vətən bayrağın büküb,
İgidlərin nəşinə.
Torpağının danəsi,
Heyran olub şəninə!

Yeni bir tarix yazdın,
Qanın oldu mürəkkəb.
Hətta döyüşündə də,
Gözləyərək sən ədəb.

Bir ana oğulları,
Talış, yəhudi, avar.
Kürd, ləzgi, malakanlar,
Udin, Tatar, Saxurlar.

Bunlar qardaşdı, dostdu,
Birlikdə vuruşanlar.
Hamısı bir evdəndir.
Zəfərdə payları var!

Dərs verdilər əbədi,
Özgə fikrə düşənə.
Torpağına göz dikən,
Düşər əcəl izinə!

Azərbaycan əsgəri!
Haqq yanında hörmətin!
Vətən unutmaz səni,
Şəhidim dağ qeyrətim.

Xoş gəldiniz

Dağlarımın daşları,
Oğluma hay verdilər.
Salam olsun türkümə
Xoş gəldiniz, dedilər!

Düzlərimin lalası,
Göz yaşları tökdülər!
Şəhidlərin xatirinə,
Al-qana büründülər!

Şüşa, Laçın, Kəlbəcər,
Düşmən oldu dərbədər!
Vətən bölünməz dedik,
Yaşa, ey qalib əsgər!

Kolu- kosu dağları,
Həsrətdən qurtuldular!
Şəhid ayaq izinə,
Onlar da bas qoydular.

Dağ vüqarlı oğullar,
Zəfər çaldılar onlar!
Qarabağ azad oldu!
Şəhidlər can qoydular!

Yaşa müzəffər vətən,
Oğuzun torpaqları!
Vətən yaşayacaqdır
Var, igid oğulları!

Yaşa can Azərbaycan!
Oğlun verdi sənə can!
Gücünü səndən aldı,
Vüqarını dağından!
Yaşa! Ey Azərbaycan!

Türkdür, ocağım, çırağım

Türkdür, ocağım daşım,
Dədəm, anam, qardaşım.
Süfrəmdə yoxsa yemək,
Həm aşım, həm qardaşım.

Türkdür, canbir qardaşım,
Anam, bacım, sirdaşım.
Başımda bəla olsa,
Həm dədəm, həm qardaşım.

Türkdür, həm düzüm, dağım,
Dağım, aranım, daşım.
Əgər bir dərdim varsa,
Həm dərmanım, həm başım.

Türkdür, şirinim, acım,
Şirinimi düşmən dadır.
Türküm, imdadım, dadım,
Şirinim, acım, həm adım!

Qırılacaqdı qıçı

Yağı alma qoynuna,
Ey şəfqətli, vətənim.
Sən elə gözəlsən ki,
Yağı da deyər mənim.

Aman ovçu, dolan gəl,
Dağdan, daşdan dolan gəl,
Qurumaz şəhid qanı,
Qarabağdan dolan gəl.

Yay dartar, oxun atar,
Ovçular oxun atar,
İgid oğullar varsa,
Vətən oğluna qalar.

Yol allam Qarabağa,
Baxmaram sola, saga.
Vətən qalması üçün
Analar igid doğa.

Aman haray etmə qan,
Düşmən yağı, vermə can.
Yağıya dostum dedin.
Axıtdılar nahaq qan.

Aman haray yağıdan,
Çörəyindən, duzundan,
Vətən, ilan bəslədin,
İndi qorun yağıdan.

Daş altı, igid atlı,
Keçdi igid atlılar.
Şüşanı azad edib,
Cıdıra yol aldılar.

Yasəmənin dəstəsi,
Qarabağ şikəstəsi.
Xanın da səsi gəlir,
Zili, həm ahəstəsi.

Yad yağI, düşmən yağı,
Analar deyər ağı,
Vətən oğlu şəhiddir,
Yağılar çəkdi dağı.

Xıncılıbdı qılıncı,
Ta budur, axırıncı!
Yağılar yolun azsa,
Nə Baş qalar, nə qıçı!

Dərd dağından qopan daşdı

Könlüm gəzər el-obanı,
Gah dağı, gah da aranı,
Fələk çəksə kiməsə dağ,
Daş olar yumşaq yatağı.

Gözlərimə yuxu gəlməz,
Sənsiz bircə günüm keçməz.
Səntək keçər astanadan,
Külək də qapımı döyməz.

Gedər oldun, gəlməz oldun,
Bagım alaq, biçməz oldun.
Mənim ömür yollarımdan,
Bir ömürlük keçməz oldun.

Bu dərdə tər gül neyləyər,
Bağçada sünbül neyləyər?
O bağda bir gül açmasa,
Naləli bülbül neyləyər?

Payız saraldıb gülümü,
Həsrət alıbdır ömrümü.
Hicran yandırdı bağrımı,
Nolar, azalt bu zülmümü.

Dağlarıma aran gərək,
Bağlarıma bağban gərək
Yar yetişə imdadıma,
Dərdlərimə loğman gərək.

Qəlbim sanki qəm otağı,
Sənsiz ta yoxdur çırağı.
Ay zalim, ay-ulduzdan sor,
Məndən versinlər sorağı.

Həsrət seltək aşıb-daşdı,
Gözlərimdən axan yaşdı.
Gilə- gilə axıb gedən,
Dərd dağından qopan daşdı.

“QƏLB DƏ ÜŞÜYƏRMİŞ”

Qəlb də üşüyərmiş, hardan bilərdim?
Əlimi buzlaşan qəlbimdən üzdüm.
Qəlb öz sevgisindən, öz istəyindən,
Küsüb-inciyərmiş, belə bilməzdim.

Buztək soyusa da, hər hansı ürək,
Onu incitməyək, günahdı, vallah.
Hər gün yer üzündə sevgi azalır,
Ürəklər buzlaşır, don vurur, Allah.

Talelər, əslində, bir oyuncaqdır,
İnsanın ürəyi qorunmalıdır.
Daha bu dünyanın xilası üçün,
Ürəklər sevgiyə bürünməlidir.

İnsanlar müxtəlif, tale müxtəlif,
Hərə öz içində çəkir bu dərdi.
Teleyin azı yox, çoxu belədi,
İlahi, dünyada kim bəxtəvərdi?

DÜNYA DEYİLƏN GƏMİ

Addım atsan gəmiyə,
Sən də hamı kimisən.
Gəmidən muğayat ol,
Axı sən sərnişinsən.

Bu dünyanı ev bil sən,
Bir damın altındayıq.
Göydən gər daş ələnsə,
Sən, mən eyni haldayıq.

Bu dünyanı evin bil,
Bizlər qardaş-bacıyıq.
Göydən nə bəla gəlsə,
Bir yerdə qarşılarıq.

Bu dünyanı evin bil,
Göylərə az uzat dil.
Dili çox uzunların,
Axırı tez gəlir, bil.

Günah göyə dayanıb,
İnsanlıq qalıb altda.
Əməllərin bəhrəsi,
Qazancımızdır bu da!

Kiçik-böyük işarə,
Pisliyə son ver fəqət.
Səbir kasası daşsa,
Cəzamız vardır, əlbət.

Oxu bülbül, çağır igid nərləri

Bağ olsa da bağbanından aralı,
Könlüm olmaz Qarabağdan aralı.
Dağ basıblar, bu ürəyim yaralı,
Oxu bülbül-oxu bülbül yaralı.
Qarabağım qalmaz candan aralı.

Aşıq sazın, sözün, götür gəl elə,
Türkün, türkdür, təkcə dostu de, belə.
İmanımız, inancımız, türk ellərə,
Türk elləri qoy tutsunlar əl -ələ,
Oxu bülbül, sözüm igid ərlərə!

Bar gətirməz qan yerində bitsə dən,
Ürəklər sızlayır, olur dənbədən.
Düşmən izi ta qalmasın Şuşada,
Oğulların at çapsınlar Cıdırda!
Oxu bülbül, xarı bülbül Şuşada.

Dağlar alıb başın burdan getməsin,
Duman- çəni göz yaşı tək tökməsin,
Qarabağı bağsız görüb köçməsin.
Oxu bülbül, Xan bəstəsin dinləyək,
Qarabağın avazına səs verək.

Qəlbi təmiz ay milletim, bil daha,
Türk eləri yığılsın bir araya,
Dədə qorqud yenə gəlsin haraya,
Turan quraq bayraqdarım çağlaya,
Xarı bülbül səsin yaysın dünyaya!

Uzaq düşüb qarabağlı vətəndən,
Ayrı qalıb qəlb dağlayan səsindən.
Xarı bülbül didərgindi elindən,
Qoy düymasın yağı düşmən harayı,
Xarı bülbül ta oxuma yaralı!

Dərdim dərin dəryalardan dərindir,
Yağı düşmən bu ellərə qənimdir.
Qarabağda nər igidim şəhiddir,
Xarı bülbül sən bunu da səsləndir!
Qarabağım başdan başa vətəndir!

Göyçə gölü Ələsgəri istəyir,
Oğuz eli, ididlərin səsləyir.
Oğuz qəbri kök-soyunu səsləyir.
Oxu bülbül, çağır Turan elləri!
Oxu bülbül çağır idig nərləri!

GEDİRSƏN, GET

“Gedirsən get, gedənlər tək,
Mən dərdimlə qalaram tək.
Səni sevən ürək daşa dönəcək,
Gedişin sevgintek gözdən düşəcək.”

Gedirsən get ama bəhanə gəzmə,
Ayaq izlerinə, yalanlar düzmə,
Boyüdüb gözümdə məcnun etmiçdim,
Arxanca qaçmağı məndən gözləmə.

Bir bahar yağışı oldu sevgimiz,
Mən naşı bir leyli sənsə sevdasız,
Yalançı sevginin ömrü gödəkmiş,
Nə qədər gül əksən tikan bitərmiş.

Yalan bir sevginin əsiri olub,
Demə göz yaşları günahı yuyub.
Sənin yollarına dikilən gözlər,
İndi ayrı gözə baxası olub.

Yanımdan ötürdün gunahkar kimi,
Bəlkə də sonralar peşman olmusan.
Səndən ayrıldığım gündə qalmışam,
O gündən bu günə qurban olmuşam,

Yoxmuş sevginin başqa dəyəri,
Sevən ürək verir budur gərəyi,
Könülsüz sevirəm deyən kəslərin,
İnan ki sevmirəm deyər səhəri.

Yalanın dolaşar ayaqlarına,
Dünyanı gəzsəndə ta başdan başa,
Bir də belə sevda gəlməz başına,
Səni mən tək sevən çıxmaz qarşına.

ACI DİL XASİYYƏTDİR

Bu dünyadan kam almasa bir cavan,
Sil özünü, inkar elə, dunya, dan.
Maraqlıdır, heç görmədim, duymadım,
“Doydum” deyən heç olmadı dünyadan…

Qoca dünya hələ bizdən cavandır,
Kim dadmadı acısını dünyanın?
Bizə qalan bircə bəzək kəfəndir,
Tək yozumu ölümdür bu röyanın.

Gəl sən ayıl bu röyadan,yalandan,
Dünya bizə vəfa qılmaz bu taxtdan.
Kim aparsa bircə şeyi dünyadan,
Bir tək candır gedər özü buradan.

Dələr- keçər bu ürəyi acı söz,
Qoyma məni ağzım olsun zəhər,tək.
İnsaf elə, ürəyimə saplama,
Ay insafsız, acı sözü xəncərtək.

Daş altında əqrəb olar, görünməz.
Dil altında zəhər olar, kənar gəz.
Bu dünyada əyrilər də düzələr,
Dil acıysa, xasiyyətdir, düzəlməz.

Ağıl başda çalxalanar, nehrətək.
Çöp görünər gözlərinə dağ kimi.
Şəkər-qənd qoy o dilinin altına,
Yayılsın ürəyə sözün yağ kimi.

YAŞANAN BİR GÜN ÖMÜRDƏN GEDİR

Yoxdur ayrılığın heç bir dərmanı,
Kimsə döndərmədi ömür çarxını.
Keçən ömür xatirədir özünə,
Sabah səni tapmır düşən izinə,
Ömür də illərdən sökülüb gedir.
Sənin həsrətindən saralıb, solub,
Sənsiz keçirtdiyim ayım, illərim.
Keçmiş də keçmişdə xəyala dönür,
Haraya boylansam, o sənə dönür.
Ömür dəyirmanda üyülüb gedir.
Keçmişə, baxsam gər bir azca artıq
Tufanda ocaqtək o saat sönür.
Yaşamaq desəm də sənsiz ömrümə,
Dilim də quruyar, heç gəlməz dilə,
Ömür köhnə arxdır, quruyub gedir.
Bu sənsiz ömrümə gözüm dikilər,
Dilə gələr günüm, durar üzümə.
Əl-ələ tutubdur axşam və səhər,
Sənsiz ötüşürlər məntək birtəhər,
Ömürün xəlbirdə dən-dən ələnər.
Sənsiz ömür-günün mənasın sorsan,
Onlar da soruşar səndən:- Hardasan?
Yollara iz salan addım izlərin,
Səndən soraq yoxsa, deyər, hardasan?
Ömrüm yorğun köhlən, baxır uzaqdan.
Dar gündə keçmişdə gördüyün zillət,
Gözlərin önündən tez ötüb keçir.
Arxaya boylanıb çox axtarma sən,
Ömrün də keçmişin gözündən keçir.
Zaman kərəntisi lap dibdən bişir.
Yazda yağış döysə əgər başıma,
Deyirəm, taledir, gəlib başıma,
Birlikdə edilən o arzu, kamlar,
Onlar da ta sənsiz çıxmaz qarşıma.
Ömrün başı dəyib əhləd daşına.
Dünya ələyindən yol keçib gedir.

SƏN QƏMİ EYLƏ MƏYUS

Al əlimdən, ey saqi, qəmləri yellərə ver,
Çünki nə göy istəməz qəmi, nə də ki bu yer.
Rast gəlməsin ki, bir kəsi onu qoya məyus,
Dərd gəzər qəmli tapmasa bir məzlumu əfsus.
Olsa gər cah-cəlalı dərdli gözəl afətin,
Gözünə heç görünməz, çəkər öz dərdin gizlin.
Dağları çəni sevər, düzləri nəmi sevər,
Hansının əskiyi var, onlar bunu qəm eylər.
Ey qəm yağışı, kimin gözündən yağdın, söylə,
Hava çiskin, dumanlı, kimdir pərişan elə?
Eyləmişdir ruhları təbiət təbin cəmi,
Çisgin, sazaqlı hava, qəmli gözlərin eyni.
Pozar sükütü qarğa, onlar sevər səs-küyü,
Sakit gecə kim qəmli, diksindirər it hürü.
Daşı torpağından bərk, torağı toz, qumundan,
İnsan var ki, qəlbinin fərqi yoxdur heç daşdan.
Al əlinə bir çiçək, o biri qəm çəkəcək,
Bu gül dili, sən gülə gül, gül sənə dönəcək.
Nədir bu fəlsəfə, qövmü-adəm əfsanəsi?
Ağlar damın, sel alar, şadlıq dərdin çarəsi.
Bax ömür yolarına, kimlər gedib buradan?
Kim oddan, kimi koldan, kimi getdiyi yoldan.
Yaşa, aşiq, bu dövranda yana cismi-canın,
Nə malın, nə də canın, qalmaz nə dərdli başın.
Vecə almasa qohum, yaxın aləm-əyyamın,
Əl aç aləmlərə, çarəsi var tək o şahın.
Ey Xalidə Hicran, çəkmə nazın bu dərd-sərin,
Qəlb dərd çəkərsə, can tapar azarla bəhrəsin.

“Nə yedirtsən qəlbinə,
Sərf edər əməlinə.”

Qəlb ilə ölçülsəydi insan ağlı kamalı,
İnsanın qəlbi qalar ağlından çox aralı.
İnsanın geniş qəlbi, təmiz ola amalı,
Camalı göyçəkdirsə, qəlbi ola sayalı.
Niyyəti şər olandan, çalış dayan aralı,
Bir salam söyləyərsən, o da olar xatalı.
Yaşamayır könüllər, tək özün düşünəndə,
Yaşayır xoş niyyətin, özgələrlə böləndə.
Dadından anlasaydı, hamı öz yediyinin,
Fərqində olardı hamı, görüb, bildiyinin.
Özünü düşünəndə süd verən hətta ana,
Yenə də bir şey yeyər özü də qidalana.
Inəyini sağanda, kəndli də iki kərə,
Inəyini yedirdər, bir gündə necə kərə.
Əlində varsa rəng, biz dəysək bulaşarıq,
Gözdə varsa xoş baxış, ona da xoş baxarıq.
Yetməyir heç bir qayğı, insan rahatlığına,
Gərək insan qovuşa, “qəlbinin huzuruna”.

“Qalıbsa ocağın bir azca közü,
Bir mehlə alışıb yanacaq özü.”

X.Hicran

Alının yazısı olsaydı məlum,
Bizə agah olar, kimdirsə məlun.
Sabah nə olacaq, xəbərimiz yox,
Eləsə keçmişdən, dərs almalı çox.

İnam da aldadır, bəzən insanı,
Günəş gizlənəndə, görsən tufanı.
Min sirdir insanın özü, əməli,
Əməl doğulmadan, olur təməli.

İlanın dişində, olmasa zəhər,
Özündən güclüdən o da gen gəzər.
İt, itin dişindən qorxursa əgər,
Onu görən kimi, geri çəkilər.

Tikanlar, boynunu bükməz heç vədə,
Tikanı o kola gücdür, həm hədə.
Hətta insan üçün var isə hədə,
Gözləyir özünü, gəlməyə vədə.

Kökü kəsilməsə, əgər düşmənin,
Hər an bir səbəbdən, mətləbə keçər.
Qurumuş bulağın, mənbəyi varsa,
Yarıb qayalardan, daşdan su içər.

Dostu olmamışdır heç bir ilanın,
Çünki dadmışlar, zəhərinin dadın.
Adını dəyişsə əgər bir ilan,
Həmən tanıyacaq zəhərin dadan.

Qorxu müqəddəsdir, ey ali insan.
Açılmır insanın sirli qatları.
Cənnətdən çıxmışdır, bəlkə bir zaman,
Çox gec anlayırıq, bil məlunları.


“HİKMƏT XƏZİNƏSİ” kitabımdan

Yatmışsa çoban dəyədə, suru qalmış dərədə,
Qırsa əhdin canavar, sürüdə qalmaz “təkə” də.

Qoy bilsin, ata-ana qəhrini çəkməyənlər:
Bu “Həyat bazarında” bizə can xərcləyiblər.

Yerindən tərpəşmək, istəməsə izdiham,
Onda, bil ki ,onlara verən yoxdu ilham.

Ürək gər hiss etmirsə kiminsə ağlamağın,
Faydası yox göz ilə min bir kərə baxmağın.

İnsan min bəzək verir, bu dünyanın hüsnünə,
Dünyasa insan məzarın nəqş eyləyir köksünə.

Yaşasaydı insanlar əgər bu dünyada bərabər,
Nə qəlblər olardı viranə, nə də ki xərabələr.

Nə işə qədəm qoysan, saf qəlblə şərik işlə,
Qəlbi əyri olanla, qazancın olar çilə.

Ömrün xəbəri yox heç bir ölçüdən,
O üzdən faydalan , hər bir dəyqədən.

Adın xatirinə satılır, bir bax!
Yaş ərik ətrini verməsə də qax.

Bu gün bir körpənin qəhrin çəkənlər,
Sabah bar verəcək zəmi əkirlər.

Hörmətin olmasa əgər şərəfə,
Atdığın oxun da dəyməz hədəfə.

Göylərdə ulduza dönsəydi insan,
Torpağa baxaraq çəkərdi hicran.

ACİZDƏ HÜNƏR YOX…

İşlətsən dəyirmanı, qınama olmayanı,
Günahkar deyil kimsə, var bir aciz olanı.

Tök dənləri quşlara, biri çox ,ya az yeyər,
Çox yeyən diribaşdı, ən azın aciz yeyər.

İnsanın var acizi, o xar etməsin sizi,
Agacda meyvələr də razı salmayır bizi.

Beş tapşırıq verirsən bircə aciz adama ,
Uzaqda dayan, göz qoy acizə,o avama.

Bir də iş ver gücünə sən bələd olduğuna,
Hazır ol, bax qarşında qurub yaratdığına.

Acizlik eyib deyil, naqislik yaxşı deyil,
Acizdən narazılıq,o da bir giley deyil.

Bacarmaq qabiliyyət- hər kəsdə təpər olmaz,
Acizdə var bu xislət, amma ki, hünər olmaz.

İnsan var gözübağlı keçər ağac körpüdən,
Eləsi var, əl versən, yenə düşər qəfildən.

Anaya bənzəyir kötük ağaclar

Anaya bənzəyir, kötük ağaclar,
Şaddı pöhrələnsə yaşıl budaqlar.
Bir tufan gələndə, dərd çəkir ağac,
Qorxur budaqıyla verəcəkdi bac.

Bu ağac dərd çəkir, ana misalı,
Balasın itirib qalıb yarısı.
Bəla alıb başın, solub balası,
Anam tək dərdi var,” övlad yarası”.

Ana kötük ağac, övlad qol- budaq,
Budağı qurusa hey ağlayacaq.
Olsa da ağacın, özgə budağı,
O, övlad dərdilə hər gün solacaq.

“İlk Vətən sevgisi, dildən başlayır,
Vətənə sevgini, dil aşılayır”

Təhsili almasan ana dilində,
Vətənin bir bağı sınar qəlbində.
Ananın dilisə gər dogma dilin,
Varmı verə bilən ananın yerin?!
Özgə dil bəzəyir qonum- qonşuya,
Söz söhbətə, həm ülfətə, haraya,
Anan sənin canın, hər cür dayağın,
Öz çırağın yandır, sonra qırağın.
Ot, öz kökü üstə bitirsə əgər,
Kökünü səhf salsa, dəyişməz məyər?
Öz dilin danışa bilməsə bir quş,
Sərçə cigildəsə, deyərlər bayquş.
Dilin sərhədindir, dilin vətənin,
Öz ana dilindir vacib gərəyin.
Odur canı, ruhu hər bir millətin,
Qoru, olsun dünənin, gələcəyin.
Dünyada olsa da lap çoxlu millət,
Öz dilin sevənə vardır çox hörmət.
Çox dildə danışmaqsa əgər gərəyin,
Öz ana dilindir sənin dəyərin.
Gəzdim uzaq diyar, özgə məkanlar,
Tanıdım hər cürə gözəl insanlar.
Hər bir dilə hörmətim vardır amma,
Öz dilim bənzəyir təkcə anama.
Dilini bilmirsə, bir millət əgər,
O millət yer üzündən silinəcək.
Dilin anan – baban, dinin-imanın,
Dilinlə də tanıt sev Azərbaycanın!
Son mənzilə köçdü mənzil axtaran

Son mənzilə köçdü mənzil axtaran,
Nə axtaran oldu, nə də arayan.
Arzusunda idi dördcə divarın.
Həm oğul-uşağın, bir də ki yarın.
O, dörd divarını tapdığı zaman,
Ömrü bitib-getdi, oldu canından.
Qazıldı dörd divar, gəldi yüz insan,
Heç deyən olmadı ona:- “Bir dayan!”
Arzular məhv oldu, ömrü isə puç,
Səda gəldi: “Sən də bu torpağı quc”
İncimə taleyin acı dadanda,
Mürəkkəbi qara olub yazanda.

Bəs nədən şirindir, görəsən dünya

Bu dünya yamandı, yaman nağılbaz,
Getdiyi yolunda bir kərə azmaz.
Özünü sevdirər gələn hər kəsə,
Gələn qonağına, bir azca yanmaz.
Aldadar insanı var- dövlətiylə,
Ayağı sürüşgəni hey yıxar yerə.
Kimlər dirəşgəndi,bir az vaxt verər,
Bir münasib vaxtda onu da yenər.
Nə Yaşı bəllidi, nə də ki başı,
Heç vaxt qocalmadı, ədası nazı,
Kim oğul ağladı, kim qardaş bacı.
Bu dünya dadırdı həm şirin, acı.
Yapışıb insandan, çəkər özünə,
Təkcənə o baxar“Birin” sözünə.
Bəlkə dünya utanır, öz-özünə,
Göz yaşı düşəndə, torpaq gözünə.
Əyilmir fəsilə, nə qışa- yaza,
Min bir qəbir qaza, yenə yorulmur.
Özünün başında olanda qəza,
Tufan bizi alır, özü qurtulur.
Arşını uzundur, hesabı heç yox,
Çəkisi ağırdı, ölçü daşı yox.
Bizə tanıtdırdı, min bir acını,
Bəs nədən şirindir görəsən dünya?!

UŞAQLAR ÜÇÜN HƏDİYYƏM

KƏNDİMİZİN QIŞ ETÜDÜ

Qar yağıb topa-topa,
Qoymur addım ata,
Kim özünə güvənir,
Gərək dizətək bata.
Qar yağır topa- topa,
Ayaqlar, qara bata.
Uşaqlar şad görünür,
Kim yıxıla, kim tuta.
Şaxta kəsir əlləri,
Qar bürüyüb evləri,
Tək tüstüsü görünür,
Yandırıblar peçləri.
Qışın oğlan çağıdı,
Qar üstündə qarğadı,
Hansı uşaq yixıldı,
Qarğa onu danladı.
Bacalardan boz tüstü,
Hamı bürünüb kürkü,
Toyuq hində gizlənib,
Onu axtarır tülkü.
Qış gələndə çayları,
Donduracaq arxları,
Buzu qıra bilməsən,
Yeməzsən balıqları.

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir