Ərazicə Vətənimizin, milliyətcə xalqımızın bir parçası və tərkib hissəsi olan qədim Borçalı mahalı hər zaman Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, ümumiyyətlə ictimai-siyasi mühitinə böyük töhfələr verən gözəl məkanlarımızdan biridir. Heç təsadüfi deyildir ki, bu bənzərsiz diyarımız tarixin ciddi sınaqlardan keçərək cəmiyyət arasında ULU BORÇALI adını qazanmışdır. Əlbəttə, bu adın mahiyyəti və məzmunu, həmçinin verdiyi töhfələr ilk növbədə Ulu Borçalımızın yetirdiyi böyük şəxsiyyətlərlə bağlıdır. Belə şəxsiyyətlərin siyahısı çox uzundur və saymaqla bitən deyil. Məhz belə şəxsiyyətlərin sırasında yer alan görkəmli ziyalılarımızdan biri də tanınmış alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovdur.
Məşhur ziyalılarımız arasında özünəməxsus xüsusi yeri olan Mədəd müəllim, şübhəsiz ki, ilk növbədə türkoloq, toponomist alim, bu sahələrdə geniş miqyasda fundamental tədqiqatlar aparmaqla, çoxlu sayda monoqrafiyaların, kitabların, dərslik və dərs vəsaitlərinin müəllifi kimi şöhrət qazanmışdır. Lakin mənim fikrimcə, Mədəd müəllimin özünəməxsuzluğunun təməlində həm də məhz onun vətənpərvərliyi dayanır.
Mədəd müəllimin alimlik dərəcəsi almaq üçün namizədlik və doktorluq dissetasiyalarının mövzularına diqqət yetirək. Onun namizədlik dissertasiyasının mövzusu “Bolnisi rayon şivələrinin leksikası” adlanır. Bu mövzunu 1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutinda müdafiə etməklə o, doğulduğu məkanın kiçik bir guşəsinin şirin ləhcəsini dünya miqyasında tanıtmış və Azərbaycan dilinin zənginliyini yüksəklərə qaldırmışdır. And içirəm ki, bunu ancaq müstəsna bacarıq və istedada malik, sinəsində vətən eşqi ilə döyünən bir ürək sahibi edə bilərdi.
Mədəd müəllimin 1992-ci ildə Bakı Dövlət Universitetində müdafiə etdiyi “Azərbaycan antroponimiyasının əsasları” adlı dissertasiyası isə xalqımızın milli mənsubiyyəti və özünüdərk məsələləri baxımından çox nadir bir tədqiqat əsəridir.
Göründüyü kimi, professor Mədəd Çobanovun seçdiyi mövzuların kökündə azərbaycançılıq və Azərbaycana bağlılıq ideyası əsas yer tutur.
Mədəd Çobanov türkoloq alim olmaqla Türk Dünyasının bir parçası idi. O, xalqımızın türk mənşəli olduğunu fəxarətlə qeyd edir və bunu hamının dərk etməsi üçün əlindən gələni əsirgəmirdi.
Mədəd müəllimin iki məqaləsi mühüm əhəmiyyət kəsb edir və ilk baxışdan diqqəti özünə cəlb edir. Söhbət onun “Ziya” qəzetində “Eçmiədzin türk sözüdür” və “Vətən səsi” qəzetində “Eçmiədzin nə deməkdir?” başlıqları ilə çap etdirdiyi məqalələrindən gedir. Bu yazılırı ilə o, ermənilərin hətta dini məbədlərinin belə türk toponiminə bağlı olduğunu sübut etmiş, bununla da erməni seperatizminə və erməni xalqının başqa xalqlara məxsus milli dəyərləri oğurlayaraq mənimsəmə adətlərinə ağır zərbə vurmuşdur.
Professor Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətinin əsas dövrü A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi ilə bağlıdır. Sovet dövründə bu İnstitut Gürcüstanda Azərbaycan dilində təhsil almaq üçün yeganə ali təhsil ocağı idi. Burada ənənəvi olaraq nümunəvi müəllim-professor heyəti formalaşır və pedaqoji kadrlar yetişirdi. Mədəd müəllim də bu təhsil ocağının yetirməsiydi və burada 20 ildən çox bir müddət ərzində (1973-1994-cü illərdə) müəllim, dosent, professor vəzifələrində çalışmışdır. Namizədlik və doktorluq dissertasiyalarının mövzularını da bu institutda yerinə yetirmişdir.
Professor Mədəd Çobanovun sonrakı elmi-pedaqoji fəaliyyəti bilavasitə Bakı ilə bağlıdır. 1994-cü ildən ömrünün sonuna qədər Bakının müxtəlif ali məktəblərində bir sıra yüksək vəzifələrdə çalışmışdır. Belə ki, bu dövrdə o, Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri olmuşdur.
Mədəd müəllim harada olmasından və hansı vəzifəni tutmasından asılı olmayaraq hər zaman qəlbində Borçalı sevgisi yaşatmışdır. Onunla təmasda olanlar Mədəd müəllimi Borçalı sevdalısı kimi tanıyırlar. Onun namizədlik və doktorluq dissertasiyalarının mövzusu ilə yanaşı, Borçalı ilə bağlı bir sıra digər samballı elmi araşdırmaları da vardır. Onlardan bir neçəsini xatırlatmaq istəyirəm.
Professor Mədəd Çobanovun ilk dəfə 1993-cü ildə işıqüzü görmüş, 1994-cü, 1996-cı, 2000, 2012-ci illərdə yenidən işlənmiş, əlavələrlə birlikdə təkrarən çap olunmuş “Borçalı toponimləri” kitabı zamanın tələbinə uyğun, vaxtında işıq üzü görən, mühüm əhəmiyyət kəsb edən qiymətli bir sənət əsəridir. Bu əsərin ortaya çıxması separatçıların Gürcüstan ərazisində, xüsusilə Bolnisi rayonunda yaşayış məntəqələrimizin tarixi adlarının tez-tələsik dəyişdirmələrinə tutarlı cavab idi. Bu baxımdan “Borçalı toponimləri”ni tarixi abidə adlandırmaq olar.
Mədəd müəllimin digər dəyərli elmi araşdırmalarından biri də 2005-ci ildə Bakıda çap etdirdiyi “Borçalı azərbaycanlıları ikinci dünya müharibəsinin cəbhələrində” kitabıdır. Bu əsərdə Borçalı əsilli qeyrətli soydaşlarımızın 1941-1945-ci illərdə alman faşizmi ilə müharibədə göstərdikləri igidlik və qəhrəmanlıqlar öz əksini tapmışdır. Bu da Borçalı üçün, onun tarixi baxımından çox vacib göstəricilərdən biridir.
Mədəd Çobanov Borçalını qəlbən sevirdi. O, heç nəyi görüntü xatirinə etmirdi. Onun bütün etdikləri daxili aləmində formalaşan və ruhunda daşıdığı səmimi duyğulardan qaynaqlanan danılmaz həqiqət idi.
Bu gün cəmiyyətimizdə Mədəd müəllim kimi dəyərli ziyalılarımızın yeri görünür. Əminliklə qeyd etmək istəyirəm ki, Mədəd müəllim sağ olsaydı (Allah ona qəni-qəni rəhmət etsin) mütləq Gürcüstanda azərbaycandilli məktəblərdə gedən proseslərə münasibət bildirər, oradakı məktəblərimizin gələcək taleyi ilə bağlı öz kəskin sözünü deyərdi. Çünki vaxtında deyilən ziyalı sözünün kəsəri iti və güclü olur.
Sağlığında özünə ölməzlik qazanan professor Mədəd Çobanovun xatirəsi hər birimiz üçün əzizdir və əbədiyaşarddır!..
HACAN HACISOY,
Azərbaycan Respublikasının Gürcüstandakı
ilk fövqəladə və səlahiyyətli səfiri,
texnika elmləri doktoru, professor,
şair
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın